17 
May
2018
16:49
114
43
4652
Virtual karabakh

İsmayıl Əliyev: Azərbaycanda intellektual inkişaf dəb halını alıb

17 May, 2018
16:49
4652

İsmayıl Əliyev: Azərbaycanda intellektual inkişaf dəb halını alıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan gənclərinin həyatının intellektual və ya aparıcı gecə obrazı? Bakının harasında gündəlik qayğılardan uzaqlaşmaq və  elit cəmiyyətə baş vurmaq olar? Aldatmaq nədir və görəsən, bizim cəmiyyətdə ailə dəyərləri qorunurmu? 

Bu və digər suallara Oxu.Az-a müsahibəsində kriminalist, biznesin inkişafı üzrə məsləhətçi, “Fibonacci Games”in yaradıcısı İsmayıl Əliyev cavab verib:

 Azərbaycan və intellektual oyunlar - sizdə bu iki anlayışın vəhdəti nə ilə assosiasiya olunur?

– Cəmiyyətimizin intellektual dairələrində xüsusi yeri olan Balaş Qasımov, Elman Talıbov, Rövşən Əsgərov və başqa adlarla assosiasiya olunur. Əlbəttə, belə adların çox olmasını istəyirəm. 

İşdə də, həyatda da tez-tez bir çox maraqlı tendensiyalarla qarşılaşıram. Bizdə təhsildən narazı olmaq qəbul edilib və bu mövzu bir çox insanlarda “qırmızı əski” kimidir. 

Əslində, azərbaycanlılar bilikləri çox yaxşı mənimsəyirlər. Tarixi köklərimizə fikir versək, bunu asanlıqla görə bilərik. 

Bəli, ölkənin müstəqilliyinin bərpası dövründə təhsil sahəsində müəyyən uğursuzluqlar olub. Ancaq bütövlükdə, 20 il boyu hər gün məktəbli və tələbələrlə görüşən şəxs kimi deyə bilərəm ki, gənclərimiz çox savadlıdır. Onlar çox şey bilir və elmlə maraqlanır. 

Bu gün Azərbaycanda intellektual inkişaf dəb halını alıb.

 “Fibonacci” oyunu cəmiyyətə nə verir? 

– Bu oyunu təşkil etməklə qarşımıza bir neçə məqsəd qoymuşuq. Birinci məqsədimiz insanların ünsiyyəti üçün platformanın yaradılması və paytaxt sakinlərinin asudə vaxtlarının hərtərəfli təşkili idi. “Fibonacci” intellektual oyununun layihəsi belə meydana gəlib. 

İş həftəsinin sonunda stress atmaq üçün standartlardan uzaq varianta üstünlük verən iştirakçılar üçün struktur yaratmışıq. 

İkinci məqsədimiz öz ölkəsinə olan maraqları təşviq etməkdir. Bu gün Azərbaycanda bir çox insanların vətənindən daha çox digər ölkələr haqqında məlumatlı olduğunu görürük. Bu, kifayətdir. 

Öz oyunumuzda həmişə Azərbaycana aid suallara toxunuruq. Bu suallar ölkəmizin müasir həyatının mədəniyyəti və tarixi haqqında olur. Bu, bizim üçün prioritetdir. 

 Cəmiyyətdə çox vaxt keçirirsiniz. Paytaxtın gecə həyatı haqqında nə deyə bilərsiniz və Bakıda bu həyatı çoxları yaşayır?

– Bakıda, demək olar ki, bütün əyləncələr oxşardır. Əhalinin bir təbəqəsi var ki, gündüzlər yatır, gecələr isə klublarda əylənir. 

Bəli, gecə həyatı bir çox ölkələrdə var və bu, normaldır. Ancaq gənclər başa düşməlidir ki, bu, beyinə heç bir informasiya vermir. Onlar özlərinə sual verməlidirlər ki, bu mənə nə verir? Bu mənə nə dərəcədə xeyirlidir? Cavab isə belədir – heç nə.

Bəs niyə belə olur, niyə bizim gənclərimiz gecə həyatına üstünlük verir? Çünki başqa seçimləri yoxdur. 

Təəssüf ki, daha idmana sevgi yoxdur. Tendensiya var, ancaq bu, azdır. İdmanla kütləvi məşğulolma yoxdur. 

İntellektual oyunlara gəlincə, bir müddət əvvəl Azərbaycanda hamının iştirak edəcəyi analoji oyunlar yox idi. 

Bu gün bazar genişdir və alternativlər var. 

 Sizin üçün aldatmaq nə deməkdir və oyunlarda bununla necə mübarizə aparırsınız? Kuryoz hadisələr olub?

– Öz qaydalarımız var. İnternet, smartfon, planşet və digər vasitələrdən istifadəyə icazə verilmir. Ümumilikdə götürdükdə bizdə yetkin insanlar oynayır. Əgər kimsə aldadırsa, bu, bizdən daha çox onun özünə zərər verir. 

İnsanlar oynamağa, ədalətli mübarizə atmosferinə düşməyə gəlir, bu imtahan və “şparqalka” deyil. Daha doğrusu, aldatmağın mənası yoxdur. Burada əsas öz intellektini yoxlamaqdır. 

“Fibonacci”də kuryoz hadisələrə gəlincə is, bir dəfə bizdə çox çətin tapşırıq vardı. Biz elə düşünürdük ki, doğru cavab olmayacaq. Mətni tez bir zamanda axırdan əvvələ oxumaq lazım idi. 

10 saniyədən sonra komandalardan biri düzgün cavab verdi. Bizə elə gəldi ki, onlar düzgün oynamırlar. Ancaq, məlum oldu ki, komandanın üzvlərindən biri mətnlərin sondan irəli oxumasında xüsusi qabiliyyətə malikdir. 

Bu hadisə “Fibonacci” tarixində ən kuryoz hadisə kimi yadımızda qalıb. 

 İntellektual oyunları spirtli içkilər və qəlyanla uyğunlaşdırmaq nə dərəcədə doğrudur? 

– Bunun müsbət tərəflərindən danışmayacağam. Əgər bu vasitələr oyun zamanı sənin düşünməyinə və ətrafdakılara mane olmursa, niyə də yox?!

Əsas məqsədimiz işdən gələn insanların istirahətini təmin etməkdir. Bizə gündəlik iş prosesindən yorğun olan insanlar gəlirlər. Pivə içmək və ya qəlyan çəkmək hər kəsin özündən asılır. Şəxsən mən buna qarşıyam, ancaq insan istəyirsə, buna qarışmıram. 

 Qeyri-ənənəvi oriyentasiyaya malik insanlarla qarşılaşan və ailə dəyərlərinin tədricən itirildiyi şəraitdə yaşayan gənclərimizə nə məsləhət görərdiniz?

– Hesab edirəm ki, mədəni cəmiyyətdə insanlar hər hansı amilə qarşı daha tolerant olmalıdır. Ailə dəyərləri məsələsinə gəlincə, boşanmalarla bağlı vəziyyət ölkəmizdə çox acınacaqlıdır.

Təəssüf doğurur ki, ildən-ilə ölkəmizdə boşanmaların sayı artır. Hətta insanların ailə qurmaq arzuları da azalıb. 

Cəmiyyətdə çox vaxt keçirən insan kimi deyə bilərəm ki, nikahın dəyərlərini təbliğ etmək lazımdır. Bu intellektual oyun bu yaxınlarda başlayacaq və “İdeal cütlük” adlanacaq.

Oyun cütlüklər arasında münasibətlərin və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə yardım edəcək.

Əli Məmmədov
Foto: Aygün Rəşidova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri