24 
İyn
2022
14:30
237
29
6494
Virtual karabakh

Orxan Şahbazov: “Manaf Ağayevi bütün Azərbaycan tanıyır, ancaq brend deyil” - MÜSAHİBƏ + FOTO

24 İyn, 2022
14:30
6494

Orxan Şahbazov: “Manaf Ağayevi bütün Azərbaycan tanıyır, ancaq brend deyil” - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müasir dövrümüzdə sosial şəbəkələr artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Bu gün sosial şəbəkələrlə bağlı cəmiyyətdə müxtəlif fikirlər mövcuddur. 

Sosial şəbəkələrin müsbət tərəfləri olduğu qədər, mənfi tərəfləri də olduqca çoxdur. Elə budəfəki mövzumuz da sosial şəbəkələrin mənfi tərəflərindən biri olan internet asılılığı, bundan qurtulma yolları, bloqerlik anlayışı, bloqerlərin həyatımıza təsiridir. Müsahibimiz isə şəxsi inkişaf üzrə təlimçi, sosioloq, ekspert Orxan Şahbazovdur.

Orxan Şahbazovun Oxu.Az-a müsahibəsini təqdim edirik:

- Orxan bəy, internet asılılığı nədir, necə yaranır, bu asılılıqdan necə qurtulmaq olar?

- Sosial şəbəkə insanların real həyatının dəyişdirilmiş formada virtualda olan görüntüsüdür. Bir şeyi davamlı olaraq ediriksə, vərdişə çevrilir. Əgər bu pis vərdişdirsə, buna asılılıq deyirik. Fikir vermisinizsə, kitab oxumaq asılılığı demirik. Yaxşı şeylərin asılılığı olmur, pis şeyləri asılılıq adlandırırıq. Şəxsin real “mən”i var və insanlara göstərdiyi sosial “mən”i var. Sosial şəbəkədə olmaq istədiyi insanı tapdığına görə davamlı olaraq asılı vəziyyətə düşə bilir. Bloqer bahalı həyatını paylaşır, izləyən təsəvvür edir ki, mən də belə ola bilərdim. Başlayır onu izləməyə, müğənnini izləyir, təlimçini, psixoloqu izləyir və davamlı olaraq bu sosial media onun üçün qidalanma mənbəyinə çevrilir. Bundan qurtulmaq mümkün deyil, idarə etməyi təklif edirəm. Şəxsi həyatla karyeranı balansda saxlayıb bunun üzərində sosial şəbəkədən istifadə etmək bu asılılığı haradasa idarə edə bilər. Öyrənmək, əylənmək və istirahət etmək sosial şəbəkənin müsbət tərəfidir. Kateqoriyalara bölüb doğru şəkildə istifadə etdikdə bizə faydası daha çox dəyir. 

- Uşaqlarda kiçik yaşlarından artıq telefona maraq yaranır, cizgi filmi izləmək adı ilə telefona öyrəşirlər. Valideynlərə nəyi tövsiyə edərdiniz? Necə etsinlər ki, uşaqlarda bu asılılıq yaranmasın?

- Qəşəng sualdır. Mənim bacım qızı altıncı sinifdə oxuyur, kitab, hekayə yazır, öz dünyasını canlandırır. Onsuz da hər birində telefon var. Yönləndirmək lazımdır ki, o uşaq daha yaradıcı olsun. O, həm əylənir, həm yönlənir. Burada yönləndirmə əsasdır, uşaqların nəyə marağı varsa, o marağa uyğun doğru yönləndirmə onların sosial şəbəkədən daha yaxşı istifadə etməsinə səbəb ola bilər. 

- Sosial şəbəkələrdə hər kəs çox xoşbəxtdir, niyə insanlara bunlar təqdim olunur, beynimizə yeridilir? 

- Şərq cəmiyyətlərinin ən böyük sıxıntısı insanların xoşbəxt olmamasıdır. İnsanlar burada sıxılır, rahat deyillər. Sərbəstlik anlayışı əxlaqsızlıq anlayışı ilə bir tutulur deyə ən çox da xanımlar bundan əziyyət çəkir. Bəylər də sərbəst görünür düşüncəsi var, ancaq belə deyil. Bir sərhədin içində xoşbəxtlik dünyası qurmağa başlamışıq, amma bu o qədər də uğurlu alınmır. Sosial media bunu ört-basdır etmək üçün ən ideal vasitədir. Effektlər, sosial medianın təsiri ilə artan plastik əməliyyatlar... İnsanlar özlərində olan şeyləri təkmilləşdirmək yox, başqalarında gördüklərini özlərinə yapışdırmağa meyilli olurlar və bununla xoşbəxt olacaqlarını düşünürlər.

- Çox bloqerlər günlük vloqlar çəkir, şəxsi həyatını tam olaraq virtualda paylaşırlar, ona baxan yeniyetmə və gənclər də bunu kopiyalıyır. Bu nə dərəcədə düzgündür?

- İnsan öz həyatını nümayiş etdirməkdə sərbəstdir. Biz necə deyə bilərik ki, sən bunu etmə faydasızdır, özü bilər. Məsələ ona baxan, seçən, düşünə bilən insanların olmasıdır. Sıxıntı seçən adamdadır, təklif edəndə yox. Əgər insan doğru formada seçməyi öyrənirsə, kimin nə təklif etməsi onun üçün maraqlı deyil. Seçmə şansı bizdədir. 

- Bloqer nə kimi paylaşım etməlidir ki, cəmiyyət faydalansın?

- Mən düşünürəm ki, cəmiyyətə faydalı olmaq ifadəsi bir az pafosludur. Çünki bütün insanlar öz maraqlarına görə hərəkət edir. Axı heç kim başlayanda mən cəmiyyətə faydalı olacağam düşüncəsi ilə başlamır. Mən öz marağımı birinci tuturam, sonra cəmiyyət gəlir. Özünü cəmiyyətə təsdiq etdikdən sonra yavaş-yavaş dəyişə bilir. Ona görə də nə paylaşmalıdır, nə etməlidir, bunu kəskin şəkildə deyə bilmərəm. Onu deyə bilərəm ki, insan şəxsi həyatını, fiziki görkəmini və, ümumiyyətlə, şəxsiyyəti ilə bağlı olan hər şeyi reklam edib, açıb ortaya qoymalı deyil. Bir az düşündürücü nələrsə etmək lazımdır. Bizim fiziki görünüşümüzlə zehni görünüşümüz üst-üstə düşdükdə biz effektiv nəticə verə bilirik. Yoxsa fiziki görünüşlə zehni görünüş üst-üstə düşmürsə, yeriyən alətdən fərqin olmur.

- Ümumiyyətlə, bizdə bloqerlik hansı səviyyədədir?

- Bizdə bloqerlik fəaliyyətini 40-60% arası dəyərləndirmək olar. Çünki bizdə görüntü mental səviyyədədir, həmişə insanın fiziki görünüşünə daha çox önəm verirlər. Bloqerlərə də fikir versəniz, mövzuya həmişə fiziki tərəfdən yanaşırlar, geyimlər, aksesuarlar, makiyaj... Bu baxımdan bir qədər yüksək səviyyədə deyil. 

- Bloqer olmaq üçün nələr edilməlidir? Bloqer necə olmalıdır, bloqer üçün ən yaxşı qazanc istiqamətləri hansılardır?

- Bloqer dediyim şəxs seçdiyi sahədə davamlı şəxsi düşüncələrini və beynəlxalq araşdırmalarını ortaya qoyan şəxsə deyilir. Birinci növbədə bloqerin qazancı reklam və təsir gücüdür. Hamı tərəfindən tanınmaq yox, seçdiyin hədəf tərəfindən brend olmaq daha önəmlidir. Manaf Ağayevi bütün Azərbaycan tanıyır, ancaq o brend deyil. Alim Qasımov isə brenddir. 

- “TikTok” barədə nələr deyə bilərsiniz? O, özündən əvvəlki sosial şəbəkələri sıxışdırıb çıxara biləcəkmi? Ümumiyyətlə, sosial şəbəkələr son zamanlar xəbərləşmə məkanında medianı geridə qoymağa cəhd edir. Bir zamanlar deyirdilər, “TV çıxdı, teatr və kino məhv oldu”. Bu iddianın nə zamansa doğrulacağı mümkündürmü?

- Məncə, artıq sıxışdırıb çıxarıb. Deyirlər ki, Azərbaycanda “TikTok”u bağlamaq lazımdır, mən belə düşünmürəm. “TikTok” kütləvi insanların mənəvi səviyyəsini göstərən əsas platformadır. Bəlli olur ki, insanlar daha çox nəyə baxırlar. “TikTok” cəmiyyətin üzüdür, orada akademik şeylər irəlidə deyil, bu platforma özünü rahat ifadə etmək formasıdır. Dərin düşüncə tələb etmir. Azərbaycan cəmiyyəti də dərin düşüncəyə meyilli olmadığına görə, ortada rahat bir ünsiyyət yaranır. Hətta “Instagram” da “TikTok”a çata bilmir. Geridə qoymaq məsələsi təxminən düzdür, çünki mən bir telekanalda reklam etdirincə, sosial mediada edəndə daha uğurlu alınır. Amma televiziyanın da bir çəkisi var, sosial şəbəkələr geniş istifadə olunsa da, effektiv istifadə olunmur. 

- Son vaxtlar insanların davranışlarında aqressiya dozanı aşır. Bunun səbəbləri və aradan qaldırma yolları nədir?

- Əsas səbəb reallıqla görüntü arasında ziddiyyət olmasıdır. Mən baxıram ki, qarşı tərəf xoşbəxtdir, gülür, artıq şüuraltında qıcıq yaranır ki, mən niyə belə deyiləm? Ən çox hirsi tökülən adamlar da düşündürə bilən adamlardır. Aradan qaldırmaq isə uzunmüddətli prosesdir. İşin içində təhsil sistemi, ailə münasibətləri, seçdiyimiz mühit - bunlar hamısı təsir edir. Aqressiyanı yox etmək olmur, ancaq idarə etmək mümkündür.

- Sonda oxuculara məsləhət və tövsiyəniz nədir?

- Məsləhət yox, təklif edərdim. Məsləhət verən insanlara fikir versəniz, heç biri öz yaşadığı həyatı demir, düşündüklərini deyir. İnsanlar yaşadıqlarını yox, yaşamadığı, düşündüyü şeyi məsləhət görəndə ortaya qəribə şeylər çıxır. Təcrübədən keçirilmiş şeylərin məsləhətini vermək olar. İnsan düşündükdən sonra nəyi, necə seçəcəyini özü müəyyənləşdirəndə nəticə daha effektiv olur. Əsas məsələ düşünə bilməkdir. İstənilən prosesdə düşündürə bilmək insanlarda böyük bir dəyişiklik yaradır. Nə edirsiniz edin, düşünə biləcəyiniz yerlərə gedin. Bir də görəcəksiniz ki, insanın həyatı dəyişir.

Dilşad Bəhruzqızı

Daha çox şəkil burada: Photostock.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri