16 
İyn
2017
23:27
49
261
13880
Virtual karabakh

Fuad Musayev vəfat edib

16 İyn, 2017
23:27
13880

Fuad Musayev vəfat edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA-nın ilk prezidenti Fuad Musayev vəfat edib.

Oxu.Az-ın xəbərinə görə, məlumatı APA-ya AFFA-nın keçmiş baş katibi, futbol veteranı Çingiz İsmayılov verib.

Çingiz İsmayılovun sözlərinə görə, Fuad Musayev Estoniyada müalicədə olunub. Müalicəsini başa vuran keçmiş AFFA prezidenti Bakıya qayıdırmış. Yolüstü Moskvaya gedən Fuad Musayevin vəziyyəti pisləşib və xəstəxanaya aparılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.

Fuad Musayevin nəşi sabah Bakıya gətiriləcək.

Fuad Musayev 11 yanvar 1938-ci ildə Bakıda anadan olub. Atası Şuşadan, anası Gəncədəndir. 12 yaşından idmanla məşğul olub. 1952-ci ildən futbol və voleybol oynamağa başlayıb.

1977-ci ildə Dövlət Planlaşdırma Komitəsində sədrin 1-ci müavini təyin olunub. Elə həmin ildə də Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib və 1995-ci ilə kimi deputat mandatını daşıyıb. Fuad Musayev 1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini, Mərkəzi Komitənin tikinti üzrə katibi vəzifələrində çalışıb.

O, 1983-cü ildən 1988-ci ilə kimi Bakı şəhər Partiya Komitəsinin I katibi vəzifəsində işləyib.

1990-cı ildə Mərkəzi Komitənin iqtisadiyyat, tikinti və təsərrüfat üzrə katibi olub.

Azərbaycan Respublikası müstəqillik əldə edəndən sonra Fuad Musayev Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının ilk prezidenti seçilib və uzun müddət AFFA-ya rəhbərlik edib.

Bir oğlu, bir qızı, dörd nəvəsi var. Oğlu Tofiq Musayev hazırda Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavinidir.

S.B.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri