25 
May
2015
12:57
93
316
40424
Virtual karabakh

Röya Ayxan necə “vor zakon” oldu? – VİDEO

“Bu ölkədə heç kəs cinayətdən yayına bilməz və yayınmamalıdır!”.

Bu günlərdə sosial şəbəkələrdə müzakirə olunan əsas mövzulardan biri müğənni Röya Ayaxnın İnstagram-da onu təhqir etmiş şəxsə qarşı gördüyü tədbirlərdir.

Belə ki, Milli.Az saytının məlumatına görə, Röya İnstagram səhifəsində Elnur adlı şəxs tərəfindən söyüldüyünü yazıb. Daha sonra müğənni yazır ki, polisə müraciət edib və həmin şəxsi tapıb:  

Müğənni həmin şəxslə görüşərək onun məlum davranışını sorğulayıb. Röya Elnurla görüşə tək getməyib, ətrafında iki nəfər də olub və söhbəti gizli kameraya çəkib.

Həmin görüntüləri İnstagramda şəxsi səhifəsində paylaşan Röya bu sözləri yazıb:

“Mənim əzizlərim, İnstagram-da şəxsiyyətimi təhqir edənlər, elə bilirsiniz dərəbəylikdi?

Kim hansı qiyməti istəyir onu da qoyur mənə, sonra da bax belə tapıb gətirirsən özü də polis əliylə. Deyir ki, dediyim sözlər anama, bacıma aiddi. Vay-vay bu dırnaqarası bəzi kişiciklərin axırı hara gedir görəsən?

Elnur Orucov axı sənə lazım idi, niyə axı o sözləri ananıza deyirsiniz? Axı səni zülmlə böyüdür ki, sizin kimi “......”. Bu ölkədə heç kəs cinayətdən yayına bilməz. Hamı cavabını verəcək mütləq!”.

Əlbəttə, kənardan bir çoxları Röyanın bu hərəkətini təqdir etdilər, “əla, Röya “klaviatura aslanlarından birini cəzalandırdı” kimi şərhlər yazdılar. Lakin bir qədər dərinə gedək – müğənninin atdığı bu addım “kriminal aləmdə” tanınan, müxtəlif mübahisəli məsələləri həll edib, “günahkarları cəzalandıran” “qanuni oğruların” (el arasında “vor zakon” – red.) hərəkətlərindən nə ilə fərqlənir?

Əgər Röya ona qarşı təhqirə yol vermiş insanın cəzalandırılmasını istəyirdisə - əlbəttə ki, onun bu istəyi başa düşüləndir və ən əsası Azərbaycan Respublikasının qanunvericiliyi də buna icazə verir - bəs o zaman niyə cinayətkarlar kimi hərəkət edir?

Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin 14 may 2013-cü il tarixdə keçirilmiş iclasında internetdə böhtan və təhqirə görə cəzalar müəyyənləşdirilib.

Dəyişikliyə əsasən, CM-in 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələrində “və ya kütləvi informasiya vasitəsində” sözləri, “kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında” sözləri ilə əvəz edilib. Beləliklə, həmin maddələrdə nəzərdə tutulan cəzalar internet informasiya vasitələrində yayılan məlumatlara da tətbiq olunacaq.

CM-in 147.1 maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma 100 manatdan 500 manatadək miqdarda cərimə ilə və ya 240 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

148-ci maddəyə görə isə, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma 300 manatdan 1000 manatadək miqdarda cərimə və ya 240 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Nə üçün müğənni polisə ərizə ilə müraciət edib onu təhqir etmiş şəxsin qanuni şəkildə cəzalandırılmasını istəmədi? Bəlkə Röya hesab edir ki, Azərbaycan hüquqi dövlət deyil və burada qanunlara yox öz cangüdənlərinə bel bağlamalısan?

Röya qanunun buyurduğu kimi, qanuni yolla deyil, əsl “vor zakonlar” kimi hərəkət edir. Onun barəsində təhqirlər yazmış şəxsi tapdırır, görüş təyin edir, həmin görüşə iki cangüdəni ilə gəlir, cavan, gənc bir oğlana mənəvi təzyiq göstərərək, onu üzr istətdirir və bütün olanları həmin şəxsin icazəsi olmadan görüntüləyir.

Şou-biznesin tanınmış simalarından, daimi üzdə olan Röya axı bu “vor zakon” hərəkəti ilə nə demək istəyirdi? Belə çıxır ki, o, İnstagram-dakı səhifəsində özü barəsində yazılan istənilən şərhə görə kimisə cəzalandıra bilər? Röya özünü toxunulmaz elan edir? Röya polis və məhkəmənin funksiyalarını öz üzərinə alır? Yoxsa müğənni hesab edir ki, Azərbaycanda dərəbəylikdir və o öz cangündənlərinin köməyi ilə istənilən şəxsi sındıra, alçalda bilər? Yəni belə çıxır ki, sabah o istənilən şəxsi beləcə tapdıra, qarşısında əyləşdirə, təzyiq göstərib barəsində istədiyi təhqirləri yaza bilər?  

Ümid edirik ki, hüquq-mühafizə orqanlarımız müğənninin bu hərəkətini cavabsız qoymayacaq və ona hüquqi qiymət verəcək, Azərbaycan vətəndaşlarını müğənni Röyanın “vor zakonlara” xas hərəkətlərindən müdafiə edəcəklər. Müğənni bu hadisə ilə bağlı yazdığı İnstagram məlumatının sonunda bunları qeyd edir: “Bu ölkədə heç kəs cinayətdən yayına bilməz. Hamı cavabını verəcək mütləq!”.

Bəli, hörmətli Röya, biz də elə düşünürük - bu ölkədə heç kəs cinayətdən yayına bilməz və yayınmamalıdır!

R.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri