14 
Yan
2019
12:34
34
118
4144
Virtual karabakh

Piyada keçidlərini qaçaraq keçməyə məcbur qalırıq - ŞƏRH

14 Yan, 2019
12:34
4144

Piyada keçidlərini qaçaraq keçməyə məcbur qalırıq - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərində piyada keçidləri bir çox halda səhv təşkil olunub və piyadaların rahat və təhlükəsiz hərəkəti təmin edilməyib. Paytaxtın əksər istiqamətlərində piyada keçidinin olduğunu göstərən nişanlar qoyulsa da, işıqlandırma yoxdur, asfalt örtüyü üzərindəki zolaqlar isə, demək olar ki görünmür. Bu isə həm sürücülərə, həm də piyadalara ciddi təhlükə yaradan məqamlardan biridir.

Dəfələrlə piyada keçidindən istifadə edən şəxslərin də sürətlə gələn avtomobillər tərəfindən vurulduğunun şahidi olmuşuq. Bəs görəsən, əslində, bu istiqamətdə görülməsi vacib olan tədbirlər hansılardır? Piyada keçidləri ilə işıqforda piyadalara ayrılan vaxt bir-biri ilə düz gəlmir. Piyada yolu qaçaraq keçməyə məcbur qalır. Bu, nə dərəcədə doğrudur?

Oxu.Az-ın bu və digər suallarını isə nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev cavablandırıb.

O bildirib ki, nəqliyyat sistemi hamıya əlçatan olmaqla bərabər, bütün cəmiyyət tərəfindən istifadə edilə biləcək istiqamətdə tənzimlənməlidir:

“Dövlət proqramında yol hərəkətinin təhlükəsizliyi haqqında xüsusi müddəalar var. Piyada keçidlərinin düzgün layihələndirilməsi, işarələrin standartlara uyğun şəkildə yerində qoyulması, işıqlandırma məsələləri və s. öz əksini tapıb. Dünyada hər il təxminən 1,2 milyon nəfər yol-nəqliyyat hadisələrində həyatını itirir.

Bu gün dünyada yol-nəqliyyat hadisələri ölüm səbəblərinə görə doqquzuncu yer tutur. Ümumdünya Sağlamlıq Təşkilatı hesab edir ki, 2030-cu ildə ölümlə nəticələnən yol-nəqliyyat hadisələrin sayı artacaq və ölüm səbəblərinə görə beşinci yer tutacaq. Bu hadisələrin böyük əksəriyyəti inkişaf etməkdə olan ölkələrə (Afrika, Asiya, Yaxın Şərq və s.) aiddir.

Digər ölkələrlə müqayisədə, Azərbaycan hər 100 min əhaliyə olan nisbətdə yol-nəqliyyat hadisələri nəticəsində baş vermiş ölümlər üzrə dünyada 55-ci yeri tutur. Bütün bu hadisələrin qarşısını almaq üçün milli yol təhlükəsizliyi strategiyası, sürət məhdudiyyətləri, təhlükəsiz infrastruktur, təhlükəsiz nəqliyyat vasitələri, daha effektiv nəzarət sistemi, baş verə biləcək hadisədən sonrakı tədbirlər sistemli şəkildə hazırlanmalı və tətbiq edilməlidir”.

Paytaxtın mərkəzi küçələrində nizamlanmayan piyada keçidlərinin (zebra xətləri) solğun, hətta görünməyəcək dərəcədə silinməsinə də aydınlıq gətirən ekspert qeyd edib ki, bu, həm sürücülərin, həm də piyadaların təhlükəsizliyini risk altında qoyur:

“Zebra xətləri, əslində, nizamlanmayan piyada keçidi deməkdir. Nizamlanmayan piyada keçidlərinin tətbiqi zamanı xüsusi təhlükəsizlik məsələləri gözlənilməlidir. Fikir versəniz, bəzən o nizamlanmayan piyada keçidləri (zebra xətləri) çox geniş yollara tətbiq edilir. İki, üç, hətta dörd zolaqlı yollara nizamlanmayan piyada keçidi tətbiq etmək özlüyündə təhlükə mənbəyi yaratmaq deməkdir.

Avropa standartlarında infrastrukturun layihələndirilməsi, qayda-qanunlara baxsaq, orada nizamlanmayan piyada keçidləri yalnız bir və ya maksimum iki zolaqlı yollarda qoyula bilər, o da mütləq şəkildə təhlükəsizlik tədbirlərini nəzər almaqla. Buraya nəqliyyat axının sakitləşdirilməsi istiqamətində görülən tədbirlər (metod kimi adi sürət qabarları və ya tramplinlər, yollarda asfalt yerinə daşın istifadə edilməsi, yolun keçid hissələrində təhlükəsizlik adalarının inşası v.s), işıqforların yaxınlıqda quraşdırılması daxildir.

Ümumiyyətlə, bu tədbirlər nəqliyyat vasitələrinin yollarda sürət həddini azaltmasına, eyni zamanda, piyada ölümü ilə nəticələnən nəqliyyat hadisələrinin minimuma endirilməsinə səbəb olur. Avropa praktikasında əgər keçid yol ayrıcında deyil, küçənin ortasında lazımdırsa, bir çox halda belə keçidlər yenə də işıqforla nizamlanmalıdır. Nəqliyyat vasitələrini sürəti azaltmağı məcbur etmək üçün keçid səki səviyyəsinə qaldırıla bilər.

Bəzi hallarda bütün yolayrıcı səki səviyyəsinə qaldırılır. Əgər küçədə iki əks istiqamətli hərəkət zolağı varsa, ortada mütləq təhlükəsizlik adası qoyulmalıdır”.

Ekspertin sözlərinə görə, pilləkənlərdən ibarət yerüstü və yeraltı keçidlər cəmiyyəti yorur:

“Cəmiyyətin təxminən 20%-i bu keçidlərdən istifadə edə bilmir. Təbii ki, söhbət sürətli avtomobil yollarından getmir, burada artıq sözügedən keçidlər zəruridir. Piyadaların belə yollara çıxışı fiziki olaraq məhdudlaşdırılmalıdır, məsələn, yolun ayırıcı zolağından çəpər çəkilməlidir.

Şəhər küçələri isə ictimai zonadır və orada piyada hərəkəti intensiv olmalıdır. Bir dəqiqəlik düşünün: nəyə görə piyada bir şəhər küçəsini qarşıdan-qarşıya keçmək üçün iki mərtəbə düşüb qalxmalıdır? Cəmiyyətin qocası var, şikəsti var, uşaq arabası ilə gəzən qadını var. Axı onlar üçün bu cür yeraltı keçidlər əlverişli deyil. Bundan əlavə, yeraltı və yerüstü keçidlər, qaydalara görə, adətən, 500 metrdən bir tikilir, bu isə həssas təbəqə üçün böyük məsafədir. Düşünürəm ki, bu istiqamətdə ciddi tədbirlərin görülməsinə zərurət var”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri