20 
May
2022
14:36
36
152
6589
Virtual karabakh

Şou-biznesin dəbsizləri, başına toyuq qoyanlar, modelyerin pulunu verməyənlər - MÜSAHİBƏ + FOTO

20 May, 2022
14:36
6589

Şou-biznesin dəbsizləri, başına toyuq qoyanlar, modelyerin pulunu verməyənlər - MÜSAHİBƏ + FOTO

Şou-biznes nümayəndələri hər zaman geyimləri ilə diqqət cəlb edirlər. Bir çoxları onların qatıldıqları verilişləri, paylaşdıqları fotoları məhz nə geyindiklərinə baxmaq üçün izləyirlər. Bəzən məşhurların libası bəyənilsə də, geyimlərinə görə tənqid edilənlər də az deyil.

Bu dəfə şou-biznes nümayəndələrindən kimin zövqlü, kimin zövqsüz olduğuna Oxu.Az-a müsahibə verən modelyer Şəlalə Maqsudova qərar verəcək. 

- Xarici şou-biznes ulduzları ilə bizim yerli məşhurların stili arasındakı fərqlər nədir? 

- Bəziləri bunu qəbul etmək istəmirlər, ancaq fakt budur ki, bizim müğənnilər səhnə, konsert, efir geyimlərinə pul xərcləmək istəmirlər. Amma məsələn, Cennifer Lopes, Beyonse kimi məşhurların istər ziyafət, istər səhnə geyimləri çox bahadır. Üstəlik, onlar həm modelyerlə çalışır, həm modelyerin pulunu verir, həm də onu reklam edirlər. Amma bizimkilər deyirlər ki, “mən sənin kolleksiyandan geyinirəmsə, sənə pul verməyəcəm, amma səni reklam edəcəm”. Bunun timsalında da bizim modelyerlər görürlər ki, ortada ancaq reklam var, pul yoxdur, baxırsan ki, geyimlər də o deyil.

- Modelyerlə işləmək baha olduğu üçün müğənnilər ödəniş etməkdən boyun qaçırırlar?

- Əslində modelyerlə işləmək o qədər də baha deyil. Sadəcə olaraq bizim müğənnilərin əksəriyyəti gedib mağazalarla danışır, o geyimləri alıb efirə geyinib, reklam edib, qaytarır. Amma onlar dərk etmirlər ki, modelyerlə işlənən geyim bir dənə olur, sırf o müğənni üçün hazırlanır və onun təkrarı yoxdur. Bizim də müğənnilərimiz çox vaxt modelyerə ödəniş etmirlər. Ödəniş edəndə də heç vaxt o modelyerin adını çəkmirlər. Bəzən də deyirlər ki, xaricdən gətirtmişəm. Bu, cılız bir yanaşma tərzidir. Niyə xaricdə tam başqadır? Niyə bizdə elə deyil? Bu məni həmişə düşündürür...

- Televiziya verilişlərində toy ab-havası, hətta “gəlinin bacısı” obrazı yaradanlara münasibətiniz necədir?

- Televiziyada xeyli sayda veriliş var. Mən həmin verilişlərə baxarkən daha çox verilişin formatına fikir verirəm. Hər bir formatın geyimi tamam fərqli olmalıdır. Hərdən görürsən ki, müğənni səhər verilişinə sanki toya gəlirmiş kimi gəlib. Nə olsun ki, müğənnidir, mahnı oxumaq üçün gəlir, geyiminə fikir verməli və haraya gəldiyini bilməlidir. Bəzən də görürsən ki, hündürdaban ayaqqabıda, buruq saçla, makiyajla yürüş edirlər, gəzirlər. Bu, çox gülünc görünür. 

- Bu günə kimi bir çox məşhurlarla çalışmısınız, onlardan hansıların nazı sizi yorub?

- Belə deyim, o olardı on il bundan öncə ki, kiminsə nazı ilə oynaya bilim, amma indi yox. Heç kimin nazı ilə oynamıram. Mən deyən olacaqsa, olacaq, olmayacaqsa, qapını göstərirəm.

- Sənət adamlarını səhnə geyimlərinə görə qınamaq doğrudurmu?

- Səhnə geyimini qınamaq olmaz, axı bu, müğənnidir. Müğənni sıradan geyinə bilməz. Sən səhnəyə çıxırsansa, səhnə geyimin sadə insanların geyimindən fərqlənməlidir. Sən axı televiziya vasitəsilə milyonlarla insanın evinə girirsən. Sənin duruşun, görünüşün, özünü aparmağın fərqlənməlidir.

- Yerli şou-biznesdə kimlərin geyimi sizə maraqlı gəlir?

- Bəyəndiklərim çoxdur, məsələn, Tünzalə Ağayeva, Günay İbrahimli, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova. Sən bir az dolubədənli ola bilərsən, o demək deyil ki, sən köksən və sənə heç nə yaraşmayacaq. Bu, yanlış fikirdir. Zülfiyyə xanım dolubədənli xanımdır, ancaq geyimləri çox zövqlüdür. Mən bildiyimə görə, o, modelyerlə çalışmır, onun öz geyim tərzi var. Ancaq elə müğənnilər var ki, modelyerlə çalışan zaman daha zövqlü, baxımlı görünürlər, özləri geyinəndə görürsən ki, bərbaddırlar. 

- Bəs bəyənmədikləriniz? Tərzini dəyişdirməsini istədikləriniz?

- Elza Seyidcahanla mən zamanında işləmişəm, onun geyimi dəb deyil. Biri var, geyimdə inqilab yaradasan, biri də var, ağlına nə gəldi keçirəsən əyninə. Modanın ifrat dərəcəsi eybəcərlikdir. Elza xanımda ifrat dərəcəsindədir. Başına toyuq qoymaqla moda yaratmaq olmur.

Mən özüm də qeyri-adi geyimlər hazırlayıram. Zamanında necə lazımdırsa, bunun möhürünü vurmuşam. Azərbaycanda tək modelyer mənəm ki, geyimlərim məhz “Pinterest” səhifəsinə düşüb. Kağızlardan olan geyimim, plastik torbalardan olan geyimim, yarpaqlardan olan geyimim, sancaqlardan, karandaşlardan olan geyim. Məndən sonra o qədər adam onu təkrarlamağa çalışıb, ancaq mənim kimisi olmayıb. 

Elza Seyidcahan da istəyir ki, nə iləsə yadda qalsın. Amma o, gözəl mahnılar bəstələyib yadda qalsa, daha yaxşı olar. Çox istəyərdim ki, onu kim aldadıb o cür geyindirirsə, daha belə etməsin.

Şou aləminin yetmiş faizi dəbsizdir. Şəbnəm Tovuzlu da dəyişsə, çox yaxşı olar. Mən onu elə gözəl dəyişərəm - istər efir, istər səhnə, istər klip üçün geyimləri. Bu yaxınlarda onu Türkiyə səhnəsində gördüm, bərbad bir geyimdə idi. Mən şəxsən çox xəcalət çəkdim ki, bizim belə gözəl səsli müğənnimiz gedir çıxır Türkiyə səhnəsinə, amma geyimi necədir? Ola bilər, kompleksi var, bütün xanımlarda kompleks ola bilər. Ancaq kompleksi elə məharətlə gizləmək olar ki. Mən, məsələn, onu o səhnədə elə gözəl geyindirərdim ki, hətta Sibel Can baxa-baxa qalardı. 

Damlanın bir klipi var idi - “Üzərlik”. O klip mənim çox xoşuma gəlmişdi. Həm duruş baxımından, həm geyim baxımından. Məni heyrətləndirdi, düşündüm, kaş Damla bu xətlə getsin. Amma sonradan nə oldu? Sonra yenə həmin Damla oldu, qayıtdı əvvəlki stilinə.

Nərmin Kərimbəyovanın geyimləri isə bədən ölçülərinə uyğun deyil. Amma maraqlı rəqsi var, rəqsi ilə yadımda qalıb.

Səmra Rəhimli - o qız bura üçün deyil. Səmra xaric üçün daha uyğun olar. Həm oxu tərzini, həm geyimini bizdə çox adam bəyənmir, amma tam səhnəlikdir. Onun hətta bir klipi var idi ki, ona baxanda bilinirdi ki, orada çox zəhmət çəkilib. Sən bu müğənnilik sənətini sevirsənsə, öz üzərində işləməlisən. Həm kliplərinlə, həm fotosessiyalarınla, həm mahnılarınla maraqlı olmalısan, pul xərcləməlisən. Amma bizim bəzi müğənnilərimiz reklam üçün ölürlər - gedim bunu bundan alım, gedim saçımı buna düzəltdirim, gedim bunu burada edim. Necə olur-olsun, təki pulum çıxmasın. Amma o deyil axı.

Dilarə Kazımova da həmçinin çox zövqlü geyinir. Ona baxanda elə bilirəm ki, əcnəbi müğənnidir.

Mətanət Əsədovanın üzünə baxmadan qulaq asasan, çox gözəl oxuyur, amma geyimi o deyil, saçını ümumiyyətlə bəyənmirəm. Onun səsinin vurğunuyam, oxuyanda çox yanıqlı oxuyur, amma geyimləri ilə üst-üstə düşmür. Bizim şou aləmində elə müğənnilər var ki, onun özünə baxasan, səsinə qulaq asmayasan, amma elə müğənnilər də var ki, geyiminə baxmayasan, sadəcə səsinə qulaq asasan.

Şəbnəm Tovuzlu, Mətanət Əsədova, Afət Fərmanqızı - onlar sırf toy müğənniləridir. Bizim toy sahibləri də toya çağırdıqları müğənnini cah-cəlallı görmək istəyirlər. Müğənnilər də o mühitə uyğunlaşıb, istər kliplərdə, istər fotosessiyalarda, istər efirdə, yenə o toy geyimində işlərinə davam edirlər. Yəni oradan çıxa bilməyəcəklər, nə qədər çıxmaq istəsələr də, alınmayacaq. Çünki toyda nə var? - Maddiyyat. Heç bir toy sahibi Beyonse, Cennifer Lopes stilində geyinən insanı toyuna çağırmaz.

- Xarici platformada, podiumda tanıtmaq istədiyiniz şəxsi kolleksiyanız varmı?

- Mənə xaricdən çox yazırlar ki, gəlin müsabiqələrimizə, tədbirlərə qatılın. Buna çox böyük maddiyyat tələb olunur. Hətta iki il bundan öncə mən kağız və polietilen torbalardan ibarət geyimlərin fotolarını yaymışdım. O zaman mənim işlərimi özümün xəbərim olmadan xarici səhifələr paylaşdı ki, Azərbaycanda da belə bir modelyer var. Amma çox təəssüf edirəm ki, bizimkilərdə qiymət vermək anlayışı yoxdur.

Mən o işləri ortaya çıxaranda məni çoxu qınadı ki, bu nədir? Bu - bir modelyerin fantaziyasının məhsuludur. Mən onu əgər xaricdə çıxarsa idim, xaricdəkilər onu bəh-bəhlə qəbul edərdilər. Amma bizimkilərin bəziləri qınadı, bəziləri də dedi, bu nəyə lazımdır? Halbuki xarici səhifələr belə, bunu paylaşdılar. Bizimkilər o qiyməti, dəyəri vermirlər. Mən çox istəyərdim ki, gedim xaricdə Azərbaycanı təmsil edim, ancaq ona dəstək verən yoxdur.

- Son zamanlar müğənnilər arasında da butik, mağaza açmaq dəb alıb. Onlara münasibətiniz?

- Butik açmaq olar, ancaq geyimlərə baxırsan, hamısı saxtadır. Xarici səhifələrdən götürürlər, tikirlər, eynisini qoyurlar. Belə olmur, bu, bilirsiniz, nədən qaynaqlanır? Pulum var, açdım. Hanı bəs sənin öz möhürün?

Dilşad Bəhruzqızı
FOTO: Sabir Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri