25 
Apr
2017
13:15
57
19
2679
Virtual karabakh

Azərbaycanlı vikipediyaçılardan maraqlı təşəbbüs

25 Apr, 2017
13:15
2679

Azərbaycanlı vikipediyaçılardan maraqlı təşəbbüs

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vikipediyanın Mərkəzi və Şərqi Avropa dillərindəki 29 dil layihəsində “Vikibahar” məqalə müsabiqəsi keçirilir.

“Azərbaycan vikimediaçıları istifadəçi qrupu”nun rəhbəri Elgün Atalıyevin Oxu.Az-a verdiyi məlumata görə, müsabiqənin qrafikinə uyğun olaraq bu həftə Azərbaycana həsr olunub.

Üçüncü il ard-arda keçirilən bu ənənəvi müsabiqə 21 mart – 31 may tarixlərini əhatə edir və hər həftə bir neçə ölkə haqda məqalələr yaradılır. Müsabiqənin məqsədi bu ölkələrin vikipediyaçıları arasında əlaqələri möhkəmləndirmək və region ölkələrinin bir-birini daha yaxşı tanımasına vasitəçilik etməkdir.

Müsabiqənin sonunda hər bir ölkə üzrə qaliblər beynəlxalq təşkilatçılar tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Amma əvvəlki müsabiqələrdən fərqli olaraq, bu il “Azərbaycan vikimediaçıları istifadəçi qrupu”nun təşəbbüsü ilə Azərbaycan haqda digər dillərdə ən çox məqalə yazan istifadəçilər də ayrıca mükafatlandırılacaq. Elgün Atalıyev bildirdi ki, bu hal müsabiqənin tarixində ilk dəfədir və bu ənənənin əsasını qoymaqla “Azərbaycan vikimediaçıları istifadəçi qrupu” həm müsabiqəni canlandırmağa, həm də öz həmkarlarının diqqətini Azərbaycana çəkməyə çalışırlar.

“Azərbaycan vikimediaçıları istifadəçi qrupu” 2014-cü ildə Bakı şəhərində bir qrup aktiv vikipediyaçı tərəfindən qurulub və Vikipediyanı idarə edən “Vikimedia Fondu” (Wikimedia Foundation) tərəfindən Vikipediyada Azərbaycan dilində məzmunun artırılmasına çalışan və Azərbaycanda Vikipediyanı təbliğ edən aktiv istifadəçilər qrupu kimi rəsmi tanınıb.

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri