11 
Fev
2018
15:30
356
28
4741
Virtual karabakh

ADR–100: 1918-ci il, İstiqlal Bəyannaməsinə hazırlıq

Oxu.Az Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş, “ADR–100” layihəsi çərçivəsində silsilə məqalələrin yayımını davam etdirir.

Təqdim etdiyimiz növbəti – ikinci məqalədə İstiqlal Bəyannaməsinin qəbulunaqədərki siyasi proses, dövrün ictimai-siyasi mənzərəsi öz əskini tapıb:

1917-ci ildən fərqli olaraq, 1918-ci il əvvəlcədən yaxşı heç nə vəd etmirdi. İl Bakıda Fəhlə və Əsgər Deputatlarının Bakı şurasının iclası ilə başladı. İclasa toplaşan partiya nümayəndələri ali hakimiyyəti hansı orqanın həyata keçirməli olduğu barədə mübahisə edirdilər.

Nəhayət, iki həftəlik müzakirələrdən sonra ortaq məxrəcə gəlmək – alternativ olmadığı üçün Bakı şurasını şəhərdə müvəqqəti ali hakimiyyət kimi qəbul etmək qərara alındı.

Şuranı idarə etmək üçün 24 nəfərdən ibarət yeni İcraiyyə Komitəsi seçildi. Onlar arasındakı azərbaycanlılar: İsrafilbəyov (bolşevik), A. Bayramov (sol eser), Vəlikov və Məmmədov-Əli (hər ikisi – “Müsavat”).

İcraiyyə Komitəsi və müvafiq olaraq, şəhərə isə P. Caparidze başçılıq etməyə başladı. Yeri gəlmişkən, Bakıda paralel olaraq, şəhər komissarı (icra qüvvələrinin rəhbəri) S. Ter-Qabrielyan, quberniya komissarı İ. Qaydarov (Zaqafqaziya Komissarlığı tərəfindən təyin olunmuşdu) və şəhər başçısı P. F. İlyuşkin fəaliyyət göstərirdilər.

Demək olar ki, eyni vaxtda Zaqafqaziya Komissarlığının göstərişlərinə əsasən, milli hissələrin formalaşdırılmasına başladı. Müsəlman (və ya Azərbaycan) korpusuna Əliağa Şıxlinski rəhbərlik edirdi. İlk vaxtlar Şıxlinski böyük uğurlar qazana bilmədi. Bəzi məlumatlara görə, müstəqilliyin elan olunması tarixinə korpusda 800-dən bir qədər çox adam xidmət edirdi.

Şıxlinskinin özünün fikrincə, başlanğıcda bu, əsasən, “tör-töküntü” idi. Korpusun bəzi hissələri ilk döyüş təcrübələrini artıq 7-9 yanvar (yeni tarixlə 20-22 yanvar) tarixində aldılar.

Zaqafqaziya Komissarlığının göstərişlərinə əsasən, milli hissələr Türkiyə və İran müharibə cəbhələrindən qayıdan hərbi hissələrin tərk-silah olunması hesabına silahlanmalı idilər. İlk vaxtlar tərk-silah olunma prosesi kifayət qədər uğurla gedirdi. Bütün ölkə üzrə yerli qarnizonlar silahlarını atıb vətənlərinə qayıdırdılar. Lakin gec-tez bu, təxribatlara gətirməli idi.

Xaçmazda və Lənkəranda böyük qurbanlar olmasa da, Şamxorda (indiki Şəmkir – red.) hərbi eşelonlar və müsəlman korpusunun yerli hissələri, o cümlədən ətraf kəndlərdən gələn könüllülər arasında əsl döyüşlər gedirdi.

Nəticə olaraq, üçü hərbi, biri sərnişin, biri poçt olmaqla, beş qatar yandırıldı. Bolşeviklər iki min nəfərin xəsarət aldığını deyir, Bakı şəhər Dumasında 55 ölən və yüzlərlə yaralı barədə məlumat yayılırdı. Gəncə Müsəlman Komitəsi də böyük qurbanlar haqqında (ən azı 15 yerli sakin) xəbər yaymışdı.

Bu və ya digər dərəcədə, tərəflər razılaşırdılar ki, qurbanların sayı çox olub. Aparılan təhqiqatlara baxmayaraq, təxribatda günahkar qismində birinci atəşlə öldürülmüş poruçik Abxazava göstərildi. Müsəlman korpusu isə nəticə olaraq, 15 min tüfəng və 20 top əldə etdi.

Demək olar ki, eyni vaxtda, Qazax qəzasının ərazisində, Şamxor və Gədəbəydə kəndli üsyanları başlandı. Yüz minlərlə desyatin (1 desyatin – 1,45 ha) kəndlilərə keçdi, 80-ə yaxın mülkədar və onların ailə üzvləri öldürüldü. Bunlar Bakı Şurası və Zaqafqaziya Komissarlığı arasında münasibətlərin tam kəsilməsinə səbəb oldu.

Bu arada, Bakıda tədricən aclıq hiss olunmağa başladı. Şimali Qafqazda gedən proseslər nəticəsində Bakı üçün taxıl daşıyan bir çox qatarlar saxlanılmışdı. Azərbaycanın şimalında da vəziyyət qeyri-müəyyən idi. Muğanda yerləşən sərhəd qoşunları isə bolşeviklərin hakimiyyətini tanımırdılar. Bakıda gərginlik artırdı.

Beynəlxalq münasibətlər də vəziyyətin yaxşılaşmasına təsir göstərmədi. Belə ki, hələ 23 dekabr 1917-ci ildə Böyük Britaniya və Fransa nüfuz dairələrini bölüşdürmüşdülər. Böyük Britaniya Şimali Qafqaz, Zaqafqaziya və Kürdüstanı almışdı.

Türkiyə bu bölüşdürmə ilə razılaşmaq niyyətində deyildi, ona görə də, artıq fevralın 12-də cəbhə xəttini keçdi və hücuma başladı. Bir neçə gün ərzində türk qoşunları Ərzincan, Bayburt, Trapezundu ələ keçirdilər. Hadisələr millətlərarası münasibətlərin kəskinləşməsinə səbəb oldu, çünki azərbaycanlıları türklərə meyilli olmaqda ittiham edirdilər.

Zaqafqaziya üzrə vahid siyasət yürütmək üçün Zaqafqaziya Komissarlığı Təsisçi məclisə seçilmiş deputatların iştirakilə Zaqafqaziya Seymini çağırmaq barədə qərar qəbul etdi. Müəyyən olunmuş nisbətlərə əsasən, nümayəndə heyətləri bir qədər genişləndirilmişdi. İndi müsəlman deputatlarının sayı 44 oldu (133 nəfərdən). Onların hamısı birlikdə Seymin müsəlman fraksiyasını təmsil edirdilər.

Müsəlman fraksiyasının üzvlərinin siyahısını təqdim edirik:

“Müsavat” və “partiyasızlar” demokratik qrupu:

1) Məmməd Əmin Rəsulzadə

2) Əlimərdan bəy Topçubaşov

3) Fətəli xan Xoyski

4) Nəsib bəy Yusifbəyli

5) Həsən bəy Ağayev

6) Doktor Xosrov bəy Sultanov Paşa bəy oğlu

7) Məmmədhəsən Hacınski

8) Mir Hidayət Seyidov

9) Məmməd Yusif Cəfərov

10) Xəlil bəy Xasməmmədov

11) Qazi Əhməd bəy Məhəmmədbəyov

12) Aslan bəy Qardaşov

13) Şəfi bəy Rüstəmbəyov

14) Cavad Məlik-Yeqanov

15) Mustafa Mahmudov

16) Mirbağır Hacıbababəyov

17) Hacı Molla Səlim Axundzadə

18) Mehti bəy Hacınski

19) Xudadat bəy Məlik-Aslanov

20) Müsaib Əxicanov

21) Lütfəli bəy Behbudov

22) Firudin bəy Köçərli

23) İbrahim ağa Vəkilov

24) Həmid bəy Şaxtaxtinski

25) Rəhim Vəkilov

26) Əliəsgər bəy Mahmudbəyov

27) Yusif əfəndi Əfəndizadə

28) Mircə Cəlal Yusifzadə

29) Məmmədrza ağa Vəkilov

30) İslam bəy Qabulov

Müsəlman sosialist bloku:

1) İbrahim bəy Heydərov

2) Əlixan Qantəmir

3) Aslan bəy Səfikürdski

4) Əhməd Cövdət Pepinov

5) Bağır Rzayev

6) Cami Hacınski

7) Məhəmməd Məhərrəmov

“Hümmət” müsəlman sosial-demokrat menşeviklər partiyası:

1) Cəfər Axundov

2) İbrahim Əbilov

3) Əkbər ağa Şeyxülislamov

4) Səməd ağa Ağamalıyev (Ağamalı oğlu)

“Rusiya müsəlmanları” (“İttihad”)

1) Sultan Məcid Qəniyev

2) Mir Yaqub Mehdiyev

3) Heybətqulu Məmmədbəyov

Seym fevralın 23-də öz işinə başladı. Seymin iclaslarında müzakirə olunan əsas məsələlər Türkiyə ilə yeni sülh müqaviləsinin bağlanması və aralarında fəhlə təşkilatları ilə danışıqların yer aldığı (hələ Seymin açılışı günündə Tiflisdə fəhlələrin güclü etiraz aksiyası keçirilmiş və amansızcasına dağıdılmışdı) yerli məsələlər idi.

Azərbaycan nümayəndə heyəti ikinci iclasdan başlayaraq, Seymin işində aktiv iştirak edirdi. Seym 12 martda danışıqların başlayacağı Trabzona göndərmək üçün nümayəndə heyətini seçdi. Müsəlman fraksiyasından nümayəndə heyətinə M. Hacınski, X. Xasməmmədov, İ. Heydərov, M. Y. Mehdiyev və A. Şeyxülislamov daxil oldular. Həm nümayəndə heyəti, həm də seymdə heç bir yekdilliyin olmadığını nəzərə alaraq, gərginlik və Türkiyənin hücumları davam edirdi.

Bu arada, Zaqafqaziyada gərginlik artırdı. Əgər Yelizavetpol (indiki Gəncə) Tiflisin qərarlarına tabe olurdusa, Bakı Şurası Seymin bütün qərarlarını rədd edir və yalnız Moskvadakı Sovet hakimiyyətini tanıyırdı.

Paralel olaraq, onlar öz nüfuzlarını regionlara da yaymağa çalışır və Muğana, Şamaxıya, Qubaya, başqa bölgələrə təbliğatçılarını göndərirdilər. Lakin Bakıda vəziyyət birmənalı deyildi. Hələ martın əvvəlində Bolşeviklər Müsəlman Korpusunun kiçik hissələrinin Bakıdan Lənkərana göndərilməsinə nail oldular.

Müsəlman Milli Şurası və bolşeviklərin məsələləri dinc yolla həll etmək barədə bəyanatlarına baxmayaraq, münasibətlərdə gərginlik artırdı. Elə görünürdü ki, Bakının döyüş meydanına çevrilməsi üçün kiçik qığılcım lazımdır. Bu qığılcımı çox gözləmək lazım gəlmədi.

26 mart 1918-ci ildə general Talışinskinin başçılığı altında Müsəlman Korpusunun 43 zabiti və əsgəri (qeyd etmək lazımdır ki, zabitlərin yalnız bir hissəsi müsəlman idi) “Evelina” paroxodu ilə Lənkərandan Bakıya gəldilər. Onlar Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd Tağıyevin cəsədini gətirmişdilər.

Rəsmi versiyaya görə, o, intihar etmişdi. Üç günlük matəmdən sonra hərbçilər Lənkərana qayıtmalı idilər. Limanda Lənkərana səfərə hazırlaşan bolşevik dəstəsi ilə toqquşdular. Tərəflərdən heç biri silahı yığışdırmağa razı olmadı və atışma başladı.

Hadisə nəticəsində general Talışinski həlak oldu. Yalnız “Hümmət”in müdaxiləsi mənasız qan tökülməsinə son qoydu. Bunun ardınca Bakı Şurasının rəhbərləri gəmiyə üzməyi qadağan etdilər və hərbi qulluqçulara 24 saat ərzində silahları təhvil vermək barədə ultimatum ünvanladılar. Hadisələrin daha da qızışmasının qarşısını almağa cəhd edən divizion hərbçiləri martın 30-da silahları təhvil verməyə razılaşdılar.

Şəhərdən getməyə çalışan azərbaycanlı hərbi qulluqçuların tərk-silah olunması şəhərin müsəlman əhalisinin qəzəbinə səbəb oldu, onlar bunu təhqir kimi qəbul etdilər, çünki tərk-silah olmaq haqqında tələb şəhərdəki digər etnik və partiya silahlı birləşmələrinə aid edilmirdi. Bu vaxta Bakıda erməni milli şurası və “Daşnaksütyun” tərəfindən nəzarət olunan çoxsaylı erməni hərbi birləşmələri də var idi.

Müsəlmanların toplaşdıqları iki əsas yerdə – “İsmailiyyə” və Təzəpirdə eyni vaxtda çoxminlik mitinqlər başladı. Bəzi müsəlman varlıları taxıl (şəhərdə aclıq hiss olunurdu və bir çox müsəlmanlar deyirdilər ki, taxılla ilk növbədə xristian əhalisini təmin edirlər) və silah verməyə hazır idilər.

Mümkün münaqişənin qarşısını almaq üçün, N. Nərimanovun mənzilində M. Ə. Rəsulzadə və S. Şaumyan arasında danışıqlar baş tutdu. Onlar silahların qaytarılması barədə razılığa gəldilər. Şaumyan toqquşmaların olmayacağına söz verdi. Tərəflərdən heç birinin özünü təhqir olunmuş hiss etməmələri üçün Caparidze bütün məsələləri gecə yarı həll etmək təklifini irəli sürdü.

Bir neçə saatdan sonra, təxminən axşam saat 5-də bolşeviklər müsəlman dəstələrinin biri tərəfindən Qırmızı Qvardiyanın süvari dəstəsinin atəşə tutulduğu barədə məlumat aldılar. Müsəlman Milli Komitəsi isə bunun tam əksi olan məlumatlara sahib idi. Nəticə olaraq, indiki Azərbaycan prospekti, İçərişəhər ətrafında, Füzuli meydanında və şəhərin müsəlman-xristian məhəllələrinin kəsişdiyi digər yerlərdə döyüşlər başladı.

Əvvəlcə döyüş Qırmızı Qvardiya və qoçulardan ibarət Müsəlman Milli Komitəsinin qüvvələri arasında gedirdi. Bir müddət matroslar (onların xeyli sayda qüvvəsi, o cümlədən artilleriya və aviasiyası var idi) və erməni milli komitəsi neytrallıqlarını saxlayırdılar. Sonra kimsə şayiə yaydı ki, müsəlmanlar ruslara hücum edirlər və Sentrokaspi (Xəzər donanmasına nəzarət edir və əsasən, ruslardan ibarət idi) şəhərin müsəlman hissələrinə artilleriya atəşi açdı.

Düzdür, matrosların göndərdiyi nümayəndə heyəti rusların sıxışdırılması haqqında məlumatı təsdiqləmədi və atəş dayandı. Lakin ikinci gün, martın 31-də Milli Komitənin qüvvələri darmadağın olunduqdan və danışıqlarda kömək üçün Ə. Topçubaşov və N. Nərimanova müraciət etdiyi vaxt, erməni milli komitəsi və “Daşnaksütyun” işə qarışdı.

Sonuncunun qüvvələri bu döyüşə milli xarakter verdi. Hətta martın 31-dən aprelin 1-ə keçən gecə Müsəlman Milli Komitəsi bolşeviklərin ultimatumunu qəbul etsə də, daşnak qüvvələri atəşi davam etdirirdilər.

Denejkin (eser), doktor Atarbəyov (erməni milli komitəsi), Tağıyev (bolşevik), molla Axundov və matros Kuleşovdan ibarət nümayəndə heyəti şəhəri gəzməli və bütün səngərlərə döyüşlərin dayandırıldığını deməli idi. Lakin ağır yaralanmış Kuleşov istisna olmaqla, bütün nümayəndə heyəti öldürüldü. Ona görə şəhəri P. Caparidze başda olmaqla, silahlı konvoyun iştirakı ilə gəzmək qərara alındı. 

Döyüşləri yalnız “Qars” və “Ərdahan” gəmilərinin şəhərin hələ də iğtişaşlar gedən hissələrinə atəş açması və şəhərdəki 36-cı Türküstan Alayının ultimatumundan sonra dayandırmaq mümkün oldu.  Mart hadisələrinin nəticələri acınacaqlı idi. Vəziyyət həm də onunla qəlizləşirdi ki, daşnak dəstələri bolşeviklərin adı ilə Şamaxı və Qubada da qırğınlar törətmişdilər.

Müxtəlif məlumatlara görə, ölənlərin sayı 3 mindən 12 min nəfərədək təşkil edirdi və əksəriyyəti müsəlmanlar idi. Bu hadisədən sonra bir çox azərbaycanlıların Bakıdan doğma kəndlərinə axını başladı.

Bolşeviklər həm müsəlman, həm də rus əhalisi arasında nüfuzlarını itirdilər. Onun bərpası üçün isə “Hümmət” üzvləri hələ bir neçə ay kəndləri gəzməli və yerli əhalini boşleviklərin dinc planlarına inandırmalı oldular.

Nüfuzlarını itirsələr də, bolşeviklər müəyyən dərəcədə Bakıda ən güclü təşkilat idilər. Yaranmış vəziyyətdə bir çox qəzetlər öz fəaliyyətlərini dayandırdılar (“Baku”, “Açıq söz”) və ya onları bağladılar (“Kaspi”, “Bizim səs”). Mövqelərini möhkəmlədən bolşeviklər Bakı Xalq Komissarları Şurasının yaradılması haqqında qərar qəbul etdilər. O, aprelin 25-də seçildi. Əvvəlcə qurumun tərkibində 10 bolşevik və üç sol eser yer almışdı. Azərbaycanlıları Şurada N. Nərimanov və M. Vəzirov təmsil edirdi.

Bakı hadisələri Zaqafqaziyanın bütün siyasi landşaftına güclü təsir etdi. Belə ki, Xoyski deyirdi, “Bakı məsələsi – bu, Respublikanın ölüm-dirim məsələsidir”. Buna görə də, Seym daim hökuməti dəyişirdi, Türkiyənin təzyiqi altında isə 22 aprel 1918-ci ildə Zaqafqaziya Seyminin genişləndirilmiş iclası çağırıldı və Zaqafqaziya Demokratik Federativ Respublikasının yaradılması haqqında qərar qəbul olundu.

Əsas məqsəd Türkiyə ilə danışıqlar üçün hüquqi əsasın yaradılması idi. Tərəflər danışıqlar apardıqları müddətdə məlum oldu ki, Türkiyənin Rusiyadan almaq istədiyi bütün ərazilər artıq onun nəzarəti altındadır. Ümumiyyətlə, vəziyyət elə həddə çatmışdı ki, Türkiyə ilə birgə danışıqlar barədə heç bir söhbət aparılmırdı. Bütün nümayəndə heyətləri ayrıca danışıqlara başladılar.

Mayın 25-də müsəlman fraksiyasının iclasında X. Məlik-Aslanov bildirdi: “Zaqafqaziya seyminin gürcü sektoru Batumdakı gürcü sülh nümayəndə heyətinin üzvləri ilə gizli danışıqlar aparır və Gürcüstanın ayrılması, müstəqilliyinin elan olunmasına hazırlaşır”.

Həmin günün axşamı isə Seymin sədri Çxeidze və üzvləri Sereteli və Qeqeçkori bildirdilər ki, “zaqafqaziya xalqlarını “müstəqillik” şüarı altında birləşdirmək mümkün olmadı və Zaqafqaziyanın dağılması faktı aydın görünür. Seymin sabahkı iclasında biz Zaqafqaziya respublikasının dağılması faktını təsdiqləyəcəyik”.

Elə həmin gün bəyan olundu ki, “Gürcüstan öz müstəqilliyini elan etsə, bizim tərəfimizdən Azərbaycanın müstəqilliyinin elan olunması bildirilməlidir”.

Mayın 26-da Seymin sonuncu iclası keçirildi. İclas zamanı Azərbaycan və gürcü nümayəndə heyətləri arasında gərgin mübahisələr yaşanırdı, bəzi çıxışlar isə xüsusi emosionallığı ilə fərqlənirdi.

S. Ağamalıoğlu ağsaqqal kimi, gözü yaşlı çıxış edirdi. Buna baxmayaraq, yekun qərarda bildirilirdi:

“Müharibə və sülh məsələlərində müstəqil Zaqafqaziya respublikasını yaratmış xalqların arasında köklü fərqliliklər aşkarlandığı və buna görə də, Zaqafqaziyanın adından danışacaq bir nüfuzlu hakimiyyətin qurulması mümkün olmadığı üçün Seym Zaqafqaziyanın dağılması faktını təsdiqləyir və öz səlahiyyətlərini dayandırır.

Növbəti gün Azərbaycan Müvəqqəti Milli Şurasını yaratmaq barədə qərar qəbul olundu. 28 may tarixində Rusiya imperatorunun Qafqazdakı keçmiş canişininin Tiflisdəki sarayında Azərbaycan Milli Şurasının 26 üzvü Həsən bəy Ağayevin sədrliyi altında iclasa toplaşdılar.

H. Ağayevin məruzəsi, M. Ə. Rəsulzadənin Batumdan teleqramını dinləyən Şura üzvləri müstəqilliyin elan olunması ilə bağlı qızğın müzakirələrə başladılar və Xasməmmədovun (“Azərbaycanın müstəqil respublika elan edilməsinin təcililiyi və təxirəsalınmazlığı haqqında”), Xoyskinin “Yerlərdəki bəzi məsələlərin aydınlaşdırılmasınadək Azərbaycanın müstəqilliyinin elan edilməməsi, əvəzində dövlətlərlə sülh danışıqları aparılması üçün tamhüquqlu Azərbaycan hökuməti qurmaq haqqında”) və digərlərinin məruzələrini dinlədikdən sonra səsvermə keçirildi.

Azərbaycanın müstəqilliyinə aşağıdakı şəxslər səs verdi: H. Ağayev, M. Mahmudov, F. Xoyski, X. Xasməmmədov, N. Yusifbəyli, M. H. Seyidov, A. A. Mahmudbəyov, A. Qardaşov, A. A. Şeyxülislamov, M. Hacıbababəyov, M. Y. Cəfərov, X. Məlik-Aslanov, R. Vəkilov, H. Şaxtaxtinski, F. Köçərli, D. Hacınski, Ş. Rüstəmbəyov, X. Sultanov, M. Məhərrəmov, D. Məlik-Yeqanov və hacı Molla Səlim Axundzadə.

Səsvermə zamanı Cəfər Axundov və Sultan Məlik Qənizadə bitərəf qaldılar.

Məhəmmədhəsən Cəfərqulu oğlu Hacınski

(1875-1931)

M. Hacınski 3 mart 1875-ci ildə Bakıda tacir Cəfərqulu Hacızadə və onun misirli arvadı Fatimənin ailəsində dünyaya göz açıb. Atasının müqavimətinə baxmayaraq, anası 1887-ci ildə oğlunu Bakı Realnı Məktəbinə yazdırır.

Məhəmmədhəsəndə dərhal dəqiq elmlərə həvəs ortaya çıxır. Qohumunun direktoru olduğu “Nərimanov qiraətxanasının” açılmasından sonra o, praktiki olaraq bütün vaxtını orada keçirir. Bir ildən sonra, 1895-ci ildə tam pansionla Peterburq Texnoloji Universitetinə qəbul olmaq haqqında müraciət ünvanlayır və 1902-ci ildə bu ali məktəbi bitirir.

Bakıya qayıtdıqdan sonra o, ailə qurur və Şəmsi Əsədullayevdən onun Moskvadakı neft emalı zavodunda mühəndis işləmək barədə təklif alır. Bir müddət Hacınski Volqa çayı boyunca yerləşən müəssisələrdə nəzarətçi işləyir. Lakin 1903-cü ildə Bakıya qayıdır və dərhal Bakı Şəhər Upravasının memarlıq şöbəsində boş yerə işə götürülür. Tezliklə o, şöbəyə rəhbərliyə başlayır və “Şollar” su kəmərinin çəkilməsində yaxından iştirak edir.

İnqilab (Rusiyada) başlayarkən o, artıq Bakı Upravasının və Bakı Şəhər Dumasının üzvü idi. Lakin bu, ona “Hümmət” təşkilatı, maarifləndirici  “Nicat”, “Nərşi-maarif” təşkilatlarının yaradılmasında iştirak etməyə mane olmadı.

Sonralar o, “Şollar” su kəməri layihəsinin təsdiqlənməsi, bulvarın genişləndirilməsi, başqa bağça və parkların salınmasında iştirak edir. Əbəs yerə deyildi ki, 1912-ci ildə Bakı küçələrinin abadlaşdırılması haqqında kitab məhz onun redaksiyası altında təqdim olunur.

1913-cü ildə o, qısa müddətdə Bakı Şəhər Upravasının başçısı vəzifəsini tutur. Bu müddətdə Hacınski Şirvanşahlar sarayına xüsusi diqqət ayırır, tez-tez sarayın qorunması və restavrasiyası haqqında təkliflər irəli sürür. Hacınskinin təşəbbüsü ilə O. Abuyev və Zivər bəy Əhmədbəyov gələcək restavrasiya üçün müvafiq hazırlıq işlərini aparırlar.

1917-ci ildə M. Hacınski yenidən ölkənin ictimai-siyasi həyatına qayıtdı. Əvvəlcə onu Bakı şəhərinin müsəlman ictimai təşkilatları komitəsinin sədri seçdilər, sonra isə Hacınski Bakıda Qafqaz müsəlmanlarının şurasında və Moskvada Ümumrusiya Müsəlmanları Qurultayında yaxından iştirak etdi.

İyunun 10-da isə Hacınski “Müsavat” partiyasına qoşulmaq barədə ərizə təqdim edir. Partiyanın ilk qurultayında o, “Müsavat” Mərkəzi Komitəsinə üzv seçilir. Sonra həm Zaqafqaziya Komissarlığı, həm də Türkiyə ilə danışıqlarda yaxından iştirak edir. Bakıda Hacınski Təsisçi Məclisin üzvü seçilir və bu, ona Zaqafqaziya Seyminin iclaslarında iştirak hüququ verir. Hacınski müsəlman fraksiyasının aparıcı üzvlərindən biri idi.

Azərbaycanın müstəqilliyinin elan olunmasından sonra xarici işlər naziri qismində ölkənin birinci Nazirlər Kabinetinin tərkibinə daxil olur. O, Rəsulzadə ilə yanaşı, Türkiyə ilə Batum müqaviləsini imzalayan ikinci şəxs olur. İkinci Nazirlər Kabinetində də portfelini saxlayan Hacınski üçüncü kabinetdə artıq maliyyə naziri təyin olunur.

Paris nümayəndə heyətində iştirak etsə də, sonradan Azərbaycana qayıdır və “Müsavat” partiyasının ikinci qurultayında iştirak edir. 1919-cu ilin sonlarında Hacınski yenidən ölkənin xarici işlər naziri, fevralın 18-də isə ticarət, sənaye və ərzaq naziri təyin olunur.

30 mart 1920-ci ildə Nazirlər Kabinetinin istefasından sonra parlament hökumətin formalaşdırılmasını Hacınskiyə tapşırır. O, partiyalarla danışıqlar aparır, bolşeviklərə nazir portfelləri təklif etsə də, onlar rədd cavabı verirlər.

Aprelin 22-də Hacınski hökumət formalaşdırmağın qeyri-mümkünlüyünü açıqlayır. Elə həmin gün o, “Müsavat” partiyasının sıralarını tərk edərək, Azərbaycan Kommunist Partiyasının üzvü olur.

1920-ci illərdə Hacınski xalq təsərrüfatı strukturlarında işləyir. 1922-ci ildə ailəsi ilə birgə Tbilisiyə köçür. Elə orada xalq təsərrüfatı orqanlarında çalışır. 1923-cü ildə “Qosplanın” Zaqafqaziya üzrə sədrinin birinci müavini, 1924-cü ildə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının xarici ticarət komissarı təyin olunur. 1927-ci ildən 30-cu ilədək “Qosplan” komissarının təminat və ticarət üzrə müavini olur.

1930-cu ilin dekabrında onun evində axtarış aparılır, özü isə L. Beriyanın əmri ilə həbs olunur. S. Orconikidzenin dəstəyinə baxmayaraq, Hacınskini buraxmır və dindirməyə davam edirlər. Dindirilməyə dözməyən Hacınski 8 fevral 1931-ci ildə özünü asır. 

Toğrul Maşallı
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri