22 
May
2018
22:00
18
140
2772
Virtual karabakh

ADR–100: Kommunist Partiyasının yaradılması

22 May, 2018
22:00
2772

ADR–100: Kommunist Partiyasının yaradılması

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş, “ADR–100” layihəsi çərçivəsində silsilə məqalələrin yayımını davam etdirir.

Növbəti məqalədə “Kommunist” partiyasının yaradılması və hökumət tərkibində böhranın başlaması işıqlandırılır.

İkinci notadan sonra Sovet Rusiyası ilə münasibətlər pisləşdi. Hələ yanvarın sonlarında Rusiya Kommunist Partiyasının (RKP) Mərkəzi Komitəsinin siyasi bürosu Leninin təklif etdiyi qətnaməni qəbul etdi:

“Xarici işlər üzrə komissarlığa Denikinlə mübarizədə biz yardım etməyən və Xəzər dənizində bizə qarşı fəaliyyət göstərən İngiltərə hərbi qüvvələrinə xidmət edən Azərbaycan hökumətinə qarşı siyasət aparmaqla bağlı tapşırıq verilsin”.

Fevralın 5-də Xoyski Çiçerinin teleqramına cavabında deyirdi:

“Sovet hökumətinin xalqların öz müqəddəratını təyin etmək hüququnun tanınması ilə bağlı qəti qərarını dəstəkləyirik. Azərbaycan hökuməti çox böyük təəssüflə bildirməlidir ki, Çiçerinin heç bir teleqramında Azərbaycan Respublikasının müstəqilliyinin sovet hökuməti tərəfindən tanınması ilə bağlı hər hansı aydın fikir əks olunmamışdı.

Sovet hökuməti Polşa, Finlandiya və Estoniyanın silahlı mübarizə şəraitində olmasına baxmayaraq, bu ölkələrin müstəqilliyini tanıyıb”.

Bakı Fəhlə Konfransını praktiki olaraq tam nəzarətdə saxlayan, kəndli və fəhlələr arasında fəal təşviq kampaniyası aparan bolşeviklərin təsiri güclənirdi. Balaxanı-Sabunçu polis rəisi öz hesabatında yazırdı:

“Mövcud fəhlə klubları hökumət əleyhinə təbliğatların ocağına çevrilib. Bu klublarda tez-tez mitinqlər baş verir, respublika qanunlarına və sabitliyə qarşı yönələn mühazirələr oxunur”.

Bunlar 1920-ci il fevralın 11-də “Kaspi” qəzetinin redaksiyasının yaxınlığında  Azərbaycan kommunist təşkilatları olan “Ədalət”, “Hümmət” və RKP-nın Bakı bürosunun qeyri-leqal birinci qurultayının keçirilməsi ilə nəticələndi.

Qurultayda 120 nümayəndə iştirak etdi. İclasda Azərbaycan Kommunist Partiyasının yaradılması ilə bağlı qərar qəbul edildi. Təşkilatın mərkəzi komitəsinin üzvləri seçildi. Bunlar K.D.Ağazadə, A.Bayramov, D.Bünyadzadə, M.D.Hüseynov, İ.İ.Dövlətov, V.Q.Yeqorov, Ə.H.Qarayev, M.B.Qasımov, V.İ.Naneyşvili, M.Q.Pleşakov, Q.Sultanov, N.İ.Tyuxtenev, A.B.Yusifzadə, S.Yakubov idi.

Təşkilatın sədri M.D.Hüseynov seçildi. Belə iclaslar fevral ayında Şamaxı qəzasında, Zaqatala dairəsində və digər regionlarda da baş tutdu. Həmin vaxt təşkilatın mərkəzi komitəsi silahlı üsyan kursu ilə bağlı qərar qəbul etdi.

Fevralın 27-də Azərbaycanda sovet hakimiyyətinin qəbulu ilə bağlı vərəqələr paylandı. Döyüş təşkilatları formalaşmağa başladı. Eyni zamanda, İngiltərə ordusunun regiondakı ali komissarı M.Uordon bura səfər etdi.

Bəyanatlarından birində o bildirdi ki, onun kimi, ingilis hökuməti də rusofobiyalıdır:

“Bizim Şərqdəki maraqlarımız Rusiyanın maraqlarına ziddir. Rusiya tərəfdarı olanlar, çətin ki, bizim dostumuz ola bilərlər. Rusiyanın maraqlarına zidd addımlar atanlar bizim əsl dostlarımızdır və biz onları dəstəkləyirik.

Bu gün bütün Zaqafqaziya respublikalarının bir düşməni var. Bu da Rusiyadır. Siz məhz bu düşmənə qarşı bütün gücünüzü birləşdirməlisiniz”.

Yeri gəlmişkən, o, səfəri zamanı bəyan etdi ki, Böyük Britaniya Azərbaycan hökumətinə olan borcunu ödəmək niyyətində deyil.

Xarici işlər naziri Xoyski Zəngəzur qəzasındakı sərhəd münaqişəsi ilə bağlı Ermənistan XİN və Rusiyaya nota göndərdi. Həmin əraziyə kiçik qoşun göndərilmişdi. Hərb Nazirliyi və Daxili İşlər Nazirliyi həmin ərazinin ordu ilə təmin edilməsi məsələsini müzakirə edirdi.

Diqqətəlayiq hadisələrdən biri də məzuniyyətə çıxmış və xəstəlikdən öz evində ölmüş əsgərin valideynlərindən onun əsgəri təchizatının orduya qaytarılmasını istənməsi olmuşdu. Çünki orduda əsgəri təchizat çatışmırdı.

Əhali ordunu dəstəkləməyə çalışırdı. Misal üçün, general Şıxlinski öz teleqramında bildirirdi ki, Quba qəzasının sakinləri ordu üçün dörd min cüt corab göndərib. Ancaq bir neçə regionda vəziyyət fərqli idi.

Hərb naziri X.Sultanov öz məktubunda məlumat verirdi ki, Yüzbaşov adına Şəki alayının Tərtərin erməni kəndinə yerləşdirilməsi zamanı ermənilər buna qarşı çıxdılar.

Fevralın 22-də senator Kontinin rəhbərlik etdiyi İtaliya vətəndaş missiyası Bakıya gəldi. Onların əsas məqsədi iqtisadiyyat idi. 33 nəfərdən ibarət İtaliya vətəndaş missiyasına iqtisadçılar və sənayenin müxtəlif sahələri üzrə mütəxəssislər daxil idi.

Missiya müxtəlif bölmələrə ayrılırdı. Onlar arasında dəmiryol sahəsi də vardı. Missiyanın səfərinin əsas məqsədi Azərbaycan və Gürcüstan hökumətləri arasında iqtisadi-sənaye sahələrində, o cümlədən Zaqafqaziyada dəmir yolunun yaxşılaşdırılması məsələsində razılığa nail olmaq idi. Buna görə parlamentin yeni sədrinin seçilməsi ilə bağlı qərar qəbul edildi. H.Əliyevin yerinə M.Cəfərov seçildi.

Parlamentdə sədr müavinlərinin xəstəliyi və iclasda iştirak etməməsi ilə bağlı problemlər ortaya çıxdı. Fevral parlament üçün nəzərəçarpacaq dərəcədə məhsuldar ay oldu, onlar onlarla məsələ və qanun layihəsini müzakirə etdilər (14 qanun qəbul edildi).

Bir iclasda onlar 2-3 qanun layihəsini müzakirə edirdilər. Qəbul olunan ən vacib qərarlardan biri 1920-ci il fevralın 12-də amnistiya haqqında qanun oldu. Qanunda 19 maddə vardı. Qanuna əsasən, amnistiyaya 1918-ci il mayın 28-dək cinayət törətmiş şəxslərin adları daxil edildi.

Bu kateqoriyaya 1918-ci ildə müsəlmanlara qarşı qətl törədən ermənilər də aid idi. Mənzil vergisini və bu kimi ödənişləri etməyən insanlar məsuliyyətdən azad olundular.

Parlamentin digər prioriteti Mərkəzi Seçki Komissiyasının Təsis Yığıncağına seçkilərlə bağlı fəaliyyəti idi. Seçki müddəti təxirə salınmışdı və buna görə onun maliyyələşdirilməsi tələsik formada müzakirə edilirdi.

Komissiya sədri Əfəndizadənin hesabatından məlum olurdu ki, Təsis Yığıncağına və Mərkəzi Komissiyaya keçiriləcək seçkilər üçün xərclər smetasının layihəsi hazırlanan zaman respublikanın 18 qəzaya bölünməsi, 2/3-i türk olan üç milyon əhalisi olması və sərhədləri müəyyən olunmaması məsələləri nəzərə alınırdı.

Hesabata əsasən, ümumi respublikada 1.350.000 seçici vardı. 18 qəzada ümumi kəndlərin sayı 4125 idi. Kənd seçki məntəqələrinin sayı 1800-ə bərabər idi. Seçkiqabağı əməliyyatlarının aparılması üçün 88 gün müddət verilirdi. Ümumi xərclər isə 20 milyon rubl müəyyənləşdirilmişdi.

İdarəetmə ilə bağlı problemlər təkcə parlamenti deyil, hökuməti də bürümüşdü. Ölkədə hökumət böhranının yarandığını demək mümkün idi. Belə ki, fevralın 18-də daxili işlər naziri M.H.Hacınski bolşeviklərə və fəhlə hərəkatlarına qarşı sərt siyasət yeritməyəcəyini bildirirək istefa verdi.

“Müsavat” hazırkı nazirlikləri buraxmaq niyyətində deyildi və buna görə partiya fevralın 23-də bu vəzifəyə M.Vəkilovun namizədliyini irəli sürdü. O, hökumətdə ən gənc nazir oldu. Onun müavini “Müsavat” partiyasının ən radikal liderlərindən olan Ş.Rüstəmbəyov təyin edildi.

Nəticədə bolşeviklər və fəhlə hərəkatları ilə mübarizə başladı. Ancaq fevralın sonlarında bolşeviklərin region bölmələrində həbslər oldu, bəzi fəhlə klubları və qəzetləri bağlandı. Bu tədbirlər “İttihad” tərəfindən etirazla qarşılandı. Onlar “Müsavat”ı hakimiyyətin qanunsuz qəsbində ittiham etdi.

“Müsavat” partiyasının qeyri-qanuni fəaliyyətini sübut edən “İttihad” partiyasının rəsmi mətbu orqanı yazırdı:

“Xalqın azad iradəsi ilə keçirilən seçkilərdə böyük çoxluq qazanan partiya özünü dominant hesab etmək hüququna malikdir”.

Əhməd bəy Pepinov
(1893-1937)

Əhməd bəy Pepinov 1893-cü ildə Ahıskanın Axalkələk şəhərində, Ömər Ağa Pepinovun ailəsində doğulub. 1900-cü ildə ailəsi ilə birlikdə Şamaxıya köçüb, Ömər Faiq Nemanzadə ona ərəb və fars dillərini, saymağı öyrədib.

1902-ci ildə Şamaxıda baş verən zəlzələ zamanı Əhməd dağıntılar altında qalıb və Nemanzadənin həyat yoldaşı onu ölümdən xilas edib. Daha sonra Tiflis Gimnaziyasına daxil olub. Gimnaziyada oxuduğu müddətdə bir müddət C.Məmmədquluzadənin evində yaşayıb.

Tiflis Gimnaziyasını bitirdikdən sonra Əhməd bəy 1913-cü ildə Moskva Dövlət Universtitetinin hüquq fakültəsinə daxil olub. Təhsil müddətində o, bir neçə Avropa dilini öyrənib, Marks və Engelsin əsərlərini alman dilində oxuyub. Məhz burada o sosial-demokrat olub.

Moskvada azərbaycanlılar tərəfindən təşkil olunan mədəniyyət tədbirlərində iştirak edib. Bakıdakı azərbaycandilli mətbuatda yazıları dərc olunub. Ali təhsil alandan sonra, 1918-ci ildə Tiflisə qayıdıb və burada “Hümmət” partiyasının üzvü kimi fəal ictimai fəaliyyətlə məşğul olub. O, Zaqafqaziya Seyminin müsəlman milli şurasının üzvü olaraq müxtəlif iclaslarda fəal iştirak edib.

1918-ci ilin dekabrında Azərbaycan parlamentinin sıralarına daxil olub. Parlamentdə bir çox qanun layihələrinin, xüsusilə fəhlə və aqrar məsələlərin müzakirələrində fəal iştirak edib.

Bakı Dövlət Universitetinin açılışında, azərbaycanlı tələbələrin xarici ölkələrə göndərilməsində və digər məsələlərdə fəallıq göstərib. Müxalif fikirlərinə baxmayaraq, o, parlamentin sədr müavini Həsən bəy Ağayevlə çox yaxın olub, 1924-cü ildə onun qızı ilə ailə həyatı qurub.

1919-cu il dekabrın 22-də əmək naziri təyin olunub. Nazir postuna təyin olunduqdan sonra Pepinov “Azərbaycan Respublikasının əhalisinin torpaq təminatı haqqında” qanunun bərpasını tələb edib. 1919-cu il dekabrın 28-də yeni nazir həmkarlar ittifaqlarının iştirakı ilə iclas çağırıb.

Əhməd bəy Pepinov administrasiyanın həmkarlar ittifaqının sahəsinə qarışmaması ilə bağlı əmr verib, işçilərə siyasi basqıların dayandırılacağını vəd edib.

Pepinov söz verib ki, Bakı hərbi general-qubernatorluğu ləğv olunacaq və insanlara tam sərbəst toplaşma hüququ veriləcək, eləcə də, əməkhaqlarının ödənilməsi prosesi gücləndiriləcək.

Fəhlələr bu şərtlər altında Pepinovu dəstəkləyəcəklərinə vəd veriblər. Ancaq o vədlərini yerinə yetirə bilməyib. 1920-ci ilin yazında daxili işlər nazirinin dəyişdirilməsindən sonra fəhlə hərəkatlarına qarşı fəal mübarizə başlayıb. 1920-ci il martın 20-də Pepinov parlamentin iclasında bu mübarizə zamanı insanların həbs olunmasına etiraz edib.

Deputatların əksəriyyəti Pepinovun təklif etdiyi bu mövzunun müzakirəsinin əlehyinə çıxış edib. Parlamentin növbəti iclasında Pepinov istefa verib. 1920-ci il martın 23-də Əhməd bəy Pepinov rəsmən istefa verdiyini bəyan edib.

Bu, hökumət böhranında ilk addım olub. Ondan sonra bir neçə nazir istefa verdiyini açıqlayıb.

1920-ci ilin aprelində Qırmızı Ordunun Azərbaycana daxil olmasını gecikdirmək üçün Pepinov parlamentin digər üzvü olan Rəhim bəy Vəkilovla danışıqlar üçün Qroznıya gedib. Burada o, S.Orconikidze ilə dostlaşıb. Orconikidze 1930-cu ildə Pepinovun həbsi zamanı onun ailəsinə yardım edib.

Azərbaycanda Sovet işğalından sonra o, xarici işlər komitəsində çalışıb. Daha sonra əmək komitəsinə göndərilib. 1930-cu il dekabrın 8-də həbs edilib. Onun işində M.H.Hacınski və digərlərinin adları hallanırıb. 1931-ci ildə ona güllələnmə qərarı çıxarılıb, ancaq C.Orconikidzenin dəstəyi ilə onun cəzası dəyişdirilib və 10 il müddətinə həs edilib.

O, Ulyanovska köçüb. Buradan Alma-Ataya yollanıb və 1934-cü ildə orada təhsil nazirinin müavini olub. Bütün dostlarının və tanışlarının xahişinə baxmayaraq, Kommunist Partiyasının üzvü olmayıb. 1935-ci ildə Qazaxıstandan Bakıya qayıdıb. Orconikidze ona Qazaxıstanda qalmağı və Bakıya qayıtmamağı tapşırsa da, o buna əməl etməyib.

1937-ci ildə Ulyanovskda Azərbaycan Xalq Komissarlığının tələbi ilə həbs edilib. Uzun müddət işgəncələrdən sonra “anti-sovet fəaliyyətini” “etiraf edib”.

1938-ci ilin yayında güllələnib. Söhbət gəzir ki, onu Bağırov özü öldürüb.

1957-ci ildə bəraət alıb. 

Toğrul Maşallı
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri