13 
Noy
2018
18:51
250
78
3776
Virtual karabakh

Deputat: Əsas problem alimlərin məvaciblərinin aşağı olmasıdır

13 Noy, 2018
18:51
3776

Deputat: Əsas problem alimlərin məvaciblərinin aşağı olmasıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan elminin əsas problemi alimlərin məvaciblərinin aşağı olmasıdır.

Oxu.Az xəbər verir ki, bunu millət vəkili, akademik Gövhər Baxşəliyeva dilə gətirib.

Onun sözlərinə görə, ölkə prezidentinin fərmanları ilə son illər ərzində Milli Elmlər Akademiyası (AMEA) əməkdaşlarının maaşları bir neçə dəfə artırılıb, həmçinin, son vaxtlar müxbir və həqiqi üzvlərin rütbə maaşları əhəmiyyətli artıb:

“Lakin açığını demək lazımdır ki, AMEA-nın digər əməkdaşlarının məvacibləri günün tələblərinə uyğun deyil. Mövcud məvaciblər hələ də elmin inkişafını təmin edəcək səviyyədə deyildir. Belə vəziyyətdə elmdə inkişafa nail olmaq çətin məsələdir.

Maddi problemlər elmdə yenilənməyə, varislik ənənələrinin qorunmasına ciddi əngəl törədir. Mövcud maliyyə təminatı gənclərin elmə gəlişinə stimul yaratmır. Bir vaxtlar AMEA institutlarına can atan ali məktəb məzunları indi başqa, daha gəlirli sahələrə üz tuturlar. Nəsillər arasında əlaqənin qırılması isə elm üçün böyük təhlükədir”.

Millət vəkili deyib ki, AMEA-nın xalqımızın həyatındakı rolunu qiymətləndirmək üçün dövlət orqanlarında, diplomatik sahədə, ictimai-siyasi səhnədə səmərəli fəaliyyət göstərən, milli intellektual elitanın özəyini təşkil edən şəxsiyyətləri xatırlamaq kifayətdir:

“Bu şəxsiyyətlər AMEA-dakı unikal mühitin yetirmələridir. Fikrimizcə, bu, AMEA-nın dövlətimiz üçün strateji əhəmiyyətli bir qurum olduğunu isbatlamaq üçün yetərli dəlildir.

Bir mühüm məqama da toxunmaq istərdim: Bəzi elm sahələri özəl sifarişlər, istehsalatla bağlı layihələr, hətta xarici ölkələrdən alınan qrantlar sayəsində gəlirlər əldə edə bilərlər. Humanitar və ictimai elmlər isə daha çox dövlətimizin himayəsinə güvənməlidir.

Bu sahə mənəvi sfera ilə, milli ideologiya və dövlətçilik düşüncəsi ilə birbaşa bağlı olduğundan xüsusi qayğı ilə əhatə olunmalıdır. Bu elmlərə dar mənada “praktik fayda” meyarı ilə yanaşmaq olmaz. Bütövlükdə fundamental elm belə yanaşmanı qəbul etmir.

Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə”, “Azərbaycan Atabəylər dövləti” kitablarının milli şüurun inkişafında oynadığı rolu hansı pul ekvivalenti ilə ölçmək olar?! Fundamental elmə xərclənən vəsait gələcəyə - millətin və dövlətin gələcəyinə qoyulan sərmayədir. Əgər bu gün tələb olunan maliyyə vəsaitini əsirgəsək, sabah bundan yüz qat artığını qoymalı olacağıq.

Fundamental elmin ictimai şüurun düzgün istiqamətdə təkamülündə müstəsna rolunu gözəl bilən ümummilli liderimiz Heydər Əliyev məhz buna görə hakimiyyətə qayıtdıqdan və ölkədə ictimai-siyasi sabitlik yaratdıqdan sonra əsas elm məbədimiz ətrafında söz-söhbətlərə son qoydu, ardınca öz tarixi fərmanı ilə AMEA-nın statusun müəyyənləşdirdi.

Bütün sahələrdə olduğu kimi, elmə münasibətdə də Heydər Əliyev kursunun layiqli davamçısı olan möhtərəm prezidentimiz İlham Əliyev isə elmdə islahatlar, elmin inkişaf strategiyası, Elmin İnkişafı Fondunun yaradılması ilə bağlı sərəncamları ilə Azərbaycan elminin günün tələbləri səviyyəsinə yüksəlməsi istiqamətində mühüm addımlar atdı.

Bu gün Azərbaycan elmi, konkret olaraq, ictimai və humanitar elmlər müasir dövrün tələblərinə, dövlətçiliyimizin yüksəlişinin hazırkı mərhələsinə, Azərbaycanın müasir inkişafının məntiqinə uyğunlaşdırılmalıdır”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri