10 
Avq
2018
10:21
24
77
4581
Virtual karabakh

“DOST” hamının dostu olacaqmı? - RƏY

10 Avq, 2018
10:21
4581

“DOST” hamının dostu olacaqmı? - RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxs (DOST Agentliyi) yaradılması çox müsbət və əhəmiyyətli addımdır.

Bütün Azərbaycan vətəndaşları dövlət başçısının bu yöndəki məlum fərmanını çox yüksək qiymətləndirir və müsbət qarşılayırlar.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin üzvü Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, “DOST”, belə demək mümkünsə, Azərbaycanın ikinci “ASAN”ıdır:

“Bildiyiniz kimi, düz altı il öncə, 2012-ci ilin 13 iyul tarixində Azərbaycanda nəinki keçmiş postsovet məkanında, MDB-də, ümumiyyətlə, dünyada analoqu olmayan bir qurum - Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi - “ASAN xidmət” yaradıldı. 

Bu xidmət ölkədə vətəndaş məmnunluğunun yaradılması, təmin edilməsi, bir sıra sahələrdə illərlə mövcud olan, bir-birinin üstünə qalaqlanan problemlərin, bürokratik əngəllərin, məmur süründürməçiliyinin qarşısının alınması məqsədilə formalaşdırılmışdı və ötən altı illik fəaliyyəti dövründə qarşısına qoyulan vəzifələrin öhdəsindən tam uğurla gələ bildi.

Bu xidmət bütövlükdə Azərbaycan cəmiyyəti tərəfindən birmənalı şəkildə qəbul olundu və bu gün də insanlar həmin xidmətin fəaliyyətindən tam razıdır. Hətta bu qurum dünya üçün bir model oldu, bir çox ölkələr ondan yararlanmağın vacibliyini dilə gətirdilər.

İndi isə belə bir agentliyin - “DOST”un yaradılması ilə bağlı fərmanın verilməsi Azərbaycan dövləti və dövlət başçısının bu prosesin davam etdirilməsində nə qədər maraqlı və israrlı olduğunun göstəricididir. 

Yəni, dövlət siyasətinin və dövlət başçısının fəaliyyətinin ana xəttini insanlarımızın məmnunluğu, onları rifahı, təhlükəsizliyi təşkil edir. Bu baxımdan, hesab edirəm ki, bu qurum fəaliyyətə başlaması ilə qısa zaman ərzində üzərinə qoyulan vəzifələrin öhdəsindən uğurla gələ biləcək, Azərbaycanda dövlət-vətəndaş münasibətlərində əsl etimad, etibar mühiti, şəffaflıq yaranacaq. Həm vətəndaş, həm də dövlət bundan məmnun qalacaq”.

Millət vəkili Eldəniz Səlimov da dövlət başçısının fərmanını təqdirəlayiq hadisə kimi qiymətləndirib.

Bildirib ki, əslində, buna ehtiyac vardı və son fərman məhz bu ehtiyacın ödənilməsi məqsədilə verildi.

“Çox təəssüflər olsun ki, Azərbaycanda böyük, dinamik, sürətli inkiaf getsə də, Azərbaycan dünyanın lider dövlətləri sırasında öncül mövqelərdə bərqərar olsa da, bəzi sahələrdə hələ də problemlər qalmaqda idi.

Bu haqda tez-tez parlamentin komitə və plenar iclaslarında həmkarlarımız tərəfindən iradlar, tənqidlər və konstruktiv təklif səslənirdi. Yəni, bir sıra məsələlərdə vətəndaşların incidilməsi, süründürməçilik, məmur özbaşınalığı, bürokratiya halları yaşanır və davam edirdi.

Düzdür, bu halların qarşısının alınması üçün dövlət, dövlət rəhbəri tərəfindən mütəmadi addımlar atılır, fərman və sərəncamlar verilir, yerində olmayan məmurlarla bağlı ciddi ölçülər götürülürdü, elə “ASAN xidmət”in yaradılması və effektli fəaliyyətini buna misal göstərmək olar, amma bununla belə, hələ də özlərini qanunlardan yuxarı görənlər tapılırdı. 

Təbii ki, bu kimi hallar Azərbaycan dövlətini, ilk növbədə, hər bir addımında Azərbaycan vətəndaşını düşünən ölkə prezidentini heç cür razı sala, qane edə bilməzdi. 

Xatırlayırsınızsa, istər 4 iyul müşavirəsində, istərsə də 8 iyul iclasında ölkə prezidenti bu istiqamətdə ciddi xəbərdarlıq etmişdi, bürokratik əngəllərə, məmur özbaşınalığına dözülməyəcəyini bəyan etmişdi. 

Odur ki, bu fərmanı həm də həmin tarixi toplantıların məntiqi davamı və yekunu kimi qiymətləndirmək olar.

Hesab edirəm ki, “DOST” çox qısa dövrdə hamının “DOST”u olacaq”, - deyə millət vəkili əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri