22 
Okt
2021
10:40
160
254
28194
Virtual karabakh

Onminlərin sevimlisi “Həyat həkim”i qaçırtmaq istədilər: “Qorxurdum...” - MÜSAHİBƏ + FOTO

22 Okt, 2021
10:40
28194

Onminlərin sevimlisi “Həyat həkim”i qaçırtmaq istədilər: “Qorxurdum...” - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün sizi son günlər sosial şəbəkələrdə fenomenə çevrilən obraza həyat verən Həyat Məlikova ilə tanış edəcəyəm. Hər kəs onu “Instagram” platformasından “Həyat nə qəribəsən” adı ilə tanıyır. Gündəmə uyğun çəkilən videoları ilə, özünün də dediyi kimi cəmiyyətə gülüş terapiyası keçən “Həyat həkim” yumorun satirik forması ilə on minlərlə insanın qəlbinə yol tapıb.

Oxu.Az-ın əməkdaşı Azərbaycan Film Akademiyasının aktrisası Həyat Məlikova ilə həmsöhbət olub. Yarızarafat, yarıgerçək olan maraqlı söhbəti oxucularımıza təqdim edirik:

- Əvvəlcə Həyat Məlikovanı daha yaxından tanıyaq.

- 1993-cü il iyulun 11-də Bakının Buzovna qəsəbəsində anadan olmuşam. Orta təhsilimi Buzovna qəsəbəsində 125 saylı orta məktəbdə almışam. 9-cu sinfə qədər oxumuşam. 9-cu sinfi bitirməyə 20 gün qalmış salonda işləməyə başlamışam. Məktəbi bitirdikdən sonra isə ali təhsil almamışam, gözəllik salonunda saç ustası, manikür ustası kimi işləməyə başlamışam. Pandemiya ilə əlaqədar aylarla işsiz qaldım, o dövrlərdə işləmək üçün can atırdım.

- Gözəllik salonundan incəsənətə gedən macəra dolu yol. Bir az bu barədə danışardınız. Necə oldu yolunuz Azərbaycan Film Akademiyası ilə kəsişdi?

- Tanışlığımız belə başladı ki, Zaur müəllim (Azərbaycan Film Akademiyasının təsisçisi və direktoru - Zaur Tahirsoy) məni saymadı (gülür). Dostlarım həmişə mənə deyirdi ki, sənin çox gözəl yumor hissin var. Mizah anlayışın fərqlidir. Deyirdilər ki, İncəsənət Universitetinə sənəd ver. Elə oldu ki, bir qədər maraqlandıqdan sonra Azərbaycan Film Akademiyasını tapdım. Bir çox başqa yerlərə də yazdım, amma elə ilk olaraq müraciət etdiyim Azərbaycan Film Akademiyasından cavab gəldi.

Aktyorluq kurslarına yazıldım, bir gün sonra dəvət etdilər ki, gəlin dərslərimizə baxın. Elə oldu ki, bəzi problemləri həll edib kursdan qeydiyyatdan keçdim. İlk olaraq Zaur Tahirsoyu görəndə çox təəccübləndim. Kursa gələn gəncləri o qədər sadə qarşılayıb, həmsöhbət olurdu ki, bu mənim xoşuma gəldi. Gördüm ki, burada maddiyyat yox, istedad qiymətləndirilir və qərara aldım ki, nəyin bahasına olursa-olsun bura gəlməliyəm. Nə yaxşı ki, Azərbaycan Film Akademiyasına gəldim.

Beləliklə, dərslərə gedib-gəldim. Həmin ərəfələrdə Zaur müəllimi çox gec-gec görürdüm. Təxmini iki aydan çox görmədim, hərdən müəllimlər çağırırdı ki, dərslərdə oturub uşaqların fəaliyyətinə baxım. Mən də bir başqa yoldaşla fürsət güdürdüm ki, Zaur Tahirsoyu müşahidə edib, parodiya edək. Amma heç nə tuta bilmirdik. Bir dəfə Zaur müəllim bunu hiss etdi, özü qayıtdı bizə dedi ki, “uşaqlar, nə tutmaq istəyirsiniz?” (gülür).

Pandemiyadan sonra işə yeni başlamışdım. Kursun ikinci ayında maddi problemlərə görə təhsili dayandırmaq istəyirdim. Zaur müəllim buna imkan vermədi. Məndə yəqin ki, bir işıq gördü. Kursu davam etməyimi istədi. Onda hələ “həkim” Həyat dünyaya gəlməmişdi. Bir daha şahid oldum ki, Film Akademiyasında istedadı olanlara dəstək olurlar.

- Necə oldu “Həyat həkim” obrazı yarandı?

- Bir dəfə Qubaya səfərimiz oldu. Özümə söz verdim ki, Zaur müəllimi çox pis güldürəcəm (gülür). Avtobusda bir-iki “stand-up” elədim, uşaqlar güldü. Sonra qayıdanda bir gün Akademiyada Zaur bəy dedi ki, səninlə nəsə maraqlı bir layihə etməliyik. Bilmirəm nə olacaq, amma adı “Həyat nə qəribəsən” olacaq. Təsəvvür edin, ilk video sosial şəbəkələrdə partlayış edib, Zaur müəllim linki mənə atıb, mənim isə linkə baxmağa vaxtım olmayıb (gülür). Sonra baxdım ki, adıma çoxlu səhifələr açılıb, video tirajlanıb, mənim heç nədən xəbərim yoxdur. Mən videonun təsadüfən belə sürətlə yayıldığını düşündüm. Halbuki Zaur müəllim öncədən hər şeyi planlamışdı və nəticənin belə olacağını bilirdi. Digər videolar da sürətlə bəyənilib yayılanda anladım ki, bu peşəkar yanaşmanın nəticəsidir. Bizim hər bir çəkilişimiz planlaşdırılır, ssenariləşdirilirdi. Bizim qarşıdakı üç il üçün planımız hazırdı, bu plan üzrə də addım atırıq. Ona görə də mən fəaliyyətimin “viner” adlandırılmasının əleyhinəyəm.

- Pandemiya şəraitində əsasən həkimlər barədə, xüsusilə koronavirus məsələsi ilə bağlı çəkilən videolar gündəm olurdu. Maraqlıdır, video üçün mövzuları necə seçirsiniz?

-Mövzular Zaur Tahirsoy tərəfindən seçilir və yazılır. Həm gündəmi izləyirik, həm də Zaur müəllim ailə mövzuları ilə bağlı daha məlumatlı olduğu üçün seçdiyi məsələlər izləyicilər tərəfindən geniş müzakirə olunmaqla yanaşı, həm də gülüş terapiyası olur.

- Elə bir mövzu olub ki, “Həyat həkim” o mövzuda danışmaq istəməsin?

- Bəli, olub. Linç edilməmək üçün bu mövzuya toxunmaq istəmədim. Amma kadrarxası bir hissəni paylaşdıq. Mövzu “kişilər niyə xəyanət edir?” başlıqlı idi. Mən buna səbəb saysam aləm dəyər bir-birinə. Mövzu üzərindən qadınlara toxunsaq adamı parçalayarlar, kişilər isə “yazıqlar” deyəcəklər, “olmadı ki, eləməyin də belə”. Məni parçalayarlar. Digər tərəfdən də ölkədə boşanma statistikasının artmasını istəmərəm (gülür). Bir tərəfdən boşananlar gedib başqası ilə evlənər, amma məndən bir dənədi, öldürsələr, “həyat həkim” kim olacaq?

- Niyə məhz həkim obrazı?

- Çünki insanların gülüş terapiyasına ehtiyacı var. Tək həkim obrazı olsa da, biz bürclərlə bağlı da videolar çəkirik. Əslində videolarda bürclərin xarakterləri barədə fikirlərim çox müzakirə edilir. Hətta o dərəcə inanırlar ki, mənim düzgün dediyimə, yolda məni görəndə onların necə xasiyyətli biri olduqlarını təsvir etməyimi istəyirlər. Bir dəfə bir xala yaxınlaşdı ki, “bax gör, nə görürsən. Əqrəb bürcüyəm, mən necə insanam?”(gülür). Müxtəlif obrazlar var, amma onlar inşallah irəliləyən zamanda həyata keçirəcəyimiz layihələrdə, “stand-up”larda üzə çıxacaq.

- “Stand-up”? Gülüş terapiyası artıq ödənişli olacaq?

- Bəli, artıq bəsdir pulsuz güldülər. Bundan sonra gülmək pullu olacaq (gülür). Yaxın zamanda inşallah “stand-up”lar başlayacaq. Bəzi mövzular var ki, onları təkrarçılıq olmasın deyə saxlamışıq. Səhifəni izləsinlər, “stand-up” nə zamandan başlayacaq, biletlər və s., hər şey barədə məlumat paylaşılacaq.

- Həyat “həkim”i sevənlər çoxdur, yoxsa tənqid edənlər? Videolara gələn rəyləri oxumağa zamanınız olurmu?

- Bilirsiniz, əslində rəyləri oxumağa vaxtım olmur, nə yalan deyim. Ancaq rəylərlə bağlı video çəkəndə baxırıq. Nə qədər sevilsən də, neqativ rəylər qaçılmazdır. Biz bu yola çıxanda bilirdik ki, tənqid də gələ bilər, tərif də. Bütün bunlara Zaur müəllim məni psixoloji cəhətdən hazırlayıb. Heç kim məni nə gerçək həyatda, nə də videoların altında təhqir edə bilməz. Təhqir edənlərin qarşısını ala bilmərik, amma min dəfə onlara deyirəm ki, güzgüyə baxıb yazmayın (gülür). Normal çərçivədə, yerində tənqid isə təbii bir şeydir.

İzləyicilər içərisində hər yaşda insan var və bu məni sevindirir. Hərdən yazırlar ki, nənəm səni izləyir, ölür gülməkdən (gülür). Bu mənim üçün çox xoş olur. Odur ki, ortada iş varsa, danışanlar olacaq. Qarşımıza pis və yaxşı insanlar çıxacaq. Biz buna hazırlıqlıyıq.

- Bürcləri çəkmək haradan ağlınıza gəldi?

- Əslində mən ətrafımda olan insanları bürclərinə görə müşahidə etməyi sevirəm. Xüsusilə də qız bürcləri və tərəzi bürcləri çoxdur. O videoları daha çox kollektivimiz arasındakı müşahidələrimə görə çəkmişik. Məsələn, mənim ailəmin yarısından çoxu dolça bürcüdür. Amma hərəsi də bir cür fərqlidir, mən indi dolça bürcünə nə deyim? (gülür). Bu da birmənalı deyil, yəni insanlar fərqlidir.

- Hazırda hədəfinizdə hansı bürclər var?

- Oxatan bürcünü müşahidə edirəm, əkizləri tam tuta bilmirəm, buğa bürcü də növbədədir (gülür).

- Sosial şəbəkə üzərindən niyə reklam götürmürsünüz?

- Bizə çox reklam təklifləri gəlir. Təklif edirlər ki, videoların əvvəlinə bizim loqomuzu qoyun. Çox böyük məbləğlər təklif edirlər. Amma biz izləyicilərin sevgisini istismar etmək istəmirik. Məqsədimiz qazanmaq deyil və biz Azərbaycan Film Akademiyası olaraq peşəkar iş görürük. Məndən başqa da bir çox aktyor və aktrisalar yetişir bu kollektivdə. Gələcəkdə onların da uğurlu fəaliyyətlərinin şahidi olacaqsınız. Hazırda səhifəmin aktuallığından istifadə edib yaxşı gəlir əldə edə bilərəm. Amma mən sənətimlə sözümü deyib onun üzərindən gəlir əldə etmək istəyirəm.

- Videoların altında yazılan rəyləri özünüz oxuyursunuz? Videoların birində şəhid anasının sizə yazdığı rəyi oxudunuz...

- O video çəkiləndə Zaur müəllim dedi ki, sonda sənə bir rəy verəcəyəm, oxuyarsan. Mən nə qədər soruşdum ki, deyin bilim, özümü hazırlayım. Amma demədi. Videonu çəkdik bitirdik, mikrofonu çıxaranda o şəhid anasının rəyini atdı mənə ki, oxuyum. Mənim üç sinif yoldaşım Vətən müharibəsində şəhid olub. Hər dəfə Buzovnaya gedəndə onların qapılarının ağzından keçib gedirəm. Şəhidlərin hər biri bizim başımızın tacıdır.

Mənə o rəyi atanda bir anlıq dondum, hazır deyildim. Videolarımın şəhid ailələrinin üzündə kiçik bir gülüş yaratdığını bilməyim, məni çox qürurlandırır. Ondan başqa da şəhid mayorumuz vardı, onun xanımı iki övladı ilə gəlmişdi. Şəhidimizin qızları da Azərbaycan Film Akademiyasının kurslarında hazırda təhsil alır. Bu kimi rəylər çoxdur.

Bəzi rəylərdə “yalandı”, “hazırlanmış” bir şeydir deyə qeydlər gördük. Təəssüf ki, belə düşünən insanlar var. Biz onların üzərindən reytinq yığmırıq. Heç bunları nə videoda, nə də başqa yerdə deməmişdik. Əsas onların çöhrəsində yaratdığım gülüşdür, ondan sonra kim nə yazır, yazsın.

- Videolarınızda tez-tez sizə elçi düşən xalalara söz atırsınız. Sosial şəbəkədən sizə tanışlıq üçün yazanlar çox olur?

- Yox, qətiyyən, nə danışırsan? Mənə heç tanışlıq təklifi gələr? (gülür). Yeddi ildir mən sosial şəbəkədə varam amma bir nəfər belə olsun heç nə yazmayıb. Hətta bir dəfə eyni adam üç qıza yazmışdı (gülür). Mən ümumiyyətlə sosial şəbəkələrdə rəy yazan deyiləm. Rəy yazmaq istəyəndə elə bilirəm ki, hamı məni görür, qəribə oluram. Cavabımı yığıb-yığıb video üzərindən çatdırıram hamıya (gülür). Mənim videolarımın altında rəy yazanlar arasında tanış olub evlənənlər var, uşaqlarının adını Həyat qoymaq istəyənlər belə var. Mən sizin üçün daha nə edim? (gülür).

Tanışlıq üçün yazanları yönləndirirəm Zaur müəllimə. O mesajlara anamla Zaur müəllim baxır. Bir dəfə biri yazmışdı ki, səni qaçırdacağam. O mesajı oxuyandan sonra qorxurdum, evdən qorxa-qorxa çıxırdım. Mən qarşıma məqsəd qoyanda həmin işi edən adamam, nə bilim o kimdir? Hər ehtimala qarşı buradan o rəyi yazan adama səslənirəm, elə şey eləmə, yadından çıxar (gülür).

- Həyat Məlikovanın gələcəkdə həyatını paylaşacağı insan özü kimi incəsənət adamı olmalıdır, yoxsa yaratdığı obraz kimi həkim?

- Əsas odur ki, boyu 152 santimetr olmasın. Anamın ovaxtkı seçimi sayəsində mən hələ də anadan olduğum boydayam. Bu dəqiqə kimisə sevməyə vaxtım yoxdur, nə yalan deyim. Mən şəxsi həyatımla gündəmə gəlmək istəmirəm (gülür). Doğrudan da sənətimlə gündəmə gəlmək istəyirəm. Zarafat bir kənara, işlərimizə köklənmişəm. Sevgi düşünüləcək, planlaşdırılacaq məsələ deyil.

- Tibb mövzusu, səhiyyə sahəsi videoların əsas mövzusudur deyə, bu sualın cavabı mənə maraqlıdır. Heç həkimlərdən iradlar gəlirmi?

- Yox, demək olar ki, iradlardan çox təkliflər gəlir. Həkimlər bəzən yazır ki, bu mövzuya da toxunun, bir zaman bizim başımıza filan məsələ gəlmişdi. Tənqid edən olmayıb.

- “Gülüş terapiyası” insanları pozitivə kökləyir. Həyat özü cəmiyyətə ötürdüyü müsbət enerjini necə bərpa edir?

- O an gəlir, bilmirəm. Xüsusi hər hansı məqam yoxdur, sözün düzü. K.Stanislavski deyirdi ki, istedad nə qədər çox olsa, bir o qədər də çalışmaq lazımdır. Biz çalışırıq ki, istedadımızı düzgün istiqamətə yönləndirək. Tam peşəkar aktrisa kimi formalaşmaq istəyirəm. Gördüyüm işin bütün incəliklərini öyrənmək istəyirəm.

- Yeni film, serial təklifləri necə, alırsınız?

- Əslində mediadan, televiziyalardan çox təkliflər almışıq. Lakin öz planlarımız olduğu üçün imtina edirik. Çünki “Həyat nə qəribəsən” serialımız hazırlanır. Yaxın zamanlarda anonsu yayımlanacaq. Serialın mövzusu videolarda gördüyünüz “Həyat həkim” olacaq. Sadəcə xəstəxanada və daha geniş formada. Hərdən izləyicilər videoların qısa olmasından şikayətlənir ki, tam başa düşmədik. Serialda bu mövzuların hər birinə ən azı beş dəqiqə zaman ayrılacaq.

Eyni zamanda gələcəkdə iki filmin çəkilməsi də var. Azərbaycanda ilk internet film platforması hazırlanır. Biz film çəkilişlərini də elə hazırlamaq istəyirik ki, filmlər birbaşa Azərbaycanın “Netflix”i olacaq proqramda işıq üzü görsün. Bu səbəbdən işlərimizi ardıcıl şəkildə, planlara uyğun qururuq.

- Ölkədə qızların incəsənət sahəsinə getməsi hər zaman birmənalı qarşılanmır. Xüsusilə də aktyorluq elə bir sənətdir ki, daim göz önündə olursan. Ailəniz sizin bu seçimlərinizə dəstək verdi, yoxsa ilk günlərdə narazılıq oldu?

- Videolar ilk olaraq yayılmağa başlayanda bu söhbətlər oldu. Amma xüsusilə bu mövzuya toxunmağınıza şad oldum. Mənim ailəm, eləcə də digər insanlar o zaman mənə qarşı çıxardılar ki, mən bu sənətin incəliklərini öyrənməmiş olardım. Amma mən bu sənəti oxuyuram. Aktyorluq, aktrisalıq bir sənətdir. Bunu bütün ailələr bilsin. Ağıllarına başqa fikirlər gətirənləri başa düşmək çətindir.

Nəsibə Zeynalova bizim gözəl aktrisamız olub, onun barəsində artıq söz eşitmişiniz? Korifey sənətkarımız olub, onun kimi o dövrün digər sənətkarları da öz istedadları ilə irəli gediblər. Bu məsələyə düzgün yanaşmaq lazımdır. Əgər mənfi düşüncələrə qalsa, insan həkim, müəllim belə olsa, başqa fikirlər onu cəlb edə bilər. Yəni hər şey insandan asılıdır. Mən bu gün bütün bu stereotipləri qırmışam. Gələcəkdə də düşünürəm ki, mənim kimi çox sayda gənc cəmiyyətin bu sənətə qarşı olan qərəzini qıracaq. Mənim ailəm bu mövzuda arzuma, istəklərimə qarşı çıxmadı. Amma adamlar var ki, qızlarını döyürlər. Bu olmaz, qətiyyən olmaz.

Könül Cəfərli
FOTO: Firudin Səlimov

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri