23 
May
2022
18:06
138
26
5271
Virtual karabakh

Sənət dostları kimsəsiz qalmış Nailə Mirməmmədli haqda: “O mahnı hələ çıxmalı deyildi” - FOTO/VİDEO

23 May, 2022
18:06
5271

Sənət dostları kimsəsiz qalmış Nailə Mirməmmədli haqda: “O mahnı hələ çıxmalı deyildi” - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədlinin doğulduğu gündür.

Sənətçi 2001-ci ildə atasını itirib. Bir il sonra isə 16 yaşlı oğlu dənizdə boğulub. Bəstəkar 2007-ci ildə daha iki böyük itki yaşayıb: həyat yoldaşı, özü kimi bəstəkar Hikmət Mirməmmədli və anası vəfat ediblər. Onların ardınca isə böyük qardaşı dünyasını dəyişib. 2021-ci il yanvarın 4-də isə özü qəfil dünyasını dəyişərək sevənlərini üzdü.

Bir sözlə, dillər əzbəri bəstələri ilə yanaşı, acı taleyi ilə də yadda qaldı Nailə Mirməmmədli.

Sənət dostları bəstəkarla bağlı fikirlərini Oxu.Az-la bölüşüblər.

“Nailə xanımın sənətinin həmişə vurğunu olmuşam. Ömrünün son dörd ili biz tanış idik. Mənə mahnı yazdı. Ancaq bizim mahnımız hazır olmadı, yarımçıq qaldı, biz Nailə xanımı itirdik. Bu hadisədən sonra onun xatirəsini yaşatmaq üçün mahnıya klip çəkdirdim, təqdim etdim. Əslində hələ çıxmalı deyildi mahnı, bir neçə il sonra təqdim etməli idik. Nailə xanımı itirməklə böyük bir itki yaşadıq”.

Bu sözləri mərhum bəstəkarın son mahnısını ifa edən müğənni Günay İbrahimli bildirib. İbrahimli “Darıxmışam” adlı mahnının onun üçün qiymətli olduğunu vurğulayıb.

Nailə Mirməmədlini özünün mənəvi anası olaraq görən Xalq artisti Röya Ayxan isə sosial media hesabında paylaşım edərək çox darıxdığını qeyd edib:

“Mənim gözəlim, xanım-xatın Mirməmmədlim, səni sevgi və böyük hörmətlə anırıq. İki ildir, yanımızda yoxsan, amma nəğmələrin hər zaman bizimlədir. Sənin üçün çox darıxıram. Hər zaman qəlbimdə yaşayacaqsan”.

Müğənni Roza Zərgərli bəstəkar haqqında xatirələrini bölüşərkən onun həyatda çox əziyyət çəkdiyini, taleyindən küskün olduğunu əlavə edib:

“Nailə Mirməmmədli görkəmli sənətkar idi, taleyindən küsmüş qadın idi. Çox əziyyət çəkmişdi. Həyatda olarkən “Bakı vaxtı ilə” verilişimdə onun özü və dünyasını dəyişmiş həyat yoldaşı haqqında gözəl bir proqram tərtib etmişdik. Xatirələr çoxdur, yaz-yaz, bitirmək olmaz”.

 
Qeyd edək ki, Nailə Mirməmmədli yüzlərlə bəstənin müəllifidir. Bəstəkar onlarla hit, 500-dən çox mahnı yazıb.
 
“Yaradıcılığımda nəyisə çatdırmamaqdan, Hikmətin yarım qalan əsərlərini tamamlaya bilməməkdən çox qorxuram”, - deyən Nailə Mirməmmədli 2021-ci ildə ürək tutmasından dünyasını dəyişib. Allah rəhmət eləsin!
 
 
Dilşad Bəhruzqızı

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri