10 
Dek
2018
17:31
64
53
5713
Virtual karabakh

Aydın Səfixanlı: Müvəkkilin vəsatətləri əsasında 638 məhkum əfv olunub

10 Dek, 2018
17:31
5713

Aydın Səfixanlı: Müvəkkilin vəsatətləri əsasında 638 məhkum əfv olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

10 dekabr - Ümumdünya İnsan Hüquqları Günüdür.

Bu tarix 1948-ci ildə BMT-nin Baş Məclisi tərəfindən İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin qəbulundan sonra hər il bütün dünyada qeyd olunur.

Mövzu ilə əlaqədar Oxu.Az-ın suallarını Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı cavablayıb.

- İnsan hüquqları barədə hansı işlər görülüb?

- Hər bir demokratik cəmiyyətin əsasını insan hüquqları və azadlıqlarının tanınması və onların real təminatı mexanizmlərinin mövcudluğu təşkil edir. Vətəndaş sülhü yalnız insanın ali dəyər, onun hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin başlıca vəzifəsi kimi qəbul edildiyi halda mümkündür.

Azərbaycanın Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının, vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi kimi təsbit edilməsi, Azərbaycan dövlətinin xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmasının xüsusi vurğulanması müstəsna əhəmiyyət kəsb edir.

Bu, onu göstərir ki, əsas qanun ictimai münasibətlər sistemində dövlətin roluna məhz müasir cəmiyyət tələblərindən yanaşaraq, dövlətin hər hansı mücərrəd maraqlara deyil, məhz vətəndaşların mənafelərinə, azad cəmiyyətin aparıcı qüvvəsi olan insanın maraqlarına xidmət etdiyini ən yüksək səviyyədə bəyan edir.

Demokratik hüquqi quruculuq yolunu tutmuş dövlət daim ictimai etimadı doğrultmağa, hər bir vətəndaşın mənafeyinə hesablanan, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə yönələn siyasi-hüquqi və sosial-iqtisadi islahatları həyata keçirməyə çalışır. 

Bu prinsip Azərbaycan dövlətinin fəaliyyətinin başlıca qayəsini təşkil edir. İlk gündən hakimiyyətin xalqa xidmət vasitəsi olduğunu və hər bir dövlət məmurunun xalqın xidmətçisi olduğunu bəyan edən dövlət başçısının siyasi iradəsi nəticəsində insan hüquq və azadlıqlarının daha səmərəli təmini sahəsində real mexanizmlər yaradılıb və uğurla fəaliyyət göstərməkdədir. 

Ölkə başçısının dəfələrlə vurğuladığı kimi, demokratik proseslərin davamlı şəkildə aparılmadığı hansısa dövlətin iqtisadi sahədə davamlı və yüksək nəticələr əldə etməsi, beynəlxalq arenada layiqli yerini tutması, dünya birliyinə inteqrasiyası mümkün deyil.

Eyni zamanda, iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və hüquqi dövlət quruculuğuna yönələn cəhdlər, əsasən, uğursuzluqla nəticələnir, çünki tətbiqinə cəhd göstərilən mütərəqqi yeniliklər vətəndaşların real yaşayış səviyyəsi ilə bir araya sığmır.

Məhz bu reallıqdan çıxış edən Azərbaycan prezidenti hər iki təmayülə vəhdət şəklində yanaşılmasını vacib sayır və ölkənin uzunmüddətli inkişafını məhz demokratik və iqtisadi islahatların paralel şəkildə davam etdirilməsi şərtilə real hesab edir.

Ötən illərin təcrübəsi göstərir ki, Azərbaycanın dayanıqlı və dinamik inkişafının əsasını demokratik, hüquqi, sosial dövlət ideyası təşkil edib, Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi və onların rifah halının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı fəaliyyət aparılıb.

- İnsan hüquqlarının müdafiəsinə hansı strateji yanaşma sərgilənir? Gələcəkdə hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur? 

- Məlum olduğu kimi, insan hüquqlarının müdafiəsi sahədəki tədbirlərin daha mütəşəkkil həyata keçirilməsində Dövlət Proqramları, Strategiyalar və Milli Fəaliyyət Planları böyük əhəmiyyət kəsb edir. Azərbaycanın müxtəlif inkişaf mərhələsində insan hüquq və azadlıqlarının daha səmərəli təmini sahəsində müvafiq dövrün prioritetlərinə uyğun belə sənədlər qəbul olunub. 

İnsan hüquqlarının və azadlıqlarının təmin olunması istiqamətində qəbul edilmiş mühüm əhəmiyyətə malik olan sənədlər sırasında Azərbaycan Respublikasının prezidentinin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı, 28 dekabr 2006-cı il tarixli Sərəncamla təsdiq olunmuş Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planını və 27 dekabr 2011-ci il tarixli sərəncamla təsdiq olunmuş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramını qeyd etmək istərdim.

Qeyd olunan sənədlərdə normativ-hüquqi bazanın insan hüquqlarının təmini baxımından təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, institusional islahatların həyata keçirilməsi, insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirlərinin görülməsi, insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi sahəsində önəmli vəzifələr nəzərdə tutulub. 

Eyni zamanda, qanunvericilik bazası daha da təkmilləşdirilib, ayrı-ayrı sahələr, o cümlədən, əhalinin müxtəlif qruplarının hüquqlarının daha səmərəli müdafiəsi üzrə yeni normativ hüquqi aktlar qəbul edilib. Məsələn, Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında qanunun qəbulu, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə”  və Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının prezidenti sərəncamları və digər sənədlər bu qəbildəndir.

- Tez-tez Ombudsman Aparatının nümayəndələrinin Penitensiar Xidmətin nəzarətindəki həbsxanalara xəbərdarlıqsız getməsi barədə məlumatlar yayılır. Bu ziyarətlər hər hansı bir şikayət əsasında baş tutur, yoxsa profilaktik xarakter daşıyır? 

- Azərbaycan Respublikası 2 dekabr 2008-ci ildə BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunu ratifikasiya edib, ölkə prezidentinin 13 yanvar 2009-cu il tarixli, 112 saylı Sərəncamına əsasən isə Protokolda nəzərdə tutulmuş Milli Preventiv Mexanizmin funksiyalarını həyata keçirən təsisat qismində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) müəyyən edilib.

Ölkədə hüquqi dövlət quruculuğu prosesi çərçivəsində aparılan hüquqi islahatların məntiqi davamı olan bu yeni funksiyaların icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi Müvəkkilin fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrilib. 

Saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə mütəmadi başçəkmələrin həyata keçirilməsi milli preventiv mexanizmlərin fəaliyyətinin əsas istiqamətidir. Azərbaycan MPM-i də onun üzərinə qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində prioritetləri müəyyən edərkən əsasən Fakültativ Protokolun məqsədlərini nəzərə alır. Belə ki, Fakültativ Protokolun 20-ci maddəsinin “a” bəndinə əsasən, Milli Preventiv Mexanizmlərin öz mandatını yerinə yetirə bilməsi məqsədilə, iştirakçı dövlətlər Fakültativ Protokolun 4-cü maddəsinin tətbiqi üçün şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrin və orada saxlanılanların sayı, yerləşdiyi yer haqqında istənilən məlumatı təqdim etməyi öhdələrinə götürürlər.

MPM fəaliyyəti çərçivəsində bütün preventiv başçəkmələr əvvəlcədən xəbərdarlıq etmədən həyata keçirilir və bunları plan üzrə başçəkmələr və plandankənar başçəkmələr olmaqla iki qrupa bölmək olar.

Plan üzrə başçəkmələr Müvəkkil tərəfindən təsdiq olunan illik plan əsasında həyata keçirilir. İllik planın layihəsi hər ilin sonunda növbəti il üçün MPQ üzvlərinin iştirakı ilə keçirilən iclasda müzakirə olunur, nəticələr protokollaşdırılır, qəbul edilmiş plan təsdiq olunmaq üçün Müvəkkilə təqdim edilir. Planın açıqlanmaması başçəkmələrin effektivliyi baxımından çox əhəmiyyətlidir. Bu baxımdan konfidensiallıq MPQ üzvləri tərəfindən təmin olunur.

Plandankənar başçəkmələr əsas etibarilə əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icrası vəziyyətinin öyrənilməsi, MPM-ə bu və ya digər formada məlumat ötürmüş şəxslərə qarşı təqib hallarının baş verməsinin qarşısının alınması, o cümlədən saxlanılan şəxslərlə aparılan söhbət zamanı onların əvvəllər saxlanıldıqları müəssisə haqqında verdikləri məlumatların və Müvəkkilin ünvanına daxil olmuş şikayətlərin, qaynar xəttinə daxil olmuş müraciətlərin təhlili, MPQ-yə verilmiş məlumatların araşdırılması, kütləvi informasiya vasitələrində rast gəlinən və MPM-i maraqlandıran informasiyaların yerində yoxlanılması, habelə Müvəkkilin təşəbbüsü ilə həyata keçirilir.

- Prezident hər il müntəzəm olaraq əfv sərəncam imzalayır. Siyahıya daxil olanlar arasında Ombudsman aparatının təklifləri olurmu? 

- Azərbaycanda qısa müddət ərzində 64 əfv sərəncamı imzalanıb. 11 Amnistiya Aktı qəbul olunub, nəticədə isə minlərlə insan ailələrinə qovuşub. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.7-ci maddəsinə əsasən Müvəkkil əfv, vətəndaşlıq, siyasi sığınacaq verilməsi məsələlərinin həlli ilə bağlı Azərbaycan Respublikası prezidentinə təkliflər verə bilər.

Fəaliyyəti dövründə Müvəkkil Konstitusiya Qanununda təsbit olunmuş bu hüquqlarından istifadə edərək məhkumların özlərinin və ailə üzvlərinin müraciətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciətlər ünvanlayıb, Müvəkkilin vəsatətləri əsasında ümumilikdə bu günədək 638 məhkum əfv olunub.   

- Düşmən ölkənin törətdiyi cinayətlərlə bağlı Ombudsman aparatının bəyanatları nəticə verirmi? 

- Sizə də məlum olduğu kimi, fəaliyyəti dövründə Ombudsman tərəfindən hər il davamlı olaraq 1990-cı il 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar, Xocalı soyqırımının ildönümü ilə əlaqədar, 1918-ci il Azərbaycanlıların Soyqırımının ildönümü ilə əlaqədar bəyanatlar qəbul edilərək  BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, UNİCEF-ə, Avropa İttifaqına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin Ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib. 

Bəyanatlarda baş verən hadisələr barədə geniş məlumat verilib, beynəlxalq təşkilatları Ermənistanın törətdiyi kobud insan hüquqları pozuntularına reaksiya verməyə çağırılıb. 

Bununla yanaşı, Ombudsmanın Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonun Alxanlı kəndində yaşayan mülki əhalinin qətlə yetirilməsi və mülki obyektlərinin atəşə tutulması ilə əlaqədar 05 iyul 2017-ci il tarixli Bəyanatı, habelə Ermənistan silahlı qüvvələri bölmələrinin 2017-ci il avqust ayının 7-də Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə törətdikləri növbəti təxribat nəticəsində Qaralar kənd sakini - 13 yaşlı uşaq Yusifov Ramin Sabir oğlunun qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi haqqında 09 avqust 2017-ci il tarixli Müraciəti müvafiq beynəlxalq təşkilatlara ünvanlanıb.

Müvəkkil daimi olaraq bu məsələni diqqətdə saxlayır, müvafiq bəyanatlar verməklə yanaşı, iştirak etdiyimiz beynəlxalq tədbirlərdə də Ermənistanın Azərbaycana təcavüzü, qaçqın və məcburi köçkünlərimizin pozulmuş hüquqlarını beynəlxalq təşkilatların diqqətinə çatdırırıq.

İlhamə Əbülfət
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri