21 
Fev
2018
00:41
88
195
7752
Virtual karabakh

Lənkəranda Formula-1 həyəcanı – FOTO

21 Fev, 2018
00:41
7752

Lənkəranda Formula-1 həyəcanı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) və Azərbaycan Avtomobil Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə “Sənin sürət formulan” devizi ilə keçirilən simulyatorda Formula-1 çempionatının Lənkəran mərhələsinin qalibi müəyyənləşib.

Oxu.Az-ın məlumatına görə, Lənkəran şəhərinin 2, 4, 7 və 10 nömrəli tam orta məktəblərinin yuxarı sinif şagirdlərinin mübarizə apardığı çempionatda şəhər 10 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Azər Məmmədli yarışda fərqlənib. 15 yaşlı məktəbli simulyatorda Bakı Şəhər Halqasını 1 dəqiqə 49 saniyəyə (1:49:206) dövrə vuraraq iştirakçılar arasında ən sürətli nəticə göstərib.

Novruz bayramı ərəfəsində Bakıda keçiriləcək final mərhələsində yarışmağa vəsiqə qazanan A.Məmmədliyə sertifikat təqdim olunub.

O, qələbəyə görə böyük sevinc hissi keçirdiyini bildirərək deyib: “Yarışın qalibi olduğum üçün çox həyəcanlıyam və sevinc hissi keçirirəm. Yarış bir qədər çətin oldu. Çünki Bakı Şəhər Halqasında yarışmağın müəyyən çətinlikləri var. Təlimlərin keçirildiyi gün simulyatorlarda bir neçə dəfə sınaq yürüşləri etdim və qələbə qazanacağıma inanırdım. Nəhayət, qələbə qazandım. Lənkəranı Bakıda keçiriləcək final yarışında yüksək səviyyədə təmsil edərək orada da qalibiyyət əldə etmək istəyirəm. Hər il rayonumuzda belə yarışlar keçirilsə, çox yaxşı olar. Bu yarışa qatılan hər bir məktəbli çox sevinir və onlar növbəti illərdə bu yarışlarda iştirak etməyi indidən səbirsizliklə gözləyirlər”.

Qeyd edək ki, çempionata fevralın 19-da Lənkəranda start verilib. İlk gün şəhər orta məktəblərinin 200-dək yuxarı sinif şagirdi Azərbaycan Avtomobil Federasiyasının mütəxəssisləri tərəfindən keçirilmiş yol hərəkətinin təhlükəsizliyinə dair təlimlərdə iştirak edib. Simulyatorlar isə gün ərzində şəhər sakinlərinin istifadəsinə açıq olub. Fevralın 20-də isə təlimdə iştirak edən məktəblilər simulyatorda yarışıblar.

Çempionatla əlaqədar növbəti təlimlər və yarışlar Şirvan, Füzuli, Mingəçevir, Qax və Qubada keçiriləcək.

Simulyatorları daşıyan treyler fevralın 21-də Lənkərandan Şirvana yola düşəcək. Çempionatın bu şəhərdəki mərhələsi fevralın 22-23-də təşkil olunacaq.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri