13 
May
2016
17:15
28
421
19341
Virtual karabakh

Novxanıda çimərlik ərazisi hasarlanır – FOTO

13 May, 2016
17:15
19341

Novxanıda çimərlik ərazisi hasarlanır – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dənizi bizə çox görürlər”.

Çimərlik mövsümünün başlamasına az vaxt qalması bəzi işbazları hərəkətə keçirib. Həmin işbazlar ki, Abşeron rayonunun Novxanı qəsəbəsindəki Xəzər dənizinin dövlətə məxsus olan çimərlik ərazisini zəbt etməyə davam edirlər.

Oxu.Az ANS PRESS-ə istinadən bildirir ki, hazırda qəsəbədə, onsuz da, əksər hissəsi bağlanılaraq pullu olan dəniz sahilinin geriyə qalan az hissəsində də divarlar çəkilir.

Təbii sərvətimiz olan Xəzərin sularında çətinliklə istirahətə yer tapanlardan biri də Azad Məmmədovdur

Qəsəbə sakini deyir ki, hazırda demək olar ki, dənizin adıçəkilən sahilində pulsuz çimərlik yoxdur. 

“Qardaş, bilmirəm kimlərdir, amma dənizi bizə çox görürlər. Burada hər yer tutulub! Bəs biz hara gedək indi? Niyə kimlərinsə pul qazanmaq istəyi biz vətəndaşların hüquqlarının pozulması ilə nəticələnməlidir?”

Saytın əməkdaşları ərazidə müşahidə apardığları zaman da indiyə qədər boş qalan, vətəndaşların pulsuz çimərlik kimi istifadə etdikləri ərazilərdə sürətlə tikinti işləri aparıldığının şahidi olublar.

Məsələ ilə bağlı Novxanı kənd icra nümayəndəliyi və bələdiyyəsindən sayta bildirdilər ki, qeyd edilən ərazi onların nəzarətində deyil: 

“Həmin ərazi Sumqayıt Şəhər İcra Hakimiyyətinin, daha dəqiq Corat qəsəbə bələdiyyəsinin sərəncamındadır”.

Corat qəsəbə bələdiyyə sədri Elçin Ədilov açıqlamasında dedi ki, ərazi onların səlahiyyəti dairəsində deyil:

“Qeyd edilən ərazi birbaşa Sumqayıt Şəhər İcra Hakimiyyətinin balansındadır”.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin əməkdaşı Kənan Babayev isə açıqlamasında qeyd edilən ərazidə tikintinin aparılmasından xəbərsiz olduğunu deyir: 

“Konkret olaraq onu deyə bilərəm ki, bizim idarə qeyri-yaşayış sahəsi (istirahət mərkəzi) üçün heç bir sənəd verməyib. Nə verilibsə, sabiq başçının dövründə verilib. Onların da əksəriyyətində tikinti dayanmışdı. Hazırda isə tikintinin aparılmasından məlumatlı deyilik”.

Millət vəkili Vahid Əhmədov deyir ki, bu sahədə vəziyyət çox pisdir:

“Bəziləri dənizin qırağını bütünlüklə hasarlayıblar. Faktiki olaraq insanlar çimərliklərə çıxa bilmirlər. Bilinmir bunlara kimlər icazə verib. Belə addım atan insanlar məsuliyyətə cəlb edilməlidir?”

Vahid Əhmədov deyir ki, bu məsələ tezliklə Milli Məclisdə yenidən müzakirəyə çıxarılacaq: 

“Biz demirik ki, özəl çimərlik olmasın. Ancaq onun yanında pulsuz çimərlik də olmalıdır axı”.

Hüquqşünas Adəm Məmmədov deyir ki, torpağın qanunsuz zəbt edilməsi ilə Cinayət Məcəlləsinin (CM) 188-ci (Torpaq üzərində mülkiyyət hüququnu pozma) maddəsi ilə cinayət məsuliyyəti yaradır.

Xatırladaq ki, Cinayət Məcəlləsinin (CM) 188-ci (Torpaq üzərində mülkiyyət hüququnu pozma) maddəsinin tələbini pozanlar yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri