15 
Dek
2015
15:09
115
32
26634
Virtual karabakh

Lalə Azərtaş: Bu, efirdən çox çirkin görünür – MÜSAHİBƏ + FOTO

15 Dek, 2015
15:09
26634

Lalə Azərtaş: Bu, efirdən çox çirkin görünür – MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Cavidan İlqarə ilə Aysundan daha istedadlı və populyardır”.

Oxu.Az “ATV xəbər”in aparıcısı Lalə Azərtaşla müsahibəni təqdim edir:

- Cari ildə həm “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edildiniz, həm də bu yaxınlarda “Ən natiq teleaparıcı” adına layiq görüldünüz. Təəssüratlarınızı oxucularımızla bölüşmək istərdinizmi?

- Cənab prezident mətbuatın yaranmasının 140 illiyi münasibətilə jurnalistləri mükafatlandırdı. Mən də mükafatla təltif olundum. Daha sonra “Ən natiq teleaparıcı” mükafatını qazandım.

Həmin ərəfədə mənə bir neçə rayon və şəhərimizin səlahiyyətli nümayəndələri də mükafat təqdim etdilər. Bütün bunlar bizim işimizə qarşı məsuliyyətimizi birə-beş artırır.

Həqiqətən Azərbaycan kimi dövlətdə yaşadığımız və mətbuatda çalışdığımız üçün çox şanslıyıq. Bu gün dövlətimiz mətbuatdan diqqət və qayğısını əsirgəmir. Cənab prezidentimizə bir daha təşəkkür edir, qürur hissi duyuram.

Eyni zamanda ATV kanalına da dərin minnətdarlığımı bildirirəm. Bu, tək mənim deyil, həm də ATV-nin uğurudur.

- Sizin üçün efir sərbəstliyi anlayışı nədir?

- Efirdə sərbəst olmaq yaxşıdır, amma baxır hansı verilişdə və təbii ki, qədərində.

“Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da”.

Sərbəstlik artıq özbaşınalığa keçəndə, sərhəd tanımayanda bu, efirdən çox çirkin görünür. Təəssüflə deyirəm, bəzi telekanal və verilişlərdə bu, o qədər öz sərhədini keçir ki, televiziya əxlaqına yaraşmır.

Sərbəstlik əsasən şou verilişlərində olmalıdır ki, aparıcı öz  potensialını ortaya qoysun. Amma söhbət xəbər proqramlarından gedirsə, xəbərlərin bəzi çərçivələri var, hansı ki, onları aşmaq olmaz.

Yəqin ki, bu sualı mənə “Günəşli” yatağında baş vermiş yanğın nəticəsində itkin düşən neftçilərimizlə bağlı xəbəri elan edərkən ağlamağımla bağlı verirsiniz. Əslində, bəli, olmaz. Xəbər aparıcısı bu cür hadisələrə mümkün qədər soyuqqanlı yanaşmalı və xəbəri çatdırmalıdır. İnsanıq, bəzən hisslərimizə hakim ola bilmirik.

- Şou-bizneslə maraqlanırsınız, yoxsa sadəcə ciddi xəbərlərdən məlumatlanırsınız?

- Əgər ekranda şou-biznes xəbərləri yayımlanırsa, mütləq izləyirəm. Ümumiyyətlə, xəbər aparıcısı istənilən sahədə məlumatlı olmalıdır.

- Şou-biznesdən söz düşmüşkən... Elə məşhurlarımız var ki, onların övladları ən azı  valideynləri qədər və daha çox gündəmdədirlər. Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə, ifaçı Rəqsanə İsmayılovanın modelyer qızı Aysun, müğənni Roza Zərgərlinin aktyor oğlu Corc, xalq artisti Ramiz Novruzun müğənni oğlu Cavidan və başqaları. Onlardan hansını istedadlı və daha çox populyar hesab edirsiniz?

- Sadaladığınız adların hər biri öz sahəsində məşhurdurlar və övladları da həmçinin. Bunun nəyi pisdir ki?! Təki məşhurlarımızın məşhur övladları çox olsun.

Amma siz qeyd etdiyiniz adların içərisində mən xalq artisti Ramiz Novruzu çox sevirəm. Onun ailəsinə böyük hörmətim var. Oğlu Cavidanı daha istedadlı və populyar hesab edirəm.

Lakin bu sırada əməkdar artist Aybəniz Haşımova və qızı Aynişanı da qeyd etmək istərdim. Çünki onlar da yetərincə istedadlı və mənim sevimlilərimdirlər.

- Qarşıdan Yeni il gəlir. Bəziləri bayramdan sonra çox şeyin dəyişəcəyini zənn edirlər. “Yeni il yeni həyat deməkdir” və yaxud “sadəcə bir günü yüksək əhval-ruhiyyə ilə qeyd edib, yenidən əvvəlki axarla davam edəcəyik” və s. kimi fikirləşənlər də var. Bəs siz necə düşünürsünüz?

- Yeni ilə artıq sayılı günlər qalıb. Yeni il yeni ümid, arzu, həyat deməkdir. İnsanlar yarımçıq qalan işlərini məhz Yeni ildə görməyi planlaşdırırlar. Hər kəs Yeni ilin ona uğur gətirməsini istəyir.

Və sizin vasitənizlə bütün insanlara arzu edirəm ki, başlarına gələn pis hadisələr ötən ildə qalsın, arzuları çin olsun. Yeni il bizə yenilik gətirsin.

Ən böyük arzum isə budur ki, ölkəmiz müharibə görməsin, şəhid verməsin, daim sülh olsun. 

Bütün subay qızlarımıza ağ gəlinlik qismət olsun, ana olmağın sevincini yaşasınlar. Vətən üçün xeyirli övladlar yetişdirsinlər.

- Karyeranızın ilk günləri və indi: qazandığınız və itirdikləriniz nə oldu?

- Qazandıqlarım çox olub. İlk sualınızda cavablandırdıqlarım və təbii ki, sonsuz tamaşaçı sevgisi. Bunu təvazökarlıqdan uzaq olsa da söyləmək istəyirəm. Sosial şəbəkələrdə daim ünsiyyətdə oluruq. Bunu oradan da hiss edirəm.

Həmkarlarım bəzən məndən soruşurlar ki, nəyə görə sosial şəbəkələrdə sənin haqqında mənfi sözlər yazılmır?

Mən bütün oxuculara, tamaşaçılara sizin vasitənizlə təşəkkür edirəm.

Xalqın gözü tərəzidir. Onların gözəl görən gözlərinə qurban olum.

- Tamaşaçı Lalə aparıcı Lalə Azərtaşda nəyi bəyənmir?

- Əslində, bəyənir. Səhvsiz insan yoxdur, bəzən səhvlərini, qüsurlarını görür, amma xəbər aparıcısı kimi onu bəyənir. Sadəcə aparıcı Lalə Azərtaşa deyərdim ki, bir az kilo vermək lazımdır (gülümsəyir).

- Yeri gəlmişkən, soyadınız çox fərqli, yaddaqalan və diqqətçəkəndir. Bu, valideynlərinizin sizə verdiyi soyaddır, yoxsa efir üçün düşünülüb?

- Soyadım ulu babamın bizə verdiyi ailə soyadıdır. İllərdir ki, bu soyadı böyük qürur hissi ilə daşıyırıq. Mən soyadımı çox sevirəm. Addımlarımın əksəriyyətini soyadıma görə atıram.

İnsan adı üçün çalışır. Bəzi insanlar mənə deyirlər ki, efirdə olduğun ilk gündən soyadın sənin üçün çalışmağa başladı.

Mənim babam siyasi mühacir olub. O zaman Cənubi Azərbaycandan buraya köçüb. Münasibətlərin gərgin olduğu dövrdə çətinliklərə baxmayaraq, bu soyadı götürüb, qoruyub saxlayıb və beləliklə, nəsildən-nəsilə ötürülüb.

Azərtaş sözünün mənası “Azər” azərbaycanlı, “taş” isə türk ad sonluğu deməkdir.

- Sosial şəbəkədə sizi izləyirəm və aydın olur ki, səyahəti çox sevir, boş vaxt tapan kimi Azərbaycanın turizm şəhərlərinə, qonşu Türkiyəyə yollanırsınız. Səyahət zamanı sizi ən çox təəccübləndirən nə olub?

- İstər Azərbaycanın dilbər guşələrinə, istərsə də digər ölkələrə olsun, səyahəti çox sevirəm. Bəli, daha çox Türkiyəyə yollanıram. Orada əmimin və bacımın ailəsi yaşayır, onlarla birlikdə gəzintiyə çıxıram. Hər şeydən zövq almağı bacarıram.

Təəccüblü hallara gəldikdə isə çalışıram ki, hər şeyin ən yaxşısını görüb-götürüm.

- Bizim vasitəmizlə sizi anlamayan həmkarlarınıza nə söyləmək istərdiniz?

- Məni anlamayan həmkarımın olduğunu düşünmürəm və yaxud varsa mən rastlaşmamışam.

- Samirə Mustafayeva, Tamilla Şirinova, Aytən Səfərəliyeva. Bu üç şəxsin adı çəkiləndə ağlınıza gələn ilk kəlmə hansıdır?

- Gözəl, baxımlı həmkarlar.

- Oxu.Az-ın oxucusu kimi bizə söyləmək istədiyiniz hansı tənqid və təklifləriniz var?

- İki ilə yaxındır ki, sizin daimi oxucunuzam. Çox maraqlı bölmələriniz, rubrikalarınız var. Sevə-sevə hər zaman hər birində iştirak edirəm və bundan sonra da etməyə hazıram. Sizə bol-bol oxucu auditoriyası arzu edirəm.

- Təşəkkür edirəm.

Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri