26 
May
2018
16:34
33
200
3406
Virtual karabakh

ADR–100: Cümhuriyyətin süqutu

26 May, 2018
16:34
3406

ADR–100: Cümhuriyyətin süqutu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş, “ADR–100” layihəsi çərçivəsində silsilə məqalələrin yayımına yekun vurur.

Layihəmizin sonuncu məqaləsində Azərbaycan Xalq Cümhuriyyətinin süqutu işıqlandırılıb.

Pepinovun istefası sonuncu hökumət böhranında faktiki olaraq ilk addım idi. Onun ardınca sosialist nazir Camo Hacınski istefa verdi. “İttihad” və “Əhrar” hökumətdən getdi. Onların nümayəndələri 1920-ci il aprelin 15-də bəyan yaydılar:

“Hadisələr göstərdi ki, hökumətin böyük qismi radikalizasiyanın qarşısında durmaq niyyətində deyil, hətta vəziyyəti daha da gərginləşdirir”. 

Sosialistlər radikal-sosialist hakimiyyətə təkid edirdilər. Nəticədə, hökumət istefaya getdi, ancaq bu heç nəyə gətirib çıxarmadı. Yeni hökuməti qurmaqla bağlı anlaşılmazlıqlar vardı.

“Müsavat” bunu tək edə bilməzdi, ancaq onlar hakimiyyəti itirmək istəmirdilər. Nəticədə bir neçə hissəyə bölünmüş hakim partiya müsavatçı M.H.Hacınskiyə yeni kabineti qurmağı tapşırdı və ona bütün parlament fraksiyaları ilə azad danışıqlar üçün hüquq verdi.

Müxtəlif qanunları tez bir zamanda təsdiq etməsinə baxmayaraq, parlamentin fəaliyyətində problemlər var idi. Belə ki, aprelin 15-də Əli Bayramovun qətli məsələsi müzakirə edilirdi. DİN rəhbəri məsələ ilə bağlı xüsusi hesabatını təqdim etdi, amma bu, deputatları qane etmədi. Nəticədə parlamentdə hər bir fraksiyanın bir üzvünün daxil olduğu xüsusi komitə yaradıldı və cinayətin araşdırılmasına cəlb olundu.

1920-ci il aprelin əvvəlində Denikinin Könüllülər Ordusu darmadağın edildikdən sonra XI Qızıl Ordu Azərbaycan sərhədlərinə yaxınlaşdı. Bu hadisəni Azərbaycanla Şimali Qafqaz respublikaları arasında sərhəd məsələsini müzakirə etmək üçün Dağıstana gedən Azərbaycan nümayəndə heyəti (N.Şahsuvarov, A.Ahverdov, A.Musayev) müşahidə edirdi.

Aprelin 13-də onlar böyük qoşun qruplaşmalarının Azərbaycan-Rusiya sərhədində toplanmasının şahidi oldular. Nümayəndə heyəti Qafqaz cəbhəsinin Hərbi İnqilab Şurasının üzvü Orconikidze tərəfindən saxlanıldı. Orconikidze Azərbaycan nümayəndə heyətinin teleqrafını Lenin və Çiçerinə təqdim etdi. Teleqramda deyilirdi:

“Biz saat 03:00-da Velici stansiyasına çatdıq və burada ilk dəfə Qızıl Ordu ilə qarşılaşdıq. Dərbənddə əmin olduq ki, mərkəzi qüvvələr Azərbaycanla sərhədə çatıb və bizim üçün kifayət qədər təhlükə yaranıb”.

Sərhəddə baş verən münaqişə ilə əlaqədar sənəddə Azərbaycanın problemi sülh yolu ilə həll etməyə hazır olduğu bildirilmişdi. Azərbaycanın Denikin və ingilis ordusunun tərkibində olmadığını bildirən nümayəndə heyəti Rusiya hərbi-siyasi rəhbərliyini Azərbaycan qüvvələri və Qızıl Ordu arasında hər hansı qan axıdılmasının qarşısını almaq üçün tədbirlər görməyə çağırdı.

Onlar hərbi qüvvələrin Azərbaycanla sərhəddən geri çəkilməsini və nümayəndə heyəti ilə Sovet Rusiyası üzvləri arasında Azərbaycan-Rusiya sərhədindəki problemini həll etmək üçün sakit mühitin yaradılması çağırışını etdi.

Aprelin 18-də Quba qəzasının rəhbəri Ağakişibəyov ADR-in daxili işlər naziri Vəkilova yazdığı teleqramında bildirirdi:

“Rusiyadan hər gün Azərbaycan sərhədinə qoşun yeridilir. Samurda süvari diviziyası və bir zirehli qatar dayanıb, digər zirehli qatar isə Dərbənddədir. Petrovskda yeddi və ya doqquz zirehli qatar var. Ordu yaxın zamanlarda sərhədi keçməyə hazırlaşır. Ordunun əhval-ruhiyyəsi çox yüksəkdir, sülh danışıqlarının nəticəsizliyinə inanır, qələbəsinə əmindir”.

Azərbaycan hökuməti müxtəlif ölkələrə diplomatik missiyalarını göndərməyə hazırlaşırdı. Aprelin 15-də məsələ parlamentdə müzakirə edildi. Qanun layihəsində Fransa, İngiltərə, İtaliya, İsveçrə, ABŞ və Polşa göstərilmişdi.

“Hümmət” təşkilatının parlamentdəki fraksiyasının rəhbəri Ə.Qarayevin “Nəyə görə diplomatik missiya göndəriləcək ölkələr sırasında Sovet Rusiyası yoxdur?” sualına Xoyski belə cavab vermişdi:

“Bizdən soruşurlar ki, nəyə görə Sovet Rusiyası ilə dostluq əlaqələri qurmaq istəmirik. Biz hər zaman xalqımızın böyük rus xalqı ilə yaxınlaşmasının tərəfdarı olmuşuq. Əgər bu dostluq yoxdursa, bu, bizim problemimiz deyil. Biz Sovet Rusiyasına dostluq əlaqələri qurmaq üçün üç dəfə müraciət etmişik. Ancaq müraciətlərimiz cavabsız qalıb”.

Həmin axşam Xoyski Çiçerinə teleqram yollayaraq, sərhədə qoşun yığılmasının səbəblərini açıqlamağı xahiş etdi. Bu xahiş cavabsız qaldı. Ancaq gözlənilmdən iki gün sonra Çiçerinin müavini L.Qaraxandan cavab gəldi. O, Rusiyanın ticarət-iqtisadi əlaqələrlə bağlı danışıqlara hazır olduğunu bildirdi.

Bu cavab nəinki Azərbaycan tərəfini hiddətləndirdi, hətta Baş Yanacaq İdarəsinin nümayəndəsi N.İ.Solovyev aprelin 20-də Leninə göndərdiyi teleqramda bildirdi ki, Qaraxanın fəaliyyəti Kraykomun siyasi işinə təsir edib və neftin nəqlini dayandırıb. O qeyd edirdi:

“Müsavat” hökuməti  öz ehtiyatlarından nefti buraxmağa və hakimiyyəti sosialist partiyasına verməyə hazırdır. Onlar sovet hökumətinə qarşı deyildi və əsl istəkləri hakimiyyətin müsəlmanlardan təşkil olunmasıdır”.

Azərbaycan ordusunun mövqeyi qeyri-müəyyən idi. Hələ aprelin 21-də Qafqaz cəhbəsinin komandanlığı XI Qızıl Ordunun rəhbərliyinə teleqram göndərərək, ADR ordusunun böyük hissəsinin ermənilərlə sərhədə yerləşdirildiyini bildirmişdi.

Məlumatlara görə, Qızıl Ordunun Yalama və Xudat istiqamətində üç minlik müntəzəm qoşun dəstəsi və iki minlik ehtiyat milis batalyonu vardı. Aprelin 8-də Q.Səlimov məlumat verirdi:

“Şuşa istiqamətində ermənilər səhər saat 08:00-dan hücuma keçdilər. Əvvəlcə müdafiə olunduq. Keşişkənd istiqamətindəki döyüşlərdə uğur qazandıq. Daşaltı kəndi azad edildi. Keşişkəndə silahların təhvil verilməsi üçün 12 saat müddət təyin edildi.

Cəbrayıl istiqamətində bizimkilər Poryaşensk mövqeyini ələ keçirdi. Qasımbəyovun dəstəsi Gəncəyə göndərildi. Qoçazk istiqamətində heç bir hadisə baş vermədi”.

Passiv müharibə şəraitində, aprelin 10-da tərəflər arasında sülh danışıqları başladı. Erməni tərəfindən Zemstvo Şurasının sədri Dusaqetyan, Azərbaycan tərəfindən isə polkovnik Qedevanov iştirak edirdi. Qarşıya qoyulmuşdur:

1. Sərhəddə yaşayan erməni və tatar əhalisi arasında dərhal ziddiyyətlər dayandırılmalı;

2. Sərhədlərin pozulması dayandırılmalı və 1920-ci il aprelin 10-u, saat 00:00-dan gec olmayaraq tərəflər öz sərhədləri daxilinə qayıtmalı;

3. Sərhədin müdafiəsi hər iki tərəfin sərhədçilərinə verilməli idi.

Razılaşmalara baxmayaraq, erməni dəstələrin hücumları davam edirdi. Q.Səlimovun məlumatına görə, hücumların böyük hissəsi əksər hallarda ərzaq və yem ehtiyatlarının zəifləməsi səbəbindən baş verirdi. Misal üçün, aprelin 14-də o məlumat vermişdi:

“Beş gün əvvəl təchizat məsələlərinin qurulması üçün arxa cəbhə rəisinə səfər haqqında teleqram göndərilib, ancaq o hələ də yoxdur”.

Həmin gün Səlimov dağlarda havanın soyuması ilə əlaqədar “dörd min dəst kostyumun və beş min cüt çarığın” göndərilməsi ilə bağlı müraciət ünvanladı.

Denikinin Azərbaycandakı hissələrinə gəlincə, Çiçerin müəyyən mərhələdə haqlı idi. Belə ki, Denikinin ordusunun məğlubiyyətindən sonra əsgərlərin müəyyən hissəsi Bakıya köçdü. Şıxlinski onlardan çoxlu silahlar götürəcəyinə ümid edirdi, ancaq onun gözləntiləri əksinə oldu. Digər tərəfdən, hərbçilər yerli müsəlman əhalidən heç bir dəstək almadılar.

Maraqlıdır ki, erməni nizami hissələri ilə müharibənin davam etdiyi bir vaxtda Tiflisdə Zaqafqaziya konfransı keçirilirdi. Konfrans aprelin 12-də “Qazax, Naxçıvan, Ordubad və Qarabağda qanlı toqquşmaların dayandırılması haqqında” qərar qəbul etdi. Nəticədə, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistana nota verdi, ermənilər isə notaya cavab olaraq bildirdilər ki, onlar yalnız müdafiə olunurlar.

Aprelin 20-də parlamentin nümayəndə heyəti kimi A.D.Pepinov və Rəhim Vəkilov, eləcə də, hökumətin nümayəndəsi Pərviz Mirzə Qroznıya getdi, aprelin 23-də isə Qafqaz cəhbəsinin komandanı Tuxaçevski və Hərbi İnqilab Şurasının üzvü Orconikidze 490 nömrəli direktivə əlavə olaraq, 52 nömrəli əmr imzaladı. Əmrdə XI Qızıl Ordunun qarşısına növbəti tapşırıq qoyulmuşdu:

Aprelin 27-də Azərbaycanla sərhədi keçmək və beş gün müddətində hücum edərək Bakı quberniyasını ələ keçirmək. Aprelin 24-də Qızıl Ordunun hücumu ərəfəsində Çiçerin Xoyskiyə sonuncu teleqramı göndərdi. Çiçerin teleqramında hücumun Denikin ordusu ilə mübarizədə zəruri olduğunu və sovet hökuməti tərəfindən göndərilən notalara ADR-in mənfi cavablarından təəssüfləndiyini bildirdi.

Aprelin 25-də Petrovskda keçirilən iclasda Orconikidze XI Qızıl Ordunun komandanı Levandovski, Hərbi İnqilab Şurasının üzvü Mexonoşin və AKP nümayəndələri arasında birgə fəaliyyət forması müzakirə edildi.

Aprelin 26-sı, səhər saatlarında Bakıda AKP Mərkəzi Komitəsinin və RKP Bakı bürosunun nümayəndələri ilə qeyri-leqal formada Bakıya gələn XI Ordu təmsilçiləri arasında iclas keçirildi.

İclasda aprelin 27-də ADR parlamentinə hakimiyyətin təhvil verilməsi üçün ultimatum göndərilməsi ilə bağlı qərar qəbul edildi. İnqilabı yönləndirmək üçün əməliyyat mərkəzi quruldu.

Aprelin 26-sı, gecə saatlarında döyüş hissəsinin komissarı Dudin aprelin 27-də Bakıya hücum etmək, Azərbaycan hökumətinin müqavimətinin qarşısını almaq, neft və mədən ehtiyatlarının məhv edilməsi ilə bağlı əmr aldı.

Aprelin 27-si, saat 00:05-də Qırmızı Ordu desantları Rusiya-Azərbaycan sərhədini keçdi və Azərbaycan sərhədçilərini əsir götürdü. Yalama stansiyası yaxınlığında bir saata yaxın davam edən döyüşlərdən sonra Azərbaycan ordusunun Quba bölüyünün iki rotası məhv edildi, Xudat stansiyası səhərə yaxın döyüşsüz ələ keçirildi.

300 nəfərdən ibarət Qırmızı Ordu əsgərləri çox asanlıqla Azərbaycan ordusunun hissələrini məğlubiyyətə uğradırdı. Azərbaycanlı hərbi diplomat A.Əsgərov-Kəngərlinin sözlərinə görə, rus qoşunları o qədər sürətlə hərəkət edirdilər ki, Azərbaycan zirehli texnikası geri çəkilərkən saatda 60 kilometr məsafəni qət etməli olurdu.

Hərb naziri, general Mehmandarov faktiki olaraq mübarizədən imtina etdi və bildirdi ki, bütün Azərbaycan ordusu rus batalyonuna qarşı tab gətirə bilməz. Aprelin əvvəllərində Gəncədə hərbi hissələri təftiş edərkən o bildirmişdi ki, Quba batalyonunda 375 hərbçi var. Ancaq hücumlar zamanı məlum oldu ki, bu rəqəmlər kağız üzərindədir.

Digər məsələlərdə də vəziyyət yaxşı deyildi. Misal üçün, 5-ci Bakı bölüyündə 1000 əsgər əvəzinə 300 hərbçi vardı, digərlərində isə bu rəqəm 400 idi. Burada ən böyük rolu qüvvələrin çatışmazlığı kimi, fərrarilik də oynadı.

Bir çox bölüklər bütünlüklə bolşeviklərin tərəfinə keçdi. M.D.Hüseynovun sözlərinə görə, Bakı qarnizonunda bolşeviklər üstünlük təşkil edirdi.

1920-ci il aprelin 27-si, saat 20:45-də parlamentin sonuncu, 145-ci iclası keçirildi. İclasın tam açıq şəraitdə keçirilməsi ilə bağlı qərar qəbul olundu. Bundan əvvəl Rusiya ilə münaqişənin həlli üçün M.H.Hacınskinin rəhbərliyi ilə komissiya yaradıldı.

Sovet tərəfinin məlumatlarına görə, səhər saatlarında onlar Gürcüstan, Ermənistan və Britaniya ilə əlaqələri yaxşılaşdırmağa çalışdılar. Ancaq o, AKP Mərkəzi Komitəsini axşam saat 07:00-dək hökumətin kommunistlərə təhvil verilməsi ilə bağlı məktubu oxudu.

Məktubda qeyd edirdi:

“Əgər biz bu gecə ərzində hakimiyyəti təhvil verməsək, parlamentdəki bütün partiyaların, o cümlədən “Müsavat”ın fəaliyyəti qadağan olunacaq”.

O, deputatları qərar qəbul etməyə çağırdı. Ondan sonra S.Ağamalıoğlu, Q.Qarabəyov, A.Səfikürdski, M.Ə.Rəsulzadə və S.M.Qənizadə çıxış etdi. İclasın sonunda hakimiyyətin Azərbaycanın müstəqilliyinin saxlanılması ilə sovet hökumətinə təqdim olunması qərarı verildi:

“1. Azərbaycanın müstəqilliyinin tam saxlanılması ilə idarəetmənin Sovet hakimiyyətinə verilməsi;

2. Azərbaycan Kommunist Partiyası tərəfindən yaradılmış hökumət müvəqqəti orqan olmalıdır;

3. Azərbaycanın idarəsinin son forması hər cür xarici təzyiqlərdən asılı olmayaraq, Azərbaycanın ali qanunverici müəssisəsi tərəfindən müəyyən edilir;

4. Hökumət müəssisələrinin bütün qulluqçuları öz yerlərində qalır, yalnız məsul vəzifə tutan şəxslər əvəz olunur;

5. Kommunistlər tərəfindən yaradılmış müvəqqəti hökumət ADR hökumətinin və parlament üzvlərinin həyat və əmlak toxunulmazlığına zəmanət verir;

6. Qızıl Ordunun Bakıda döyüşməsinə mane olmaq üçün tədbirlər görmək;

7. Yeni hökumət Azərbaycan müstəqilliyinə qarşı olan bütün qüvvələrlə mübarizə aparmalı və lazımi qərarlar qəbul etməlidir”.

Saat 23:25-də iclas başa çatan zaman parlament inqilab hökuməti ilə birlikdə fəaliyyət göstərə bilməyəcəyini açıqladı.

Belə demək olar ki, hökumət bolşeviklərdən müdafiə üçün heç bir addım atmadı. Misal üçün, aprelin 14-də ayrıca Quba general-qubernatorluğu yaradıldı. Yerli hüquq-mühafizə hissələri və hərbi peşə məktəbində ştat genişləndirildi, Samur çayı yaxınlığına yeni batalyon göndərildi və aprelin 27-də daha bir batalyon Gəncədən buraya gətirildi.

Ordunun böyük hissəsinin bolşeviklərin tərkibinə keçməsi bütün bu cəhdləri mənasız edirdi. Aprelin 28-də Mehmandarov ordu ilə bağlı əmr verdi:

“1. Bütün hərbi hissələr, qərargahlar, hərbi idarə və müəssisələr yeni hökumətdən əvvəlki formada işini davam etdirsin.

2. Hərbi müəssisələrdə yüz milyonlarla əmlak var. Bu əmlakları oğurlayan və qanunsuz əldə edənlərlə yanaşı, onlara cavabdeh olan şəxslər də cinayət məsuliyyətinə cəlb olunacaq”.

Bundan sonra səlahiyyətlərini yeni komissar Çingiz İldırıma verdi.

Beləliklə, hökumət A.Alimov, D.Bünyadzadə, M.D.Hüseynov, Ə.Qarayev, Q.Musabəyov, N.Nərimanov və Q.Sultanovun daxil olduğu hərbi-inqilab komitəsinə keçdi.

Sovet Rusiyasına müraciət aprelin 28-də göndərildi. Azərbaycana daxil olan XI Qızıl Orduya o zaman M.K.Levandovski rəhbərlik edirdi, Hərbi İnqilab Şurasının üzvləri S.M.Kirov və K.A.Mexanoşin, cəbhənin komandanı M.N.Tuxaçevski, cəbhənin Hərbi İnqilab Şurasının üzvləri Q.K.Orconikizde və V.A.Trifonov idi. Zirehli qatarlar qrupuna isə M.Q.Yefremov rəhbərlik edirdi.

Gecə yarı “Üçüncü İnternasional” zirehli qatarı Biləcəri stansiyasına daxil oldu. Başqa sözlə, faktiki olaraq hakimiyyət qan tökülmədən təlvil verildi.

Aprelin 28-də Azərbaycan SSR Xalq Komissarları Şurası yaradıldı: sədr və xarici işlər komitəsinin rəhbəri Nəriman Nərimanov, daxili işlər komitəsinin sədri Həmid Sultanov, ədliyyə və əmək komitəsinin sədri Əliheydər Qarayev, əkinçilik, sənaye, ticarət və ərzaq komitəsinin sədri Qəzənfər Musabəyov, maliyyə komitəsinin sədri Mirzə Davud Hüseynov, hərbi və dəniz məsələləri komitəsinin sədri Çingiz İldırım, maarif və dövlət nəzarəti komitəsinin sədri Dadaş Bünyadzadə, poçt, teleqraf və informasiya komitəsinin sədri Cəmil Vəzirov, səhiyyə və xeyriyyəçilik komitəsinin sədri Abid Alimov oldu.

XI Qızıl Ordu hissələri Bakı ilə yanaşı, digər istiqamətlərdə də hərəkət edirdi. Aprelin 27-də Quba və Qusar, aprelin 28-də Dəvəçi, aprelin 30-da Şamaxı ələ keçirildi. Demək olar ki, hər yerdə əsgərlər əsir götürülürdü və aprelin 30-da əsirlərin sayı beş mini keçmişdi.

Aprelin 28-I, səhər saatlarında S.Ağamalıoğlu Gəncədə sovet hökumətinin qurulması ilə bağlı məlumat verdi və aprelin 29-da Gəncə qubernatoru Xudadat bəy Rəfibəyov hakimiyyətin inqilab komitəsinə verilməsi ilə bağlı aktı imzaladı. Zirehli qatarlardan biri Kürdəmir stansiyasına çatdı. Lənkəran, Şəmkir və Şuşa da inqilab komitəsinin nəzarətinə keçdi.

Hökumət rəhbərlərinin taleyi fərqli oldu. Bəziləri dərhal qatara oturub, şəhəri tərk etməyə çalışdılar. Bəziləri bunu bacardı, qalanları isə həbs edildi. Aprelin 29-da M.F.Musəvi, A.Əliyev və A.Bayramovun qətli ilə bağlı araşdırmalar başlandı və Bakı general-qubernatoru  M.Tlexas qaçmaq istəyərkən türk kommunistlər tərəfindən yaxalandı. Bələdiyyə sədri Q.Xudiyev və digərləri həbs olundu.

Əkbər ağa Şeyxülislamov
(1891-1961)

Əkbər ağa İbrahim oğlu Şeyxülislamov 1891-ci ildə İrəvan şəhərində anadan olub. Orta təhsilini İrəvan Gimnaziyasında başa vurduqdan sonra 1912-ci ildə Peterburq Yol Mühəndisliyi İnstitutuna daxil olub və 1917-ci ildə oranı bitirib.

Təhsilini başa vurduqdan sonra dərhal vətənə qayıdıb. İctimai həyatda fəal iştirak edib və 1918-ci ildə “Hümmət” təşkilatının tərkibində Zaqafqaziya Seyminə daxil olub. Türkiyə ilə Trapenzundda sülh danışıqlarında iştirak edib. Aprelin sonlarında Zaqafqaziya hökumətinin daxili işlər nazirinin müavini vəzifəsini tutub.

Müsəlman Milli Şurasının fəaliyyətində fəal iştirak edib və Zaqafqaziya Demoktik Federativ Respublikası dağıldıqdan sonra Azərbaycan Milli Şurasının tərkibinə daxil olub. Müstəqilliklə bağlı qətnaməni imzalayanlardan biri olub.

Birinci hökumətdə o, əmək və əkinçilik naziri olub. Daha sonra parlamentin deputatı olub. 1919-cu ilin yanvarında Paris Sülh Konfransında iştirak edən nümayəndə heyətinin tərkibinə daxil edilib. Bundan sonra Azərbaycana qayıtmayıb.

İlk olaraq kiçik fabrik açsa da, uğursuzluğa düçar olub. Daha sonra siyasi fəaliyyətinə davam edib. Uzun müddət azərbaycanlı miqrantlar tərəfindən yaradılan Azərbaycan Milli Mərkəzinə qarşı çıxış edib. Onun fikrincə, Azərbaycan hökuməti adından yalnız Parisə göndərilmiş nümayəndə heyətinə daxil olan şəxslər çıxış edə bilərdi.

Geri dönməsinə baxmayaraq, Milli Mərkəzin fəaliyyətində iştirak edib. Ancaq 1934-cü ildə Ə.Topçubaşov və digərlərinin tənqidlərindən sonra təşkilatın üzvlüyündən çıxarılıb.

Bir müddət Almaniyada yaşayıb. 1943-cü ildə Ə.Şeyxülislamov Ə.Fətəlibəyli-Düdənginski tərəfindən yaradılan Azərbaycan Milli Birlik Məclisinin rəhbəri seçilib.

1951-ci ildə Azərbaycan adından rus xalqlarının xilası şurasının yaradılması ilə bağlı Visbaden bəyannaməsini imzalayıb. Münhendə “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının yaradıcılarından biri olub.

O, 1961-ci il martın 2-də Parisdə vəfat edib və orada dəfn edilib. 

Toğrul Maşallı
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri