18 
Mar
2017
16:00
217
74
7463
Virtual karabakh

Bakıda ilk nənələr klubu açılıb

18 Mar, 2017
16:00
7463

Bakıda ilk nənələr klubu açılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Novruz bayramı ərəfəsində “Nənələr sağ olsun!” layihəsinin təqdimatı keçirildi.

“Ailələrin inkişafı üzrə maarifləndirmə“ ictimai birliyinin tərkibinə daxil olan “Active Mom’s Club” Novruz bayramı ərəfəsində bizim sevimli nənələrimizə həsr edilmiş “Nənələr sağ olsun!”sosial fotolayihəsini təqdim etdi. 

Layihədə  7 gözəl qadın - 7 mütəxəssis, iştirak edirdi, onların arasında şairə, xoreoqraf, ictimai xadim, pedaqoq, təşkilatçı, ssenarist və aktrisa var idi. Nənələr layihədə öz nəvələri ilə birlikdə iştirak etdilər. 

Layihə ondan bəhs edir ki, nənə - təkcə həyatı ev işləri və qayğıları ilə məhdudlaşan ailə üzvü deyil, ətrafdakılar tərəfindən hörmət edilən insandır, onun xidmətləri ilə  uşaqları və nəvələri fəxr edə bilərlər. 

Layihənin əsas məqsədi nənələrə ailənin həyatında əhəmiyyətli və mühüm olduqlarını göstərməkdir. Nənələrin – ailə ənənələrinin qoruyucularının - olduğu yerdə nəsillər arasındakı əlaqələndrici halqa, qohumlar arasındakı əlaqə heç zaman qırılmır.   

“Nənələr – öz yaşlarında gözəldirlər, qüvvə və yaradıcılıq enerjisi ilə doludurlar, onlar – ailənin ayrılmaz hissəsidirlər. Bu layihə ilə biz, sadəcə mövcud olduqları, yanımızda olduqları və hər zaman anaları və nəvələrini dəstəkləməyə hazır olduqları üçün nənələrə öz təşəkkürümüzü bildirmək istəyirik. Fotolayihənin qəhrəmanlarına baxdıqda anlayırsan ki, çox illər adlamış bu insanlar öz yaşlarında gözəl və özlərinə arxayındırlar”, - layihə təşkilatçiları belə deyirlər.

Məhz nənə uşağın həyatında mühüm rol oynayır, valideynlər məşğul olduqları üçün onların köməyinə gəlir və uşağın qayğılarını öz üzərinə götürür. Nənələr təkcə öz övladlarını deyil, nəvələrini də böyüdüb və tərbiyə ediblər.

Bu layihənin üzərində ideyanın müəllifi – Ruqiyyə Əşrəfli, fotoqraf – Rüfət Abbas, səhnəarxası fotoqraf – Anna Süleymanova çiyin – çiyinə çalışmışlar

“Active Mom’s Club” həmçinin, layihədə iştirak etmiş, öz dəyərli vaxtlarını sərf edərək hamıya müsbət emosiyalar bəxş etmiş nənələrə və nəvələrəöz dərin minnətdarlığını bildirir. Hamını qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edirik. 

Fotolayihəni diqqətinə çatdırırıq:    

«Nəvəm – mənim xoşbəxtlik payımdır» Foto

Təranə Muradova –  Azərbaycanın xalq artisti, Dövlət Rəqs ansamblının solisti, Bakı xoreoqrafiya akademiyasının beynəlxalq münasibətlər üzrə prorektorudur, bir yaşında bircə nəvəsi var. 

“İşimlə əlaqədar olaraq həftələrlə evdə olmurdum, demək olar ki, uşaqlarımın uşaqlığını ötürmüşəm. İndi, nəvəm böyüyür və mən öz uşaqlarım üçün buraxdığım o vaxtın və iştirakın əvəzini doldurmağa çalışıram: - işdən sonra nəvəmin yanına tələsirəm, sadəcə bir məqsədlə – onu qucaqlamaq, onunla daha çox vaxt keçirmək üçün. O, mənim xoşbəxtlik payımdır”. 

"Hər zaman nəvələrimə məsləhətim və işimlə kömək etməyə çalışıram”

Gülarə Teymurova– ictimai xadim, fəlsəfə doktoru, Azərbaycan Texniki universitetinin dosenti, Azərbaycanın əməkdar müəllimi. Gənclərlə iş onun vaxtının çox hissəsini təşkil edir. Üç uşaq böyüdüb, beş nəvəsi var – iki oğlan, üç qız, nəvələrindən birinin bu yaxınlarda bir ayı tamam olacaq. 

“Bizim sarsılmaz bir ənənəmiz var  – hər həftənin bazar ertəsi,  "Valideyn günündə",  uşaqlarım və nəvələrim bizim evə şam yeməyinə toplaşırlar. Bu söhbət dolu axşamlar – ailəmizdə ən  səmimi və mehriban axşamlardır, evdə səs - küy var – böyüklər söhbət edir, uşaqlar oynayır, qabaqcadan hazırladıqları nömrələrlə çıxış edirlər: mahnı oxuyur, rəqs edir, şeir deyir, fortepianoda ifa edirlər. Mən öz nəvələrimi çox sevirəm, onlara dəyər verir və onlarla fəxr edirəm. Çox zaman onlarla ünsiyyətdə oluram, onların inkişafına nəzarət edirəm, onları istiqamətləndirirəm – bəzən məsləhətlə, bəzən də konkret işlə. Onlar böyüyüb layiqli insanlar olmalıdırlar, axı onlar – Azərbaycanın gələcəyidirlər. Nəvələrim bilirlər ki, harada olsam da və nə qədər məşğul olsam da, mən hər  zaman onların köməyinə gələcəyəm.
Nəvələri Maqsud, Səfiyə, Sara, Miray, Selin:

“Bəxtimiz gətirib ki, bu cür nənəmiz var, o, gözəl, şən, ağıllı, idmançı bir qadındır; biz onu çox sevirik və ona can sağlığı arzu edirik. Onunla darıxmırıq, o, hər zaman həyatımızda baş verən hadisələrdən xəbərdardır. Həm də ki, o, çox dadlı yeməklər bişirir”. 

“Nənə sevgisi təmənnasız və sərhədsizdir”

Rəxşəndə Cabbarzadə, fizika – riyaziyyat elmləri doktoru, yazıçılıq fəaliyyəti ilə məşğuldur, əsərləri Azərbaycanda və xaricdə nəşr olunur, dörd nəvəsi var. Çəkilişlərə nəvəsi Əzizə ilə gəlib. 

“Düşünürdüm ki, pensiyaya çıxıb heç olmasa bir az dincələrəm. Sən saydığını say, gör fələk nə sayır, vaxt gözləmir, indi işlədiyim dövrlə müqayisədə mənim vaxtım daha az, planlarım isə daha çoxdur. İşimlə yanaşı, nəvələrimlə də zaman keçirməyə çalışıram. Yaş keçdikdə anlayıram ki, uşaq üçün diqqət, səbr və sərhəd tanımayan sevgi çox önəmlidir. Nənə sevgisi təmənnasızdır. Nənə olmaq – yenidən sevmək, oynamaq, anlamaq, dəstək olmaq üçün çox gözəl bir imkandır”. 

Nəvəsi Əzizə Həşimli, 15 yaşı var, Əzim Əzimzadə adına Rəssamlıq məktəbində oxuyur, xarici dilləri öyrənir, gitarada ifa edir, şəkil çəkir, rəssam olmağa hazırlaşır.

“Mənim nənəm – ağıllı və sağlamdüşüncəli bir insandır, onunla birlikdə olmaq mənə maraqlıdır, danışmağa hər zaman mövzu tapılır, biz hətta siyasətdən də danışırıq. Ədalət naminə deyim ki, bu və ya digər məsələlərə baxışlarımız heç də hər zaman üst-üstə düşmür, lakin buna baxmayaraq biz bir – birimizin fikirlərinə hörmətlə yanaşırıq. Onu sevirəm və hörmət edirəm”. 

“Valideynlər  və nənələr  - uşağın həyatında başlıca müəllimlərdir»

Səriyyə Məmmədova–elmlər namizədi, Azərbaycanın və Rusiyanın Yazıçılar ittifaqının üzvü,  Beynəlmiləl Yazıçılar İttifaqının üzvü, publisistika üzrə Moskva mükafatı laureatıdır, əsərləri “Proza.ru” saytında dərc olunur, dörd nəvəsi var. 

“Hər bir uşaq olduqca fərdidir. O, öz həyatını yaşamalı, öz yolunu keçməlidir. Uşaqla böyük və anlaqlı insanla olduğu kimi ünsiyyətdə olmaq və onu başa salmaq lazımdır. Bu zaman o, daha sürətlə inkişaf edəcək, onun leksikonunda söz bazası artacaqdır. Valideynlər və nənə uşağın həyatında ən birinci və başlıca müəllimlərdir, buna görə də onların yüksək mənəvi, intellektual və mədəni inkişaf səviyyəsi olmalıdır”. 

Nəvələri Emiliya, Camina, Səriyə, Rauf, Cavad:

“Bizim nənəmiz çox ağıllı, mehriban, qohumlara və yaxınlara qarşı çox diqqətlidir, lakin eyni zamanda o, ciddi və ədalətlidir. Əgər iradını bildirirsə, deməli buna səbəb var. Onun evi hər zaman səliqəlidir, masanın üzərində isə bizi hər zaman hazır yemək gözləyir.  

O, ailəmizin ən dəyərli insanıdır – biz onu çox sevirik”.

«Nənələr valideynlərdən daha təcrübəli, daha müdrik və daha səbrlidirlər”

İradə Bağırzadə, kino prodüseri, ssenarist, yaradıcılıq fəaliyyəti ilə məşğuldur: filmlərə ssenari yazır, onlara prodüserlik edir,nəvələri ilə vaxt keçirməyi də unutmur. İki nəvəsi böyüyür – bir qız və bir oğlan. 

“Mən hesab edirəm ki, nənələr – ailə müdrikliyinin mənbələridirlər, biz öz təcrübəmizi nəvələrimizə ötürürük, ənənələri onlara öyrədirik, ailə tarixçəsindən hadisələr danışırıq. Bütün bunlar çox mühüm və dəyərlidir. Məhz nənə istənilən anda nəvəsinin köməyinə gəlməyə hazırdır, nənə və babalar, adətən,valideynlərə nisbətən daha təcrübəli, daha müdrik və daha səbrlidirlər. Nəvələrimlə ünsiyyətdə olarkən, onların uşaq təəssüratlarını sonadək dinləməyə, saysız-hesabsız suallarına cavab verməyə, onların sevdiyi və ya inandığı insan olmağa çalışıram. 

Nəvəsi Xədicə Bağırzadə, İradə xanımın böyük nəvəsidir, məktəblidir, rəssamlıqla məşğul olur, insanları xilas etmək – həkim olmaq arzusundadır. 

“Mənim nənəm ən yaxşı, mehriban və gözəldir, bir də ki... o, çox dadlı yeməklər bişirir. Mənim ən çox sevdiyim şokoladlı tortu heç kim onun kimi bişirə bilmir. Sevgi, qayğı və  mehribanlığına görə ona minnətdaram”.

"Nəvələrimlə birlikdə həyatımın ən parlaq və sevincli anlarını yaşayıram"

Yaqut Seyidova - Milli Konservatoriyanın dosentidir,Milli konservatoriyanın konsert fəaliyyətinə rəhbərlik edir. Konservatoriyada 40 ildən artıq çalışmışdır. İki qızı və üç nəvəsi var. 

“Nəvələrimi sevirəm və onları çox əzizləyirəm, onlar sanki mənim azadlığımın ruhudurlar. Onlarla mən uşaqlıq illərinə qayıdıram, həmin illərin parlaq və xoş anlarını yenidən yaşayıram. Hər bazar günü biz Mərdəkandakı bağ evimizə ailəvi şam yeməyinə yığışırıq. Bu – mənim üçün çox önəmlidir.  Ailəvi yemək məclisləri – planlarla bölüşmək, məsləhət almaq, şikayətlənmək və uğurlarla öyünmək üçün yaxşı imkandır. Lakin ən əsası, bütün ailənin süfrə arxasında toplaşması ənənəsi – ailədə əminlik bəxş edir". 

Nəvələri Leyla- İsabel, Cəlal, Maqsud 

“Nənəmiz çox gözəl, ağıllı və pozitiv, qonaqpərvərdir. Biz onunla vaxtımızı şən və hay-küylü keçiririk. Biz nənəmizlə birlikdə  düşbərə, blinlər bişirir, bağda ağaclar əkir, velosiped sürür, yastıq döyüşü keçiririk. Nənəmiz şən və mehribandır, hər şeyə görə ona minnətdarıq!"

“Nəvələrim sayəsində mən ayaqdayam və təslim olmuram”

Afaq Bəşirqızı – Xalq artisti, Azərbaycan Dövlət Musiqili teatrının aktrisasıdır. Çəkilişlərinin və teatrda məşqlərinin çox olmasına baxmayaraq, iki gözəl oğlan nəvəsi olan Afaq xanım, layihədə iştirak etmək üçün vaxt tapdı. O, çəkilişə hər iki nəvəsi ilə gəlmişdi.

“Nəvələrimə qarşı olan sevgim hədsiz - hüdudsuzdur, mən onlar üçün yaşayıram, onlarla nəfəs alıram.  Onlar – mənim həyatımın mənasıdırlar, mənə dəstək və güc verirlər. Son illər mənim sağlamlığımda problemlər yaranıb, lakin nəvələrim sayəsində ayaqdayam və təslim olmuram. Ürəyimdə arzu edirəm ki, onların böyüyüb necə yaxşı bir insan olduqlarını görüm. Onlar uğurlu insanlar olacaqlar, mən bundan əminəm. Onlar mənim xasiyyətimi öz aralarında bölüşüblər : mən onlara mərdlik, düzlük, cəsurluq, habelə istənilən çətinliklərə və müsibətlərə qarşı mübarizə aparmaq bacarığı və dözümlülük bəxş edə bilmişəm”. 

Nəvələri Bəşir və Əhmədpaşa

“Biz nənəmizlə fəxr edirik və onu çox sevirik. Onu təkcə nənəmiz kimi deyil, həm də güclü bir şəxsiyyət kimi sevirik. Onun iştirak etdiyi bütün tamaşa və filmlərə dəfələrlə baxmışıq, onların arasında ən çox “Bəxt üzüyünü” sevirik. Nənəmizə, ilk növbədə, möhkəm can sağlığı, uzun və xoşbəxt bir ömür arzu edirik”.

Bu gözəl layihədə iştirak etdiyinə görə hər kəsə minnətdarlığımızı bildiririk.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri