Fev
2023
16:44
89
290
15488
Virtual karabakh

Ülviyyə Əliyeva: “Tünzalənin qızı anasının paltarını qucaqlayır, əri isə məzar daşını düzəldir” - VİDEO

4 Fev, 2023
16:44
15488

Ülviyyə Əliyeva: “Tünzalənin qızı anasının paltarını qucaqlayır, əri isə məzar daşını düzəldir” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tünzalənin qızı hər gün “Qaratikan” serialına baxır. Uşaq arıqlayıb. Röyala deyirəm ki, toppuş elə bil arıqlayıb. Dərdini içində çəkir. Dünən Dilarə (Əməkdar artist Dilarə Əliyeva - red.) həmin serialdan danışdı. Soruşdu ki, Zəhra, “Qaratikan”da ən çox kimə gülürsən, kim xoşuna gəlir? Deyir ki, anam. İndi onun anaya bağlı olan, onu qucaqlayan vaxtıdır. Amma anasının paltarlarını qucaqlayır”.

Bizim.media xəbər verir ki, bu sözləri Əməkdar artist Ülviyyə Əliyeva sosial şəbəkə hesabında açdığı canlı yayımda deyib.

Aktrisa Xalq artisti Afaq Bəşirqızının mərhum Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhra üçün fond yaradılması təklifindən söz açıb:

“Afaq xanım sənət adamlarına müraciət etmişdi. Ona görə ki, 3 mərasimini, dəfnini Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra hakimiyyəti boynuna götürmüşdü. Allah onlardan razı olsun. Sənət yoldaşları mərasimdə maddi dəstək olmaq istədilər. Biz dedik ki, pul yığılmır. Çünki ayıb olar ki, nazirlik əziyyət çəkib mərasim verir, biz pul yığaq. Onda da demişdilər ki, biz kömək olmaq istəyirik.

O zaman Afaq xanım təklif etdi ki, sənət yoldaşlarından kim istəyirsə, fond yaradılsın, Zəhra üçün ora pul yığılsın. Həmin məbləğ də banka yüklənsin, ehtiyacı olanda atası oradan çıxarsın. Yaxud da 18 yaşına çatanda onun təhsili üçün xərclənsin”.

Ülviyyə bildirib ki, bir sıra incəsənət nümayəndələri birləşib Tünzalənin məzar daşını qoyacaqlar:

“Xalq artisti Afaq Bəşirqızı, Gülyanaq və Gülyaz Məmmədova bacıları, müğənni Manaf Ağayev pul yığıb Tünzalənin məzar daşını düzəltmək istədiklərini söyləyiblər. Bunu isə ailəyə əlavə maddi yük olmasın deyə etmək istəyirlər. Çünki Röyal hələ Zəhranı böyütməlidir. Manaf, Dilarə pul göndəriblər. Əməkdar artist Rafael İsgəndərov deyib ki, mən də kömək edəcəyəm. Röyal isə dedi ki, mərhum həyat yoldaşının məzar daşının düzəldilməsi üçün nə qədər məbləğ çatmasa, özü edəcək”.

Bir neçə gün əvvəl Xalq artisti Aygün Kazımovanın doğum günü məclisinə Əməkdar artist Dilarə Əliyevanın qatılması cəmiyyət və sosial şəbəkə əhli tərəfindən qınaqla qarşılanıb.

Ülviyyə bu məsələyə isə belə reaksiya verib:

“Həyatda elə şeylər var ki, məcbursan edəsən. Aygün Kazımova Dilarənin qızının toyuna, nəvəsinin ad gününə gəlib. O da Aygün Kazımovanın doğum günü məclisində bir saat oturub, çıxıb gedib. Şıdırğı rəqs etməyib. Tünzalə xəstə olanda, Dilarə onun müalicəsinə pul verib. Bahalı dərmanları vardı.

Onlara 10 min manat verib. Halal xoşu olsun. Tünzalə xəstəliyinə görə işdən çıxıb, işsiz qalanda, onu ilk dəfə “Söhbət var” verilişinə Dilarə çağırıb. Ona iş, çörək, pul verib. “Qaratikan” serialına Dilarə onu çağırıb, rol verib. Son günə kimi daim yanında olub. Tünzalə vəfat etdikdən sonra da Zəhranın yanındadır. Kimin ürəyi necədirsə, onu Allah bilir. Dilarənin ürəyindən yoxdur”.

Əməkdar artist izləyicilərdən gələn “Tünzalə Əliyevanın həyat yoldaşı Röyal nə işlə məşğul olur?” sualına isə belə cavab verib:

“Röyal deyib ki, bir ay heç yerə çıxmayacaq. Sənəd işləri ilə məşğuldur. Tünzalənin məzar daşının düzəldilməsi ilə məşğuldur. Röyal məşqçidir. Onun ürəyində iki yırtıq vardı, iki ay əvvəl əməliyyat olunub. Məşqçi kimi işləyə bilər. Amma qızı Zəhra dərsə gedir.

Onun dərsi saat 08:00-da başlayır, 12:00-da bitir. Həm də hazırlıqlara gedir. 14:00-da isə hazırlığı bitir. Röyal işləsə, gərək hər gün uşağa görə icazə alsın.

Qərara gəlib ki, hələ ki peşəsini qoysun kənara. Yəqin ki, taksi sürücüsü kimi işləyəcək. Özü öz müdiri olsun. Zəhranı dərsə, hazırlıqlara aparsın-gətirsin, sonra isə öz işləri ilə məşğul olsun”.

Qeyd edək ki, Tünzalə Əliyeva yanvarın 22-də uzun sürən xərçəng xəstəliyindən Milli Onkoloji Mərkəzində dünyasını dəyişib. Aktrisa yanvarın 23-də Qurd Qapısı məzarlığında dəfn edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri