25 
Sen
2013
11:18
38
16
18354
Virtual karabakh

Aqil M.Quliyev: Bakirliyimlə 17 yaşımda vidalaşmışam, ancaq ilk seks əlaqəm fahişə ilə olmayıb

25 Sen, 2013
11:18
18354

Aqil M.Quliyev: Bakirliyimlə 17 yaşımda vidalaşmışam, ancaq ilk seks əlaqəm fahişə ilə olmayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əmim Eldəniz Quliyev Milli Şuranın üzvüdür”.

Oxu.Az Gün.Az-a istinadən 1news.az xəbər agentliyinin tanınmış azərbaycanlı rejissor Aqil M.Quliyevlə müsahibəsini oxucularına təqdim edir:

Aprel ayının sonunda rejissor Aqil M.Quliyevin həbs olunması barədə xəbər Azərbaycanın bütün KİV-lərində işıq sürəti ilə yayıldı. Məhkəmənin qərarı ilə A.M.Quliyev 1 il 6 ay müddətinə həbs cəzasına məhkum edildi. Məhkəmənin sözügedən qərarı Marianna Turabovanın rejissorun ondan aldığı pul borcunu geri qaytarmaması ilə bağlı vətəndaş iddiası əsasında qəbul edilmişdi.

May ayında təqdim edilən apellyasiya şikayətinin yekunlarına əsasən, rejissor həbsdən azadlığa buraxıldı. Müsahibədə A.M.Quliyev həbsdən sonrakı müddətdə və azadlığa çıxandan sonra həyatında nələrin və necə dəyişməsi barədə söz açır...

- Siz məhkəmə qarşısına çıxanda bir çoxları dedi ki, hər zaman diqqət mərkəzində olan Aqil həmişə özünün dözümlü olduğuna əmin olduğundan, hadisələrin birdən-birə bu cür cərəyan etməsi də onun üçün gözlənilməz olub...

- Elə bu cür də oldu. Hər şey ona görə belə bir hal aldı ki, mən vəziyyətə nəzarəti əldən buraxdım. Ancaq indi bunun elə də əhəmiyyəti yoxdur, hər şey artıq geridə qalıb. Yaranan vəziyyətlə üzülüşməyin vaxtının çoxdan gəlib çatdığını, belə bir sevginin mümkün olmayacağını deyən dostlarımın tövsiyələrini qulaqardına vururdum. Ümumilikdə bütün gördüklərimə məhəl qoymurdum, gördüklərim isə ondan ibarət idi ki, insanlar özlərini düzgün aparmırlar. Gözüm baxa-baxa belə bir şəraitin yaranmasına yol verdim, baş verənlərin hamısı xırda detallarına qədər xatirimdədir. Bilirdim ki, gün keçdikcə uçurumun kənarına hər dəfə bir az daha yaxınlaşıram.

- Heç kimə sirr deyil ki, dediyiniz “uçurumlar” özləri sizi tapır...

- Razıyam, macəralar heç vaxt mənim başımın üstündən əksik olmur. Adamlalr həbs cəzamı çəkdiyim müddətdə yazdığım kitabı oxusalar, özləri də başa düşəcəklər ki, macəralar elə uşaq yaşlarımdan məni izləyirlər.

- Əminəm ki, həyatınızı “həbsxanadan əvvəl”ə və “həbsxanadan sonra”ya ayırmaq asanlıqla mümkündür, elə deyilmi?

- Birmənalı olaraq, elədir. “Həbsxanadan sonra” da hər şey dəyişdi. Bu mərhələdə yalan artıq həyatımdan tamamilə yoxa çıxdı. Nə fərqi var, bu yalan yaxşıdır, ya pis, əsas odur ki, o artıq heç bir formada mənim həyatımda deyil. Elə bil ki, məsələn, sənə 3 manatlıq siqareti 5 manata satıb, səndən 2 manat daha artıq qazanmaq üçün səni aldada bilərlər. Bu dövr həyatımın elə bir mərhələsidir ki, yanımda ancaq həqiqətən də mənim yanımda olmaq istəyənlər, mənim əsl dostlarım var idi. Özlərini dost adlandıranlar, tanışlar, pərəstişkarlar, hətta bəzi qohumlarım da sadəcə olaraq, məndən üz çevirdilər. Bəziləri hətta məni Facebook sosial şəbəkəsində dostlar siyahısından da silməyə macal tapdılar, onların sayı təxminən 50-yə yaxındır.

Mən bunu 1937-ci ilin sovet sindromuna bənzədirəm. Kimin o vaxt dövlət orqanları ilə problemləri yaranırdısa, qohumları, tanışları həmin adamla ünsiyyəti kəsirdilər, evlərinə gedib-gəlmirdilər, onlarla maraqlanmırdılar, qorxurdular ki, məsələnin bir ucu da onlara toxunar, onların özlərini də həbs edib, içəri atarlar. Artıq 2013-cü il olmasına baxmayaraq, indiyə qədər bu qorxu sovet vaxtı doğulan insanların canında yaşayır. Həm də bu elə bir dövrdə baş verir ki,  sadəcə kompüterin bir-iki düyməsinə tıqlamaqla, yaxınından-doğmandan asanlıqlar xəbər tuta bilirsən.

Ancaq hər işdə doğrudan, bir fayda var. 4x2 metrlik kamerada oturanda nəyin nə, kimin kim olduğunu düşünüb, hər şeyi anlayırsan.

Başa düşürsən ki, sənə münasibətdə səmimi olan insanlar kimdir, kimin sənin üçün canı yanır, kimi də hətta görüşə də gəlsə belə, səni hər vəchlə aldatmağa çalışır.

Orada tamamilə ayıq olursan, 36 gün ərzində bir qram da olsun alkoqol qəbul etmirsən. Həm də əgər şizofren deyilsənsə, hər şeyi, bütün yaşananları “içəridə” daha yaxşı götür-qoy edirsən.

Energetik səviyyədə kimin kim olduğunu bütün çılpaqlığı ilə dərk edirsən. Kim yalan danışıb, kim sənə kələk gəlib, kimə səndən əslində nə lazım olub, nəyə görə lazım olub, hamısını görə bilirsən.

Mən azadlığa çıxandan sonra həmkarlarımın bir çoxu sosial şəbəkələrdə barəmdə yazdıqları statusları sildilər. Bilirlər axı, əlim ağırdır (gülümsəyir).

- Dediyiniz statuslar və digər söz-söhbətlər əlbəttə ki, paxıllıqdan, həsəddən irəli gələn şeylərdir. Paxıl adamlar başqasının başına iş gələndə sevinirlər, şou-biznesdə xüsusilə...

- Hesab edirəm ki, həsəd heç vaxt ağ olmur, gec ya tez o mütləq qara həsədə, paxıllığa çevrilməlidir. Heç vaxt mənə qarşı edilən paxıllıq hissini başa düşməmişəm, belə adamlardan da hər zaman uzaq durmağa çalışmışam. Hətta boyda məndən balaca olan adamlarla yol gedəndə belə, belimi bükmüşəm. Səliqəsiz də geyinmişəm, üzümü qırxmadığım da olub, heç vaxt öz görkəmimlə heç kimi utandırmaq istəməmişəm. Hərdən içki də içmişəm ki, məni özlərinki bilsinlər, normal münasibətlər qura bilək. Narkotikə də gənc yaşlarımdan aludə olmuşam, ona görə ki, ətrafımda şər əməlləri görməyim, öz yaradıcılığıma və özümə qapana bilim.

Günahkar deyiləm ki, nəyisə başqalarından daha yaxşı etməyi bacarıram, ya da nəsə mənim üçün daha asan və rahat başa gəlir. Əsəri oxuyanda, artıq bilirəm ki, onu necə çəkmək lazımdır. Bütün bunlar da məndə tədricən formalaşıb, daima, demək olar ki, dayanmadan çəkdiyim zəhmətin, oxuduqlarımın və 20 illik iş müddətində əldə etdiyim təcrübənin sayəsində bunlara nail ola bilmişəm. Hər zaman oxuyuram, öyrənirəm.

17 yaşım olanda təsadüfən kinostudiyaya düşmüşdüm, elə onda başa düşdüm ki, mənim sənətim məhz budur. 1989-cu ildə ilk əmək fəaliyyətim ən kiçik vəzifədən- rejissor köməkçisi işindən başlayıb. Nə iş olubsa, görmüşəm, hətta çay da aparıb-gətirmişəm.

Universitetə qəbul olana qədər bilikdə dostlarım Samir Həsənovdan, Kamran Şahmardandan, Emin Mirabdullayevdən geri qalırdım. Bir sirr açım ki, universitetə daxil olanda Antonioni və Fellini barədə heç nə bilmirdim, Nitsşedən xəbərim yox idi. Ancaq oxumağa, öz üzərimdə işləməyə başladım. İki əl ərzində öyrənməyə gecikdiyim biliklərə yiyələnə bildim. Daha sonra yenə də öz bilik səviyyəmi artırmağa, oxumağa davam etdim, günü bu günədək də oxuyuram, yaxşı ki İnternet var, məlumatları oradan əldə edə bilirəm. Həmin vaxtlar isə kitabları bukinistlərdən çox çətinliklə axtarıb tapa bilirdim.

Nəyimə paxıllıq edirlər? Mən ki kamera əlimdə, keçəl və saqqallı doğulmamışam... Hər kəs bu həyatda nəyəsə nail ola bilər. Bu isə o vaxt mümkün ola bilər ki, oxuyasan, öz üzərində işləyəsən, zəhmətdən, işləməkdən yorulmayasan. Üstəlik, fəaliyyət göstərmək istədiyin sahəni də düzgün seçməlisən. Kiminsə bəxti gətirir, kiminsə yox, buna görə də mən günahkar deyiləm.

- Düşünürəm ki, iş sadəcə yaradıcılıqla əlaqədar olan paxıllıqda deyil, sizin yaxşı qazanmağınıza da paxıllıq edirlər, sevdiyiniz işlə məşğul olmağınıza da, çoxlu sifarişlər almağınıza da...

- Ancaq bu belə deyil. Bu gün reklamlarda səsimi təqlid edən 20-dən artıq adam var. Mən onları “kitayski Aqil” adlandırıram. Ancaq onlara heç nə demirəm, çünki hesab edirəm ki, bu mənim ləyaqətimə sığmayan bir hərəkət olar. Sevinirəm ki, istənilən halda onlara çörək pulu qazanmağa köməklik göstərmişəm. Həm də şadam ki, məhz mənim sayəmdə belə bir səs tembri məşhurluq qazanıb. İndi gör, nə qədər Röyanın səsi ilə oxumağa çalışan var? Çox. Ancaq o, buna məhəl qoymur. Orijinal elə orijinaldır.

Bu bir parça çörəyi əlimdən aldılar, ancaq mən heç vaxt səsimi ucuz məbləğə yazdırmamışam və bundan sonra da yazdırmaram. Ümumiyyətlə isə iki ildir ki, klip çəkmirəm. Əlinə dünən fotoaparat alan gənclə 3000 manat büdcəsi olan klip çəkə bilmərəm. Bu mənlik deyil. Mənə aktyor kimi paxıllıq etmək də gülüncdür. İldə 2-3 dəfə çəkilirəm.

- Ancaq rolları seçəndə həmişə durnanı lap gözündən vurursunuz...

- Ona görə ki, mən rollarımı gözləyirəm və onları diqqətlə seçməyə çalışıram. Səbirliyəm, sadəcə olaraq, gözləməyi bacarıram. Həyatda da həmişə səbrlə gözləməyim özünü layiqincə doğruldur. Başa düşürəm ki, istər Türkiyədə, istərsə də Rusiyada olsun, rejissor heç də məndən ağıllı deyil və heç də şedevr çəkib-eləmir, ancaq onun rəhbərliyi altında işləməyə razılıq verirəm, çünki mənə digər ölkənin kinematoqrafiya məktəbi maraqlıdır...

Özüm də rejissor kimi, Allah qoysa, ilin sonuna yeni işimi – “Şaman” filmini təqdim etməyə hazırlaşıram, indi film montaj ərəfəsindədir. Ucuz reklam çəkmirəm. Son işlərim Roya ilə olan (Kristina) və Aygün Kazımovanın çəkildiyi (Golden Rose) reklamlardır. Bu reklamlar üzərində beynəlxalq komanda işləyib, Ukraynadan (Yaroslav Pilunski və Aleksandr Stepanov) və Türkiyədən (stilist Ahmet Yıldırım) mütəxəssislər cəlb ediliblər. Bu reklam çarxları çox bahalıdır, mən ucuz reklam çəkmirəm.

Mənə reklam sifariş etmək hər adamın işi deyil. Ancaq mən inhisarçı deyiləm, monopoliya yaratmıram, üstəlik, mənim yanıma əl işimin baha olduğunu əvvəlcədən bilən potensial müştərilər gəlir. Azərbaycanda ad qazanmaq kifayət qədər çətindir, ancaq öz piarımla məşğul olsaydım, bəlkə daha çox qazanardım.

Ümumən, nəyimə paxıllıq edəcəklər ki, şöhrətimdən və populyarlığımdan başqa..Hətta ucqar dağ kəndində məni görsələr, adımı da bilməsələr, işlərimdən xəbərsiz də olsalar, “rejissordur” deyəcəklər. Niyə paxıllığımı çəkirlər? Bu meydan, bu da şeytan! Nə qədər həsəd aparıb ürəklərini ağrıdacaqlar? Qoy özləri də nəyəsə imza atsınlar!

- Görünür, paxıllığınızı çəkənlər elə düşünürmüşlər ki, “gedişiniz” onların parlamasına səbəb olacaq, amma belə olmadı...

- Belə olmur axı. Barmaqlıqlar arasında olanda öz-özümə dedim: “Gör gələcək nəslim üçün mənim tərcümeyi-halım necə maraqlı olacaq”. Onu da deyim ki, xalamın oğlu Zaur Yekaterinburqski “qanuni oğru” olub, Rusiya həbsxanalarında cəza çəkib, əsli Tərtərdəndir. Həqiqətən də möhkəm, mərd adam olub.

Məhkəmənin qərarı ədalətli idi, cinayət işləmişdim, sonra da məhkəmənin qərarına tabe olmamışdım. Bu söhbəti mən tanınmış adamların guya toxunulmaz və arxalı olmaları məsələsinə gətirirəm. Axı qaydalar nəyə görə biz məşhurlar üçün istisnalıq təşkil etməlidir? Belə şey olmamalıdır. Bəli, tutaq ki, hörmət etdiklərindən, kiçik yol hərəkəti pozuntuları törədəndə bizi cərimə etmirlər. Mən həddi keçmişdim, qanunu pozmuşdum, ona görə də, heç kim heç nə edə bilməzdi. Hər şeydə özüm günahkaram, həmin sənədi özüm imzalamışam, özüm özümü işə salmışam.

- Bütün bunlar necə baş verdi?

- Allah bilir... “Orada” olanda mən çoxlu maraqlı kitablar oxudum, həmin kitablarda deyilirdi ki, həyatda hər şeyin əsası tərbiyə ilə qoyulur. Hələ balaca olanda, atam mənə deyirdi ki, bu həyatda nəyəsə nail ola bilmək üçün mütləq oxumaq və işləmək lazımdır. Ancaq böyüyəndə, gördüm ki, həyatda elə adamlar da var ki, heç nə ilə məşğul olmurlar, amma onların hər şeyi var.

Həqiqətdə sən bunu dərk edirsən, şüuraltında isə beyninə tamam başqa tərbiyəvi fikirlər yeridilib. Uğurun zirvəsində olanda, bu uğura xələl gətirmək üçün hər şey edirdim, bütün bunları ona görə edirdim ki, özümü belə şeylərdən məhrum edim, yuxarıda sadaladığım kəslər kimi görünməyim. Axı uşaq vaxtı sovet dövründə bizə təlqin edirdilər ki, varlı adam mütləq cinayətkardır. Pula qarşı nifrət təlqin edirdilər – bu həmin dövrdəki ideologiya sisteminin əsas qayda-qanunlarından biri idi.

Üstəlik, “kino adamı”nın sovet obrazı daim kasıb, sir-sifəti tüklü, özünə baxmayan sənətkar cildində idi. Məhz buna görə, uğurun dalğasına yaxalananda- həyatda özüm üçün hər bir şeyi edə biləcək imkanlar əldə edəndə, həmişə özüm-özümə pislik etmək istəmişəm – içki ilə, narkotiklə, qadınlarla. Sonuncu dəfə də belə oldu, dalğa məni zirvəyə daşıdı, mən isə özümə sual verdim ki, “bəs mən kiməm axı?”, özümü bir çoxları ilə müqayisə edərək, özümdən xəbər aldım: “Hə, mən kiməm ki, özümü onlarla eyni dalğada hiss edim?”

- Bu və ya digər suallara cavabları oxucular yəqin ki, kitabınızda tapa biləcəklər...

- Kitab çox şey haqqındadır. Bu kitab mənim həyatımın gündəliyidir. İlk gündəliyimi evli olanda yazırdım. Arvadım  bilməsi lazım olmayan şeyləri oradan oxuyanda, o gündəliyi yazmağı dayandırdım. Ancaq həmin gündəlikdə də “həyatın o biri üzü” barədə yazdığım kitabda öz əksini tapacaq. Onda öz-özümə demişdim ki, etirafları sonraya saxlamaq lazımdır. Bu sonra çox gözlənilmədən gəldi. Kitabı əslində darıxdığımdan yazmağa başladım, kamerada 24 saat oturmaq asan iş deyil. Kitabım mənim zərrə-zərrə yığılan, həyat adlanan xronologiyamdır, mən onu arzuladığım “məzuniyyət” vaxtı – İnternetsiz, televizorsuz, KİV-siz, telefonsuz qalanda yazmışam. Belə bir məzuniyyət arzusunda ola-ola özüm onu özümə doğru çəkmişəm (gülümsəyir).

Kitabda təsvir etdiyim xatirələrim üç yaşımdan başlayır. Onu yazmağa elə aludə oldum ki, kitabda nəinki mənim həyatım, həm də dostlarımın həyatı öz əksini tapdı, onlardan bəziləri hətta çox tanınmış insanlardır, bəziləri isə heç tanınmasalar da, mənim üçün dəyərli adamlardır. Kitabda həmçinin reklam və musiqi bazarının yaranması barədə yazmışam, həmçinin ölkədəki şou-biznes barədə məqamlara da toxunmağı lazım bilmişəm.

- Yəqin şou-biznes ulduzlarımızı bir-bir “yuyub-sərmisiniz”?         

- Həqiqəti yazmışam, amma hamısını yox. Çox adam haqqında çox şey bilirəm, lakin onlarla çalışdığıma görə, nəzakət qaydalarına riayət etməyə çalışıram. Halbuki həyatda olduğu kimi, çəkiliş meydançasında da söyüş söyməyi sevirəm. Ancaq mən bir çoxlarında olmayan etik normalara riayət etdiyimə görə, əsasən, özüm barədə, özümlə bağlı olan məsələlər haqqında yazmağa çalışmışam. Gündəlikdə 2008-ci ilə qədər olanları yazmışdım, həmin vaxtdan sonra da həyatımda qarmaqarışıq dövr başladı.

İlin sonuna qədər kitabı dərc etdirmək niyyətindəyəm. İndi həmin kitab üçün dostlarla birgə çəkildiyim ümumi fotoşəkilləri axtarıram. Kimdə belə fotolar varsa, xahiş edirəm, mənimlə əlaqə saxlasınlar.

- Həbs cəzası çəkərkən, həyatda yaşadıqlarınıza yenidən nəzər yetirməyinizin daha bir müsbət cəhəti var – sizin pərəstişkarınız olan xanımların sayı daha da artdı, axı sirr deyil ki, qızlar həmişə “pislərə” aşiq olurlar.

- Şahzadə qızlar quldurları sevirlər. Uşaq yaşlarımdan heç də mələk-filan olmamışam, üstəlik heç mələklərin yaşadığı məhəllədə də böyüməmişəm. Həmişə həyətimizdəki uşaqlarla dava-dalaşı sevərdik, “digərlərini əzişdirib, salamat qalaq” ab-havasında böyüyürdük. Məktəb vaxtı sərbəst güləşlə, cüdo ilə məşğul olurdum. Günəşin altında tutmalı olduğun yeri qazana bilmək üçün döyüşməli idin, özünü müdafiə edə bilmirdinsə, deməli, gözünün altından ilişdirməli idilər. Boyum elə də hündür deyildi, iri gözlərim vardı. İdman dərsində boy sırası ilə düzlənəndə axırdan üçüncü dayanırdım, boyda balaca olmağın nə demək olduğunu yaxşı bilirəm. Ancaq həmin vaxt əzələyə işləyirdim, kişi kimi görünməyə səy göstərirdim. Səy göstərirdim, amma heç nə alınmırdı (gülümsəyir).

Bakirliyimlə 17 yaşım olanda vidalaşmışam, ancaq ilk seks əlaqəm fahişə ilə olmayıb, bunu arzulamamışam. Bu, bir çoxlarının təsvir etdiyi kimi, qızlı-oğlanlı bağ evində, 14 yaşlı qızların, oğlanların olduğu məclislərin birində baş verməyib. Mən 21 yaşlı gözəl bir qızı ovsunlaya bilmişdim, bunu bacarmışdım, beləliklə də demək olar ki, yetkin kişi həyatına qədəm qoymuşdum, bu isə mənim üçün vacib məsələ idi.

Ancaq yaxşı oğlan tezliklə korlanmağa başladı, həyatımda alkoqol, marixuana peyda oldu, həm də əgər kimsə desə ki, 90-cı illərdə “plan” çəkməmişəm, inanmayın. Bir məsələ də var ki, bu çirkabın içinə daha çox girdikcə, qadınlar məni daha çox sevməyə başlayırdı. Qadınların mənə qarşı olan ifrat diqqəti isə mən “Bəyaz həyat” serialına çəkiləndən sonra yarandı, həmin filmdə mən narkoman polis rolunu oynayırdım.

Həmin vaxt mənim artıq tanınan, efirlərdə səslənən səsim ekranda “həyat tapdı”, filmdəki rolum səsimlə uzlaşdı və bu mənə çox böyük populyarlıq gətirdi. Yüzlərlə qadın zəng vuraraq, heç real həyatda tanımaya-tanımaya mənimlə əlaqədə olmaq istədiklərini bildirirdilər. Onda başa düşdüm ki, şahzadə qızlar həmişə quldurlara, canilərə aşiq olurlar. Özüm də yaxşı ailələrdən olan şahzadə xanımlarla görüşürdüm. Belə demək olarsa, burjuy qızlarla (gülümsəyir).

- Ancaq mənə elə gəlir ki, siz bu üstünlüyünüzdən öz həris məqsədləriniz üçün istifadə etmirsiniz.

- Baxır da...Günahsız deyiləm. Qadınlardan imtina etmək mənim üçün asan deyil, ancaq görəndə ki, o da mənim kimi tüklüdür, onda mütləq “yox” cavabı verirəm. Heç vaxt öz ətrafımda olan xanımlara etiraz etmirəm, hətta mənimlə fotoşəkil çəkdirmək istəyənlər olanda belə, onlara “yox” demirəm. İmtina etsəm, elə bilirəm ki, kiminsə qəlbini qıraram və onu məyus edərəm.

- Görürəm ki, məhkəmələrə get-gəllə və həbs cəzası çəkməklə bağlı olan şeylər sizi qətiyyən sındırmayıb, əyməyib, belə bir stressin öhdəsindən ancaq möhkəm həyat müqaviməti olan şəxs gələ bilər...

- Bilmirəm, məndə bu müqavimət haradandır, çox güman ki, bu mənim yaşamağa olan sonsuz həvəsimdən irəli gəlir. Nə eləmişəmsə, özüm eləmişəm. Zirvəyə yüksəlmişəm, özümü oraya layiq bilməmişəm, ona görə də, özüm üçün problemlər yaratmışam. Ancaq elə adamlar var ki, baxırsan ki, heç kimdirlər, ancaq özlərini həddən artıq çox bəyənirlər. Biz onların haqqında əsl həqiqəti bilirik, özüm barədə həqiqəti isə özüm bilirəm. Özüm zirvəyə yüksələ-yüksələ “aşağı enirdim” və “parça-parça olurdum”, bu da mənə həyata olan baxışlarımı “təmizləməyə” və ətrafımdakılara tamam başqa nəzərlə baxmağa kömək edirdi.

Həyata baxışımın növbəti dəyərləndirməsi həbsxanadan sonra baş verdi. Mən bir qədər sərt insana çevrildim və indi sözümü insanların üzünə çəkinmədən deyirəm, heç kimdən və heç nədən çəkinmirəm. Bu isə insanların xoşuna gəlmir. Çox az müddətlik cəza çəkdim, ancaq o dünyanın sərt oyun qaydalarını hiss etdim, ondan sonra kimin kim olduğunu başa düşdüm. İradə! Güclü iradə... Özüm, həkimlərin köməyi olmadan vaxtilə mənim üçün çox çətin olan narkotiklər dünyasından “qopa bildim”... İdmanla məşğul oldum, hətta 3 il içmədim...

- Bütün bu xoşagəlməz şeylər sizin paxıllığınızı çəkənlərin və sizi gözü götürməyənlərin dilinə düşəcək, deyəcəklər ki, “o hətta həbsdə olub!”...

 - Başıma gələnlərin hamısını “a”-dan “z”-yə qədər danışacağam. Qaynanam olmağa macal tapmayan qadın öz evinin satışından əldə etdiyi 50.000 manat məbləğindəki pulu özünün də dediyi kimi, “saxlamaq və artırmaq” məqsədilə mənə borc olaraq vermişdi. O, elə də yaxşı vəziyyətdə olmayan evini satdı, bunu etməyə onu heç kim məcbur etməmişdi. 3000 manatı o borclarını ödəməyə sərf etmək üçün götürdü, 47.000 manatı isə mənə verdi. Mən həmin pulu təcili olan bir sıra layihələrə xərclədim. Ona yeni tikilən binaların birində 900 manata ev kirayələdim, bu o vaxta qədər davam etdi ki, bir gün ayıldım ki, çıxıb boynumda oturublar. Ay ərzində 1 manat xərcləyən adam indi günə 1 manat xərcləyirdi.

Bütün bunlar gözlənilmədən baş verdi, heç özüm də bilmirəm ki, necə oldu. Düşünürdüm ki, işin altından çıxaram, amma layihələrim özünü doğrultmadı. Elə o vaxtdan da “qayınana”mın mənə qarşı şantajları başladı. Hətta mənim əleyhimə ərizə də yazmışdı ki, guya mən onu və onun 86 yaşlı anasını öldürmək istəyirəm. Məni ATV və ANS telekanallarına çıxacağı ilə hədələyirdi. Yaşamaq dözülməz olmuşdu, çünki o hər yerdə məni izləyirdi və qalmaqal yaradırdı, ən gözləmədiyim yerlərdə peyda olurdu. Onda mən bütün bunlara son qoymaq üçün “qayınanama” öz əlimlə imzaladığım kağız verdim ki, ona 50.000 yox, 150.000 manat borcluyam və pulları ona il ərzində qaytaracağam.  

Düşünürdüm ki, bununla hər şey bitəcək. Həmin vaxt ərzində də onun və qızının xırda xərclərinə qədər bütün məsrəflərini mən ödəmişəm. Ancaq “qayınana” məhkəməyə şikayət etdi və səhlənkarlığımın nəticəsində qalib gəldi. Apellyasiyaya qədər gedib çıxmadım, məhkəmədən kənarda danışıb anlaşmaq istəyirdim. Ona pul verirdim, məhkəmədə isə eşidirdim ki deyirdi: “Acından ölürəm, mənə bir qara qəpik də verməyiblər”.

Sonra məni cərimə etdilər, barəmdə Cinayət Məcəlləsinin 306.1 maddəsi (məhkəmə qərarını icra etməmə) ilə cinayət işi açdılar, qərar onun xeyrinə qəbul edildi. Məhkəmədə mənə əvvəlcə 3 il cəza kəsdilər, daha sonra isə yekun olaraq, il yarım verdilər.

Bütün bu müddət ərzində mən məsələni sülh yolu ilə həll etməyə cəhd göstərdim. Əvvəlcə, onun hesabına 10.000 manat pul köçürdüm, dedim ki, növbəti ödəniş 50.000 manat məbləğində olacaq və bununla da söhbəti bağlayacağıq. Axırda elə belə də oldu.

Keçmiş “qayınanamın” vəkili mənə dedi: “Qolunuza qandallar taxılanda, o dəqiqə kisənizin ağzını açacaqsınız”. Mən də gülərək dedim: “Biz tərəfdə yeganə həbsə düşməyən adam elə mənəm, tutulmasaydım, özümə də qəribə gələrdi”.

Məsələni anlaşma yolu ilə həll etdik, iddia təmin edildi. Apellyasiya məhkəməsi həbs müddətini 2000 manat məbləğində cərimə ilə əvəzlədi. İndi barəmdə müxtəlif nağıllar və əfsanələr eşidirəm, deyirlər ki, guya mən narkotikə və adam öldürdüyümə görə həbs edilmişəm. Bu gülməlidir. Bu 40 il ərzində heç vaxt polislə bağlı problemim olmayıb.

Bu indi mənim paxıllığımı çəkənlərin və məni gözü götürməyənlərin dilinə düşüb? Qoy danışsınlar,  çünki bu barəmdə eşitdiyim yeganə söz-söhbət deyil. Biz demokratik cəmiyyətdə yaşasaq da, bəzən mənim kürd əsilli olmağımı tez-tez dilə-dişə salırlar, deyirlər ki, “o Laçındandır!”. Özüm isə Laçında ya bir, ya da iki dəfə - uşaq vaxtı olmuşam.

Bəli, mən qanunu pozmuşam və buna görə cəzamı almışam. Ağır cinayətlər törədən bəziləri kimi pulla canımı qurtarmamışam. Getmişəm, cəzamı çəkmişəm və çıxmışam. Nə az, nə çox. Qeyd edirəm ki, mənim törətdiyim əməl kriminal cinayət deyil, mən adam öldürməmişəm, heç kimi soymamışam, mən fırıldaqçı, ya dələduz deyiləm. Mən qanunu pozan bir adamam, buna görə də cəzamı almışam, indi hər şey geridə qalıb. Ancaq yenə də barəmdə söz-söhbətlər səngimir, ağızlarına gələni danışırlar...

- Barənizdə eşitdiyim söhbətlərdən biri də odur ki, siz müxalifətçisiniz...

- Bu ayrı söhbətdir. Əmim Eldəniz Quliyev Milli Şuranın üzvüdür, müxalifətdə olan odur, mən deyiləm. Amma böhtançılar və mənə şər atanlar bundan da mənim əleyhimə istifadə etməyə çalışırlar. Bu vəziyyətin özü də mənə çox gülünc gəlir. Əmimlə artıq 20 ildir ki, ünsiyyətdə deyilik. Onun atamla münasibətləri çox soyuq idi, atam öləndən sonra da münasibətlərimiz tamamilə kəsildi. Mən kinostudiyada işləyirdim, həmin vaxt isə Eldəniz Quliyev orada “Debüt” studiyasının baş redaktoru idi, o orada olan vaxt ərzində bir kinometr də çəkməmişəm. O, “Azərkinovideo”nun baş redaktoru olanda da heç nə çəkib-eləməmişəm.

O, mənə bircə dəfə də olsun, köməklik etməyib. Ünsiyyət qurmasaq da, düşünürdüm ki, müsahibəmdə onun qardaşı oğlu olduğumu vurğulasam, bu ona xoş təsir bağışlayar. Ancaq o, bizim evin ünvanını belə bilmir.

Onun qardaşı oğlu olduğum üçün özümün də müxalifətdə olduğum barədə gəzən bu söz-söhbətlər məni gözü götürməyənlərin barəmdə uydurduğu dedi-qodudan başqa bir şey deyil, bunların hamısı çox gülüncdür.

Mənim bu məsələyə nə aidiyyətim var? Hamı çox yaxşı bilir ki, biz ünsiyyətdə deyilik, ancaq yenə də bu məsələni şişirtməkdən və dilə-dişə salmaqdan yorulmurlar. Gənc yaşlarımda elə də punktual deyildim, indi dəyişmişəm. Yaradıcılığın içində eşələnmək elə də real deyil. İndi ona görə də, belə bir şey uydurublar ki, guya mən siyasi baxımdan səbatlı deyiləm, məni əminin “müxalifliyinə” calamaq istəyirlər, halbuki bizim heç bir əlaqəmiz yoxdur.

- Görünür, siz çox ciddi rəqibsiniz, ona görə də bütün cəbhələrdən sizin üzərinizə hücuma keçirlər. Bədxahlarınıza, sizi gözü götürməyənlərə nə demək istərdiniz?

- Qoy elə bu cür də davam etsinlər. Kim olduğum, fikirlərim, siyasi görüşlərim hamıya yaxşı məlumdur. Mənim insanları ümidləndirmək və inandırmaq istedadım çox böyükdür, ölkədə olan bu və ya digər problemlərin mövcudluğu barədə eşidəndə, hamıya deyirəm ki, biz çox qısa vaxtdır ki, müstəqillik əldə etmişik və biz dövlət kimi hələ yeni-yeni ayaq açan uşağa bənzəyirik.

Yaxın vaxtlarda müstəqillik əldə edən digər ölkələri misal gətirirəm, deyirəm ki, baxın, həmin ölkələrdə vətəndaş müharibələri gedir, bütün günü insanların qanı tökülür. Müqayisə edin! Hər şey belə tezliklə olmur, əvvəlcə evi tikib başa çatdırmaq lazımdır, indi ölkədə biz həmin evi tikməklə məşğuluq, daha sonra isə yavaş-yavaş həmin evin içini abadlaşdırmaqla məşğul olacağıq.  

Ancaq adamlar bunu başa düşmək istəmirlər, çünki başları ilə yox, qarınları ilə fikirləşirlər. Belə olanda isə mən söhbəti onlara çayxana səviyyəsində başa salmağa vadar oluram, deyirəm ki, biz indi gecə saatlarında küçədə sakit və firavan şəkildə gəzə bilirik. 90-cı illərdə olduğu kimi, heç kim indi bizə göz qoymur, komendant saatı elan edilmir.

Bu isə artıq çox şey deməkdir, həmin dövrü yaşayan insan kimi bunun nə demək olduğunu mən əla başa düşürəm. “Biz gələcəyik, problemləri yox edəcəyik” tipli gülünc söhbətlərin yeri yoxdur, nağıllara inanmaq lazım deyil.

Həyatımızın qanunauyğunluğu da elə ondadır ki, nağıllar mövcud deyil. Nağıllar ancaq incəsənətdə və kinematoqrafda olur. Mən hər hansı bir partiyanın üzvü deyiləm, heç bir kinematoqrafiya ittifaqında da fəaliyyət göstərmirəm. Hamı mənim kim olduğumu bilir, bədxahlarım isə haqqımda özlərinin də inanmadığı sözləri danışırlar.

Mən onlara nə deyim? Sadəcə olaraq, onlara yazığım gəlir. Məni görəndə hər şeyi düz üzümə deməyə cəsarət etmirlər. Deyirlər ki, səni sevirik, məni qucaqlayıb öpürlər, mən isə onlardan bunu eşitmək istəyirəm: “Aqil, mənim səndən zəhləm gedir!”, həm də onların mənə niyə nifrət etdiklərinin səbəbini bilmək istəyirəm.

Kişi olun, cənablar!

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri