17 
Apr
2018
13:28
6
78
3962
Virtual karabakh

“Məşğulluq haqqında” yeni qanun layihəsində nələr var? - TƏFƏRRÜAT

17 Apr, 2018
13:28
3962

“Məşğulluq haqqında” yeni qanun layihəsində nələr var? - TƏFƏRRÜAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Məşğulluq haqqında” qanun layihəsində işəgötürənlərlə birlikdə işçilərin əməkhaqqının  maliyyələşdirilməsi ilə bağlı yeni maddə nəzərdə tutulur. Bu maddəyə əsasən,  sosial iş yerlərində  işçilərin əməkhaqqının bir hissəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyələşdirilir.

Oxu.Az xəbər verir ki, bu haqda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev məlumat verib.

Onun sözlərinə görə, adıçəkilən sənəddə göstərilir ki, əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən əvvəlki il üçün müəyyən olunmuş ölkə üzrə orta aylıq nominal əmək haqqından çox, lakin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən minimum aylıq əmək haqqından az olmamaq şərti ilə işəgötürənin ştat vahidi üzrə nəzərdə tutulmuş əməkhaqqının və əməkhaqqından tutulmaların (əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı) 50 faizini təşkil edir:

“Bu baxımdan da, sosial iş yerlərində 2 (iki) ildən az olmayan müddətə bağlanan əmək müqaviləsi ilə işə götürülmüş işçilərin əməkhaqqının bir hissəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 (üç) aydan az və 12 (on iki) aydan çox olmayan müddətdə maliyyələşdirilir. Sosial iş yerlərinin təşkili zamanı əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, gənclərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir”.

O, həmçinin deyib ki, layihədə sosial müəssisələrin və əlavə iş yerlərinin yaradılması və məqsədli proqramların həyata keçirilməsinə dair yeni maddə də nəzərdə tutulub:

 “Bu maddəyə əsasən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması məqsədilə işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən kvotadan əlavə iş yerləri,  sosial müəssisələr yaradıla və məqsədli proqramlar həyata keçirilə bilər. Layihəyə daxil edilmiş yeni maddə ilə işsiz kimi qeydiyyata alınmış şəxsin əmək bazarına yenidən qayıtması və ona işə düzəlməkdə kömək göstərilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən fərdi məşğulluq proqramı tərtib olunur. Fərdi məşğulluq proqramı -  işsizin işə düzəlməkdə və əmək bazarına qaytarılmasında kömək məqsədilə hazırlanan və aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü və icra müddətini müəyyən edən sənəddir. İşsiz kimi qeydiyyata alınmış şəxs qeydiyyata alındıqdan sonra 5 (beş) iş günü müddətində yaşayış yeri (şəxsiyyətini təsdiq edən sənədə əsasən) üzrə Xidmətin yerli orqanlarına gələrək və ya onlayn rejimdə məsləhət xidmətindən keçərək, fərdi məşğulluq proqramını əldə etməlidir”.

 Nazir müavini qeyd edib ki, məsləhət xidməti fərdi məşğulluq proqramının hazırlanması məqsədi ilə işsizin iş axtarışı və işlə təmin edilməsi imkanlarının müəyyən olunması üçün aparılır:

“Bu zaman təklif oluna biləcək münasib iş üzrə tələblər, ixtisası üzrə işləmək tələbinin mütləq olub-olmaması, ixtisasın artırılması və ya təkmilləşdirilməsinin zəruriliyi,  peşə üzrə təcrübəsinin müddəti, məşğulluq növünün seçimində maraqları, sağlamlıq və ailə vəziyyətinə görə iş yeri üçün tələb olunan xüsusi halın mövcudluğu, iş yerinin yaşayış yerindən hansı məsafədə olması ilə bağlı tələbin mövcudluğu, əməkhaqqı məbləği üzrə tələb, əmək şəraiti və iş rejimi ilə bağlı hər hansı bir xüsusi tələbin mövcudluğu, sərbəst surətdə iş axtarışı imkanlarının hansı səviyyədə olması, sərbəst surətdə şəxsi məlumat vərəqəsini hazırlama imkanları, sərbəst surətdə şəxsi məlumat vərəqəsini potensial iş yerinə təqdim etmək imkanları, şəxsi məlumat vərəqəsi təqdim olunacaq iş yerində müsahibə mərhələsi barədə məlumatlılığı məsələləri öyrənilir.

Xidmətin yerli orqanları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin “Məşğulluq Alt Sistemi”nə daxil olaraq tələb olunan məlumatları və məsləhət xidmətinin nəticələrini, iş tapmaq üçün zəruri aktiv məşğulluq tədbirlərinin mümkünlüyünü, həmçinin əmək bazarının cari vəziyyətini nəzərə alaraq qiymətləndirmələr aparır və şəxsə məlumat vərəqəsinin hazırlanması, seçilən iş yerinə onun təqdim edilməsi, iş yerində müsahibə mərhələsi, aktiv məşğulluq tədbirləri barədə məlumatlar verir, fərdi məşğulluq proqramını tərtib edərək gücləndirilmiş elektron imza ilə təsdiq edir”.

İ.İsayev onun da diqqətə çatdırıb ki, işsiz şəxs hər ay həmin ayın sonuncu iş günü bitənədək müvafiq icra hakimiyyəti orqanına fərdi məşğulluq proqramında nəzərdə tutulmuş aktiv məşğulluq tədbirlərində iştirakını müəyyənləşdirən fərdi məşğulluq proqramının icrası barədə elektron qaydada hesabat təqdim etməlidir:

“Elə məşğulluq tədbirləri mövcuddur ki, hesabatın təqdim edilməməsi, məsələn, işsizlikdən sığorta ödənişinin verilməsinin dayandırılmasına səbəb ola bilir”.

Nazir müavini eyni zamanda bildirib ki, layihədə işaxtaran və işsiz şəxslərin sosial təminatlarında əlavələr edilib, peşə hazırlığı aldığı dövrdə işsiz şəxsə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi minimum aylıq əməkhaqqı məbləğində təqaüd veriləcəyi nəzərdə tutulub: 

“Məlumat üçün bildirmək istəyirəm ki, bu məbləğ hazırkı məbləğdən (75 manat) 1,7 dəfə çoxdur.  Layihədə bu qanunun tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslərin İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıdıqları müəyyən edilib”. 

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri