19 
Yan
2019
14:43
27
270
7014
Virtual karabakh

Havanın ifrat dərəcədə pisləşməsini regionlarda müşahidə etdik - RƏY

19 Yan, 2019
14:43
7014

Havanın ifrat dərəcədə pisləşməsini regionlarda müşahidə etdik - RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər sosial şəbəkələrdə bəzi insanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “ifrat təhlükə” xəbərdarlığını qınaq obyekti ediblər.

Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Oxu.Az-a açıqlamasında deyib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava proqnozu ilə bağlı tez-tez məlumat verir:

“Bir neçə gün öncə havanın ifrat təhlükəli olacağı barədə xəbərdarlıq etdi. Bu məlumatı əsas götürərək dövlət qurumları gücləndirilmiş iş rejimində çalışdılar. Cəmiyyətin bir hissəsində də hava proqnozunun ifrat kimi qiymətləndirilməsi bir qədər təəccüb doğurdu.

Hər bir dövlətdə hava proqnozunun müxtəlif səviyyələri barədə xəbərdarlıq adi bir haldır. Bu məsələyə pessimist yanaşanlara bildirmək istəyirəm ki, Azərbaycan tək Bakıdan ibarət deyil. Havanın ifrat dərəcədə pisləşməsini regionlarda müşahidə etdik”.

Aydın Mirzəzadə bildirib ki, paytaxta da küləyin fəsadları kifayət qədər çox olub:

“Çoxlu sayda iri ağacların aşması, maşının üzərinə su çəninin düşməsi, reklam lövhələrinin aşması, yaşayış və ictimai binaların damının uçmasını qeyd etmək olar. Təhsil Nazirliyinin həmin gün məktəblərdə dərslərin dayandırması düzgün addım idi. Bu, valideynlərin uşaqlarının məktəbdən evə qayıtması narahatlığını aradan götürdü. Nazirliyin xəbərdarlığı cəmiyyəti bu məsələdə həssas olmağa çağırdı və mümkün ola biləcək fəsadların qarşısını aldı”.

Millət vəkili qeyd edib ki, ifrat hava şəraiti xəbərdarlığı ilə qurumların bu şəraitə hazırlıq vəziyyəti bir daha yoxlanıldı:

“Uğurlu fəaliyyət müsbət qiymətləndirildi. Amma haradasa çatışmazlıq varsa, müvafiq orqan tərəfindən həll ediləcək. Bu praktika doğrudur. Bundan sonra havanın pisləşməsi ilə bağlı xəbərdarlıqlar cəmiyyətə ötürülməlidir. Bununla bağlı təşkilatlar müvafiq tədbirləri görməlidirlər”.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibovun sözlərinə görə, zamanında edilən xəbərdarlıq insanların təhlükəsizliyinə yönəlmiş addım idi:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən zamanında verilən xəbərdarlıq, ictimaiyyətin məlumatlandırılması qurumların öz işinə daha da məsuliyyətlə yanaşmasına gətirib çıxardı. Heç kəsə sirr deyil ki, Azərbaycan  Respublikasının prezidenti İlham Əliyev hər zaman vətəndaşların, əhalinin təhlükəsizliyinin təminatı, rifah halının yaxşılaşdırılması, vətəndaşa xidmət edilməsini məmurlar, dövlət qurumları, vəzifəli şəxslər qarşısında prioritet məsələ kimi qoyur, vətəndaşa diqqət və qayğı ilə yanaşılmasını hər zaman tələb edir.

Nazirliyin zamanında verdiyi xəbərdarlıq, dövlət strukturlarının çevik reaksiyası da vətəndaşların, əhalinin təhlükəsizliyinin təminatına yönəlik bir addım idi. Bu Azərbaycan dövlətinin vətəndaşına qayğı və diqqətinin göstəricisidir”.

Tural Müseyibov bildirib ki, bəzi insanlar əhali arasında çaşqınlıq yaratmağa, yanlış məlumatlar yaymağa cəhd etdilər:

“Amma hər kəs bilməlidir ki, bu xəbərdarlıq vətəndaşların, əhalinin təhlükəsizliyini təmin etmək üçün idi. Buna görə də xəbərdarlıq əldə edilən andan etibarən məsələyə çevik reaksiya verən, operativ şəkildə gücləndirilmiş iş rejiminə keçən bütün dövlət qurumlarına təşəkkür düşür.

Hər zaman məsuliyyətlə fəliyyət göstərən dövlət strukturlarının uğurlu fəaliyyəti nəticəsində təhlükəli hava şəraiti zamanı ölkə ərazisində heç bir problem yaşanmadı. Vətəndaşların, əhalinin rahatlığı və təhlükəsizliyi təmin olundu. Dərslərə iki gün fasilə verilməsi də müsbət haldır. Çünki heç kim baş verə biləcək hadisələrdən sığortalanmayıb.

Bildiyiniz kimi, güclü külək məktəb damını uçurdu, dayanacaqlarda dağıntı oldu, reklam lövhələrini, yük maşınlarını belə aşırdı. Fəsadlar göz qarşısında idi. Vaxtında, zamanında verilmiş xəbərdarlıq nəticəsində insan itkisi olmadı, faciə yaşanmadı”.

“Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə məlumat daxil olan kimi Dövlət Dəniz Agentliyinin rəhbərliyinin göstərişi ilə təcili olaraq Milli Mərkəzin mütəxəssisləri məlumatı təhlil edərək müvafiq tədbirlər həyata keçirdilər. Gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı Milli Mərkəz tərəfindən təlimatlandırıldı.

Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə NAVTEX və digər rabitə əlaqəsi vasitəsilə hadisə ilə bağlı məlumatlar ötürüldü, müvafiq təlimatlar verildi. Bununla yanaşı, dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar hadisə ilə bağlı məlumatlandırıldı.

Milli Mərkəz Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi növbə xidmətləri ilə qarşılıqlı məlumat mübadiləsi həyata keçirdi. 

Agentliyin Milli Mərkəzi tərəfindən Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin cavabdehlik ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirildi”, - deyə agentlik rəsmisi qeyd edib.

Tural Müseyibov vurğulayıb ki, Dövlət Dəniz Agentliyi adi iş rejimində fasiləsiz olaraq xidmət həyata keçirir:

“Xüsusi olaraq vurğulayım ki, Dövlət Dəniz Agentliyinin rəhbərliyi və mütəxəssislərinin peşəkarlığı sayəsində Azərbaycanın Respublikasının ərazi sularında dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirlən tədbirlər bu sahədə də heç bir hadisənin qeydə alınmaması və problemin yaşamaması ilə nəticələndi.

Yeri gəlmişkən, Ümummilli Liderimiz Heydər Əliyevin müdrik kəlamını xatırlatmaq istəyirəm. “Bir hadisənin qarşısını almaq o hadisə baş verəndən sonra onun nəticlərini aradan götürməkdən daha asandır”. 

Bəli, bu gün Azərbaycan dövlətinin qurumları birgə, sıx koordinasiya və əlaqəli şəkildə çalışaraq baş verə biləcək hadisələrin qarşısının alınması istiqamətində uğurlu iş gördü. Nəticə göz qabağındadır”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri