22 
İyn
2018
16:46
17
186
4101
Virtual karabakh

Ailələr niyə dağılır? - RƏY

22 İyn, 2018
16:46
4101

Ailələr niyə dağılır? - RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda kişilərin və qadınların sonsuzluğa görə boşanması aktuallaşıb.

Bunu Oxu.Az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.

Onun sözlərinə görə, 2017-ci ildə boşanmaların sayında artma müşahidə edilib:

“Ötən il 14729 nikah pozulub. Bu da nikahların  təxminən 20 faizi təşkil edir. 2018-ci ilin üç ayı ərzində boşanmaların sayının azalması müşahidə edilib. 1937, 1990 və 2017-ci ildə boşanmaların artmasını illəri kimi qeyd etmək mümkündür”.

Elgün Səfərov boşanmaların səbəblərini də açıqlayıb:

“Nikah pozan cütlüklərin əksəriyyəti boşanan zaman əsas səbəb “xasiyyətlərin uyğunsuzluğu”nu qeyd edirlər. 

Amma real araşdırmalar onu göstərir ki, vətəndaşlar boşanma səsəblərini gizlədirlər. Bugünkü gün boşanmada məişət zorakılığı ilk yerdədir. 

Əsas səbəblər - xəyanət, məişət zorakılığı, sonsuzluq, narkomaniya, sərxoşluğa görədir. Son 17 il ərzində ailədə kişilərin və qadınların sonsuzluğa görə boşanması aktuallaşıb”.

Komitə rəsmisi bildirib ki, Azərbaycanda ikinci dəfə ailə quranların sayı çoxalıb:

“Azərbaycanda 2 milyon 100 min ailə var. Hər il təxminən 80 min əhali artımı qeydə alınıb. Digər dövlətlərlə müqayisə etsək, Azərbaycanda boşanmaların sayı daha yaxşı vəziyyətdədir. 

Türkiyədə 28 faiz, Fransada 31-35, Almaniyada 37, ABŞ-da 45-55, Rusiya, Gürcüstan, Ermənistanda boşanmaların sayı isə 25 faizdən çoxdur. Ölkəmizdə 2017-ci ildə boşanma çoxalsa da, proqnozlarımıza görə, 2018-2019-ci ildə boşanmaların sayı azalacaq”.

Elgün Səfərov qeyd edib ki, Azərbaycanda qadınlar zorakılığa dözmürlər:

“Buna da tam şəkildə hüquqları var. Onların hüquqları 20-25 il bundan əvvəl təmin edilib. Bu gün qadın tam müstəqildir. Onlar istəmirlər ki, zorakılıq gördüyü ailədə yaşasınlar”.

Sosioloq Cavid İmamoğlu isə bildirib ki, Azərbaycanda mövcud boşanma qərb cəmiyyətlərində mövcud dinamikaya uyğun gedir:

“Əgər əvvəllər boşanmanın kökündə yalnız sonsuzluq dururdusa, hazırda ailəiçi şiddətə görə boşanma sayında kəskin artım müşahidə olunur. Hazırda iqtisadi faktorlara, ailədaxili ünsiyyətsizlik, keçimsizlik çox ciddi boşanma səbəbi kimi götürülür. 

Eyni zamanda, əvvəllər “mən hələ ailəyə hazır deyilmişəm” kimi ifadələrə görə ailə münasibətlərinə son qoyulmurdusa, hazırda bu ifadə boşanan cütlüklərin ən məşhur ifadəsidir. Hazırda emosional zorakılıq belə nikaha sonvermə ilə nəticələnə bilər”.

Sosioloq qeyd edib ki, ailə planlaşdırılması məsələsi həll edilməlidir:

“Hazırda üzərində çalışacağımız əsas məsələ ailə planlaşdırılması məsələsində evlənəcək cütlüklərə dəstək olmaq, onları lazımi psixoloji-sosial-tibbi konsultasiyalarla təmin etməkdir ki, boşanma ilə nəticələnəcək evliliklər baş tutmasın”.

ABŞ-ın Utah Universitetində sosioloq olaraq fəaliyyət göstərən Nik Uolfinqrın ailə dəyərləri haqqında araşdırmasının nəticəsinə görə, beş ilə qədər boşanmayan cütlüklərin əksəriyyəti 28-32 yaşlarında evlənənlərdir. 

32 yaşından sonra keçən hər il boşanma ehtimalını 5% artırır. Yəni, 34 yaşında evlənənin 33 yaşında evlənənə görə boşanma riski 5% çoxdur.

Qeyd edək ki, bu ilin dörd ayı ərzində qeydiyyat şöbələri tərəfindən 17715 nikah və 4868 boşanma halları qeydə alınıb.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri