İyn
2020
17:54
260
30
3282
Virtual karabakh

Azərbaycanlı gənc, virtuoz balabançı: “Toylara getməyəcəyəm” - MÜSAHİBƏ + FOTO

Balaban alətində fərqli tərzdə blüz, caz və rok-n-rol janrında maraqlı improvizasiyalar edən gənc və istedadlı musiqiçi Amin Əliyevin Oxu.Az-a müsahibəsi: 

- Balaban musiqi alətinə olan marağınız necə yaranıb?

- Üç ildir ki, balabanda ifa etməyə başlamışam. İlk olaraq klassik əsərləri ifa etmişəm, ardınca da caz musiqisini. 7 saylı yeddiillik musiqi məktəbində piano sinifini qırmızı diplomla bitirib, Georgi Şaroyev adına 35 saylı onbirillik musiqi məktəbinə daxil olmuşam. Hazırda orada səkkizinci sinifdə təhsil alıram. Balabana həvəsim təsadüf nəticəsində yarandı. Caz və blüz janrının mahir ifaçısı BB Kinqin və digər musiqiçilərin bəstələrini dinlədim. Bundan sonra bəzi mahnıların “minus”larını əldə edib, üzərində balabanla məşq etdim. Təhsilimi başa vurduğum 7 saylı musiqi məktəbində piano sinifindən sonra balaban ixtisasına keçdim.

- Xarici, yoxsa milli musiqi ruhunuza daha yaxındır?

- Həm Azərbaycan, həm də xarici musiqiləri sintez şəklində ifa edirəm. Səsləndirməmdə muğamımızın melizmləri var.

Balaban ifaçısı Şirzad Fətəliyevdən musiqi dərsləri almışam. Ölkədə tətbiq edilən karantin rejiminə görə onun məşğələlərinə gedə bilmədim. İfalarımı sosial şəbəkədə paylaşdıqdan sonra məşhur qarmon ustadı Aftandil İsrafilov mənimlə maraqlanıb, görüşə çağırdı. Aftandil müəllim mənə musiqinin yeni “lad”ını öyrətdi və xeyir-duasını verdi. Gələcəkdə onunla birgə kompozisiyaların birini duet şəklində ifa edəcəyik.

- Hazırda hansı musiqi üzərində çalışırsınız?

- Daha çox öz bəstələrimin üzərində çalışıram. Studiyada ifa etdiyim bir musiqini ikinci dəfə eyni cür səsləndirmirəm. Dünya şöhrətli musiqiçilər Bruno Mars və Traves Skotun musiqilərinə yeni nəfəs qatıb, fərqli tərzdə balabanda ifa edirəm. Həm kamera, həm də simfonik orkestrlə “Qaragilə” xalq mahnısını və dahi bəstəkarımız Ələkbər Tağıyevin “Sən gəlməz oldun” mahnısını balabanda səsləndirmişəm.

“Cover” versiyada ifa etmək istədiyim musiqilər arasında 1990-cı illərin sonu - 2000-ci illərin əvvəllərində Flora Kərimova, Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva və digər estrada müğənnilərimizin repertuarında yer alan bəstələr də var.

- Sosial media əhli improvizasiyaları birmənalı şəkildə qəbul etmir. İfalarınıza necə reaksiya verdilər?

- İfalarımı sosial şəbəkədə yayımladıqdan sonra tərif qədər, tənqid də oldu. Amma dəstək olanlar qat-qat çoxdur. Almaniyada yaşayan həmvətənlərimiz “YouTube”a yüklədiyim çıxışlarıma xoş rəylər yazıb, ifalarımı bəyəndiklərini bildirirlər. Ölkəmizin məşhur balaban ustadı Əlixan Səmədov ifamın yaxşı olduğunu söyləsə də, muğam sənətinin dərinliklərini öyrənməyimi məsləhət görüb. Əməkdar artist Sevda Ələkbərzadə isə sosial media hesabında videolarımı paylaşaraq mənə dəstək olub.

Səsləndirdiyim bir neçə musiqini sosial şəbəkədə paylaşdıqdan sonra “YouTube”dakı “Bakı Mədəniyyət kanalı” məni studiyalarına dəvət edib, yüksək peşəkarlıqla ifalarımı həm audio, həm də video formatında lentə alıb, videohostinqdə yayımlayıb. Mədəniyyət Nazirliyi fəaliyyətimlə bağlı məlumatlıdır. Onlar sənətimlə bağlı müəyyən köməklərini əsirgəmirlər.

- İncəsənət nümayəndələrinin gəlir yeri toylar və el məclisləridir. Siz də bu məsələdə “qonşudan qalma geri” prinsipinə əməl edəcəksiniz? 

- Toylara getməyəcəyəm. İstəyim yalnız sənətimlə məşğul olmaqdır. Toylar barədə heç düşünmürəm. El şənliklərinə getməkdənsə, öz üzərimdə çalışmağı daha üstün tuturam. Musiqidə pul qazanmağın yolları kifayət qədər çoxdur.

- Yaşıdlarınız və məhəllədəki yoldaşlarınız bu istedadınızı alqışlayır? 

- Onlar ifalarımı sosial media hesablarında paylaşıb, mənə dəstək olurlar. Tənqiddən çox tərif yazırlar.

- Gələcək planlarınız və məqsədiniz?

- Yaxın müddətdə rəqəmsal albom çıxarmağı planlaşdırıram. Həmin albomda fərqli musiqi alətlərinin ifaçıları ilə duetlər olacaq. Solo şəklində ifa edəcəyim canlı musiqili “band” qrupu yaratmağı düşünürəm. Bu qrupla balabanda caz və folklor musiqilərini səsləndirib, xaricdə keçirilən festivallarda iştirak etmək istəyirəm. Qarşıma məqsəd qoymağı sevmirəm. Musiqidə olduğu kimi, həyatda da improvizasiya edirəm. Uzunmüddətli planlar qurmuram.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri