13 
Fev
2018
22:00
275
18
4400
Virtual karabakh

ADR–100: Müstəqilliyin ilk ayı

13 Fev, 2018
22:00
4400

ADR–100: Müstəqilliyin ilk ayı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş, “ADR–100” layihəsi çərçivəsində silsilə məqalələrin yayımını davam etdirir.

Şərqin ilk demokratik respublikasının fəaliyyətinin birinci ayına işıq salan, layihəmizin üçüncü məqaləsini təqdim edirik:

İstiqlal bəyannaməsinin təsdiqindən sonra atılan ilk addım aşağıdakı tərkibdə Nazirlər Kabinetinin təsdiqlənməsi ilə bağlı qərar oldu:

Nazirlər şurasının sədri və daxili işlər naziri – Fətəli xan Xoyski;

Hərbi nazir – Xosrov Paşa bəy Sultanov

Xarici işlər naziri – Məmməd Həsən Hacınski

Maliyyə və xalq maarif naziri – Nəsib bəy Usubbəyov

Ədliyyə naziri – Xəlil bəy Xasməmmədov

Ticarət və sənaye naziri – Məmməd Yusif Cəfərov

Əkinçilik və əmək naziri – Əkbər Ağa Şeyxülislamov

Yollar, poçt və teleqraf naziri – Xudadat bəy Məlik Aslanov

Dövlət-nəzarətçisi – Camo bəy Hacınski

Mayın 30-da F.Xoyski 17 dövlətin paytaxtına Azərbaycanın müstəqil respublika elan olunması barədə məlumat göndərdi. Yeni hökumətin ilk addımlarından biri 4 iyun 1918-ci ildə Batumidə Türkiyə ilə Azərbaycan arasına dostluq müqaviləsinin bağlanması oldu.

Türkiyə tərəfdən sənədi ədliyyə naziri Xəlil bəy və Osmanlı imperiyasının Qafqaz cəbhələrinin baş komandanı Vəhib paşa, Azərbaycan tərəfdən isə M.H.Hacınski və Mili Şuranın sədri Məmməd Əmin Rəsulzadə imzaladı.

Müqavilənin 4-cü maddəsinə əsasən, Türkiyə Azərbaycan hökumətinə hərbi yardım göstərməyi öhdəsinə götürürdü.

Bu arada, Gəncəyə (həmin illərdə Yelizavetpol adlanırdı – red.) türk təlimatçılarının axını davam edirdi. Mayın 25-də şəhərə Nuru paşa təşrif buyurdu, növbəti günlərdə isə şəhər və şəhərətrafı ərazilərə 300 zabit gəldi.

İyunun ortalarında Yelizavetpol ətrafında Qafqaz İslam Ordusunun əsas hissəsi formalaşdı. Onlar sonrakı döyüşlərdə iştirak etdi.

Bu ərəfədə Tiflisdə ilk beynəlxalq münaqişə meydana gəldi. İyunun 14-də M.H.Hacinski Gürcüstan Xarici İşlər Nazirliyinə nota göndərdi. O, Gürcüstan qoşunları və alman birləşmələrinin müsəlmanların sıx yaşadığı Borçalı, Tiflis və Siqnax qəzalarında olan hərbi hissələrdən çıxarılmasını tələb etdi. Qəza sakinləri dəfələrlə öz nümayəndələri vasitəsilə Azərbaycan Respublikasının tərkibinə daxil olmaq istədiklərini bildirmişdilər.

M.H.Hacinski notanı Yelizavetpolda olarkən yazmışdı, ancaq Azərbaycan Milli Şurası o dönəmdə Tiflisdə yerləşdirdi. Gürcüstan hökuməti notaya cavab olaraq, Milli Şuranın Tiflisi tərk etməsini tələb etdi və bunun üçün onlara 24 saat vaxt verdi. İyunun 16-da Şura Tiflisdən Yelizavetpola köçürüldü.

Yelizavetpola köçər-köçməz yeni problemlər ortaya çıxdı. İlk növbədə, Şuranın şəhərdəki statusu ilə bağlı ortaq məxrəcə gələ bilmədilər. M.Ə.Rəsulzadə, F.X.Xoyski və M.H.Hacinskidən ibarət Milli Şura nümayəndə heyətinin Nuru paşa ilə vəziyyətdən çıxış yolunu müzakirə etmək cəhdləri boşa çıxdı.

O, “əsgər olduğu və siyasətdən başı çıxmadığını” bildirərək, nümayəndə heyətini mülki məsələlər üzrə müşaviri Əhməd bəy Ağayevə yönləndirdi. Ağayev bildirdi ki, xalq Milli Şuranı dəstəkləmir və üsyan baş versə, türklər onları müdafiə etməyəcək.

Çətin keçən danışıqlardan sonra tərəflər razılığa gəldi. Razılaşmaya görə, Milli Şura buraxılır, yeni hökumət qurulur və Şuranın səlahiyyətləri ona ötürür.

İyunun 17-də Milli Şuranın sonuncu iclası keçirildi. M.Ə.Rəsulzadə çıxışında bildirirdi: “Vətənpərvərlikdən imtina etmirik, ancaq siyasət naminə siyasətdən vaz keçməliyik”.

Daha radikal nitqlər də dinlənildi. Məsələn, M.Y.Cəfərov deyirdi: “Azadlığımızı əlimizdən almaq üçün bizi Tiflisdən bura çağırıblar”.

Üzvlərin radikal münasibətinə rəğmən, yekunda Milli Şuranın buraxılması və yeni hökumətin qurulması haqqında qərar qəbul olundu. Yeni hökumətin qurulması F.Xoyskiyə tapşırıldı. Hökumətin yeni tərkibi təsdiqləndi:

Baş nazir və ədliyyə naziri – F.X.Xoyski

Xarici işlər naziri – M.H.Hacinski

Daxili işlər naziri – B.Cavanşir

Maliyyə naziri – A.Əmircanov

Yollar naziri – Xudadat bəy Məlik Aslanov

Ticarət və sənaye naziri – A.Aşurov

Xalq maarifi və dini məsələlər üzrə nazir – N.Usubbəyov

Əkinçilik naziri – X.Sultanov

Səhiyyə və sosial təminat naziri – X.Rəfibəyov

Portfelsiz nazirlər – A.M.Topçubaşov, M.Rəfiyev, X.Xasməmmədov

Göründüyü kimi, Şura hərbi nazirlikdən imtina etməyə məcbur oldu, belə ki, bütün hərbi məsələlər Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun sərəncamına verildi. Ordunun tərkibində A.Şıxlinskinin başçılıq etdiyi müsəlman korpusu mövcud idi.

Bu qərardan dərhal sonra hökumət Sülh Konfransında iştirak etmək üçün M.Ə.Rəsulzadə, Xəlil bəy Xasməmmədov, Aslan bəy Səfikürdskidən ibarət nümayəndə heyətinin İstanbula göndərilməsi haqqında qərar qəbul etdi.

Hökumətin qurulmasından iki gün sonra dövlət ərazisində hərbi vəziyyətin elan edilməsi haqqında sərəncam verildi.

İyunun 23-də hərbi vəziyyət haqqında sərəncam qüvvəyə mindi. İyunun 26-da Müsəlman Korpusunun adının Əlahiddə Azərbaycan Korpusuna dəyişdirilməsi haqqında qərar təsdiqləndi.

Hərbi hakimiyyətlə bağlı münaqişə, demək olar ki, həllini tapdı və tədricən hökumətin cavabdeh olduğu daxili siyasətin formalaşdırılması prosesinə başlanıldı.

Dövlət atributları ilə bağlı məsələnin həlli prioritet idi. İyunun 21-də qırmızı parçadan hazırlanmış, üzərində qırmızı fonda ağ aypara və ağ səkkizguşəli ulduz olan ilk respublika bayrağı qəbul olundu. İyunun 27-də hökumətin qərarı ilə Azərbaycan dili dövlət dili elan edildi.

Qərar qəbul olunarkən hökumət üzvləri bildirdi ki, “bütün məhkəmə, inzibati və digər vəzifələr Azərbaycan dilində səlis danışıb-yazan və savadlı olan şəxslərlə əvəzlənənə kimi, hökumət qurumlarında rus dilindən istifadəyə imkan veriləcək”.

Ardınca hökumət iqtisadiyyatın dirçəldilməsi ilə bağlı qərarlar qəbul etdi. Ölkə ərazisində hökm sürən hərc-mərclik hökuməti aclıq və epidemiya təhlükəsi ilə üz-üzə qoymuşdu. Üstəlik, hökumət Osmanlı qoşunlarını da ərzaqla təchiz etməli idi.

Bu məqsədlə mal-qaranın və gündəlik tələbat mallarının (19 iyun), şərabın, çörəyin, ərzaq məhsullarının (22 iyun), pambıq, ipək, yun, metalın (24-27 iyun) ölkə xaricinə çıxarılmasına qadağa qoyulması haqqında qərar qəbul olundu.

Qadağanı pozanlara 10 min rubl dəyərində cərimə və ya 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacağı bildirildi. Bir vətəndaşın əldə edə biləcəyi azuqə normaları təsbit olundu.

Cənubi Qafqaz Seyminin torpaq islahatları ilə bağlı qərarı ləğv edildi. Bu, mübahisəli məsələlərdən biri idi. Hökumət torpaq islahatlarını daha münasib vaxta – “Təsis yığıncağının çağırışına” qədər təxirə salmağa qərar verdi.

Qəraradək artıq əksər kəndlilər mülkədar torpaqlarını zəbt etmişdi. Ona görə qərarda “həm sahibkarlara, həm də dövlətə aid torpaqların zəbt olunması hallarının aradan qaldırılmasının vacibliyi” qeyd olunurdu.

Ölkə büdcəsinə müəyyən gəlir gətirən “torpaq pulu” məsələsi gündəmə gəlmişdi. Büdcə gəlirlərini artırmaq məqsədilə şəraba aksiz vergisinin tətbiqi ilə bağlı qərar qəbul olundu. Valyuta mübadiləsinin böyüdüyünü nəzərə alaraq, hökumət sabit valyuta məzənnəsini təsdiq etdi (20 rubl = 1 lirə).

Nəyahət, Cənubi Qafqaz Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin Qazaxa köçürülməsi məsələsi həllini tapdı. İyunun 22-də hökumət əmlakın Qazaxa daşınması üçün Firudin bəy Köçərliyə beş min rubl ayırdı.

Həmin ayın sonunda isə “Zaqatala diyarının əhalisinin xahişi ilə” Zaqatala cümhuriyyətin tərkibinə daxil edildi və nazirliklərin tərkibi təsdiqləndi.

Qərara görə, nazirlikdə nazir və onun müavinindən başqa, azı bir katib, bir kargüzar, iki yazar və bir çapar olmalı idi”.

Əlimərdan bəy Ələkbər oğlu Topçubaşov

(1863-1934)

Əlimərdan bəy Tobçubaşov 4 may 1863-cü ildə, Tiflisdə anadan olub. 1884-cü ildə Tiflisdə şəhər gimnaziyasını bitirib və Sankt-Peterburq İmperator Universitetinin tarix-filologiya fakültəsinə (Qafqaza ayrılan təqaüdlə) daxil olub.

İlk semestrdən sonra təqaüddən imtina edib və hüquq fakültəsinə keçib. 1888-ci ildə təhsilini tamamlayaraq, hüquq elmləri namizədi elmi dərəcəsini alıb.

Əvvəl sülh məhkəməsində hakim köməkçisi, daha sonra diyar məhkəməsinin katibi və Tiflis mərzçəkmə məktəbinin müəllimi vəzifələrində çalışıb.

1896-cı ildə Bakıya köçərək, andlı vəkil vəzifəsinə işə düzəlib. Bu vəzifədə əldə etdiyi uğurlar onun əhali arasında nüfuzunun artmasına səbəb olub.

1897-ci ildə Bakıda nəşr olunan “Kaspi” qəzetinin redaktoru olub və 1917-ci ilin ortalarına kimi bu vəzifədə qalıb. Müxtəlif illərdə “Bakı” və “Həyat” qəzetlərinin redaktoru vəzifəsində çalışıb.

Dəfələrlə Bakı şəhər Dumasına seçilib, şəhər məktəb komissiyası, Mariya Qadın Gimnaziyasının, Bakı Ticarət Məktəbinin və Bakı Müsəlman Qadın Məktəbinin qəyyumluq şurasının üzvü olub.

Müsəlmanların Bakıdakı nüfuzlu nümayəndəsi kimi I Ümumrusiya Müsəlmanları Qurultayında (avqust 1905, Nijni Novqorod), II Ümumrusiya Müsəlmanları Qurultayında (yanvar 1906, Peterburq) və III Ümumrusiya Müsəlmanları Qurultayında (16 avqust 1906, Nijni Novqorod) iştirak edib, “İttifaq-əl Müslimin” partiyasının mərkəzi komitəsinin sədri seçilib. Siyasi baxışlarına görə o dönəmdə kadetlərə yaxın olub.

1906-cı ildə məhz Kadetlər Partiyasından I Dövlət Dumasına (Bakı quberniyasından) üzv seçilib. Dumada o, solçular fraksiyasına meyil  edib.

I çağırış Dumanın buraxılmasından sonra 180 deputat, o cümlədən Topçubaşov “Vıborq manifestini” imzalayaraq, vətəndaşları dövlətə qarşı itaətsizliyə – vergi ödəməkdən və hərbi xidmətə getməkdən imtina etməyə çağırıb.

Manifesti imzalayan digər deputatlar kimi, Topçubaşov da üç ay müddətinə həbs edilib və Dövlət Dumasına deputat seçilmək hüququndan məhrum edilib.

Elə həmin il o, ermənilərlə müsəlmanların barışıq prosesində fəal iştirak edib, Erməni-Müsəlman işləri üzrə Qafqaz Canişinliyinin erməni-müsəlman barışıq qurultayının iştirakçısı olub.

Parlamentə seçilmək hüququndan məhrum edilməsinə baxmayaraq, Dövlət Dumasının II və III çağırışlarında müsəlman fraksiyalarına yaxından kömək göstərib.

Fevral inqilabından sonra yenidən siyasi fəaliyyətə başlayıb. Vahid Rusiyanın qorunub-saxlanılmasını və Təsis Yığıncağının çağırılmasını dəstəkləyib.

M.H.Hacinskidən sonra Müsəlman Milli Komitəsinin rəhbəri olub. Qafqaz Müsəlman Qurultayının (sədri olub) və I Ümumrusiya Müsəlmanları Qurultayının işində fəal iştirak edib, Rusiyanın federativ quruluşunun qorunub-saxlanılmasını dəstəkləyib.

Topçubaşov Bakı şəhəri və onun rayonlarının ictimai təşkilatları komitəsinə başçılıq edib. Həm dövlətin paytaxtı, həm də Bakıda keçirilən müsəlman toplantılarında dəfələrlə iştirak edib. 1917-ci ilin sonunda Təsis Yığıncağına üzv seçilsə də, Moskvaya gedə bilməyib.

Cənubi Qafqaz Seyminə üzv olmasına baxmayaraq, uzun müddət, təxminən may ayına kimi Bakıda yaşayıb. Mart hadisələrindən sonra bolşeviklərlə aparılan danışıqlarda aktiv iştirak edib. Dəfələrlə bolşeviklər tərəfindən saxlanılıb və yalnız mayın sonunda Bakını tərk edərək, Gəncəyə yollanıb.

Azərbaycan Respublikasının Gürcüstan, Ermənistan və Osmanlı imperiyasındakı fövqəladə səfiri təyin olunub. İstanbulda olarkən  xarici işlər naziri vəzifəsinə təyinat alıb, dekabrın 7-də isə qiyabi olaraq Azərbaycan Demokratik Cümhuriyyəti parlamentinin sədri seçilib.

1919-cu ilin yanvar ayından Paris Milli Konfransında Azərbaycan nümayəndə heyətinə başçılıq edib.

23 avqust 1918-ci ildə Azərbaycanı tərk etdikdən sonra bir daha vətənə geri dönməyib. O, Azərbaycanda sovet hakimiyyətini qəbul etməyib, Cenevrə və Lozanna konfranslarında iştirak edərək, Azərbaycanın Qızıl Ordu tərəfindən işğalı məsələsini önə çəkib.

14 iyul 1934-cü ildə Topçubaşov Rəsulzadə ilə birgə Azərbaycan adından Qafqaz Konfederasiyasının (Azərbaycan, Gürcüstan, Şimali Qafqaz) yaradılması haqqında pakt imzalayıb.

Topçubaşov 8 noyabr 1934-cü ildə, Parisdə dünyasını dəyişib.

Toğrul Maşallı
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri