19 
May
2022
09:36
118
25
2203
Virtual karabakh

Qulaqlarımızı deşən toyxana mahnıları: “Bayağı musiqiyə qulaq asmaq kütlə psixologiyasıdır” - SORĞU + FOTO

19 May, 2022
09:36
2203

Qulaqlarımızı deşən toyxana mahnıları: “Bayağı musiqiyə qulaq asmaq kütlə psixologiyasıdır” - SORĞU + FOTO

Musiqi həyatımızın ayrılmaz hissəsidir. Evdə, bəzən də işdə sevə-sevə dinlədiyimiz mahnılarla yanaşı, hərdən qulağımızı deşən, ruhumuza bayağı gələn musiqiləri də eşidirik. 

Yolla gedərkən, ictimai nəqliyyatda, radioda... el arasında “bozbaş statusu” alan mahnılar zövqümüzü korlayır. Özü də bu, tək bu sətirlərin müəllifinin deyil, sosial şəbəkələrdə bununla bağlı müzakirələr açan bir çoxlarının fikridir. 

Bəs necə olur ki, hamı bayağı musiqilərdən şikayətlənir, ancaq onların sayı azalmır ki, azalmır? 

Bu sualla bağlı radio diceylərinin və bəstəkar Sevinc Tofiqqızının fikirlərini öyrənməyə çalışdıq. İnsanlar və musiqilər müxtəlif olduğu kimi, münasibət öyrəndiyimiz insanların fikirləri də haçalandı.

Bəstəkar, musiqişünas Sevinc Tofiqqızı Oxu.Az-a açıqlamasında bayağı mahnıların artmasına səbəb kimi müğənnilərin ucuz aranjimana qaçmalarını əsas gətirib:

“Bizim gözəl, zəngin mədəniyyətimiz var. Bizim Tofiq Quliyev, Üzeyir Hacıbəyov, Fikrət Əmirov kimi bəstəkarlarımız olub. Mən telekanallarda bayağı musiqinin səsləndiyini eşidəndə çox məyus oluram, söndürürəm, qulaq asmıram. Çünki o mahnılar nə qədər çox səslənsə, o qədər də insanların beyninə yeriyir. Bizim gözəl mahnılarımız var, biz o mahnıları kənara qoyub niyə bayağı mahnılara qulaq asmalıyıq? 

İnsanların zövqləri də müxtəlifdir, onlara məcbur demək olmaz ki, sən bu mahnını dinlə, sən buna qulaq asma. Musiqinin bayağı olmasında aranjiman da böyük rol oynayır. Ümumiyyətlə, mahnıda söz, musiqi, aranjiman hamısı bir-birini tamamlamalıdır. Baxırsan ki, mahnının sözləri adamın ürəyinə toxunur, amma həmin mahnını çevirib bayağı, toyxana mahnısı edirlər.

Hər şeirin öz musiqisi var, sadəcə, o musiqini tapmaq lazımdır. Bəstəkar mahnı aranjiman olunanda diqqət etməlidir, aranjiman edənin yanında durmalıdır ki, mənim mahnımı bayağı etmə. Müğənnilər də keyfiyyətli mahnıya pul vermək istəmirlər, qaçırlar ucuz mahnıya, ya da özləri bəstələyirlər. Bu düzgün deyil, bəstəkara bəstəkar deyiblər, müğənniyə də müğənni. Bəstəkar durub müğənnilik edə bilməz, bəstəkar durub aranjiman işini görə bilməz. Hər kəs öz sənətinə dəyər versə, hörmət etsə, daha yaxşı olar”. 

Oxu.Az-a açıqlama verən radio aparıcısı (“Xəzər” FM) Teymur Əliyev radioda səslənən musiqilərin dinləyici istəyinə görə yox, radiostansiyanın formatına görə müəyyənləşdiyini bildirib:

“Çalışdığım radioda əsasən əcnəbi hitlər səslənir. Hazırda mahnını hit edən radiodan çox, internetdir. Əvvəl mahnı internet məkanında hit olur, ondan sonra radioda səslənir. İnsanlar radioya mahnının səslənməsi ilə bağlı istəklə müraciət edəndə, əgər həmin mahnı radiostansiyanın formatına uyğun gəlirsə, səsləndirilir. Tutaq ki, bu gün radio elan eləsin ki, “dinləyicilər, hansı mahnını istəyirsiniz, səsləndirək sizin üçün?” Dinləyicinin biri, tutaq ki, Xalq artisti Niyaməddin Musayevin mahnısını istəsə, radio o mahnını səsləndirməyəcək, səsləndirə bilməyəcək. Ona görə yox ki, Niyaməddin Musayev pis müğənnidir, ona görə ki, format uyğun deyil. Köhnə dinləyicilər də bilirlər ki, hansı radiodan nəyi istəmək olar, hansından yox.

Radionun musiqi formatı aydın olmalıdır. Hələ də elə radiolar var ki, hər formatda mahnılar səsləndirilir. Yəni siz radioda Castin Timberleykin mahnısının arxasınca Röyanı eşidə bilirsiniz. Əslində, bu, normal deyil, belə olmamalıdır, formatlanma olmalıdır. Siz onsuz da mövcud olan bütün dinləyiciləri qane edəcək musiqi yayımlaya bilməzsiniz. Ona görə də bir format seçib, ona uyğun işləmək lazımdır”.

Radioaparıcı (106.3 FM) Rafiq Raufoğlu isə deyir ki, bəzən dinləyicilərdən istək kimi gələn bayağı mahnılar təəccüb doğursa da, yenə də nəzərə alınır:

“Format olaraq bizdə əsasən Azərbaycan musiqiləri səslənir. Veriliş daxilində dinləyicilər mahnı da istəyə bilirlər. Top beşliyi qeyd etsək, orada mütləq Aygün Kazımovanın mahnıları olur. Çünki tez-tez yeni mahnılar təqdim edir. Röyanın da mahnıları olur. Namiq Qaraçuxurlu bir qədər passivləşib son vaxtlar, əvvəllər çox aktiv idi. Nadir Qafarzadənin mahnıları tez-tez istənilir. Elton bir az ləng işləyir, ancaq onun da mahnılarını istəyirlər. Elə müğənni var ki, ildə bir dəfə, iki ildə bir dəfə mahnı ərsəyə gətirir, ancaq dinləyici istəyir deyə verilir o mahnılar. Amma səs-küy də yarada bilir. Məsələn, Elçin Cəfərovun “Söylə” mahnısı. Elçin çox uzun müddət idi, yeni mahnı təqdim etmirdi, ancaq “Söylə” mahnısı çox sevildi.

Bəzən mahnı bizim zövqümüzlə üst-üstə düşmür. Namiq Qaraçuxurlu ilə Sevil-Sevincin “Oxşamıram” mahnısı mənə bir az qəribə gəlir. Yəni bizim öyrəşdiyimiz üslubda və pop janrda deyildi. Amma gördük ki, sosial şəbəkədə, paylaşımlarda o mahnıya çox yer verildi. Biz də onu piar etməyə məcbur olduq, çünki istəyirlər deyə daha çox səsləndirmək məcburiyyətində qaldıq.

Adətən elə olur ki, biz özümüz də deyirik ki, “bu mahnı niyə sevilir?” Bayağı olsa da, məhz dinləyicinin istəyinə görə səsləndirilir. Amma ümumiyyətlə götürdükdə radionun formatına görə biz o tip mahnıları səsləndirmirik. Çünki başa düşürük ki, radio ümumi zövqü formalaşdıran yerdir.

Bayağı musiqiyə qulaq asmaq, düşünürəm ki, kütlə psixologiyasıdır. O demək deyil ki, biz kütlənin arxası ilə getməliyik. “YouTube”un trendləri siyahısında Azərbaycan mahnılarına baxsaq, oradakı mahnılardan, bəlkə, biri radioda səsləndi, qalanları ümumiyyətlə radioluq deyil. Ancaq sosial şəbəkədə görürsən ki, milyonlarla baxış var. Müəyyən yaş kateqoriyasında olan insanlar var ki, bayağı mahnıları dinləyirlər. O da bir dövrdür, keçib gedəcək”.

Jurnalist (101.1 FM) Əzizə İsmayılova isə qeyd edib ki, radioda əsas səslənən mahnıların növləri deyil, proqramın keyfiyyətidir:

“Bizim format belədir ki, əsasən Azərbaycan, Türkiyə, az miqdarda isə xarici mahnılar səslənir. Heç bir dinləyicidən istək mahnı qəbul edilmir. Radioda bir musiqi səbəti var, efir səbəti. Orada musiqi redaktoru hansı mahnıları qoyursa, iyirmi dörd saat ərzində o mahnılar da gedir. Radio aparıcısı dinləyici kimi mahnıya qulaq asanda musiqiyə görə yox, aparıcıya görə qulaq asır. Çünki biz radionu dinləyicilərdən fərqli dinləyirik, peşə xəstəliyidir bu bizdə. Mahnı bizə o qədər də önəmli olmur, əsas efirin gedişatıdır”.

Dilşad Bəhruzqızı

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri