11 
İyl
2018
11:00
25
240
6580
Virtual karabakh

Erkən nikah qurbanı: “Günahsız insan nə qədər döyülər?”- VİDEO

11 İyl, 2018
11:00
6580

Erkən nikah qurbanı: “Günahsız insan nə qədər döyülər?”- VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dəfələrlə döyülmüşəm. Günahsız insan nə qədər döyülər?”- biz onunla həyat hekayəsin danışmağa başlayan zaman ağlayaraq, təkrarladığı söz bu idi… Bir müddət sakitləşməsini gözlədik. Sonra hadisəni danışmağa başladı. Məlum olan o oldu ki, dəfələrlə döyülüb, şiddətə məruz qalıb…

Həyat hekayəsini Oxu.Az-a bölüşən şəxs erkən nikah qurbanı, uşaqlıqdan arzuları puç olan Sara Rəsulovadır (ad şərtidir).

Həmsöhbətim deyir ki, atası onun məktəbə getməsinə icazə verməyib:

“Ailədə iki qardaş, beş bacı olmuşuq. Rayonda balaca bir evimiz var idi. Atamla münasibətlərimiz də yaxşı olmayıb. Biz balaca idik, atam anamı hər döyəndə ona yalvarırdıq ki, anamı döymə. Amma o onunla bərabər bizi də dəfələrlə döyürdü. Ac, susuz, qalmışıq. Bacılarımla məktəbə getmək istədikdə döyülürdük.

Müəllimlər valideynlərimə xəbər göndərirdi ki, uşaqların məktəbə gəlsin, amma atam qoymurdu. Qohumlarımızın yanında deyirdi ki, beş qızım olduğu üçün dünyanın ən xoşbəxt adamıyam. Amma bizə: “Mənim üstümdə qalacaqsınız” deyir və döyürdü. Mənim ailə qurmağıma səbəb demək olar ki, atamdır. O qədər evdə bizi, anamı döyürdü ki, evdə yaşamaq istəmirdim…”.

Sara Rəsulova yaxınlarının məsləhəti ilə ailə həyatı qurub:

“16 yaşım tamam olmamışdı. Ailə quracağım həyat yoldaşımın ailəsi bizim evə xəbər göndərmişdi. Valideynlərim də bilirdi ki, onlar bizə elçi gələcəklər. Mənim etiraz etmə hüququm yox idi. Bu işi anamın xalası düz-qoş etmişdi. Mən xalamgildə qonaq qalanda qayınanam ona dedi ki, məni evə qonaq aparmaq istəyirlər. Səbəb kimi getdiyim yerə bələd olmağımı dedilər. Xalam mənə dedi ki, pis adam olsa, biz səni vermərik. Mən də uşaq idim, kim nə deyirsə, inanırdım. Məcbur məni göndərdilər”.

Erkən nikah qurbanı olan qadın gələcək həyat yoldaşını ilk dəfə onun evində görüb:

“Elə həmin vaxt telefonu əlimdən aldılar. Ağladım, yalvardım ki, məni geri qaytarın, amma əhəmiyyət verən də olmadı. Oğlan Bakıya getdi, mən qayınanamla qaldım. Bir müddət sonra oğlan rayona qayıtdı və özünə toy etdi. Nə rəsmi nikah, nə də kəbin kəsilmədi. Toydan sonra bir müddət aramız yaxşı oldu. Beş-altı aya yaxın Bakıda kirayə qaldıq. Elə oldu ki, mənim səhhətimdə problem yarandı və rayona qayıtdıq. Bundan sonra ailədə yavaş-yavaş münaqişələr başladı. Hər gün evdə dava-qırğın baş verdi”.

Sara Rəsulova deyir ki, ailəsi tərəfindən dəfələrlə təhqir edilib:

“Bütün bu söz-söhbətdən sonra yoldaşım içki içməyə başladı. Qayınanam mənlə dalaşanda yoldaşım məni döyürdü. Dəfələrlə deyirdi ki, səni istəməmişəm, anam alıb, çıx get. Anası da yoldaşıma deyir ki, mən bu qızı küçədən gətirmişəm. Burax başını getsin. Nə istədiklərini bilmirdilər.

Mən getmək istəyəndə də deyirdilər ki, dörd bacını düşün və get. Sənə ad qoyacaqlar. Mən də qorxurdum. Dəfələrlə döyüldüm, söyüldüm, təhqir edildim. Günahsız insan nə qədər döyülər?Gedəcək bir yerim yox idi. Ailəmə neçə dəfə narazılıq etsəm də, bildirdilər ki, ölsən də orda qalasan”.

Sara şiddət gördüyü evdən getmək istəsə də, hamilə olduğunu öyrənib:

“Uşağa görə dözdüm, dedim bəlkə başa düşərlər. Həyat yoldaşım bizə baxmırdı. Qayınanamın pensiyası ilə uşağa baxırdıq. Bir neçə il söz-söhbətli yaşadıq. Amma uşağıma görə hər şeyə dözürdüm. Qayınatam ilə qayınanam ayrı yaşayırlar. Bir il qayınatamın evində yaşamışıq”.

Həmsöhbətim deyir ki, ikinci uşağı ilə xəstəxanada tənha qalıb:

“Bir gün evdən qızıl oğurlandı. Qayınanam dedi ki, qızılları sən götürmüsən. Evə gələn qohum-əqrabanın hamısına məni oğru kimi qələmə verirdi. Ağladım, dedim ki, mən götürməmişəm. Halbuki özü də bilirdi ki, həmin qızılları öz oğlu götürüb. Həyat yoldaşım da mənə etiraf etmişdi ki, qızılları özü götürüb.

Həmin vaxt ikinci uşağıma hamilə idim. Doğum şöbəsinə də tək getmişəm. Həkimlər nə qədər yoldaşıma zəng etsələr də telefonu açmadı. Ata-anam da xəstəxanaya gəlmədi. Üç gün orada uşağımla tək qaldım. Heç kim məni soruşmadı.

Həkimlərin təkidi ilə həyat yoldaşımla xalam məni xəstəxanadan çıxartdılar. Evə gələn zaman qayınanam dedi ki, qızıllarımı satıb həkimə vermisən. Yoldaşım, qayınanam yenidən məni döydülər. O həddə çatdım ki, qaçıb polisə şikayət etdim. Sonra qohumları xahiş etdi ki, içkili olub, düzələcək. Müdaxilə etdilər. Uşaqlarımın xətrinə keçdim”.

Sara Rəsulova eşitdiyi təhqirlərdən sonra uşaqları ilə evdən gedib:

“Polisdən ərizəmi geri götürəndən sonra məni daha çox döydülər. Sonuncu davada qayınanam qazanı başıma çırpdı. Uşaqlarıma görə də mənə qiymət vermirlər. Qayınatama şikayət etdim. Dedi ki, uşaqları qoy və get. Mən də dedim ki, siz məndən uşaq ala bilmərsiz. Dəfələrlə mənə hədə-qorxu gəldi ki, nə desələr döz. Sənin qədər o qədər döyülüb, söyülən gəlinlər var ki...Bir gün düşündüm ki, bu qədər döyülməklə öləcəm. Qohumları da gəldi danışdı. Hamı bildi ki, günah onlardadır. 

Sonda uşaqları götürüb evdən getdim. Yoldaşım dedi uşaqların başına bir iş gəlsə, səni yaşatmaram. Əgər evdən çıxmasaydım bəlkə də ya özümə, ya da uşaqlara nəsə edərdim… Üstümdə bir qəpik pulum olmadan evdən çıxdım. Bizim kəndə körpü var. Oradan avtobusa mindim. Şoferə dedim ki, pulum yoxdu. Sağ olsun məni Bakıya gətirdi. Uşaqlarımı yanımda görüb, avtobusda 1-2 manat verən də oldu… Ondan-bundan soruşub polis şöbəsi tapdım və şikayət etdim. Onlar da məni uşağımla sığınacağa gətirdilər”.

Həmsöhbətim arzularından da danışdı:

“Qızımın 3 yaşı var. Oğlum isə 11 aylıqdır. Həyat yoldaşım oğluma atalıq hüququ verməyib. Bundan sonra nə edəcəyimi bilmirəm. Amma iş tapıb işləmək, uşaqlarımı böyütmək istəyirəm. Mən uşaqlıqdan gördüyüm şiddəti onların görməsini istəmirəm…”.

Həyat hekayəsini sizinlə paylaşdığım həmsöhbətim bundan sonrakı həyatında ona sahib çıxmayan valideynləri ilə heç bir əlaqə qurmayacağını, həyatını övladları ilə birlikdə qaydasına salmağa çalışacağını deyir…

İlhamə Əbülfət
VİDEO: Elnur UĞUR
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri