18 
Fev
2018
21:17
250
23
5084
Virtual karabakh

ADR–100: İlk qələbələr və Bakıya yaxınlaşma

18 Fev, 2018
21:17
5084

ADR–100: İlk qələbələr və Bakıya yaxınlaşma

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş, “ADR–100” layihəsi çərçivəsində silsilə məqalələrin yayımını davam etdirir.

Növbəti məqalədə ADR-in iyul 1918-ci il fəaliyyətinə yer verilib. 

1 iyul, səhər saatlarında, Göyçaydan 5-6 kilometr aralıda Türkiyənin 25-ci batalyonu Göyçaya daxil olmağa çalışan Qafqaz Qırmızı Ordusunun zirehli qatarını məhv etdi.

Bununla Göyçay yaxınlığında dörd gün davam etmiş müharibə başa çatdı. Faktiki olaraq bu, Qafqaz İslam Ordusunun qüvvələri və Qafqaz Qırmızı Ordusu arasında ilk tammiqyaslı döyüş hesab olunur.

Bu məğlubiyyət bolşevik qüvvələrini sarsıtdı və onlar ayın sonuna kimi xaotik şəkildə geri çəkilməyə davam etdi. Qısa vaxt ərzində Nuru paşanın qoşunları Kürdəmir-Ağsu xəttinə çatdı və Şamaxı istiqamətində yola düşdü.

Səksən faizə yaxını ermənilərdən ibarət olan qoşunlar arasında kütləvi fərarilik halları bolşeviklər üçün vəziyyəti daha da qəlizləşdirdi. Şahid ifadələrinə görə, onların çoxu vaxtını Bakı kafelərində keçirməyə və döyüşdənsə, orada qılınc oynatmağa üstünlük verirdi.

Məsələn, iyulun 1-də polkovnik Avetisov bunları yazırdı: “Vəd olunmuş tam döyüşə hazır erməni qüvvələrindən cəbhəyə yalnız 21 nəfər gəlib çatdı ki, elə onlar da ilk atəş səslərindən sonra şəhərə geri qayıtdılar”.

Bununla belə, cəbhə xətti davamlı şəkildə Bakıya doğru yaxınlaşırdı. Belə bir vəziyyət Bakı Xalq Komissarları Sovetini kənardan dəstək axtarmağa məcbur edirdi. İyulun 5-də Biçeraxovun qoşunları cəbhə xəttinə çatdı. Sonuncu, həbs olunmamaq və ya Bakı XKS-dən asılı vəziyyətə düşməmək üçün Bakıdan 75 km aralıda yerləşən Ələtdə dayandı.

Bakını müdafiə edən qoşunlar hər hansı uğur əldə edə bilmədi. Biçexarovun dediyinə görə, iyulun 6-da o, öz kazaklarından ibarət eskadronuna ingilis zirehli maşınının dəstəyilə kəşfiyyat aparmağı əmr etdi. Kəşfiyyat dəstəsi Qızıl Ordu patrulunun qoruduğu körpünü keçdi.

Komandir qeyd edir ki, keçilməz dərə üzərində salınmış körpü geri çəkilmək üçün yeganə yol idi. Kəşfiyyat dəstəsi qoyulan tapşırığı yerinə yetirdi və geri dönməyə başladı. Qayıdan zaman gördülər ki, körpü artıq türklərin nəzarətindədir.

Məlum oldu ki, patrul dəstəsi siyasi toplantıda iştirak etmək üçün postu tərk edib. Belə şəraitdə, təbii ki, Kür üzərindəki bütün keçidlər Qafqaz İslam Ordusunun əlinə keçdi. 

Keçidlər hesabına hər hansı üstünlüyə malik olduqlarına ümid edən Biçexarov döyüşməyin mümkünsüz olduğunu qət etdi və qoşunları Biləcəriyə geri çəkdi. İyulun 25-də bütün postlardan imtina etdi və iyulun 30-da isə fərari və qorxaqlardan ibarət orduya başçılıq etməkdən imtina etdiyini bildərərək, öz qoşunları ilə Dağıstana yollandı.

Bu arada, iyulun 14-də Ağsu və Kürdəmir yaxınlığında artıq döyüşlər gedirdi, iyulun 20-də isə qoşunlar artıq Şamaxıya daxil olmuşdu.

Qızıl Ordunun komandanı Korqanov mövcud situasiyanı “Rəhbər heyətin qorxaqlığı və ingilis təşviqatı” ilə əsaslandırdı. O, dəfələrlə Moskvadan qoşun və silah yardımı göndərməyi xahiş etdi. Petrovun kiçik dəstəsi şəklində göndərilən yardım Bakıya yalnız iyulun sonunda gəlib çatdı.

BakSovetin iyulun 24-də Qızıl Qvardiya əsgələrinə və dənizçilərə etdiyi “vəhşi türklərə qarşı” son nəfəsə kimi döyüşməklə bağlı çağırışa baxmayaraq, artıq şəhər kənarında qızğın döyüşlər gedirdi.

Bu, ingilis qoşunlarının Bakıya dəvət olunması ilə nəticələndi. Bununla bağlı iyulun 25-də Bakı Sovetində cüzi səs üstünlüyü ilə müvafiq qərar qəbul olundu (259 lehinə, 236 əleyhinə). BakSovetin bu qərarına cavab olaraq, XKS tam tərkibdə istefa verdi. Sovet nümayəndələrinin şəhərə başcılıq etmə xahişlərinə baxmayaraq, XKS-nin keçmiş heyəti şəhəri tərk etmək üçün hazırlaşmağa başladı.

İyulun 30-da Dövlət Bankının komissarı Erzikyan, xəzinənin komissarı Arveladze qiymətli əşyaları və pulları (çar və Müvəqqəti hökumətə aid 72 milyon banknot) topladı və onları “Evelin” paroxoduna yüklədi.

Bu arada, Heybət-Şubanı stansiyasında artıq döyüşlər gedirdi. İyulun 29-a keçən gecə Nuru paşanın qoşunları bütün cəbhə boyunca hücuma keçdi, artıq səhər saatlarında onlar şimalda Cəngi, cənubda isə Pirsaat stansiyasını ələ keçirdilər.

İyulun 30-da qoşunlar irəliləməyə davam etdi və artıq Bakıya çatmağa 20 km qaldı. Bu, faktiki olaraq, Bakıda hakimiyyət dəyişikliyinə səbəb oldu. “Sentrokaspi və Fəhlə-Əsgər Deputatları Soveti Müvəqqəti Komitəsinin diktaturası” Bakıda hakimiyyətə gəldi.

Ölkədə Nuru paşa ilə bolşeviklər arasında döyüşlər getdiyi bir vaxtda, başqa proseslər də müşahidə edilirdi. Belə ki, general-mayor Andranik Naxçıvanı tutdu və Naxçıvan qəzasını Rusiya dövlətinin ayrılmaz hissəsi elan etdi.

Şaumyana yardım üçün çoxsaylı müraciətlərinə baxmayaraq, ona kömək gəlmədi. Bu səbəbdən qısa müddət ərzində Naxçıvanı tərk edərək, Zəngəzur, Qarabağ və Naxçıvan ətrafında dolandı, müsəlman kəndlərinin dinc əhalisinə hücumlar təşkil etdi.

Bu arada, ADR hökuməti dövlət quruculuğu ilə bağlı fəaliyyəti davam etdirir və ölkə ərazilərinin genişləndirilməsinə cəhd edirdi. Belə ki, Azərbaycan hökumətinin 9 iyul 1918-ci ildə keçirilən iclasında qəbul olunan qətnamədə Azərbaycan və Qafqaz Dağlıları İttifaqı hökumətlərinin (hər ikisi həmin dönəmdə Yelizavetpolda qərarlaşırdı) birləşməsinin arzuolunan olduğu qeyd edilirdi.

Lakin sonradan prosesin uzun çəkəcəyini nəzərə aldılar və müvəqqəti olaraq silahlı qüvvələrin, xarici siyasətin, dini məsələlər və maliyyə üzrə dövlət orqanlarının birləşdirilməsinə qərar verdilər.

Maliyyə cəhətdən ölkə böyük problemlərlə üz-üzə qalmışdı. Ona görə də iyulun 20-da Azərbaycan, Gürcüstan və Ermənistan arasında bağlanmış sazişə əsasən, 280 milyon rubl məbləğində Cənubi Qafqaz istiqrazlarının emissiyası həyata keçirildi.

Hökumət başçısı F.Xoyski həmin vaxt İstanbulda olan M.Ə.Rəsulzadədən Azərbaycan istiqrazlarının emissiyası ilə bağlı razılığa gəlməyi xahiş edirdi.

Həmin dönəmdə hökumət xərcləri və tədbirlərinin böyük hissəsi hərbçilərə yardımın dayandırılması ilə bağlı idi. 

Ordunun maddi təminatı ilə yanaşı, iyulun 1-də daxili təhlükəsizliyin təmin edilməsi məqsədilə polis əməkdaşları üçün maaşlar, daha sonra hərbçilərə tibbi və sanitar yardım (3 iyul), hərbi çağırış yaşının – 19 yaş müəyyən edilməsi (3 iyul), hədiyyələrin göndərilməsi və naharların təşkili (8 iyul), buraxılış günləri, hərbi tibb məntəqəsinin yaradılması (13 iyul) təsdiq olundu.

Paralel olaraq, iqtisadi siyasət həyata keçirilirdi. Dəri (4 iyul) və sirkənin (6 iyul) ölkə hüdudlarından çıxarılmasına əlavə məhdudiyyətlər qoyuldu. Maraqlıdır ki, həmin dönəmdə qaydalarda ilk istisna hal qeydə alınıdır. Belə ki, hökumət istisna hal olaraq xəstə və yaralı alman hərbçiləri üçün 800 vedrə şərabın daşınmasına icazə verdi.

Bütün məhdudiyyətlərə baxmayaraq, ərzağın müxtəlif yollarla ölkədən çıxarılması davam edirdi. Ərzaq qaçaqmalçılığının qarşısını almaq üçün Salahlı, Şıxlı və Poylu stansiyalarında sərhədyanı postlar quruldu.

Bu da müsbət nəticə vermədi, ona görə iyulun 24-də ölkədən məhsulların çıxarılmasına görə girov toplanması haqqında qərar qəbul olundu. Daha sonra aksiz vergisinin təsdiqlənməsi ilə bağlı ölçülər təsdiqləndi, ərzaq təchizatı məsələlərinin yenidən təşkilat olunmasına qərar verildi.

Ölkənin üzləşdiyi ən böyük problemlərdən biri də qaçqın problemi idi. Döyüş əməliyyatları nəticəsində xeyli insan evsiz qalmışdı. Müxtəlif hadisələr nəticəsində qaçqınlara və zərərçəkənlərə dəymiş ziyanı müəyyən etmək və dəqiqləşdirmək məqsədilə iyulun 15-də Fövqəladə İstintaq Komissiyası təsis edildi. 

Komissiyanın əsas vəzifəsi bütün Cənubi Qafqaz hüdudlarında Birinci Dünya Müharibəsinin başlanğıcından bəri müsəlman əhaliyə qarşı törədilən bütün zorakılıq hallarını və belə halların baş verdiyi şəraiti araşdırmaq, günahkarları müəyyən etmək, dəymiş ziyanı hesablamaq idi.

Ayın sonunda isə hökumət yerli özünüidarəetmə fəaliyyətinin bərpası haqqında qətnamə qəbul edir. Yelizavetpolun adı Gəncə, Karyaqinsk qəzasının adı isə Cəbrayıl qəzası olaraq dəyişdirilir. 100 illik aradan sonra Gəncə, nəhayət, öz tarixi adını qaytarır.

Fətəli xan İsgəndər oğlu Xoyski
(1875-1920)

Fətəli xan Xoyski 25 yanvar (dekabrın 7-də) 1875-ci ildə Nuxa şəhərində, kazak bölməsinin Leyb-qvardiyasının polkovniki İsgəndər xan Xoyski və Şəhrəbanu xanım Hacı Molla Zeynal qızının ailəsində dünyaya göz açıb.

Orta təhsilini Yelizavetpol gimnaziyasında alıb. Təhsilini başa vurduqdan sonra Moskva Universitetinin hüquq fakültəsinə daxil olub. Universiteti 1897-ci ildə 1-ci dərəcəli diplomla bitirib, həmin ilin avqust ayında Yelizavetpol Dairə Məhkəməsində hakim vəzifəsiinə kiçik namizəd təyin olunur. 

Sonradan Yelizavetpol, Suxumi, Yekaterinodarda hüquqi təcrübə toplayıb. 1906-cı ildə Dövlət dumasının II çağırışına Yelizavetpol quberniyasından deputat seçilir. Dumada kadetlər fraksiyasına qoşulub. Dövlət Dumasında fəaliyyəti dövründə maliyyə komissiyası və şəxsiyyət toxunulmazlığı üzrə komissiyanın üzvü olub. 

Dövlət Dumasının 55 üzvünün cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı işin araşdırılmasında və amnistiya haqqında qanun layihəsinin müzakirələrində iştirak edib. 

Dumanın buraxılmasından sonra 1907-1912-ci illərdə Yelizavetpolda andlı münsif kimi xidmət göstərib. 1913-cü ildə Bakıya köçüb və yerli məhkəmələrin birində Fevral inqilabına kimi andlı münsif işləyib.

Fevral inqilabından sonra aktiv siyasi fəaliyyətə qayıdıb. Qafqaz Müsəlmanları, Ümumrusiya Müsəlman Sovetinin qurultaylarında iştirak edib, İcraiyyə Komitəsinə üzv seçilib.

Partiyasız olmasına baxmayaraq, Müsavatın fəaliyyətində aktiv iştirak edib, onun ilk qurultayında partiyanın irəli sürdüyü tələbləri dəstəkləyib. 1917-ci ilin sentyabr-oktyabr aylarında baş tutan seçkilərdən sonra F.Xoyski Bakı şəhər Dumasına başçılıq edib.

Cənubi Qafqaz Komissarlığında aktiv fəaliyyətə başlayıb. Komissarlıqda xalq maarifi üzrə komissar olub. 1918-ci ildə erməni ictimaiyyəti ilə danışıqlarda, həmçinin Şəmkir münaqişəsinin həllində aktiv iştirak edib. Fevralın 23-də 1918-ci ildən Cənubi Qafqaz Seyminin müsəlman fraksiyasının üzvü olub.

Öz fəaliyyəti çərçivəsində Cənubi Qafqaz hökumətinin ədliyyə naziri vəzifəsinə yüksəlib. Cənubi Qafqaz Seyminin buraxılmasından sonra Azərbaycan Müvəqqəti Milli Şurasının üzvü olub, mayın 27-də isə Milli Şuranın sədri seçilib.

İstiqlal Bəyannaməsinin qəbul olunduğu ilk iclasın gedişində bir sıra məsələlər aydınlaşana qədər tamhüquqlu hökumət yaratmağı və hələ Azərbaycanın müstəqilliyini bəyan etmədən digər ölkələrlə danışıqlar aparmağı təklif edib, müzakirələrdən sonra isə müstəqilliyin lehinə səs verib.

Müstəqilliyin elan edilməsindən sonra məhz Xoyski ölkənin ilk hökumətinə başçılıq edib. O, ikinci və üçüncü Nazirlər Kabinetinin başçısı olub. Onun adından mayın 30-da müxtəlif dövlətlərin xarici işlər nazirlərinə radioqramma göndərilib. İlk kabinetdə o, daxili işlər naziri vəzifəsini tutub. Üçüncü Nazirlər Kabinetində isə xarici işlər naziri vəzifəsində olub. 

Qafqaz İslam Ordusunun Azərbaycana daxil olmasından sonra o, ölkəyə başçılıq edib. Ancaq 1919-cu ilin mart ayında bir nazirin ətrafında yaranan (onun qardaşlarından biri də Nazirlər Kabinetinin üzvü idi) korrupsiya qalmaqalı ilə əlaqədar tutduğu postdan istefa vermək məcburiyyətində qalıb. 

Xoyski parlamentin fəaliyyətində iştirak edib. Parlamentdəki çıxışlarının birində ana dilində təhsilin vacibliyini vurğulayıb. 

Bakıda Sovet hakimiyyəti bərqərar olan günə kimi xarici işlər naziri vəzifəsini icra edib. Tanınma və əməkdaşlıqla bağlı Çiçerinlə danışıqlara məhz Xoyski başçılıq edib. Bu danışıqlar faktiki olaraq subyektlər arasında münasibətlərin korlanması ilə nəticələnib. 

Sovet hakimiyyətinin qurulmasından sonra o, Tiflisə köçüb. Tiflisdə Xasməmmədovla birgə olarkən 19 iyun 1920-ci ildə “Daşnaksütun” partiyasının üzvləri tərəfindən, “Nemezis” əməliyyatı çərçivəsində arxadan güllələnib.

Toğrul Maşallı
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri