25 
İyl
2013
09:31
17
1
3653
Virtual karabakh

Bəhram Bağırzadə: Azərbaycanda bir çox universitetlər bağlanmalıdır

“Nə üçün azərbaycanlıların saçları belə qaradır?”.

Aktyor və rejissor, “Parni iz Baku” KVN komandasının ən parlaq iştirakçısı Bəhram Bağırzadə həm şən, həm də qəmgin, həm ironiyalı, həm də ciddi ola bilər. Lakin bununla belə o, daim ağıllı və diqqətli olaraq qalır.

Tətil mövsümünə baxmayaraq, Bəhram yorulmadan çalışmağa davam edir.
 
Oxu.Az xəbər verir ki, xalqın sevimlisi Vesti.Az-ın müxbiri ilə sürətli müsahibədə həm kədəri, həm ironiyanı və əlbəttə ki, köhnə Bakı üçün necə darıxdığını təqdim edə bildi. Axı o, bakılıdır, əbədi bakılı...

- Bəhram, siz nə üçün hesab edirsiniz ki, bugünkü Bakı şəhəri Sizin Bakı deyil? 

- Mən olmayan şəhərin xatirələri ilə yaşayıram! Bakı dəyişə bilər, gözəlləşə bilər. Lakin qəlbi yoxdur! Təəssüf ki, köhnə bakılılar nəslinin nümayəndələrini get-gedə daha az görürsən. Allah hamısına rəhmət eləsin! 

- Hər il siz atanıza daha çox oxşamağa başlayırsınız. Xarici görünüşdən başqa Arif müəllimdən sizə nə keçib?

- Atamın vəfatından beş il ötür, mən tez-tez “Allah ona rəhmət eləsin!” cümləsini təkrarlayıram. Yalnız indi, özüm ata olandan sonra mənim atamın nə hisslər keçirdiyini, mənim üçün necə həyəcanlı anlar yaşadığını anlayıram. Onun həyatdan getməsi ilə mən bir növ divardan, dayaqdan məhrum oldum. Hər dəfə problemlə qarşılaşanda mən bu vəziyyətdə atamın nə edəcəyini düşünməyə başlayıram. Biz onunla xasiyyət baxımından bir-birimizə oxşayırıq. 

- Siz fotoşəkillərin çəkilməsi ilə maraqlanırsınız. Deyirlər sizin böyük şəkil kolleksiyanız var. Fotoincəsənətə olan bu sevgi haradandır?  

- Kolleksiya məndə yox, Gürcüstanın Dövlət arxivindədir. Bu fotoşəkillər Mişona, Breqadzeyə, Yermakova və başqalarına məxsusdur. Məndə pul olan kimi (əlbəttə, hər şey Allahın iradəsindən asılıdır, mən bütün fotoşəkilləri alacam və öz şəhərimə bağışlayacam. Mən Bakıda fotoşəkil muzeyinin olmasını arzulayıram. 

- Bəhram Bağırzadə “kepkalı oğlana” necə çevrildi? 

- Çoxları köynəkdə doğulur, mən isə kepkada (gülür). 

- Bu gün bizim nə üçün əsəbi olmağımız barədə düşünməmisiniz? 

- Şəhərdə həddən artıq çox adamın olmasındadır səbəb! Bakı buna hazır deyildi. Hətta şəhərin kanalizasiya sistemi də bununla bağlı “haray” çəkir. 

- Öz vaxtında KVN (Şən və Hazırcavablar Klubu – red.) Azərbaycanın ətrafındakı informasiya blokadasının yarılmasında mühüm rol oynadı. Sizin fikrinizcə, bu gün əldə olunmuş nailiyyətləri saxlamaq və ölkəni, onun mədəniyyəti və regiondakı əhəmiyyətini daha geniş təbliğ etmək üçün nə etmək olar?  

- Bir çox universitet və institutları bağlamaq, istedadlı gəncləri oxumaq üçün xaricə göndərmək, Azərbaycanda texniki peşə təhsili məktəbləri açmaq. Sizi inandırıram, nəticələri artıq bir neçə ildən sonra görəcəyik. Əcnəbilər özləri Azərbaycana can atacaqlar! 

- Ötən müsahibədə siz, bu gün hər kəsin bir-birinə “atmasından” şikayətlənirdiniz. Bəs insanlar nə vaxt bunu etməyə son qoyacaqlar? 

- “Atanşiklər” üçün xüsusi həbsxana inşa etdikdən sonra. 

- Və sonuncu. Bəhram Bağırzadə hansı zarafatla özünə təskinlik verir? 

- Nə üçün azərbaycanlıların saçları belə qaradır? İşıqlı başlarını (yəni, ağıllı – red.) gizlətmək üçün. Daha bir lətifə danışa bilərəm.  

- Mənmuniyyətlə qulaq asaram. 

- İki hacı müqəddəs Ramazan ayında bilyard oynayırlar. Biri o birisindən soruşur ki “bəs nədən oynayacağıq?”. İkinci cavab verir: “İftardan”.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri