Sen
2018
14:36
29
101
16497
Virtual karabakh

Azərbaycanda irsi ötürülən fəlakət - ARAŞDIRMA

5 Sen, 2018
14:36
16497

Azərbaycanda irsi ötürülən fəlakət - ARAŞDIRMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tacikistanda yaxın qohumların nikaha girməsinə qadağa qoyulub və bununla bağlı qanun qüvvəyə minib. Buna səbəb qohum evliliyindən doğulan uşaqlarda əlilliyin yaranmasıdır. 

Azərbaycanda da qohum evliliyi geniş yayılıb. Ailələrin çoxu bu cür evlilikdən yaranacaq problemləri qulaqardına vurur, gələcəklərinə zərbə endirirlər. 

Araşdırmalar göstərir ki, qohum evliliyi zamanı uşaqların qüsurlu doğulması riski 4-8 faiz təşkil edir. Elmi dildə endoqami adlanan qohum evliliyi bir çox ölkələrdə qadağan edilib. Məsələn, Almaniya, ABŞ-ın bəzi ştatlarında əmiqızı-əmioğlu evliliyi yolverilməzdir.  

Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun elmi işçisi Günay Əliyevanın sözlərinə görə, qohum evliliyinin yaradacağı xəstəliklər genetik ötürülür:

“Bu xəstəliklər ötürülən zaman valideynlər gizli daşıyıcı olur. Yəni xəstəlik təzahür etmir, əlamətləri hiss olunmur. Hər iki gizli daşıyıcı ailə həyatı qurarsa, övladlarında xəstəlik yaranır. Azərbaycanda genetik yolla ötürülən xəstəliklərdən geniş yayılanı talassemiyadır.

Bu xəstəliyin qarşısını almaq üçün son 20 il ərzində bir neçə dövlət proqramı tətbiq olunub. İlk proqram 2005-ci ildə tətbiq edilib ki, bu, daha çox talassemiya xəstələrinin müalicəsi və həyat fəaliyyətlərinin yaxşılaşdırılması məqsədi daşıyırdı”.

Günay Əliyeva bildirib ki, ikinci dövlət proqram isə bir neçə il öncə qəbul olunub:

“Məqsəd talassemiyanın profilaktikasıdır. Bizim institutda rəsmi nikaha girən şəxslər müayinə edilir, talassemiya daşıyıcıları aşkarlanır. Biz bu insanlara məlumat veririk ki, onların dünyaya gətirəcəkləri uşaqların xəstə doğulma riski var.

Aşkar etdiyimiz cütlüklər qərarlarından daşınmırlarsa, biz onlara prenatal diaqnostika tətbiq edirik. Hamiləlik baş tutduqda dölü müayinə edirik və cütlüyə dölün sağlam, valideynləri kimi daşıyıcı, yaxud da xəstə olduğu barədə məlumat veririk. Əgər dölün xəstə olduğu aşkarlanarsa, biz onlara hamiləliyin sonlandırılmasını məsləhət görürük. Qərarı özləri verir.

Bizə müraciət edən cütlüklərin təxminən 32 faizə yaxını - birinci dərəcəli qohum evlilikləridir. Bu da o deməkdir ki, ölkə ərazisində dünyaya gələn xəstə uşaqların üçdə birinə qohum evlilikləri səbəb olur”.

Elmi işçi qeyd edib ki, Azərbaycanda qohum evliliyinin qarşısı alınsa, talassemiya xəstələrinin sayı üçdə birə qədər azala bilər:

“Bu da xəstə uşaqların doğulmasının təxminən 30 faiz azalması deməkdir. Onların əvəzinə daha sağlam genofondumuz olar və sağlam körpələrimiz doğula bilər. Nikahdan öncə müayinəyə gələnlər qeyri-ixtiyarı olsa da, məlumat alırlar.

Amma 2015-ci ildən əvvəl evlənənlər barədə məlumatımız yoxdur. Onlar ixtisaslaşmış xəstəxanalara müraciət etsinlər və talassemiya daşıyıcısı olub-olmamalarını öyrənsinlər. Yaxud da hamilə olanlar ginekoloqlara müraciət etsinlər və yoxlansınlar”.

Talassemiya Mərkəzinin açıqladığı rəqəmlərə görə, Azərbaycanda üç mindən artıq talassemiyalı xəstə, respublika üzrə isə bir milyona yaxın talassemiya daşıyıcısı var. Son beş ildə mərkəzdə 55 xəstəyə sümük iliyinin transplantasiyası əməliyyatı icra olunub. Onların əksəriyyəti talassemiyalı xəstələr olub. 

Qohum evlilikləri daha çox Lerik, Masallı, Lənkəran, Şəki və Bakıətrafı qəsəbələrdə yayılıb.

Deputat Tahir Rzayevin sözlərinə görə, qohum nikahından doğulan uşaqların sağlam olmama riski yüksəkdir:

“Uşaqlarla bərabər ailələr də əziyyət çəkirlər. Onların doğulması cəmiyyət üçün faydalı deyil. İnsan onlara baxan zaman təəssüf hissi keçirir ki, belə uşaqlar niyə doğulur? Bunun günahı qohumluq əlaqəsi olan ailələrdədir.

Onlar bilməlidirlər ki, bu münasibətlərdən gələn uşaqlar dünyaya sağlam doğulmama ehtimalı var. Bu gün belə hallar çoxdur. Xüsusi olaraq rayonlarda, kəndlərdə bu cür hallara rast gəlmək olar. Mən qohumluq əlaqələrinin əleyhinəyəm. Əksər ölkələrdə bu qadağa var və düzgün addımdır”.

Deputat qeyd edib ki, qohum evliliyi ilə bağlı qanunvericilikdə müəyyən dəyişiklik edilməlidir:

“Milli Məclisdə vaxtaşırı olaraq nikah, boşanma, evlilik barədə danışıqlar aparılır. Nə qədər qanunlar olsa da, əsas insanların onları yerinə yetirməsidir. Bilməlidirlər ki, bunlar ailələrin, cəmiyyətin, uşaqların faciəsidir.

Mənim öz yaxın adamlarımdan biri qohum evliliyi etmişdi. Uşaq sağlam doğulmadı və 28 il yatağa məhkum şəkildə yaşadı. Ana onun zülmünü çəkdi. 28 yaşında dünyasını dəyişdi. Nəticədə, zülüm çəkən ana uşağın ölümündən bir neçə il sonra vəfat etdi. Bu, əzabların nəticəsi idi. Xaricdə qohum evliliyinin qadağan olunması düzgün qəbul edilmiş qərardır. Fikrimcə, gələcəkdə bizdə də qohum evliliyi qadağan oluna bilər”.

Mütəxəssislərin fikrincə, qan qrupu əsasında evlənmək düzgündür. Belə ki, qadının qanı birinci qrupa aiddirsə, onun elə birinci qrup qanı olan kişi ilə evlənməsi məsləhətdir. Qadının qanı 2-ci qrupdursa, 2-ci qrup qanı olan kişi ilə, 3-cü qrupdursa, 3-cü və 1-ci qrup qanı olan kişi ilə, 4-cü qrupdursa, 4-cü və 1-ci qrup qanı olan kişi ilə ailə qura bilər.

Əgər kişinin qan qrupu 1-dirsə, problem olmur, əgər 2-ci qrupdursa, yaxşı olar ki, 1-ci və 2-ci qrup qadınlarla ailə qursun, 3-cü qrupdursa, 1-ci və 3-cü qrup qanı olan qadınla ailə qura bilər, 4-cü qrupdursa, hansı qrupla evlənsə, problem olmaz.

Genetik xəstəliklərin çox sayda olduğunu qeyd edən ginekoloq Rəşad Sultanın sözlərinə görə, əksər hallarda genin biri qüsurlu olanda, bu, özünü xəstəlik şəklində büruzə vermir:

“Bunlara resessiv genlər deyilir. Resessiv genlərin ancaq hər ikisində qüsur varsa, xəstəlik meydana çıxır. Orta hesabla hər birimiz üç xəstə gen daşıyırıq. Xəstə gen nənə-babadan nəvələrə ötürülür. Və nəvələr evlənən zaman xəstəliklər meydana çıxır.

Belə halda uşaqların xəstə doğulma ehtimalı 25 faiz təşkil edir. Əgər ailədə, nəsildə bilinən bir irsi xəstəlik yoxdursa, qüsurlu gen müəyyən deyilsə, qohum evliliyindən doğulacaq uşağın bətndaxili dövrdə bu baxımdan araşdırılması mümkün deyil”.

Ginekoloq genetik xəstəliyin doğumdan öncə aşkar edilməsinin problem olduğunu xüsusi vurğulayıb: “Qohum evliliyində tərəflər genləri eyni nənə-babadan götürdüklərinə görə doğulacaq uşaqda xəstəliyin olmasına daha çox rast gəlinir.

Təəssüf ki, qohum evliliyini qadağan edən bir qanun yoxdur. Tibbi cəhətdən onların evlənməsi məsləhət deyil. Və bizim əlimizdən gələn cütlüklərə, sadəcə, bunun tibbi cəhətdən fəsadlarını izah etməkdir”.

Məsələnin dini tərəfi də var. 

İlahiyyatçı Elşad Miri deyir ki, dində qohumların evlənməsi ilə bağlı hər hansı bir qadağa yoxdur:

“Təkcə süd qohumu olanların ailə həyatı qurması qadağandır. Yəni eyni qadından süd əmən insanlar evlənə bilməz. Bu, günahdır. Nisa surəsinin 23-cü ayəsində bu barədə hökm verilir ki, sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu (ögey qızlarınızla evlənməyiniz) sizə günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları (ilə evlənmək) və iki bacını birlikdə almaq haramdır”.

Sosioloq Cavid İmamoğlu bildirib ki, qohum evlilikləri Azərbaycanda geniş yayılıb:

“Bəzi inkişaf edən və ya inkişafda olan ölkələrdə qohum evliliyi çox yayılıb. Azərbaycanda isə yaxın qohumların yox, uzaq qohumların evliliyi baş tutur. İnsanlar tanımadıqları insanla evləndikdə, yeni qohumluq əlaqəsi yaranır. Bu, müsbət haldır. Qohum evliliyi yaşayan insanlar da səhv iş görmürlər.

Sadəcə onlar anlamalıdırlar ki, uşaqların fiziki və əqli qüsurları ola bilər. Onların sevgiləri bu riski aşa bilərsə, məsləhət onlarındır. Heç kəsin ixtiyarı yoxdur ki, onları qınasın. Hər kəs kənarda kimisə görüb, sevmir. Onlar öz qohumunu sevib, evlənə bilər”.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri