20 
Noy
2017
16:38
123
30
1951
Virtual karabakh

Brüsseldə Qarabağ forumu keçirilir – FOTO

20 Noy, 2017
16:38
1951

Brüsseldə Qarabağ forumu keçirilir – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 20-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Belçika Krallığının Brüssel şəhərində "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda beynəlxalq forum öz işinə başlayıb.

Diasporla İş Üzrə Dövlət Komitəsindən Oxu.Az-a verilən məlumata görə, forumun işində Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin deputatları, Avropa Parlamentinin, habelə Avropa ölkələri parlamentlərinin üzvləri, separatizmdən əziyyət çəkən bir sıra ölkələrin deputatları, siyasətçiləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olan bir sıra ölkələrin sabiq prezidentləri, ictimai-siyasi xadimləri, Avropadakı Azərbaycan diaspor təşkilatlarının  rəhbərləri, elm xadimləri və KİV nümayəndələrindən ibarət 200 nəfərə yaxın nümayəndə iştirak edir.

Forumun  “Yeni dünya düzənində separatizm dalğası: Problemi necə həll etməli?  Separatizmə məruz qalmış ölkələrin təcrübəsi” adlanan ilk panelində toplantı haqqında məlumat verən Beynəlxalq və Avropa məsələləri üzrə İrlandiya İnstitutunun nümayəndəsi,  Ukraynada rezident əlaqələndiricisi, səfir Fransis Martin Odonel toplantının təşkilatçılarına minnətdarlığını bildirib. O, separatizmin müasir dünyanın ən aktual problemlərindən biri olduğunu vurğulayaraq bir çox ölkələrin bu problemdən əziyyət çəkdiyini qeyd edib. F.M.Odonel Azərbaycanın da separatizmdən əziyyət çəkən ölkələrdən biri olduğunu diqqətə çatdıraraq, ölkəmizin bu mövzu ilə bağlı mövqeyini ifadə etmək üçün sözü Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova verib.

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi forumun mövzusunun olduqca aktual olduğunu vurğulayaraq, Avropa Birliyi, Şimali Afrika, Orta Şərq və Cənub-Şərqi Avropa ölkələrini birləşdirən Aralıq dənizi hövzəsində beynəlxalq terrorizm və etnik separatizm kimi təhlükəli meyillərin doğurduğu böhrandan çıxış yollarının tapılmasının zəruriliyini diqqətə çatdırıb. “Müasir dövrdə dünyada etnik separatizm meyillərinin güclənməsi regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərən mühüm amillərdən biridir. Hazırda dünyada 220 milyon nəfərdən çox əhalini, 12,7 milyon kv.kilometr ərazini əhatə edən 50-dən çox separatizm ocağı mövcuddur. Etnik separatizm nəticəsində yaranan münaqişələrin 20-sindən çoxu hərbi toqquşmalarla müşayiət olunur” – deyə Ə.Həsənov bildirib.

Etnik separtizmin geniş bir coğrafiyada yayıldığını qeyd edən Ə.Həsənov BMT, ATƏT və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatların etnik separatizmə qarşı qətiyyətli mübarizə aparmasının vacib olduğunu vurğulayıb. O, beynəlxalq münasibətlər sistemində hökm sürən “ikili standartlar” siyasətinin etnik separatçılığa qarşı qətiyyətli və prinsipial mübarizə aparılmasına maneə yaratdığını deyib.

“Bu sahədə mövcud olan problemlərin çətinliyini Ermənistanın etnik təmizləmə və işğalçılıq siyastinə məruz qalmış Azərbaycan daha yaxından anlayır. Hələ 1918-ci ildə Azərbaycan Xalq cümhuriyyəti özünün dövlət müstəqilliyini elan etdiyi dövrdə erməni separatizmi ilə üz-üzə qaldı. Keçmiş SSRİ dövründə ermənilərin Azərbaycana qarşı separatçı hərəkətləri fəal fazadan nisbətən közərən münaqişə fazasına keçdi”, deyə Ə.Həsənov  vurğulayıb.

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi Xocalı soyqırımı barədə danışaraq, Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyinə diqqəti çəkib. “Erməni separatçılarının Ermənistanın dəstəyi ilə Azərbaycanın ərazisində yaratdığı qondarma “Dağlıq Qarabağ” rejimi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Təəssüf ki bu məsələyə münasibətdə BMT başda olmaqla, beynəlxalq hüquq prinsipləri təmin etmək missiyası yerinə yetirdiyini iddia edən təşkilatlar, eləcə də dünyanın aparıcı dövlətləri seyrçi mövqe tutmaqda davam edir. Azərbaycan dünya birliyini Dağlıq Qarabağ münaqişəsinin regionda törədə biləcəyi təhlükələr haqqında xəbərdarlıq edərək, qəti şəkildə praktiki addımlar atmağa və Ermənistanı işğalçılıq siyasətindən çəkindirməyə çağırır” deyə bildirən Ə.Həsənov təcavüzkarın qarşısı alınmazsa, beynəlxalq dairələrin dünyada sülhün və sabitliyin bərqərar edilməsinə yönəlmiş səylərinin nəticəsiz qalacağını qeyd edib.

Azərbaycanın mədəniyyətlərarası dialoqa mühüm önəm verdiyini vuğrulayan Ə.Həsənov bəşəriyyətin mütərəqqi inkişafını bu amillərsiz təsəvvür etməyin çox çətin olduğunu deyib. O, Azərbaycanın “Avropa qonşuluq siyasəti”, “Şərq tərəfdaşlığı” kimi proqramlar, o cümlədən vətəndaş cəmiyyəti quruculuğu prosesində gördüyü işlərin Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Azərbaycan Prezidentinin köməkçisi ölkəmizin iştirakı ilə həyata keçirilən qlobal iqtisadi layihələrin əhəmiyyətinə diqqəti çəkərək bir sıra regionlarda sülhyaratma proseslərinin fəal iştirakçısı olduğunu bildirib. “Hazırda Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar prosesi davam edir. İnanıram ki sazişin imzalanması tərəflər arasında siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər sahələrdə genişmiqyaslı əməkdaşlığın möhkəmlənməsi üçün əlverişli imkanlar yaradacaqdır”, deyə bildirən Ə.Həsənov qeyd edib ki, Aİ-nin işğalçı dövlətə qarşı sərt mövqedən çıxış etməsinin bu qurumla Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirən növbəti mühüm faktorlardan biri ola bilər.

Forum işini davam etdirir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri