21 
Apr
2017
19:39
43
555
20697
Virtual karabakh

Nazirlikdən ATV ilə bağlı yayılan görüntülərə sərt reaksiya – VİDEO + YENİLƏNİB

“ATV kanalında efirə getməyən görüntü necə saytlarda yayımlanıb?”

Oxu.Az xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında Gənclər və İdman nazirliyinin mətbuat katibi Səmayə Məmmədova söyləyib.

O, “İdeya Qazandı!” verilişi ilə bağlı yayımlanan görüntülərin 2013-cü ilə aid olduğunu və bu kadrların efirə getmədiyini deyib:

“Televiziya işini bilən hər kəs bilir ki, əgər hansısa bir kadr efirdə yayımlanarsa o zaman o kanalın loqosu kadrda öz əksini tapmalıdır. Bu görüntülərdə isə loqo yoxdur. Deməli, kadr efirə verilməyib. Digər bir maraqlı məqam isə bu görüntülərin 2013-cü ilə aid olmasıdır. Maraqlı sual ortaya çıxır. Niyə məhz indi bu görüntülər ortaya çıxır?”.

Nazirlik rəsmisi efirə getməyən görüntülərin saytlarda yayımlanmasına ATV-nin aydınlıq gətirməli olduğunu deyib:

“ATV kanalında efirə getməyən görüntü necə saytlarda yayımlanıb? Bu sualı kanala ünvanlamaq yaxşı olardı”.

S.Məmmədova sözügedən layihənin gənclər üçün önəmini xüsusi vurğulayıb: “Nazirlik bu layihəyə dəstək olur və bu layihə bu günə kimi onlarla Azərbaycan gəncinin ideyalarını reallaşdırıb. Nazirlik kiminsə efirdə hərəkətlərinə nəzarət edə bilməz”.

17:25

“ATV-də efirə getdiyi deyilən videoda ciddi qanun pozuntusu halı yoxdur”.

Oxu.Az xəbər verir ki, bu sözləri ATV-də yayımlanan ”İdeya qazandı” verilişində münsiflərin öz ideyasını təqdim edən gəncə gülmələri və onu lağa qoymaları barədə yayılan videonu Kult.az-a şərh edən MTRŞ-ın Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

O, videoda baş verənlərin qanun pozuntusu olmadığını da bildirib:

“Həmin videonun efirə gedib-getmədiyi də bilinmir. Çünki kanalın loqosu videoda əksini tapmayıb. Onu da demək lazımdır ki, “İdeya qazandı” verilişi kifayət qədər orijinal layihədir. Belə layihələr gənclərə dəstək olur. Bu layihədə xırda bir məqamı qabardıb layihəni gözdən salmaq olmaz. Bu mənada burada dramatikləşdiriləcək hal yoxdur”.

Qeyd edək ki, “İdeya qazandı” verilişi ilə bağlı yayılan videoda öz ideyasını təqdim edən gəncə münsiflərin gülməsi, gənci ələ salmaqları birmənalı qarşılanmayıb.


A.S.
www.oxu.az

Digər Cəmiyyət xəbərləri