25 
Yan
2019
09:40
306
31
7315
Virtual karabakh

Baş mama-ginekoloq: Qadın 23 ildən sonra süni mayalanma ilə hamilə qalıb

25 Yan, 2019
09:40
7315

Baş mama-ginekoloq: Qadın 23 ildən sonra süni mayalanma ilə hamilə qalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son zamanlar hamilə qadınlar, ana ölümü və qeysəriyyə əməliyyatı ilə bağlı müxtəlif problemlər cəmiyyətdə müzakirə olunur. 

Bunları nəzər alaraq, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova ilə söhbətləşdik.

Oxu.Az baş mama-ginekoloqla müsahibəsini təqdim edir:

- Ginekoloji baxımdan Azərbaycan qadınlarının hazırkı sağlamlıq vəziyyətini necə dəyərləndirirsiniz?

- Son illər Azərbaycanda reproduktiv sağlamlığa önəm verilir. Səhiyyə Nazirliyinin əsas hədəflərindən biri qadın və yeni doğulan uşaqların sağlamlıq məsələsidir. Ümumiyyətlə, bu istiqamətdə bir çox işlər görülüb və öz nəticəsini göstərir.

Bu gün deyə bilmərik ki, Azərbaycan qadını 15 il bundan əvvəlki dövrdən daha xəstədir, yaxud sağlamdır. Sadəcə olaraq, müasir avadanlıqlar, metodlar sayəsində illər boyu olan xəstəliklərin aşkarlanması yaxşılaşıb. Biz artıq dəqiq diaqnoz qoya bilirik.

- Ötən il ərzində doğum zamanı neçə ana ölümü hadisəsi qeydə alınıb? 

- Ana ölümü elə bir dərddir ki, hər dəfə o mövzuya toxunanda ürək ağrısı keçirirəm. Müasir zamanda ana ölümü baş verməli deyil. Təəssüf ki, dünyada müəyyən səbəblərdən bu hallar yaşanır.

Ana ölümünün əsas səbəbləri hamiləlik zamanı əmələ gələn xəstəliklərə vaxtında diaqnoz qoyulmamasıdır. İkinci bir səbəb odur ki, qadında uşaqlıqdan olan xəstəlik hamiləlik müddətində kəskinləşir və hamiləliyin sonunda artıq bədən buna tap gətirmir və ölür.

Qadının ailəsi uşaq vaxtı onu müalicə etdirsə, bəlkə də, xəstəlik özünü büruzə verib, ağırlaşmaz. Digər səbəblərdən bir də qadına qulluq edən tibbi personaldır. İşində nöqsanlara yol verənlər cəzalandırılır. 

- Ötən illərlə müqayisə etsək, ana ölümünün sayı nə qədər azalıb?

- 1990-cı ildə ana ölümünün sayı 47 olub. Səhiyyə Nazirliyinin apardığı işlər öz bəhrəsini verib. 2006-cı ildə prezident İlham Əliyev tərəfdən imzalanan perinatal konsepsiyaya uyğun olaraq, doğuşayardım xidmətinin təkmilləşdirilməsi əsasında 2009-cu ildən artıq bütün müəssisələr özünün səviyyəsinə uyğun olaraq icra edə biləcəkləri əməliyyatlara görə bölünüblər.

Həmin ildən etibarən ana ölümü ilbəil azalmağa başlayıb. 2016-cı ildə 22, 2017-ci ildə 21, 2018-ci ildə isə 17 ana ölümü hadisəsi baş verib. Nazirliyin müvafiq qanunvericiliyinə görə, ana ölümü hadisəsi baş verən zaman ilk 24 saat ərzində bu barədə mütləq şəkildə nazirliyin strukturuna və prokurorluğa məlumat verilir.

Ölən ananın doğum, xəstəlik tarixi baş həkim tərəfindən möhürlənir və nazirliyə təqdim olunur. Doğuşayardım komissiyası materiallar daxil olan kimi ilk yeddi iş günü ərzində o materialları rəyçilərə təqdim edir. Daha sonra doğuşda iştirak edən hər bir tibb işçisi nazirliyə dəvət olunur və qapalı şəraitdə təhlil aparılır. Komissiyanın yekun qərarı olur və cəza tətbiq olunur.

- Ana ölümlərinin əsas səbəbləri nədir?

- Əsas səbəblərdən biri daxili qanaxmalar, preeklampsiya və onun fəsadlaşmalarıdır. Hamilələr sosial-bioloji (ananın yaşı 18-dən aşağı, 40-dan yuxarı, atanın yaşı 40-dan yuxarı, bədən çəkisinin artıq olması, zərərli vərdişlər); mama-ginekoloji anamnezinə görə (doğuşların sayı dörd və artıq, təkrar abortlar, sonsuzluq, induksiya olunmuş hamiləlik, inkişafdan qalmış hamiləlik, qeysəriyyə kəsiyi əməliyyatı olan hamilələr, kəskin və xroniki infeksiyaları olan hamilələr və s.) görə müxtəlif risk qrupuna daxil olur.

Bu qruplara daxil olan hamilələrə fərdi protokol üzrə əlavə qulluq tələb edilir. Çox vaxt qadınlar həkimə müraciət edirlər və uşağın qız, ya oğlan olmasını öyrənib gedirlər. Amma bilmirlər ki, hamiləliyin 22-ci həftəsində dəyişiklik olur. Mütləq həkim müayinəsindən keçməlidirlər. Vaxtında edilən müraciət zamanı hamiləliyin qrupu və riski müəyyən edilir, o zaman onda preeklampsiya əmələ gəlməz. 

Bu yaxınlarda bir qadın hamiləliyinin 20-ci həftəliyində həkimə müraciət edib, həkim deyib ki, hər şey normaldır. Hamiləliyin 22-ci həftəsində müayinəyə gələrsən. Həmin vaxt gəlməyib. Qadın uşaq olanda tez-tez burnundan qan açıldığı üçün valideynlərin ağlına gəlməyib ki, onu həkimə aparsınlar. Hamilə qalan vaxt təzyiqi qalxdıqca, burnuna buz qoyublar. Hamiləliyin 28-ci həftəliyində həkimə gəlib və müayinə zamanı məlum olub ki, uşaq hamiləliyin 22-ci həftəsində inkişafdan qalıb.

Qanı duru, burundan durmadan qan axır, təzyiq yüksək, sidiyində zülal, həkim nə etməlidir? Böyük bir çətinliklə qadının uşaqlığında kəsik olmasın deyə, cərrahi müdaxilə etmədən ehtiyatla qadını 10 saata tələf olmuş döldən azad etdik.

- Hər zaman regional xəstəxanalarda monitorinqlər aparılır. Hansı bölgədə məsləhətxanalara müraciət edənlər azdır?

- Konkret hansı yerlərdə müraciətlərin az olduğunu dəqiq deyə bilmərəm. Dağlıq ərazilərdə yaşayan qadınlar həkimlərə az müraciət edirlər. Bu da coğrafi vəziyyətlə əlaqədardır. Qar, yağış olanda hamilə qadınlar xəstəxanalara gedə bilmirlər.

Həkimlər tibbi yardım maşını ilə əraziyə qalxmaqda çətinlik çəkirlər. Bu kimi problemlər yaranır. Cənub zonasında da kəndlər arasında məsafələr böyük olduğu üçün müraciət bir qədər çətin olur.

- Bizim cəmiyyətdə həkimə getmək çox aktual deyil. Problem olur, son anda həkimə gedilir. Hətta kənd yerlərində həkimlər hamilə qadınları qeydiyyata almaq üçün evlərinə belə gedirlər. Amma qapını açmırlar. Bu cür problemlərin həlli istiqamətində hansı işlər görülür?

- Çox vaxt valideynlər qızlara elçi gedəndə soruşmur ki, sənin qızının hansı xəstəliyi var? Biz də hesab edirik ki, cavanlar bir-birini sevirsə, ailə qursunlar. Nikah müayinəsi zamanı sifilis, İİV, QİÇS və talassemiya xəstəlikləri aşkar edilir. Amma irsi xəstəlik aşkarlanmır.

Təəssüf ki, valideynlər 16-17 yaşlı qızlarını nəinki ginekoloqa, heç həkim-terapevtə belə aparmırlar. Kənd qadınlarının düşüncəsi 40 il əvvəldə qalıb. 40 il əvvəl kiminsə gəlini ölürdüsə, səbəbi bilinmirdi. Çünki qeydiyyat aparılmırdı, ciddi araşdırılmırdı. İndi isə hər bir hadisənin səbəbi araşdırılır.

Qayınananın gəlinini həkimə aparmaması böyük cahillik və cinayətdir. Səhiyyə Nazirliyinin mövcud əmrlərinə əsasən, hamilə qadınlar doqquz ay ərzində qadın məsləhətxanasına qeydiyyata düşməlidirlər. Hamiləlik normal gedirsə, qadınlar həkim təlimatına uyğun hamiləlik müddətində yeddi dəfə qadın məsləhətxanasına müayinə üçün gəlib, hər gəlişə uyğun müalicə keçməlidirlər.

Bu qadınların doğuşu çox aşağı risk qrupuna aid olur. Çünki həmin qadınlarda yarana biləcək hər hansı problem vaxtında aşkarlanır, müalicə olunurlar, doğuş zamanı risk minimuma düşür. Problemi olan qadın isə yeddi yox, 17 dəfə həkimə getməlidir. Yalnız bu şərtdə ana və uşaq sağlam qalmış olur.

- Bu yaxınlarda xəbər yayıldı ki, Gəncədə qadın 23 ildən sonra qalıb, hətta hamiləliyini bilməyib. Belə bir şey mümkündürmü?

- Qadının 19-30 yaşına kimi çiçəklənən reproduktiv yaş dövrüdür. Hətta bu yaş dövründə elə qadın var ki, hər iki yumurtadan biri boş çıxır. 35 yaşdan sonra orqanizm qüvvətini itirir. Bir həkim kimi 23 ildən sonra sərbəst halda hamilə qaldığına inanmıram. Çox güman ki, süni mayalanma nəticəsində hamilə qalıb.

Yaxınlarından gizlədirlər. Amma onu gizlətməyin mənası yoxdur. Çox vaxt bizə doğuşa gələn zaman süni mayalanma yolu ilə hamilə qaldıqlarını gizlədirlər. Süni mayalanma o deməkdir ki, bu qadının orqanizmində dəyişikliklər olub. Bunun yoldaşında və özündə ciddi problemlər olub və hamilə qalmayıb.

Süni mayalanma ilə hamilə qalan qadınların əksəriyyətində doğuş zamanı qanaxma, problemlər çox olur. Xəstə həkimə gəlirsə, bütün problemləri deməlidir ki, həkim tədbirini görsün.

- Hamiləlikdə hansı risk qrupları var? Riskli hamiləliklə bağlı vəziyyətdə artım və ya azalma müşahidə edilirmi?

- Hamiləlik riskləri qruplara bölünür. İlk yerdə sosial-bioloji fakt dayanır. 18 yaşından aşağı olan qadınlar hamilə qalırsa, individualdır.

Elə qızlar var ki, bədən quruluşları, orqanizmləri yetişmir və onların doqquz ay ərzində bədənində uşağı daşıması həyatlarına təsir edir. 35-40 yaşdan yuxarı olan cütlüklərdə olan toxumalar genetik cəhətdən əksər hallarda problemli olur.

Onlardan alınan embrion da xəstə olur. Mənfi rezus amili qadına heç bir ziyan vurmur. Amma hamiləlikdə ona problem yarada bilər. Yüksək risk qrupuna aid hamilə qadınlar yalnız mama-ginekoloq yox, həm də yüksək ixtisaslı mütəxəssislər tərəfindən müayinə olunurlar.

Riskli hamilələrdə erkən müddətdə müasir diaqnostika üsulların geniş istifadə nəticəsində xəstəliyin erkən aşkar olunma imkanı yaranıb. Vaxtında müvafiq müalicələrin aparılması ana və uşaq perinatal mühafizəsinin yaxşılaşdırılmasına zəmin yaradıb. 

- Mərkəzi cift gəlişi transportabel olan hamilələr çox olurmu? 

- Əksər hallarda mərkəzi cift gəlişi olan hamilələr qanaxma olmadığı halda transportabel sayılır. Lakin qanaxma varsa, və ya hamilə kritik haldadırsa, onun təxliyyəsi mümkün deyilsə-hər bir doğuşayardım müəssisəsində ona təxirəsalınmaz yardım göstərilməlidir.

- İl ərzində risk qrupuna daxil olan nə qədər hamilə qadın Perinatal Mərkəzə müraciət edir?

- Respublika Perinatal mərkəzin ambulator-poliklinik şöbəsinə il ərzində dörd mindən artıq xəstə müraciət edir ki, bunların əksəriyyətində müəyyən problemlər var. 

- İndi qadınlar arasında qadınlıq xərçəngin geniş yayılıb. Çox gec aşkarlanır və müalicə artıq gec olur. İndi buna görə qadınlar qorxuya düşüb matkasını da tamamilə əməliyyat etdirib götürdürlər. Bu barədə məlumat almaq istərdik.

- Bu xəstəlik elədir ki, uzun illər simptomsuz keçir. Uşaqlıq boyu xərçəngi cinsi əlaqədə olandan sonra qanlı ifrazatın olmasıdır. Ona görə cinsi əlaqədən sonra qanlı ifrazatın olması zamanı həkimə müraciət etmək lazımdır.

Müəyyən risk faktoru olduqda inkişaf edir. 21-35 yaş arası qadınlar iki ildə bir dəfə mütləq şəkildə ultrasəs müayinəsindən keçməli, analiz verməlidir. 35-50 və daha yüksək yaş arası qadınlar beş ildə bir dəfə həkim müayinəsindən keçməlidirlər.

Onkoloji xəstəlik olub, var, olacaq da. Bu xəstəliyin azalması istiqamətində tədbir görülür. Azərbaycanda diaqnostika yaxşılaşıb. Rayonların birində 24 yaşında ilk hamiləliyi olan qadının sol yumurtalığında törəmə aşkarlanıb və bizə göndərilib. Biz ciftin vaxtından əvvəl qopmasını nəzərə alaraq əməliyyat etdik.

Uşağı götürəndən sonra qarın boşluğuna baxdıqdan yumurtalığın üstündə 10-15 santimetr olan xərçəngə rast gəldik. Baş onkoloq Azad Kərimli ilə əlaqə saxladıq. “Skype” ilə baxdı və məsləhət gördü ki, yumurtalığı və borunu götürək. Biz yumurtalığı götürəndə artıq onun xərçəng olduğunu bilirdik. Qadının düz bağırsağında ölçüsü 5-6 santimetr olan şiş də aşkar etdik.

Valideynə dedik ki, xərçəngin növü barədə cavab almaq üçün götürdüyümüz nümunəni Onkologiya Mərkəzinə göndərdik. Cavabları mütləq götürmək lazımdır. Mənə dedi ki, narahat olmayın, 15 gündən sonra cavabı götürəcəyik və nə lazımdırsa, edəcəyik. Hər üç gündən bir bizim həkimlər qızın vəziyyətini soruşurdular.

Axırda valideyn əsəbiləşdi ki, mənim bacım da eyni törəmədən əməliyyat olunub, indiyə kimi yaşayır. Biz ona başa sala bilmədik ki, bu şiş bədxassəlidir. Analizin cavabı çıxanda biz o valideyni gətirdə bilmədik. Bir neçə gün əvvəl qızın bağırsağı, qarnı şişib və gətiriblər həkimə. Halbuki biz ona demişdik. İndi xəstə Onkologiya Mərkəzinə yerləşdirilib. 

- Evdə abort edənlər olur. Fəsadları hansılardır? Abortla bağlı statistika necədir? 

Qanaxma, uşaqlığın ağır zədələnməsi, infeksiyalaşma, hətta sonsuzluq və ana ölümü kimi hallarla rastlaşma olur. Bu səbəbdən evdə abortların icrası qadağandır.

- Ötən il perinatal mərkəzlərdə nə qədər ölüm olub?

- İki ölüm olub: biri Şəki, biri də Lənkəranda. Həmin xəstə Lerikdən gəlib. Hər ikisinin ikinci hamiləliyi olub. 

- Sonsuzluğu yaradan səbəblər nələrdir? 

- Bir çox səbəblər var: endokrin səbəblər, boru-peritoneal faktoru, immunoloji səbəblər, infeksion səbəblər və s.

- İdeal hamiləlik yaşı nə zamandır ?

- Mənim fikrimcə, 20-25 yaş. Ümumi Səhiyyə Təşkilatının tərifinə görə, 18-30 yaş.

- Bəzən sosial şəbəkələrdə qruplarda qadınlar bir-birinə məsləhətlər verir, hansı analizləri vermək barədə istiqamət göstərirlər. Bu, nə dərəcədə düzgündür?

- Bu, düzgün deyil. Xəstə yoxlanışa gələn zaman deyirsən ki, qandan analiz ver. Bir topa analizi çıxarır ki, internetdə məsləhət gördülər, mən də analiz vermişəm. Baxırsan ki, lazım olan analiz yoxdur. Qanın laxtalanması ilə bağlı analiz istəyəndə isə razılaşmır.

Doğuş zamanı vəziyyətini bilməyəndə problemlə üzləşirik. Xahiş edirəm, qadınlar hamiləlikdən öncə ginekoloqun dediklərini tam yerinə yetirsinlər. Qızlar sosial şəbəkələrdə öz rəfiqələrini həkimi bilməsinlər. Onlar lazım olan dəqiqədə sizə kömək etmir. Elə edin ki, həkimin sizə kömək etmə şansı olsun.

İlhamə Əbülfət
FOTO: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri