18 
Sen
2020
14:36
69
141
7284
Virtual karabakh

Ağadadaş Ağayev İstanbul səfərindən danışdı: “Mən dedim ki, belə gündə mahnı oxumayacağam” - MÜSAHİBƏ

18 Sen, 2020
14:36
7284

Ağadadaş Ağayev İstanbul səfərindən danışdı: “Mən dedim ki, belə gündə mahnı oxumayacağam” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni, Xalq artisti Ağadadaş Ağayevin Oxu.Az saytına müsahibəsi

– Biz sizi qatı futbol azarkeşi kimi də tanıyırıq. Dünənki “Neftçi” – “Qalatasaray” oyunu ilə bağlı fikirlərinizi öyrənmək maraqlı olardı...

– Açığı, bu mövsüm həmin matçadək “Neftçi”nin oyununu izləməmişdim. Amma bilirdim ki, son oyunda “Sumqayıt”a 0:2 uduzublar. Yeni transferlərini də tanımırdım. Amma “Qalatasaray”ın hansı mövqelərə transfer etdiyini bilirdim. “Qalatasaray”ın qələbə qazanmaq potensialı böyük idi. Elə gözlədiyimiz kimi də oldu. “Neftçi” də pis oynamadı. Rəqibi nəzərə alsaq, 3:1 hesabı normaldır. Yusuf Lavalın vurduğu top sağ dirəyin yanından keçdi. Orada qol olsaydı, fərqli də ola bilərdi.

– Azərbaycanda hansı komandanın azarkeşisiniz?

– İlk azarkeşlik etdiyim komanda “Neftçi” olub. “Neftçi” 1966-cı ildə bürünc medal qazananda mənim 10 yaşım vardı. Məncə, o bizim futbolumuzun ən parlaq səhifəsi olub. Sonrakı “Neftçi” nəslindən Yunis Hüseynov, Nazim Süleymanov, Asif Əliyev, Qurban Qurbanov dostlarımdır. Hamısının toyunda mən oxumuşam. Uşaq vaxtı SSRİ millisinə azarkeşlik edirdik. Deyirdik ki, bizim millidir. İndi dərk edirik ki, boş-boşuna azarkeşlik etməklə vaxt keçirmişik... Müstəqillik illərində indi ən çox “Qarabağ”a azarkeşlik edirəm. “Qarabağ”ın penaltilər seriyasında “Molde”yə uduzması mənə çox pis təsir etdi.

– Türkiyədə hansı komandaya simpatiyanız var?

– Elə “Qalatasaray”a. “Neftçi” nə qədər mənim üçün doğmadırsa, bir o qədər də “Qalatasaray” mənə doğmadır. “Neftçi” və “Qalatasaray” oynadığı üçün qəribə hisslər keçirirdim. İlk dəfə bilmirdim ki, nəyə baxıram. Amma bilirdim ki, burada qardaşlıq qalib gələcək. Mənə elə gəldi ki, dostluq qazandı. Hesab edək ki, iki komandamız Çempionlar Liqasının finalına çıxıb. Kimin qalib gəlməsi fərq etmir ki?!

Bir də mən stadionun tərtibatı, bəzədilməsi ilə məşğul olanlara öz təşəkkürümü bildirmək istəyirəm. Ulu Öndərin, cənab Prezidentimizin, Mustafa Kamal Atatürkün, Rəcəp Tayyip Ərdoğanın müdrik sözləri tribunalara böyük hərflə yerləşdirilmişdi. Bununla bütün dünyaya mesaj verildi ki, Azərbaycan – Türkiyə qardaşlığı daimidir. Biz doğrudan da bir millət, iki dövlətik. Ümumiyyətlə, dünən stadiondakı ab-hava bizim illərdir gözlədiyimiz çox gözəl bir mənzərənin təzahürü idi.

– 1990-cı ilin yanvarında “Neftçi” İstanbula səfər edərkən siz də həmin səfərdə olmusunuz. Orada sizdən başqa, hansı sənət adamları olub?

– Səkinə İsmayılova, Əlibaba Məmmədov, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının ovaxtkı solisti Raziyyə Şirinova həmin səfərdə vardı.

– “Neftçi” ilə səfərinizin üst-üstə düşməsi təsadüfi idi? Yoxsa sizin səfəriniz bu proqramla bağlı idi?

– Düşünürəm ki, səfərin proqramına salınmışdı. Çünki 2-3 il əvvəl mən orada Səkinə xanımla konsert vermişdim, çox xoşlarına gəlmişdi. “Neftçi” yanvarın 17-də “Qalatasaray”la oynadı. Biz də həmin gün konsert verdik. Ona görə heç futbolu izləyə bilmədik. Amma komanda ilə bir hoteldə qalırdıq.

Türkan Şoray, Müşərrəf Akay, İzzət Altınmeşə kimi sənət adamları konsertimizə gəlmişdi. Mən o dövrdən onlarla dostluq etməyə başladım. 169 nəfərlik heyətlə getmişdik. Bizim rəqs ansamblının kostyumları yükə veriləndə gedib İtaliyaya çıxmışdı. Milli kostyumları da Türkiyədə tapmaq çətindir. Yalnız son konsertə İtaliyadan həmin paltarları gətirib çatdıra bildilər.

Üç il ardıcıl mən Türkiyədə konsert verdim. Ərzincanda olanda 6 000 əsgərin qarşısında konsert verərkən Türkiyənin Orgeneralı dedi ki, ilk dəfə əsgərlərim sözümdən çıxdı. Onlara “oturun” desəm də, mənə qulaq asmadılar, sizi ayaq üstdə alqışladılar və oynamağa başladılar. Sonra Orgeneral bizi günorta yeməyinə dəvət etdi. Mən Nuru Paşanın Azərbaycanı işğaldan azad etməsi barədə danışanda soruşdu ki, bunu haradan bilirsiniz. Dedim ki, biz bunu dədə-babalarımızdan öyrənmişik, sovet tarixi kitablarında yoxdur.

– “Neftçi” həmin vaxt “Beşiktaş”la da oynamalı idi. Amma 20 Yanvar hadisələrinə görə, komanda erkən Bakıya dönməli oldu. Qanlı Yanvar sizin səfərinizə nə dərəcədə təsir etdi?

– 18 yanvarda Ankarada konsert verdik. 19-u İzmirə getdik. Konsertimizə 12 000 bilet satılmışdı. 20-si bizim orada konsertimiz vardı. Avtobusda olanda eşitdik ki, Bakıda sovet qoşunları azərbaycanlıları öldürüb. O vaxt mobil telefonlar yox idi, əlaqə saxlamaq olmurdu. Bir türk polisi vasitəsilə qardaşımla əlaqə saxlaya bildim. Qardaşım dedi ki, vəziyyət çox pisdir. Bununla da səfərimiz gözümüzdə qaraldı. Aramızda müzakirə apardıq ki, İzmirdəki konsertdə bu ab-havada necə çıxış edəcəyik? Biri dedi ki, “Ayrılıq”, biri dedi ki, “Qarabağ şikəstəsi” oxuyaq.

Mən də dedim ki, mahnı oxumayacağam, musiqi söhbəti ola bilməz. Sadəcə, 12 000 insana hörmətsizlik olmasın deyə, Azərbaycan – Türkiyə qardaşlığına dair bildiyim şeirləri, sözləri səsləndirəcəyəm. Ansamblıma da konsert verməyə icazə vermədim. Əlibaba müəllim, mən və Etibar adında rəqs nümayəndəmiz çıxış etdik. Elə bildim ki, konsert vermədiyimiz üçün bizdən narazı qalacaqlar. Amma gözlədiyimizin əksinə olaraq, onlar bizdən razı qaldılar. Dedilər ki, halal olsun azərbaycanlı sənətçilərə, onlar dirəndilər. Türk qəzetlərində ağlayan yerdə şəkillərimiz vardı və bizim haqda qürurverici sözlər yazılmışdı. Hətta hotelin qarşısına da gəlib şüarlar səsləndirənlər, “sizinlə hara desəniz gedib qanımızı verərik” deyənlər oldu.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri