13 
Noy
2018
10:05
52
14
2943
Virtual karabakh

Günümüzün terapiyası

13 Noy, 2018
10:05
2943

Günümüzün terapiyası

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ətrafda gün ərzində əhvala təsir edən yüzlərlə amil var. Cəmiyyətdə təsir vasitəsi kimi əsas güc insanlarda olsa da, adicə hava dəyişkənliyi də ruh halının necə olacağını müəyyən edir.

Musiqi həyat üçün çox vacibdir. Onu yuxudan duranda, yol gedəndə, ictimai nəqliyyatda və sairə yerlərdə dinləyirik. Bir çoxları üçün musiqi dostdur.

Depressiyaya düşmək və ondan xilas olmaqda əsas rolu mahnılar oynayır. Əhvalımız yaxşı deyilsə, öncə gündəlik qulaq asdığımız mahnılara nəzər yetirməliyik. Yaratdığımız “pley-list” bizi yolboyu müşayiət edir, xoş söhbətləri ilə səni güldürən və müsbət enerji ötürən pozitiv yoldaş, yaxud hər şeyin pis tərəfindən danışan pessimist biri kimi.

Güc, motivasiya verir, sevinc gətirir, çətin vaxtlarda dəstək olur, nəzərə alsaq ki, mahnılar eyni hissləri yaşayan insanları bir araya gətirir, tək olmadığını hiss etdirir, bu hissləri və fikirləri yaşayan yeganə insan olmadığını bilmək də yaxşı hiss etdirir. 

Uzun müddət dəyişilmiş “pley-list”də pozitiv mahnılara qulaq assanız, hər gün qulaqdan beyinə ancaq müsbət fikirlər daxil olsa, o tərzdə düşünməyə başlayacaqsınız və bu, həyatınıza da təsir edəcək. Yəni, mahnı sözlərinin qüvvəsi böyükdür.

Eləcə də, mahnıların musiqiləri. Yəqin ki, hər kəs ritmlə addımların sürətlənməsinin şahidi olub. 

Əhvala güclü təsiri olan “pley-list”i necə qurmağınız gününüzü və həyatınızı xilas edə və ya əksinə, məhvə apara bilər.

Psixoloq Ramil Nəcəfli pessimist mahnılara qulaq asmağın məsləhətli olmadığını deyir. Ancaq bəzi hallarda o cür mahnıları dinləmək olar:

“Adətən, mahnılara qulaq asanlar özlərini onda tapanlardır. Yaşadıqları həyatla bağlı hansısa duyğulara görə mahnılarda təsəlli tapırlar. Depressiyada olan sıxıntılı, stressli insanları bu cür mahnılar sakitləşdirir, çünki o mahnılara sığınırlar, orada onların ürək sözlərini deyirlər”.

İllər boyu mahnıların gücündən istifadə edilib. İlk dəfə 1789-cu ildə “Kolumbiya Jurnalı”nda “Musiqi fiziki hesab olunur” adı altında məqalə yayımlanıb. Amma ilk qeydə alınmış terapiya və sistemli eksperimentlər 1800-cü illərlə bağlıdır. Bu maraq 1900-cü illərdə dəstək qazanıb.

1950-ci il iyunun 2-si Beynəlxalq Musiqi Terapiyası Birliyi yaranıb. Musiqini xatirələrlə birləşdirdiyimizdən alzaymer xəstələrinə də faydalı olduğu düşünülür. 

Beləliklə, insanların müalicə üsullarından birinə çevrilən bu gənc sahə onunla diqqətli olmağımızı tələb edir.

Nəzrin Həsənova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri