14 
Mar
2018
00:05
70
183
2498
Virtual karabakh

Vəkillik hər zaman Azərbaycanda mütərəqqi hüquq islahatlarının diqqət mərkəzində olub

14 Mar, 2018
00:05
2498

Vəkillik hər zaman Azərbaycanda mütərəqqi hüquq islahatlarının diqqət mərkəzində olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda vəkillik fəaliyyətinin təkmilləşdirilməsi, insan və vətəndaş hüquqlarının səmərəli müdafiəsi ilə bağlı son dövrdə ardıcıl tədbirlər həyata keçirilir.

Prezident İlham Əliyevin 2018-ci il 22 fevral tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” proqram xarakterli Sərəncamı ölkəmizdə vəkillik fəaliyyətinin inkişafında yeni mərhələnin başlanmasına təkan verib.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Ceyhun Yusifov bu məsələlərlə əlaqədar “Vəkillik hər zaman Azərbaycanda həyata keçirilən mütərəqqi hüquq islahatlarının diqqət mərkəzində olub” sərlövhəli məqalə yazıb. 

Oxu.Az AZƏRTAC-a istinadən həmin məqaləni təqdim edir.

Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev “Literaturnaya qazeta”ya verdiyi “Qoy, ədalət zəfər çalsın!” sərlövhəli məşhur müsahibəsində demişdi: “Biz “qanunçuluq” deyəndə Cinayət Məcəlləsindən çox cəmiyyətimizin əxlaq kodeksini nəzərdə tuturuq. Özü də hüquq pozuntuları, onların profilaktikası bizim üçün təkcə hüquqa aid məsələ deyildir. Bu, sosial və mənəvi məsələdir, çünki söhbət ən əvvəl insan uğrunda mübarizədən, onların hüquqlarına hörmətdən, ləyaqət və şərəfinin qorunmasından, onda ən yaxşı vətəndaşlıq keyfiyyətlərinin, yüksək əxlaqi prinsiplərin tərbiyə edilməsindən gedir”.

Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və möhtərəm Prezident İlham Əliyevin uğurla davam etdirdiyi məhkəmə-hüquq islahatları ölkədə ədalət mühakiməsinin təmin edilməsi üçün əsaslı şərait yaradıb. Bu islahatlar çərçivəsində Azərbaycanda qanunların yeni dövrün tələblərinə uyğun müasirləşdirilməsi prosesi mütərəqqi dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilib, respublikamız insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulub.

Ədalət mühakiməsinin müstəqil və qərəzsiz məhkəmələr tərəfindən həyata keçirilməsi ideyası əsrlərdir ədalətli cəmiyyətin əsas təməl daşlarından biridir. Azərbaycanı demokratik, hüquqi və dünyəvi dövlətə çevirmək istəyən Prezident İlham Əliyev ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına xüsusi diqqət yetirib. Mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində nəinki məhkəmə sistemi və hüquq mühafizə orqanları, hətta vəkillik fəaliyyəti də inkişaf etdirilib.

Çünki obyektiv həqiqətin müəyyən olunmasında yalnız ittiham tərəfinin və məhkəmənin deyil, həm də müdafiə tərəfinin də fəal iştirak etməsi zəruridir. Doğrudur, qanunvericilik müdafiə tərəfinə bunu vəzifə kimi müəyyən etməsə də, prosesdə çəkişmə prinsipinin təmin edilməsi üçün vəkilin peşəkarlığı olduqca vacib nüanslardandır. Yalnız çəkişmə prinsipinin təmin edildiyi məhkəmə proseslərində obyektiv həqiqətin müəyyənləşdirilməsi və ədalətin bərqərar olması mümkündür. Ədalət mühakiməsi ilə müdafiə institutu qarşılıqlı surətdən bir-birindən asılıdır. Ədalət mühakiməsinin inkişafı yönündə atılmış bütün addımlar müdafiə institutunun da inkişafına səbəb olur.

Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarının nəticəsidir ki, ölkəmizdə bəraət hökmlərinin və cinayət işlərinə bəraətverici əsaslarla xitam verilməsinin sayı ildən-ilə durmadan artır. Əgər 2000-ci illərin əvvəllərində bəraət hökmləri sensasiya yaradan hadisələrdən hesab olunurdusa, hazırda bəraət hökmləri adi hal kimi qarşılanır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, 2006-cı ildə bəraət hökmlərinin sayı 6, 2016-cı ildə isə 68 olub. Göründüyü kimi, bəraət hökmlərinin sayı dəfələrlə artıb. Diqqət yetirilməli məqamlardan da biri budur ki, bəraət hökmləri yalnız paytaxt Bakının məhkəmələrində deyil, region məhkəmələrində də (xüsusilə Sumqayıt, Şirvan, Şəki və Gəncə şəhərlərinin məhkəmələrində) gündən-günə artmaqda davam edir. Bu da islahatların mərkəzləşmiş qaydada deyil, bütün regionlarda aparıldığının bariz nümunəsidir.

Ən çox bəraət alan vəkillərdən biri olaraq mən də məhkəmə-hüquq islahatları çərçivəsində görülmüş işləri alqışlayır və ədalətin təntənəsini yaşamaqdan xüsusi zövq alıram. Xüsusilə qeyd edilməlidir ki, bəraət hökmlərinin sayının gözəçarpan şəkildə artması həm hüquq mühafizə orqanlarını daha məsuliyyətli şəkildə işləməyə sövq edir, həm də biz vəkillərin daha səmərəli işləməsinə stimul verir.

Belə ki, ittiham tərəfi ədalətli və çəkişmə prinsipinin təmin olduğu məhkəmə proseslərində irəli sürülmüş ittihamı müdafiə etmək üçün daha mötəbər sübutlar toplamağa, daha doğru və dürüst işləməyə məcbur olurlar. Bu, eyni zamanda, insan hüquq və azadlıqlarının təmin olunmasına və insanların məhkəmənin ədalətinə olan inamı artırılmasına xidmət edir.

Məhkəmə-hüquq islahatları çərçivəsində görülmüş son işlərdən biri də ölkəmizdə nümayəndəlik institutunun məhdudlaşdırılması və vəkillərinin sayının artırılması istiqamətində görülmüş işlər olub. Bununla da ölkəmizdə hüquqi yardımın keyfiyyəti yüksəlib və hər bir şəxsin keyfiyyətli hüquqi yardım almaq konstitusion hüququnun təmin olunması istiqamətində uğurlu addım atılıb.

Həyata keçirilən bütün mütərəqqi hüquq islahatları çərçivəsində Azərbaycan vəkilliyi heç bir zaman kənarda qalmayıb. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam ölkəmizdə vəkilliyin inkişafının təmin edilməsi ilə bağlı proqram xarakterli sənəd kimi hüquq tariximizə yazıldı.

Sərəncamın preambula hissəsində vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vurğulanıb, hüquqi dövlətdə bu təsisatın rolu nəzərə alınaraq, ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər çərçivəsində vəkilliyin inkişafına dövlət tərəfindən böyük dəstək verilib.

Həmçinin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə müəyyən edilmiş məbləğin üç dəfə artırılmasının nəzərdə tutulması barədə də Nazirlər Kabinetinə tapşırıq verilib ki, nəticədə vəkillərə ödənişsiz hüquqi yardımın göstərilməsinə görə ödəniləcək saathesabı məbləğ 6 manat olub.

Sərəncamda Prezident İlham Əliyev tərəfindən vəkilliyin inkişafı ilə bağlı Vəkillər Kollegiyasına da tövsiyələr verilib. Sənəddə Vəkillər Kollegiyasına yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şəraitin yaradılmasının, peşə hazırlığına diqqətin ayrılmasının və vəkillər tərəfindən göstərilən ödənişsiz hüquqi məsləhətin əhəmiyyəti vurğulanıb.

 Şəffaflığın artırılması və ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi ilə bağlı, eləcə də Kollegiyanın və vəkillərin fəaliyyətində müasir İKT-nin tətbiqinin və hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsinin təkmilləşdirilməsi üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində də işlərin görülməsi tövsiyə olunub.

Beləliklə, aparılan bütün bu islahatları hüquqi dövlətin yaranmasının əsas göstəricilərindən hesab etmək olar. Düşünürəm ki, bu islahatlar gələcəkdə də davam etdiriləcək və xalqın Azərbaycan məhkəmə-hüquq sisteminin ədalətinə olan inamını daha da artıracaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri