24 
Mar
2018
20:00
165
52
5000
Virtual karabakh

ADR–100: İngilislərin qayıdışı və dövlət atributlarının formalaşması

24 Mar, 2018
20:00
5000

ADR–100: İngilislərin qayıdışı və dövlət atributlarının formalaşması

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş, “ADR–100” layihəsi çərçivəsində silsilə məqalələrin yayımını davam etdirir.

Növbəti məqalədə tariximizin ADR dönəminin noyabr 1918-ci il mərhələsi işıqlandırılır.

Mudros sülh müqaviləsinin şərtləri haqıında xəbər Bakıya noyabrın 1-də çatdı. Bu müqaviləyə görə, Türkiyə bir neçə həftə ərzində qoşunlarını Bakıdan çıxarmalı idi.

Müqavilənin dəmir yolu ilə bağlı bəndi hökumətin narazılığına səbəb oldu. Bununla bağlı Topçubaşov noyabrın 4-də Türkiyənin xarici işlər nazirinə etiraz notası göndərdi. Bu notada o, Azərbaycan Respublikasının dəmir yollarının bu bəndə aid olunmasının heç cür mümkün olmadığını vurğuladı.

Notada Azərbaycan Respublikasına aid olan dəmir yollarının xarici hökumətə tabe olunması ilə bağlı bəndin beynəlxalq hüquqla ziddiyyət təşkil etməsi diqqətə çatdırılırdı.

Noyabrın 2-də Zaqafqaziyada yerləşən hərbi qüvvələr fəallaşmağa başladı. Sülh razılaşması bağlanandan bir gün sonra Ermənistanla sərhəd rayonlardan qoşunların sərhədi keçməsi haqqında xəbər gəldi. Bununla eyni vaxtda Dağıstanda olan Biçeraxov Muğandakı qoşunlarla əlaqə yaratdı, hökmranlıq məsələsinə toxunarkən “Muğan batalyonlarından birinin gəmi ilə qarnizon xidməti daşımaq məqsədilə təcili Bakıya göndərilməsinə” əmr verdi.

Bununla eyni vaxtda türk qoşunlarının tədricən təxliyyəsi başlandı. Əyalətlərdəki hökumətin verdiyi məlumata görə, bu proses bəzi yerlərdə oğurluqla və mülkiyyətin müsadirəsi ilə müşayiət olunurdu.

Hökumət dərhal müstəqil dövlətin formalaşması üçün addımlar atdı. İlk addım Hərbi Nazirliyin yaradılması oldu.

Noyabrın 1-də general Səməd bəy Mehmandarov nazir seçildi. Noyabrın 9-da yeni bayraq təsis edildi (əvvəlki türk bayrağına bənzəyirdi):

“Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin”.

Bu bayraq ilk dəfə noyabrın 17-də Britaniya qoşunlarını qəbul edərkən qaldırıldı. Bayrağın təsis edilməsilə eyni zamanda ölkədə senzura rəsmən ləğv edildi.

Digər tərəfdən, aydın oldu ki, vətəndaş administrasiyasının formalaşması vacibdir və bu istiqmətdə atılan addımlardan biri də Məhkəmə Palatasının (noyabrın 14-də) yaradılması oldu. Bütün işlər bu palataya həvalə edilirdi.

Hərbi sahədə fəaliyyət davam etdirilirdi. Təyinatdan dərhal sonra S.Mehmandarov baş ştabın və dəftərxananın formalaşdırılmasına başladı.

Raportlardan birində göstərildiyi kimi, bu zaman o, müsəlman hərbçilər arasında ziyalı qüvvələrin kəskin çatışmazlığı ilə qarşılaşdı. Noyabrın 15-də Mehmandarov baş ştab və dəftərxananı formalaşdırdı, noyabrın 25-də Ə.Şıxlinski hərbi nazirin müavini təyin edildi və bundan dərhal sonra Mehmandarov bütün hərbi hissələrin təftiş edilməsinə başladı.

Qeyd etmək lazımdır ki, hərbi kadrların çatışmazlığı problemi tədricən həllini tapırdı. Noyabrın 7-8-də hərbi nazir və Bakıdan gələn çoxsaylı nümayəndə heyəti Gəncədə Azərbaycan gizir məktəbinin ilk məzunlarına həsr edilən bayram tədbirlərində iştirak etdi.

Bu ay atılan mühüm addımlardan biri də Qazax Müəllimlər Seminariyasının açılışı oldu. Çox güman ki, bu, onilliklərlə azərbaycan maarifçilərinin maarifçiliyin yayılması məqsədilə yaradılmasına çalışdıqları sırf müsəlman müəllim seminariyası idi. Nəhayət, Firudin bəy Köçərli bu cür seminariyanın yaradılmasına və onun üçün dövlət büdcəsindən pul ayrılmasına nail oldu.

Seminariya noyabrın 8-də fəaliyyətə başladı. Üç gün ərzində qəbul imtahanları keçirildi. Mövcud olan 35 yerə 42 ərizə verilmişdi. Bundan dərhal sonra dərslər başlandı. Meydana gələn imkanları nəzərə alaraq, hökumət məktəblərin milliləşdirilməsi haqqında əlavə bəyanat qəbul etdi. Bəyanata görə, müsəlman uşaqlarını milliləşdirilmiş və ya milliləşdirilməsi nəzərdə tutulan tədris müəssisələrində oxumağa məcbur etmək tələb olunurdu.

Britaniyalılar Bakıya gələnə qədər yerli hökumət türklər və onların Azərbaycan Respublikasının formalaşmasında oynadıqları rolunu unutmurdı.

Noyabrın 10-da Nuru paşanın şərəfinə respublikanın bütün görkəmli nümayəndələrinin iştirak etdiyi rəsmi naharın verilməsinə qərar verildi. Məhəmməd Hadi, Salman Mümtaz, Abbasmirzə Şərifzadə və başqaları naharda çıxış etdi. Təntənəli nahardan sonra İrana – general Tomsonun qərargahının yerləşdiyi yerə Nəsib bəy Yusifbəylinin başçılığı ilə nümayəndə heyəti göndərildi. 

Nümayəndə heyətinin gətirdiyi xəbərə görə, general Tomson Bakının noyabrın 17-də, səhər saat 10:00 üçün həm türk, həm də Azərbaycan qoşunlarından təmizlənməsini inadkarlıqla tələb edirdi. Çünki Bakının mədənlərlə birlikdə işğal edilməsi nəzərdə tutulurdu. Bununla yanaşı, müttəfiq qoşunları üçün Salyan kazarmalarının, kommersiya məktəbinin, Kaspi yoldaşlığının, Admirallıq evinin, Tağıyev məktəbinin və “Metropol” mehmanxanasında 10 otağın ayrılması tələb olunurdu.

Tomsonun bəyanatına cavab olaraq, noyabrın 15-də hökumətin tapşırığı ilə Azərbaycan nümayəndə heyətinin üzvləri ingilis komandanlığına bəyanat verdilər:

“Zati-alilərinizin komandanlığı altında noyabrın 17-də Bakı şəhərinə müttəfiq qoşunları hissəsinin daxil olmasına etiraz etmirlər”.

Buna əlavə olaraq bildirildi ki, ADR hökuməti tərəfindən “daxil olan hərbi hissənin qəbul edilib yerləşdirilməsi üçün” bütün hazırlıq işləri görülür.

Noyabrın 17-də, səhər hər iki tərəfin razılığına əsasən, Biçeraxovun və Tomsonun qoşunları sahilə yaxınlaşmağa başladı. Bundan əvvəl onların müraciəti çatdırıldı. Müraciətdə “müttəfiq qoşunlarının Bakıya daxil olmasının Azərbaycanın müstəqilliyinə və ərazi toxunulmazlığına xələl yetirən düşmənçilik aktı olmadığı” bildirilirdi.

General Tomson başda olmaqla, müttəfiq qoşunlarının nümayəndələri ingilis polkovniki Kokkerel və ADR-nın daxili işlər naziri Behbud ağa xan Cavanşirin rəhbərliyi altında, kiçik mühafizə qrupu ilə birgə limandan vağzal meydanına qədər piyada hərəkət etdilər.

Vağzal yaxınlığındakı meydanda təntənəli mitinq keçirildi. Bu mitinqdə xarici işlər naziri Adil xan Ziyadxanov generalı salamlamaq məqsədilə müraciət etdi. O zaman Azərbaycanın dövlət himni hələ olmadığı üçün onun əvəzinə Ü.Hacıbəyovun “Leyli və Məcnun” operasından bir kompozisiya səsləndi.

İngilislərin daxili işlərə qarışmaq fikirləri olmadığının dəfələrlə vurğulanmasına baxmayaraq, elə ilk gündən general-mayor Tomson “Bakı şəhərində hərbi vəziyyətin elan edilməsi barədə məcburi qərar” alınmasını istədi.

Buna əsasən, o, özünü Bakının hərbi qubernatoru, F.P.Kokkereli isə müttəfiq dövlətlərin polis komissarı elan etdi. Kokkerel qısa zamanda şəhərdə ingilis polis sisteminin formalaşdırılmasına başladı.

İngilislərin gəldiyi gün B.Cavanşir, demək olar ki, bütün şəhər polisini küçələrdə tam təhlükəsizliyi təmin etmək üçün şəhərin mərkəzinə yönəltdi. İş o yerə gəlib çatdı ki, o gün şəhərdə hökm sürən  qanun-qayda hətta  ingilisləri də təəccübləndirdi. Buna baxmayaraq, ingilis və Biçeraxovun qoşunlarının Bakıya daxil olması tam sakit şəraitdə keçmədi.

N.Lişinin xatırladığı kimi, Biçeraxovun əsgərləri özlərini mənfi tərəfdən göstərib “sərxoş vəziyyətdə” şəhərdə tüfəng və tapançalardan atəş açdılar. Onları sakitləşdirmək üçün bir neçə əsgər güllələndi. 

Cinayətkarlıq və anarxiya tüğyan etdiyi üçün ingilislər işləri qaydaya salmaqla məşğul olmaq məcburiyyətində qaldı. Bunun üçün həm ölüm cəzası, həm də ictimai cəzalandırma tətbiq edildi. Şəhərin mərkəzində dar ağacları qurulmuşdu.

Cəzalandırmalarla bərabər, ingilislər B.Cavanşiri türklərin Bakıda olduğu müddətdə bütün həbs olunanları azad etməyə məcbur etdilər. Onların çoxu siyasi məhbus idi: bolşeviklər, menşeviklər, eserlər, daşnaklar və digərləri.

Müsəlmanlarla Biçeraxovun qoşunları tərkibində Bakıya qayıdan erməni qoşunları arasında münasibətləri tənzimləmək məqsədilə ingilislər ermənilərin Qalaya (indiki İçərişəhər), Aşağı və Böyük Çəmbərəkənd küçələrinə, Vrangel, Bazar, Şah, Birinci Qanlıtəpə, Qoqol, Yuxarı Bulvar küçələrinə getmələrinə qəti qadağa qoydular.

Təkcə incəsənət xadimləri, qaçqınlar deyil, həm də diplomatlar Bakıya qayıtmağa başladı. M.Ə.Rəsulzadənin başçılığı altında İstanbula Sülh Konfransına göndərilən və altı ay ərzində heç bir nəticə əldə edə bilməyən nümayəndə heyəti noyabrın 6-da Bakıya qayıtdı.

Ayın 15-də şəhər yığıncağının ağzına qədər dolu olan zalında M.Ə.Rəsulzadə mühazirə ilə çıxış etdi. O, həm öz səfəri, həm də beynəlxalq siyasət haqqında danışdı. Tez bir zamanda Rəsulzadə fəal işə başladı.

Noyabrın 16-da bərpa edilmiş Azərbaycan Milli Şurasının təntənəli yığıcağı keçirildi. Şuranın adından M.Ə.Rəsulzadə, hökumətin adından isə F.Xoyski çıxış etdi. Şura hökumətə etimad votumunu dəstəklədi və fəaliyyətə davam etməsinə icazə verdi.

Azərbaycan Milli Şurasının açılması ərəfəsində elan edildi ki, bunun məqsədi Təsis Şurasının çağırılmasından ibarətdir. Lakin noyabrın 20-də keçirilən iclasda ölkənin seçkilərə hazır olmadığını nəzərə alaraq, Şura  mövcud üzvlərdən, ölkədə və vilayətlərdə qalan siyasi hərəkatların nümayəndələrindən ibarət müvəqqəti parlamentin formalaşdırılması haqqında  qərar qəbul etdi.

Şuranın qəbul etdiyi seçki qanunvericiliyinə əsasən, 120 deputatdan ibarət parlamentin təşkilinə qərar verildi. Qaydalara görə, mövcud 44 nümayəndə ilə bərabər, parlamentə aşağıdakı proporsiyalara uyğun seçki keçiriləcək:

a) Müsəlman əhalisi arasından: Bakı – 5, Göyçay qəzası – 2 (biri şəhərdən, biri də qəzadan), Cavad qəzası – 2, Quba qəzası – 3 (biri şəhərdən, ikisi qəzadan), Lənkəran – 2 (biri şəhərdən, biri qəzadan), Şamaxı – 2, Gəncə – 3 (biri şəhərdən, ikisi qəzadan), Ərəş – 2, Cavanşir – 1, Zəngəzur – 2, Qazax – 1, Cəbrayıl – 1, Nuxa – 2 (biri şəhərdən, biri də qəzadan), Şuşa – 2 (biri şəhərdən, biri qəzadan), Zaqatala – 2 (biri şəhərdən, biri qəzadan), İrəvan quberniyasının Azərbaycan hissəsi – 3, Tiflis quberniyasının Azərbaycan hissəsi – 1.

b) Azlıq təşkil edən millətlər arasından: a) erməni əhalisindən – 21, Gəncə və Şuşanın hərəsindən – 8 nəfər və Bakı Erməni Milli Komitəsindən – 5 nəfər; b)Bakı Rus Milli Şurasından 10; c) Alman milli təşkilatından – 1; d) Yəhudi Milli Şurasından 1; e) Gürcü Milli Şurasından – 1; ə) Polyak Milli Komitəsindən – 1; j) Bakı həmkarlar ittifaqlarından – 3; z) Bakı neft sənayeçiləri və ticarət-sənaye ittifaqından – 2 (birgə).

Yəhudi, alman və polyaklarla (onlara noyabrın 4-də “Polyak evini” geri qaytardılar) razılığa gəlmək mümkün oldusa da, qalanları ilə razılaşmaqda çətinliklər yarandı. Əvvəlcə Rus və Erməni Milli Şuraları ilə razılaşmaq mümkün olmadı. Onlar iştirakdan qəti imtina edirdi.

Rus Milli Şurası təkid edirdi ki, parlamenti sülh konfransında ərazinin statusu məsələsi həll ediləndən sonra formalaşdırmaq lazımdır. Buna görə də noyabrın 29-da Azərbaycan Milli Şurası parlamentdə iştirak etmək üçün ölkə əhalisinə xüsusi müraciətlə çıxış etdi.

Sayı getdikcə artan ingilis qoşunlarının Bakıdakı vəziyyəti az-çox tənzimlədiyi bir vaxtda vilayətlər yerli hökumətin nəzarəti altında qalmaqda davam edirdi. İngilislər yalnız dəmir yollarını, neft mədənlərini və Bakı rayonunu mühafizə edirdi.

Ölkənin qalan hissəsi yerli hökumətin himayəsində idi. Məsələn, Zaqatala dairəsinin başçısı Daxili İşlər Nazirliyinə yazırdı ki, yerli əhali hökumətlə hesablaşmır. “Anarxiya burada dərin kök salıb”. Oxşar vəziyyət digər vilayətlərdə də müşahidə olunurdu.

İngilislər respublikanın xarici siyasətinə də qarışırdı. Noyabrın 26-da Dağlılar Respublikasının nümayəndə heyəti Bakıya dəvət olundu. Nümayəndə heyətinin üzvləri ingilislərlə yanaşı, Azərbaycan hökuməti ilə 10 milyon rubl həcmində borc haqqında razılaşma əldə etdilər. 

Qeyd edək ki, xarici siyasət sahəsində hökumət diplomatik münasibətlərin qurulması üzrə ilk addımlarını atırdı. Noyabrın 1-də Mir Yusif Vəzirov (Çəmənzəminli) Ukraynada diplomatik səfir təyin edildi.

Noyabrın ortalarında M.Y.Cəfərov Tiflisdə çağırılan Zaqafqaziya konfransında  iştirak etdi. Lakin Ermənistan nümayəndələrinin konfransda iştirak etməməsi səbəbindən qarşılıqlı əlaqələrin yaradılması istiqamətində konkret nəticələr əldə edilmədi.

Həsən bəy Məşədi Hüseyn oğlu Ağayev
(1875-1920)

Həsən bəy Ağayev 1875-ci ildə, Yelizavetpolda anadan olub. Gəncə ziyalılarının bir çoxu kimi, orta təhsilini Yelizavetpol Klassik Gimnaziyasında alıb. Gimnaziyanı bitirəndən sonra H.Z.Tağıyevin ayırdığı təqaüdlə Moskva Universitetinin tibb fakültəsinə daxil olub və 1901-ci ildə universiteti bitirib.

Təhsilini başa vurduqdan dərhal sonra Bakıda həkimlik fəaliyyətinə başlayıb. Əvvəl Tağıyevin toxuculuq fabrikində və Tağıyevin qızlar məktəbində işləyib. Müəyyən müddət keçdikdən sonra o, xəstəxanada işləməyə başlayıb.

Həsən bəy Ağayev yaxşı cərrah və kardioloq kimi tanınıb. Maraqlıdır ki, o, həm də hipnozla məşğul olub. Seanslardan biri 1911-ci ilin fevral ayının 10-da baş tutub.

Ağayevin “İrşad”, “Tərəqqi”, “Həqiqət” kimi nəşrlərdə məqalələri çıxıb. Bu məqalələrdə o, əhali arasındakı xəstəliklərin sosial səbəblərinin aradan götürülməsinin mühüm olduğunu vurğulayıb.

Həsən bəy Ağayev Bakının ictimai və mədəni həyatında fəal iştirak edib. O, müsəlman sosial-demokrat təşkilatının üzvü, “Nicat” müsəlman xeyriyyə cəmiyyətinin qurucularından biri olub.

Sonra Həsən bəy Ağayev Orta Asiyaya – həyat yoldaşının qohumlarının yanına gedib və bir müddət Azərbaycandan uzaqda yaşamaq məcburiyyətində qalıb. Lakin Azərbaycana qayıtdıqdan sonra o, ictimai həyata qatılıb, “Difai” təşkilatına üzv olub. Şöhrət qazanan Həsən bəy Ağayev müəllimlərin ikinci qurultayında sədrin seçilmiş müavini simasında çıxış edib.

Birinci rus inqilabından sonra Həsən bəy Ağayev maarifçilik fəaliyyətinə qoşulub.

1911-1912-ci illərdə o, Gəncədə “Cənubi Qafqaz” qəzetini (1918-ci ildə həmçinin “Türk sözü” qəzetini də nəşr etdirir, lakin bu qəzetin heç bir izi qalmayıb) nəşr etdirir, 1911-ci ildə müsəlmanlar arasında  maariflənmə cəmiyyətinin üzvü olur. Xudadat bəy Rəfibəyli ilə birgə 1914-cü ildə Gəncədə Tibb Cəmiyyəti yaradır.    

Həsən bəy Ağayev 1917-ci ildə aktiv siyasi fəaliyyətə qayıdır. Keçmiş “Difai” təşkilatının digər fəalları ilə birgə yaratdığı Türk federalistlər Partiyasının MK-nə üzv seçilir. Müsavatla birləşdikdən sonra o, Müsavatın MK-nin tərkibinə qatılır.

Həsən bəy Ağayev aktiv ictimai fəaliyyətlə məşğul olur. 1917-ci ilin dekabrında Ümumrusiya Təsis Yığıncağına üzv seçilir. Sonralar sədrin müavini seçilən Həsən bəy Ağayev Zaqafqaziya Seyminin üzvünə çevrilir.

Həsən bəy Ağayev Seymin Müsəlman fraksiyasının tərkibində fəal çalışırdı. Məhz Həsən bəy Ağayev Müstəqillik Deklarasiyasının qəbul edildiyi və mayın 28-də keçirilən yığıncağa rəhbərlik edirdi.

1918-ci ilin dekabrında Həsən bəy Ağayev parlamentin sədr müavini seçildi və sədrin (A.M.Topçubaşovun) olmaması səbəbindən yığıncağa faktiki özü rəhbərlik edirdi.

Müstəqilliyin elan edilməsinin ildönümündə Həsən bəy Ağayev yazırdı: “Türk xalqı azadlığı qanı bahasına qazanıb və bu azadlığı əldən buraxmayacaq. Azad həyatın dadını bilən xalq qaranlıq keçmişə qayıtmayacaq”.

Həsən bəy Ağayev Sovet hakimiyyətini qəbul etmədi və Tiflisə mühacirət etdi. Əvvəllər o, həkimlik praktikasını davam etdirmək üçün Bakıya qayıtması ilə bağlı N.Nərimanovla yazışırdı.  Lakin N.Nərimanov bunu ona məsləhət görmədi. Buna görə də bir müddətdən sonra mühacirətdə Azərbaycan hökuməti ideyasına qoşuldu.

F.Xoyskinin xəstəliklə əlaqədar rəhbərlikdən imtina etməsinə görə H.Ağayevin namizədliyi təklif edildi. Həsən bəy Ağayev 1920-ci ilin iyul ayının 19-da “Nemezis” əməliyyatı zamanı erməni terroristləri tərəfindən öldürüldü.

Həsən bəy Ağayev Tiflisdə müsəlman qəbiristanlığında (indiki Botanika bağındakı Panteonda) dəfn edilib.

Toğrul Maşallı
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri