11 
Yan
2018
15:12
16
175
9292
Virtual karabakh

İntihar günü

11 Yan, 2018
15:12
9292

İntihar günü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 8-də 1995-ci il təvəllüdlü iki gənc – Lerik rayon sakini Malik Cahangirov və Gəncə sakini Rəşad Mustafazadə Bakıda intihar etdi.

Birincisi Sahilyanı parkın ərazisində özünü dənizdə boğaraq həyatına son qoydu, digəri isə “Ulduz” metrostansiyasında özünü qatarın altına atdı.

Bu faciələr bizi ölkəmizdə müntəzəm hal alan intihar hadisələri ilə bağlı məsələyə yenidən toxunmağa vadar etdi.

Görəsən, həyatları hələ qabaqda olan gəncləri intihara sövq edən nədir?

Psixiki sağlamlıq sferasının mütəxəssisləri intihara özünəqəzəb və yardıma çağırış aktı kimi baxır. Statistikaya baxsaq, intihar 15-29 yaşlı gənclər arasında ölüm səbəblərinə görə ikinci yerdə gəlir. İntihara cəhd edən insanların üçdə bir hissəsi yenidən bu addımı atır, başqaları isə öz “arzularına” çatana qədər bu səyləri davam etdirir.

Məsələ ilə bağlı fikir öyrənmək üçün bir neçə mütəxəssisə müraciət etdik.

“Alliance Clinic”in həkimi, psixiatr Əziz Mustafayev:

“Gəncləri intihara təhrik edən səbəblər müxtəlif ola bilər – psixoloji, sosial, ailə problemləri. Elə risk qrupları var ki, orada intihar ehtimalı daha yüksəkdir. Məsələn, 15-44 yaşlarında olan insanlar arasında intihar halları daha tez-tez baş verir. Ailə vəziyyəti də mühüm meyarlardan sayılır, belə ki, subay, boşanmış, dul qalmış insanlarda intihar riski yüksək olur.

Risk qrupuna əvvəllər həyatına son qoymağa cəhd etmiş insanları da daxil etmək olar.

Həyat tərzində baş verən kəskin dəyişikliklər, məsələn, yaxınların və əzizlərin vəfatı, işdən qovulma, yaşayış yerinin dəyişdirilməsi kimi hallar insanı intihara təhrik edə bilər. Ağır həyat şəraiti də mühüm faktorlardandır.

Həmçinin intiharın əsas səbəblərindən biri də qeyri-ənənəvi cinsi oritentasiya, daha dəqiq desək, bu insanlara olan münasibət və digər sosial faktorlara görə cəmiyyətin və ailələrin onları qəbul etməməsidir. Bu qrupda yüksək depressiya və digər psixiki pozuntular müşahidə olunur.

Alkoqolizm və narkomaniya da intihara təhrik edə bilər.

Həmçinin insan sağlamlığı ilə bağlı problemləri - ciddi somatik və psixiki xəstəliklər, məsələn, epilepsiya, insult, kəllə-beyin travması, demensiya, onkologiya, psixiki pozuntular, məsələn, depressiya, şizofreniya; həyəcanlı pozuntular, məsələn, nevrozlar, psixopatiya, xüsusilə şəxsiyyətin asosial pozuntularını da intihar risklərinə aid etmək olar.

İntihara, eyni zamanda, keçmişdə ailədə baş vermiş intihar hadisələri də təkan verə bilər.

İntiharın xroniki adlandırılan passiv forması da var. Belə hallarda insanlar ciddi xəstəliklərin, məsələn, diabet və hipertoniyanın müalicəsindən imtina edir.

Bir çox hallarda həmin şəxslərin yaxınları və ailə üzvləri qorxulu əlamətləri öncədən aşkar edir: intihara hazırlaşan insanların təxminən üçdə bir hissəsi, adətən, bu barədə planlarını qabaqcadan elan edir, bu və ya digər hərəkətlər və sözlərlə intihar planına eyham vurur.

Hər hansı şəxsin intihar barədə düşünməsi ilə bağlı ən kiçik şübhə yarandıqda belə, həmin şəxsi mütləq şəkildə psixiatr müayinə etməlidir”.

Həştərxan Dövlət Texniki Universitetinin Sosiologiya və Psixiologiya kafedrasının dosenti, psixologiya üzrə elmlər namizədi Leyla Fursi:

“Hər bir intiharın dərin kökləri olur. Ancaq ümumi götürdükdə, Yeni ildən sonra intiharların sayında kəskin artım müşahidə olunur. Yeni ildən sonrakı intiharların səbəbləri aşağıdakı faktorlardan qaynaqlana bilər.

- Yeni il ərəfəsində  bir qayda olaraq insanlar son 12 ayı necə keçirdiklərinə qısa nəzər salır, arzu tutur, növbəti il üçün qarşıya məqsədlər qoyur. İnsan məqsədlərin, hədəflərin böyük hissəsinin “əlçatmaz” olduğunu anladıqda, onun arzuları ilə reallıq arasında uçurum yaranır, koqnitiv və digər qəbildən olan dissonans meydana gəlir,  bu isə həmin şəxsi intihara sövq edə bilər.

- Yeni il  - insanların ailənin ətrafında keçirdiyi bayramdır. İnsanlar istər-istəməz kifayət qədər uzun müddət “ailə daxilində” ailə problemlərinin və dramlarının iştirakçısını və müşahidəçisinə çevrilir. Bayramın yaxınlaşması, bayram təlaşı və bəzi hallarda bayram eyforiyası ailə münaqişəsini daha da kəskinləşdirə bilir, bu da öz yerində intihar cəhdlərinə yol aça bilir.  

- Tənha insanlar Yeni il bayramı ərzində - söhbət xüsusilə “iş düşgünlərindən” gedir - özlərini daha tənha hiss etməyə başlayır. Həmçinin başqa bir bayağı səbəb bayram sonrası intoksikasiya ola bilər. Ancaq bu, daha çox intihar cəhdinin katalizatoru rolu oynayır.

İntiharın ən başlıca səbəbi – depressiyadır. Müəyyən olunub ki,  həyatlarına son qoymuş insanların 90 faizi ölüm anına qədər bu və ya digər psixiki xəstəliklərdən, hətta çox vaxt ağır formada təzahür edən xəstəliklərdən əziyyət çəkib. Ən geniş yayılmış psixiki pozuntu depressiyadır, ona görə də məhz depressiyanı suisidal davranışların əsas mənbəyi hesab etmək lazımdır.

İntihar əhval-ruhiyyəsinin formalaşmasında əsas faktor - müxtəlif formalı psixiki xəstəliklərin (depressiya, biopolyar pozuntular, şizofreniya) işə düşməsidir, ona görə də belə hallarda  psixoterapevtin və ya psixiatrın vaxtında məsələyə müdaxilə etməsi, həmin şəxsin həyatını xilas edə bilər.

Nəzərə almaq lazımdır ki, depressiyanın formalaşmasının səbəbləri bir sıra faktorlardan, o cümlədən irsi meyillərdən qaynaqlana bilər. Əvvəllər intihar davranışları nümayiş etdirməyən, birdən-birə həyatına son qoymuş şəxsin depressiyadan əziyyət çəkdiyi istisna edilmir. Ona görə də ictimaiyyətin diqqətini iş yerlərində suisidal davranışların profilaktikasına yönəltmək lazımdır. “Etibar telefonu” və “təcili psixoloji yardım” yazıları – bütün ictimai yerlərdə gözə dəyməlidir.

Aliyə İsmayılzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri