27 
Fev
2020
20:45
399
24
5542
Virtual karabakh

Azərbaycanlı aktyor: “Ruhunu və bədənini pula satmaq nə qadına, nə də kişiyə yaraşır” - FOTO

Akademik Milli Dram Teatrının aktyoru Ziya Ağanın Oxu.Az-a müsahibəsi:

- Memarlıq hara, incəsənət hara ? 

- Əvvəldən aktyor olmaq istəyirdim. Çox hörmətli bir insan, indi adını açıqlamaq istəmirəm, söyləmişdi ki, səndən aktyor olmaz. Bu sözlərdən sonra kompleksə düşdüm, sındım. Sənədlərimi verdim Memarlıq və İnşaat Universitetinə. Orada da yaxşı oxuya bilmədim. Akademik məzuniyyət götürdüm və əsgərliyə getdim. Əsgərlikdən qayıtdıqdan sonra təhsilimi davam etdirdim və bitirdim. Daha sonra isə biznes sahəsində çalışdım.

O ərəfədə 2013-cü ildə şəklimi “Facebook”da görüb məni filmə dəvət etdilər. Amma istəyim və həvəsim filmə yox, teatra idi. Teatra isə işə düzələ bilmirdim. Çünki danışığım, tələffüzüm onların tələblərinə cavab vermirdi.

Xalq artisti Vidadi Həsənovla tanış oldum. O dedi ki, oğlum, əgər həqiqətən də bu peşəyə bir peşəkar kimi yiyələnmək istəyirsənsə, təhsil almalısan. Bir qədər düşündüm və sənədlərimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verdim”.

25 yaşıma kimi ailəm mənə nə dedisə, onu da etdim. Amma sonra başa düşdüm ki, özüm necə istəyirəmsə, elə də yaşamalıyam. Qərarımı 180 dərəcə dəyişdim.

Ailəm aktyor olmaq istədiyimi biləndə, qərarımı dəstəkləmədilər. Reaksiyaları birmənalı olmadı. Dedilər ki, ölkədəki aktyorların yaşam tərzi, aldıqları əməkhaqqı çox aşağıdır, sən də onlar kimi aktyor olmaq istəyirsən. Bu peşəyə yiyələnməyimə qarşı çıxdılar. Mən də dedim ki, əgər bu sənətə böyük sevgim varsa, göydəki peşman etməz.

Əsas odur ki, aktyor olsam da, acından ölmürəm. Hətta seriala çəkilməsəm də, evdə artıq yeməyim də qalır”.

- Bəzi incəsənət nümayəndələri sənətə gəldikləri üçün peşman olduqlarını bildirirlər. Səbəb isə qazandıqlarından çox itirdikləridir. Bu barədə nə düşünürsünüz?

- Bu ölkədə o səviyyədə nəyisə itirib, qazanacaq məşhurluq yoxdur. Çox az olur ki, kimsə məni tanısın. Hətta seriala çəkildiyim bir vaxtda. Gündə iki, üç, maksimum dörd nəfərin tanıması mənim üçün məşhurluq sayılmır. Məşhurluq odur ki, bir insan cəmiyyətə çıxırsa, hamı ona baxır və o, diqqət çəkir.

- Aldığınız əməkhaqqı sizi qane edir?

- Hazırda iki teatrda çalışıram. Azərbaycan Akademik Milli Dram Teatrı və “Yuğ” teatrında işləyirəm. Demirəm ki, istedadım aşıb-daşır. Zəhmət çəkirəm, əziyyətə qatlanıram. Çalışıram ki, özümü ucuz yox, baha satım. Filmə yüksək qonorarla çəkilirəm.

- Azərbaycanda aktyor olmaq asandır, yoxsa çətin?

- Azərbaycanda aktyor olmaq çox asandır. Məsələn, seriallardan söz açaq. Seriallarımızda peşəkar aktyorların sayı qədər qeyri-peşəkarlar var. Amma teatrda çox çətindir. Çünki qeyri-peşəkarları teatra işə götürmürlər. Müəyyən nüanslar var. Bədən quruluşu, səs diapazonu baxımından heç peşəkarları belə teatra götürmürlər. Səhnədə çıxış edəndə görünməlisən. Bunun üçün ucaboylu olmaq çox vacibdir. Teatrda bilirsiniz ki, mikrofon olmur. Aktyor o dərəcədə yaxşı səs imkanlarına malik olmalıdır ki, onun danışığını zalın sonunda oturan tamaşaçı da eşitsin. Serial və filmlərdə isə bu kimi məsələləri ört-basdır etmək olur.

- Teatr, yoxsa kino?

- Birmənalı olaraq teatr. Çünki kinonu sevmirəm. Hazırda teatrda vəziyyət yaxşıdır. “Yuğ” teatrında çalışıram. Teatrda əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin “Nəsimi” haqqında əsəri səhnəyə qoyuldu. Əsər səs-küylə qarşılandı, hadisəyə çevrildi. Uzun illər idi ki, hadisəyə çevriləcək, haqqında yazılacaq bir tamaşa yox idi. Özüm də bu tamaşadan çox şeyləri öyrəndim. “Yuğ”un çox gözəl kollektivi var. Tamaşaçılar sevə-sevə gəlib tamaşalarımızı izləyirlər. Hətta iş o yerə çatmışdı ki, sonuncu tamaşa zamanı teatrın rəhbərliyi ilə izləyicilər arasında mübahisə düşmüşdü. Tamaşada izləyicilər həddən artıq çox idi.

- Azərbaycan Akademik Milli Dram Teatrında böyük qalmaqallar yaşandı. Xalq artisti Afaq Bəşirqızı teatrınızın rəhbəri, Xalq artisti Azərpaşa Nemətin ünvanına işlətdiyi “Azərpaşa Nemət Hacıbala Abutalıbovdan nümunə götürsün, kreslonu məşğul etməsin” sözləri tərəflər arasında çaxnaşmaya səbəb oldu. Hazırda teatrda vəziyyət necədir?

- İnanın səmimiyyətimə, baş verən hadisələrdən xəbərsizəm. O söhbətlərin mənə aidiyyəti yoxdur. Teatrda öz işimlə məşğulam. Belə mövzulara ayıracaq zamanım yoxdur.

- Azərbaycan tamaşaçısı aktyordan nə istəyir?

- Bizdə bu yanaşma tam fərqlidir. Bəzi ölkələrdə olanda teatrlara baş çəkmişəm. Rusiyada, Türkiyədə və Vyanada teatr səhnələrində çıxış etmişəm. Müşahidələrimə əsasən deyə bilərəm ki, Vyana tamaşaçısı səndən ağlamağını və gülməyini istəmirlər. Onlar ağıllı və intellektual bir aktyora baxmaq istəyirlər. Onlar hiss, həyəcan öturən yox, səhnədə məlumat vermək istəyən bir aktyoru görmək istəyirlər. Türkiyədə isə vəziyyət tam başqadır. Türk tamaşaçısı istəyir ki, aktyor onları həm ağlatsın, həm üzünü güldürsün, həm də düşündürsün. Bizdə isə o auditoriya tam formalaşmayıb. Bizdə tamaşaçı çox fərqlidir.

- Həmkarlarınız “həftə səkkiz, mən doqquz” efirlərdədirlər. Amma onların arasında gözə dəymirsiniz. Efirlərə və verilişlərə çıxmamağınızın səbəbi nədir?

- Hər ay məni bir dəfə də olsa, verilişlərə çağırırlar. Niyə gedim? Niyəsinin cavabı odur ki, aparıcıların sualları maraqsız və məntiqsizdir. Sənətlə bağlı sual vermirlər. Aparıcılar çalışırlar ki, qalmaqallı suallar verib, reytinq qazansınlar. Müsahiblə jurnalist bir araya gəlib problem yaratmaqdansa, bu peşəyə xeyri dəyəcək bir veriliş etsinlər. O verilişə sevə-sevə, canla-başla gedərəm. Mənə verilişə gedib tanınmaq lazım deyil.

- Müsahibələrinizin birində “Bu sənətə məşhur olmaq üçün gəlmişəm” demisiniz... 

- Heç kim deyə bilməz ki, aktyorluğa sənəti düşündüyüm üçün gəlmişəm. Elə deyil. Teatr səhnəsinə çıxıb tamaşa oynamamış sənəti danmaq mümkün deyil. Mən də bu sənətə tanınmaq üçün gəlmişəm. İlk çəkildiyim “Arzularımın ardınca” filmindən sonra məşhur oldum. Amma anladım ki, bu mənə lazım deyil. Məşhurluq mənə xoşbəxtlik gətirmədi. Çəkiliş prosesi mənim üçün hər şeydən daha qiymətli və maraqlıdır, nəinki film ərsəyə gələndən sonra əldə etdiyim məşhurluq.

Deyirlər ki, aktyor universal olmalıdır. Sənət yoldaşınız Rəşad Kəsəmənli bu suala birmənalı yanaşmayaraq “Heç zaman açıq-saçıq səhnələrə çəkilmərəm” deyib. 

- Rəşaddan fərqli olaraq, açıq-saçıq səhnələrə çəkilmək kimi nə kompleksim var, nə də ki bu məsələyə çəpər çəkmişəm. Onun fikirlərinə hörmətlə yanaşıram. Aktyor deməməlidir ki, universalam. Güya hər aktyor salto vurmağı, təyyarə idarə etməyi bacarır? Düşünürəm ki, bu sənətə peşəkar yanaşması olan aktyor universaldır. Elə aktyorlar var ki, heç vaxt pedofil rolunu canlandırmazlar. Elə də aktyorlar var ki, bu rollara “hə” desələr də, obrazı yarada bilmir. Bu onların şəxsi fikirləridir. Mənim üçün fərqi yoxdur. Əgər dəyəri olmayan məntiqsiz və keyfiyyətsiz işdirsə, pula görə belə o işə qol qoymaram.

- Mistik-psixoloji dram janrında qurulmuş “Mənəm mən” tamaşasında yaratdığınız yarıçılpaq obrazınız diqqət çəkdi. Soyunmağınıza görə qınayanlar da az olmadı. Əsərdə soyunmağınız bu qədər vacib idi? 

- Serialda soyun desələr, qətiyyən soyunmaram. Çünki serial insanların başını qatacaq, dincəldəcək bir materialdır. Amma “Mənəm mən” əsərini böyük dramaturq İlqar Fəhmi yazıb. Bu əsərdə “Nəsimi”dən bəhs edilir. Mənim çılpaq olmağım tamaşaçıda ikrah hissi oyatmır.

- Nə zaman azərbaycanlı tamaşaçı xarici filmlərdə gördüyü və normal qəbul etdiyi açıq-saçıq səhnələri bizim aktyorların oyununda qəbul edəcək?

- Auditoriyanın 70 faizi soruşur ki, niyə soyundunuz? Bu 70 faizin 60 faizi isə mental düşünür. 10 faizi də açıq-saçıqlığı bəyənmir. Film çəkilişində aktyor kimi məndə, rejissorda, ssenaristdə problem olub. Biz filmi istehsal edəndə dramaturgiya yetərincə dərin olmayıb ki, tamaşaçı düz ediblər desin. Tamaşaçıya o səhnəni inandıra bilməmişik. Hələ də inandıra bilmirik. Bizim yüksək peşəkarlıq səviyyəsində olan film nümayəndələrimiz azdır. Nə zaman onların sayı çox olacaq və açıq-saçıq səhnələri oynayanda tamaşaçını inandıra biləcək, o zaman da belə rollar cəmiyyət tərəfindən qəbul olunacaq.

Kommersiya filmi üçün seks səhnəsinə heç zaman çəkilmərəm. “Dalan” filmində də tamamilə soyunmamışam, soyunmaram da. Kommersiya filmi niyə çəkilir? İnsanların bilet alıb izləmələri üçün. Kommersiya filmində iki nəfəri soyundurub tamaşaçı önünə çıxarmağın məntiqini və niyyətini anlamıram. Əgər çıxarmaq istəyirsənsə, bəşəri ideyalar daşıyan bir film çək, göndər festivala. Bunu anlamaq olar.

- İstər Facebookda, istərsə də Instagramda çox aktivsiniz. Xanım izləyiciləriniz sizə daha çox nə yazırlar?

- Qızlar yazırlar ki, kaş mənim də sevdiyim insan, nişanlım və həyat yoldaşım sənin kimi olardı. Bu kimi mesajları oxuyanda təbii ki, çox sevinirəm.

- Qadınlardan pul müqabilində intim təkliflər alırsınız?

- Hələ mənə belə təkliflər gəlməyib. Həm də buna pis baxıram. Ruhunu və bədənini pula satmaq nə qadına, nə də ki kişiyə yaraşır.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri