Noy
2018
13:54
22
416
8342
Virtual karabakh

Əşi, süpürgəçisən də, süpürmək borcundur - REPORTAJ

6 Noy, 2018
13:54
8342

Əşi, süpürgəçisən də, süpürmək borcundur - REPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İnsanlar hər gün səhər işə gedəndə küçəni təmiz halda görsün deyə, süpürgəçilər sübh tezdən küçələri süpürür. 

Süpürgəçi qadınların iş prosesini izləmək üçün mən və fotoqrafımız Ramil sübh tezdən onların çalışdıqları əraziyə baş çəkdik. Səhər tezdən şiddətli yağış yağırdı. Hamı yağışdan qaçsa da, onlar bu yağışın altında küçəni təmizləyirdilər.

21 ildir süpürgəçi işləyən Məlakət Həşimova hər gün səhər saat 05:30-dan axşam saat 19:00-a kimi işləyir.

Səhərin erkən vaxtında yolunuz Səbail rayonu ərazisinə düşsə, onu və iş yoldaşlarını iş başında görəcəksiniz. 

Məlakət Həşimova arxasınca özü boyda süpürgəni sürüyə-sürüyə bizimlə söhbətləşir:

“İşə gələn kimi xalatlarımızı geyinib, əraziyə çıxırıq. Hər kəsin öz ərazisi var. Saat 06:00-dan 08:00-dək ərazini təmizləyib bitirməliyik. İşimiz çətin və təhlükəlidir. Hər yarım saatdan bir ərazidə olub, tökülən zibilləri süpürürük.

Gəlib çay içib yenə əraziyə çıxırıq. Küləkli vaxtlar olanda daha çox işləyirik. Çünki ətrafa yarpaqlar tökülür və biz ərazini təmiz saxlamalıyıq”. 

Süpürgəçi qadın deyir ki, yüksək sürətlə hərəkət edən maşınlar hərəkət etsə də, onlar işlərini görürlər:

“Sürücülər imkan vermir ki, rahat şəkildə zibilləri təmizləyək. Maşından zibil, siqaret kötükləri atırlar. Bu, düzgün deyil. Bəzən yol süpürəndə kimsə siqaret kötüyü atır. Bu zaman etiraz edirəm ki, onu qutuya atsınlar. Bəziləri “baş üstə” deyir, bəziləri təhqir edir. Elə adam olur ki, “Əşi, süpürgəçisən də, süpürmək borcundur”, -deyir”.

Dürxanım Məhəmmədəliyeva 1991-ci ildən süpürgəçi işləyir:

“Gün ərzində altı dəfə sahəyə çıxırıq. Hər dəfə də sahəyə çıxanda iki-üç araba zibil təmizləyirik. İnsanlar zibilləri qutuya atmır. Tökürlər yerə, yığışdırırıq. Nə edə bilərik ki? Bizim işimiz budur”.

Dürxanım Məhəmmədəliyeva deyir ki, hava şəraitindən asılı olmayaraq, hər gün eyni vaxtda iş başında olur:

“27 ildir süpürgəçi işləyirəm. Hər gün eyni vaxtda işdə oluram, küçəni təmizləyirəm”.

Hər bir işçi gündəlik işdə olmalıdır. İstirahət və günorta yeməyi vaxtı olur. Onların yemək yeməsi və oturub dincini alması üçün süpürdükləri əraziyə yaxın yerdə balaca bir otaq ayrılıb.

Raisə Həsənova peşəsi çətin olsa da, onu canla-başla yerinə yetirir: 

“İnsanlar zibil qutusuna zibili atmağa ərinirlər. Butulka, yedikləri yeməyi küçəyə atırlar. Burada qarşılaşdığımız hadisələr də çox olur. Yadımda qalan odur ki, bir dəfə küçə süpürən zaman “KamAZ” gəlib, ağaca çırpılmışdı. Gözümün qabağında iki nəfər ölmüşdü. Neçə gün hadisənin təsirində oldum. Bir müddət küçəni qorxa-qorxa süpürürdüm”.

Raisə Həsənova deyir ki, iş yoldaşları bir-birinin ərazisinə müdaxilə etmir:

“Mən digər yoldaşımın təmizlədiyi ərazidən keçdikdə yerdə zibil görsəm, mütləq əyilib götürürəm. Heç vaxt əlimizdəki zibili yerə atmırıq. Çünki hər gün əziyyətlə küçələri təmizləyirik. Ətrafımda olan insanlara da tapşırıram ki, yerə zibil atmayın”.

İki saata yaxın ərazidə olduq. Onların necə çətinliklə küçə təmizlədiyini müşahidə etdik. Biz oradan ayrıldıq, amma həmin qadınlar axşam saatlarına kimi işə davam edəcək.

Hər birimiz yediyimiz yeməklərin qablarını, siqaret kötüklərini asanlıqla küçələrə atırıq. Bu zibillər isə təhlükəli şəkildə, çətinliklə təmizlənir. Çalışaq, ətrafı zibilləməyək...

İlhamə Əbülfət 
FOTO: Ramil Zeynalov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri