20 
May
2020
16:10
52
194
5051
Virtual karabakh

Əməkdar artist Kəmalə Rəhimli: “Sənətdən də, həyatdan da küsmüşəm” - ÖZƏL

20 May, 2020
16:10
5051

Əməkdar artist Kəmalə Rəhimli: “Sənətdən də, həyatdan da küsmüşəm” - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biganəliyə dözə bilmirəm. Bu səbəbdən efirə çıxmaq istəmirəm. Həvəsdən də düşmüşəm. Nə zaman layiq olduğum qiyməti alaram, o zaman da efirə çıxaram. İncimişəm... Sənətdən də, həyatdan da küsmüşəm”.

Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində Əməkdar artist Kəmalə Rəhimli deyib.

Ömrünün 40 ilini incəsənətə həsr edən K.Rəhimli küskünlüyünü bu sözlərlə ifadə etdi:

“Həyatımı, gəncliyimi, evimi, balalarımı qoyub, aylarla qastrol səfərlərinə getmişəm. Deyiblər ki, get, pul qazan, gətir, Mədəniyyət Nazirliyinin fonduna keçir. Get, planı doldur ki, Rəşid Behbudov ansamblı ilə xarici səfərə getsin. Mən belə işləmişəm. Hamıdan küsmüşəm.

Sənətə gələn yeni ifaçılar üçün hər cür şərait yaradılır. Amma mən çox zülm çəkmişəm. Çəkdiyim zülmlərin haqqını hələ də almamışam. 40 ildən çoxdur bu sənətə xidmət etmişəm. Xidmətlərim əvəzsizdir. Dəfələrlə Mədəniyyət Nazirliyinə müraciət etmişəm. İndiyə qədər heç bir cavab almamışam. Dövlət konsertlərində ilk sıralarda mənim adım çəkilirdi. Dəfələrlə ümümmilli liderimiz mərhum Heydər Əliyevin qarşısında çıxış etmişəm. Kəmalə ən sevimli, populyar müğənni olub. İndi Kəmalə qalıb kənarda.

Yalnız Əməkdar artistimiz Firuzə İbadova zəng vurub, mənimlə maraqlanır. Heç kimlə danışmaq, ünsiyyət qurmaq istəmirəm. Hər şeydən iyrənmişəm. Musiqiçiləri çiynimdə daşımışam, çörək vermişəm onlara. Amma heç kim mənimlə maraqlanmır”.

22 ildən çoxdur şəkər xəstəliyindən əziyyət çəkən sənətkar səhhətində yaranan ciddi problemlərdən də söz açıb:

“Uzun illərdir müalicə qəbul edirəm ki, yaşayım. 1998-ci ildən şəkər xəstəsiyəm. O vəziyyətdə də mən konsertlərdə, qastrollarda çıxış etmişəm. Bu xəstəlik ömrümün sonuna kimi mənimlə olacaq. Qan təzyiqim də yüksəkdir. İldə üç-dörd dəfə müalicə alıram. Koronavirus səbəbindən tibb bacısı evimə gələ bilmirdi, qalmışdım əlacsız vəziyyətdə. Kifayət qədər bahalı dərmanlarım var. Onları da özüm alıram”.

“Sənətə ömrümü həsr etmişəm, dövlət mənə də diqqət ayırsa, məmnun olardım. Mənim üçün çox çətindir”, - Kəmalə Rəhimli sözlərini belə yekunlaşdırıb.

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri