19 
Okt
2018
12:32
16
148
9304
Virtual karabakh

Azərbaycanda insanlar ən çox hansı xəstəlikdən ölür? - VİDEO

19 Okt, 2018
12:32
9304

Azərbaycanda insanlar ən çox hansı xəstəlikdən ölür? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyada hər il 50 milyondan artıq insan xəstəliklər və bədbəxt hadisələr nəticəsində həyatını itirir. Ölüm hallarının, demək olar ki, yarıdan çoxu tibbi səbəblərdən, qeyri-infeksion xəstəliklərdən baş verir. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2017-ci ildə əhalinin hər 100 min nəfərindən 586,7-si müxtəlif xəstəliklərdən dünyasını dəyişib.  

Həkim Vasif İsmayıl Baku TV-yə açıqlamasında ölkə əhalisinin ölümünə səbəb olan xəstəliklərdən danışıb.

O bildirib ki, Azərbaycanda insanların ölümünə səbəb ən çox ürək-damar xəstəlikləridir. Təkcə ötən ilin statistikası onu göstərir ki, əhalinin hər 100 min nəfərindən 345,8-i bu xəstəlikdən həyatını itirib:

“Azərbaycanda insanların ölümünə səbəb ən çox ürək-damar xəstəlikləridir. Əvvəllər bundan xəstə itirilmələri çox olurdu, amma indi on ildən çoxdur ki, kardioloji xidmət təkmilləşdi və ölüm sayları azaldı. Amma bu, o demək deyil ki, bu xəstəliklərin görülmə sıxlığı azaldı. Lakin indi biz bu xəstəliklərə mübarizə aparmağı daha yaxşı öyrənmişik.

Amma yenə də ən çox görülən ürək-damar xəstəlikləridir. Ən çox ölüm halları da ürək-damar çatışmazlığından, infarktdan olur. Bunun isə müxtəlif səbəbləri var. Bəzi xəstələr var ki, biz onları, ümumiyyətlə, qurtara bilmirik. Bəziləri də var ki, onların qulluğu çox çətin olur. Ürək-damar xəstəliklərinin altında yatan əsas səbəb qocalmaq, qidalanma və həyat tərzi problemləridir”. 

O, onkoloji xəstəliklərin sayının artdığını da qeyd edib:

“Bunun səbəblərindən biri də insan ömrünün uzanmasıdır. Bəzi onkoloji xəstəliklər ətraf mühitdən çox artırlar. Bu, bütün dünyanın tendensiyasıdır”. 

Müsahibimiz xəstəliklərin əsas səbəbini düzgün qidalanmamaqla əsaslandırıb:

“Qida mümkün olduğu qədər təbii, az işlənmiş və ilkin halına yaxın, sadə, çoban yeməyinə yaxın olmalıdır və daha çox hərəkət etmək lazımdır”.  

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev isə deyib ki, əhalinin qida təhlükəsizliyinin əsaslarından biri qidanın keyfiyyətli və təhlükəsiz olmasıdır:

“Qidaların keyfiyyətli və təhlükəsiz olması standartlaşdırmaya uyğun hazırlanma, saxlanma, daşınma, qablaşdırılma və satış yerlərində düzgün nəzarətdən asılıdır. Azərbaycana gətirilən  məhsullarda sağlamlığa zidd maddə görülərsə, satışa qadağa qoyulur”.

Sağlam bədən və ruh insana verilən ən böyük nemətdir. Odur ki, sağlamlığınızı əldən verməyin.

İlhamə Kələyeva, Valeh Arifoğlu
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri