Avq
2018
15:42
68
113
12800
Virtual karabakh

İntihara cəhd edən kişi baş nazirlə nə danışdıqlarını açıqladı - TƏFƏRRÜAT

1 Avq, 2018
15:42
12800

İntihara cəhd edən kişi baş nazirlə nə danışdıqlarını açıqladı - TƏFƏRRÜAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş nazir mənə dedi ki, intihardan geri çəkil, problemlərin həll olunacaq.

Bunu Oxu.Az-a açıqlamasında bir neçə gün öncə intihara cəhdinin qarşısı baş nazir Novruz Məmmədov tərəfindən alınan Yaşar Əhmədov bildirib.

Onun sözlərinə görə, bir il yarımdır ki, həyat yoldaşı iki azyaşlı uşağını götürüb və evi tərk edib:

“Həyat yoldaşım gizlicə telefon işlədirdi. Bundan xəbər tutdum və mübahisə etdik. Daha sonra o, uşaqlarımı da götürüb evdən getdi. Eşitdim ki, uşaqlarımı Bakıda Azərbaycan Uşaqlar Birliyinin təkibində olan Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində atıb.

Sığınacağa gəldim və uşaqlarımı tələb etdim. Mənə bildirdilər ki, uşaqları anası mərkəzdən aparıb və buna Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi icazə verib”.

Yaşar Əhmədov bildirib ki, komitə nümayəndələri onun müraciətinə əhəmiyyət verməyib:

“Məni eşitmək istəmədilər. Onlara bildirdim ki, uşaqlarım barədə məlumat olmasa, intihar edəcəyəm. Hadisədən 10 gün əvvəl Daxili İşlər Nazirliyinə də məlumat verdim ki, körpüyə çıxıb intihar edəcəyəm.

Heç kim mənə əhəmiyyət vermirdi. İntihara cəhddən iki gün əvvəl komitədə Cəmilə adlı qadına dedim ki, intihar edəcəyəm. Mənə “get, işinlə məşğul ol” dedi və telefonu söndürdü. Həmin gün səhər saat 05:30-da “Koroğlu” metrostansiyası yaxınlığındakı körpüyə çıxdım. Polislər gəldilər, amma fikrimdən daşınmadım”.

Yaşar Əhmədov deyir ki, o, baş nazirlə danışandan sonra intihar fikrindən daşınıb:

“Artıq intiharın bir addımlığında idim. Mənə dedilər ki, sənə telefon qaldırırıq. Baş nazir səninlə danışmaq istəyir.

Novruz müəllim məndən intihara cəhd etməyimin səbəbini soruşdu. Başıma gələn hadisəni danışdım. Mənə dedi ki, problemlərim həll olunacaq. Uşaqlarımın yerinin tapılması üçün araşdırma aparılacaq.

Baş nazirə inandım və intihardan geri çəkildim. Sonra məni Nazirlər Kabinetinə gətirdilər. Xeyli danışdıq. Novruz Məmmədov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə göstəriş verdi ki, problemim araşdırılsın, övladlarımın harada olduğu öyrənilsin.

Hazırda komitədə araşdırma davam edir. Həyat yoldaşım və uşaqlarımın harada olması barədə axtarış aparılır”.

Qeyd edək ki, bir neçə gün öncə Yaşar Əhmədov Bakıda intihara cəhd edib. Onun bu addımının qarşısını baş  nazir Novruz Məmmədov alıb.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri