Noy
2018
17:18
104
351
16701
Virtual karabakh

Azərbaycanlı feminist: Kişilər ailəni saxlamağa məcbur deyillər

Hərənin bir cür tanıtdığı cərəyanlardan biri də feminizmdir. XVIII əsrin sonları, XIX əsrin birinci yarısında formalaşmağa başlayan feminizm qadınların azadlıq uğrunda hərəkatının əsasında duran cinslərin bərabərliyi nəzəriyyəsi kimi anlaşılır.

Əslində necə olduğu haqda isə feminist Pikəxanım Əhlimanova Oxu.Az-a danışdı. 

O, qadın hüquqları əsasında yaranan cərəyanın indi daha geniş məzmun əhatə etdiyini bildirib:

“Feminizm hər kəs üçün hüquqi bərabərliyinin təmin edilməsini istəyən bir cərəyandır. Əvvəllər qadın hüquqları əsasında yaradılmış olsa da, yeni dövrdə bu, belə deyil. Yəni, bu, qadınlar, kişilər və LGBT üzvlərinin hüquqlarının təmin edilməsi üzərində qurulub”.

P.Əhlimanova cəmiyyətimizdə bu cərəyana nə dərəcədə ehtiyac olduğunu izah etdi:

“Müxtəlif cəmiyyətlərdə cinslər üzərində fərqli tabular var. Bizim cəmiyyətdə də qadınlar və kişilər üçün müəyyən şablonlar var. Qəbilə dövründən qalma adətləri yaşadığımız dövrə gətirib çıxarmağı bacarmışıq. Qadınlar ev işlərinə baxmağa, kişilər isə çörək pulu qazanmağa məcbur edilir və hər iki tərəfin hüquqları pozulur. Nə qadınlar daima ev işləri ilə məşğul olmağa, uşaq dünyaya gətirməyə məcburdurlar, nə də ki kişilər ailəni saxlamağa. Bunlar, ən kiçik misallardır.

Qadınların daha çox fiziki və psixoloji, kişilərin isə mənəvi təzyiqlərə məruz qaldıqlarını müşahidə edirik. Çox təəssüf ki, bir çox insan bu təzyiqləri normal qəbul edir və bunu problem olaraq görmür. Bu da cərəyanın aktual qalmasına səbəb olur”.

Müsahibimiz şablon və hər kəsin qəbul etdiyi bir sıra fikirləri sorğulamağın vacibliyini vurğulayıb:

“İnsanların azadlıqları məhdudlaşdırılmamalıdır, onlara seçim verilməlidir və seçimlərinə görə kimsə təhqir edilməməli və şiddət görməməlidir. Cəmiyyətin yazılmamış qanunlarını sorğulamadan qəbul edənlərə qarşı pozitiv fikir yürüdə bilmirəm, çünki sorğuladığında bir problem olduğunu açıq-aşkar görə bilirsən. Hər kəs rahat yaşamaq hüququna malikdir”.

Nəzrin Həsənova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri