Okt
2021
18:40
326
38
7652
Virtual karabakh

Məşhur reperin bilinməyənləri: Leytenant İbrahim İbrahimov necə Urana çevrildi? - FOTO

6 Okt, 2021
18:40
7652

Məşhur reperin bilinməyənləri: Leytenant İbrahim İbrahimov necə Urana çevrildi? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

90-cı illərin sonu, 2000-ci illərin əvvəlində rep musiqisi Azərbaycanda da geniş yayılmağa başladı.

1983-cü ildə Milli Qəhrəmanımız, jurnalist Çingiz Mustafayev Azərbaycan dilində olan ilk “Dünənki keçdi” adlı repi səsləndirib.

1993-cü ildə Anar Nağılbazın “Kasıbların mahnısı” adlı trekı və kütləyə təqdim olunan albomu Azərbaycanda hip-hopa marağı artırıb.

Daha sonra vətənpərvər musiqi yarışmasında qalib gələn “Dəyirman” qrupu “Ya Qarabağ, Ya Ölüm” adlı mahnısı ilə populyarlıq qazandı.

Repə marağın artdığı o vaxtlarda yeni nəsil reperlər meydana çıxdı.

2000-ci illərdə “Mən də varam” kimi televiziya verilişi və kütləvi repçilərin ortaya çıxmasına baxmayaraq, yalnız Elşad Xose, Uran və Hüseyn Dərya kimi repçilər böyük uğur əldə etdi.

Belə ki, repçi Uranın uğur yolu haqqında materialı təqdim edirik:

Əsl adı İbrahim İbrahimov olan Uran 1983-cü il dekabrın 20-də Xaçmazda dünyaya gəlib.

Özünə “Uran” təxəllüsünü götürən reper müsahiblərinin birində bu adı niyə seçdiyini belə izah edir:

“Xüsusi məna kəsb etmir. Kimyəvi elementlər cədvəlində gözüm sataşıb, qısa və yaddaqalan olduğuna görə seçmişəm. Kimyəvi element kimi malik olduğu bəzi xüsusiyyətləri ilə xasiyyət oxşarlığım var. Amma bunun ad seçimimə təsiri olmayıb”.

Uran ixtisasca artillerist-hərbçidir. O, 1997-2000-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almış, leytenant hərbi rütbəsi ilə məzun olub.

Onun ən sevilən, populyar treklərindən biri “Kor zabit” adlı repdir.

2005-ci ildə yayımlanan bu rep həmin illərin ən çox sevilən nümunələrindən sayılır. Bir çox gəncin dilində əzbərə çevrilən “Kor zabit” Dəyirman qrupunun “Ya Qarabağ, ya ölüm” treki kimi rep musiqisi dinləyicisi olan gənclərdə vətənpərvərlik duyğusunu artırmaqda mühüm rol oynayıb.

Uran ilk repini 1996-ci il martın 9-da yazıb. Özünün dediyinə görə, replə ilk tanışlığı Rusiya reperlərindən başlayıb. Sonrakı illərdə 2Pac və Eminemdən təsirlənib. Hip-hopda ilk təxəllüsü Mr.Ib olub.

2001-ci ilin mart ayından “M.T.Street” qrupunun tərkibində söz yazarı kimi fəaliyyət göstərməyə başlayıb. O, ilk olaraq söz yaza bilməyən repçilərə mahnı mətnləri satmaq fikrində olub.

Həmin ilin aprelində qrup “Mənim lomka həyatım” treki ilə “Vətən” diskotekasında keçirilən yeraltı (ing. underground) festivalda 4-cü yeri tutub.

2001-ci ilin sonunda “M.S.Street” qrupu dağılır və Mr.Ib müstəqil fəaliyyətini davam etdirir.

Oktyabrın 19-da Bakı Slavyan Universitetinin akt zalında, bu ali məktəbin “Şən və Hazırcavablar Klubunun” təqdimat gecəsində ilk çıxışını edib.

2004-cü il yanvarın 11-də “Caspian Clan” rep qrupunun 8-ci üzvü olur.

2004-cü ildə qrup dağılır və repçi ləqəbini Urana dəyişir.

Həmin il Space TV-də “Mən də varam” telemüsabiqəsinə qatılır və ikinci yeri tutur.

“British Council”in təşəbbüsü ilə “Urban Culture” adı altında keçirilən hip-hop şouda iştirak edir. Daha sonra şəxsi həyatında baş verən problemlərlə əlaqədar repdən bir müddət uzaqlaşır.

“Mən də varam 3” telemüsabiqəsinə yenidən qatılır və birinci yeri tutur.

Azərbaycanın ilk rep-leyblı olan “Da Streetz”in tərkibinə daxil olur.

“Rap Time” adlı radio verilişin aparıcılarından biri olur. Həmin ilin avqust ayında isə ANS ÇM-in keçirdiyi vətənpərvər musiqi müsabiqəsinə “Milli düşüncə və gənclər” mahnısı ilə birinci yerə layiq görülür.

Artıq zirvələri fəth edən Uran 2010-cu il mayın 2-də Bakıda Türkiyənin bir nömrəli reperi Cəza ilə birgə konsert verir. İki il sonra Cəza və Uran ikinci dəfə Bakıda, Heydər Əliyev adına İdman Kompleksində eyni səhnəni bölüşür.

Daha sonra Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən “Fanta Gənclik Festivalı”nın aparıcısı olub.

Uran 2014-cü ilin avqustundan 2016-cı il fevral ayına qədər Almaniyada yaşayıb.

Yenidən Bakıya qayıdan Uran 2017-ci ildə “Maşın Şou” realiti-şousuna qatılır.

Dörd ildir Fransada yaşayır və yaradıcılığına orada davam etməkdədir. O, burada bir sıra yeni treklər yazıb, kliplər təqdim edib.

Azərbaycan Vətən müharibəsində qalib gəldikdən sonra Uran “Kor zabit - 2” repini yayımladı. Bu trek rep dinləyicilərinin böyük marağına səbəb oldu.

Uran ailəlidir, bir qızı var.

Mənbə: Kulis.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri