31 
Yan
2019
10:40
417
169
6834
Virtual karabakh

İranda xəstələrə xidmət Azərbaycandakı kimi deyil - MÜSAHİBƏ

31 Yan, 2019
10:40
6834

İranda xəstələrə xidmət Azərbaycandakı kimi deyil - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xarici ölkələrdən Azərbaycana gələn və burada yaşayıb çalışan insanların sayı az deyil. Onlar arasında müəllimlər, mühəndislər, həkimlər də var. Zaman-zaman onlarla qarşılaşırıq. Elə budəfəki müsahibimizlə də görüşümüz təsadüfi oldu. Haqqında danışacağımız insan əslən iranlıdır. O, illər əvvəl ailə qurub və Qubaya köçüb. Niyə burada qaldığını isə öz dilindən eşidək.

Oxu.Az əslən İrandan olan həkim-terapevt Ofeliya Dehqani ilə müsahibəni təqdim edir:

- Sizi tanıyaq.

- Dehqani Ofeliya Rzaqulu qızı. 1951-ci ildə anadan olmuşam. Ailəm İrandan gəlib. Əslində, Azərbaycanda doğulmuşam. Sonra İrana gediş-gəlişim olub. Qohumlarım orada yaşayır. 1974-cü ildə Tibb Universitetini bitirmişəm. Bir il Qubada Qanköçürmə İnstitutunda çalışmışam. 1976-cı ildə ailə qurandan sonra Qubada həkim-terapevt kimi fəaliyyətə başladım. Hazırda isə Zərdabi qəsəbəsindəki xəstəxanada çalışıram.

- Neçə ildir həkim kimi fəaliyyət göstərirsiniz?

- Artıq 45 ildir bu sahədəyəm.

- 45 illik fəaliyyətiniz illərində səhiyyə sistemində nələr dəyişib?

- Bilirsiniz, biz çalışan zamanlarda xəstəxanalarda şərait o qədər yaxşı deyildir. Rayon yerində həm həkim az olurdu, həm də mərkəzdən fərqli olaraq, şərait də münasib olmurdu. O vaxt xəstəxanamız stasionar idi və yaşlı pasiyentlər çoxluq təşkil edirdi. Artıq indi mərkəzləşdirilmiş sistem yaradılıb. O vaxtlarla müqayisədə xəstəliklər azalıb. Deməzdim ki, artım var.

- Bəzən insanlar müalicə üçün İrana üz tutur. Siz İranda çalışmaq istəməmisiniz?

- Düzü, orada çalışmaqdan imtina etdim. Ora yalnız qohumlarımı görməyə qonaq kimi gedib gəlirəm. Səhiyyə sistemi arasında müqayisə aparsam, sizə deyim ki, İranın səhiyyəsini bəyənmirəm. Pasiyentlərə xidmət burdakı kimi deyil. Tibbi cihazları ən son texnologiyalara uyğun olsa da, təbabət üsullarının nəticə verdiyini görməmişəm. Özüm bir problemlə əlaqəli İrana getmişdim, amma yazılan müalicə heç bir effekt vermədi.

- Terapevt kimi ən çox hansı xəstəliklərlə rastlaşırsınız?

- Adətən, mövsümə görə əhali arasında, respirator infeksiyalar və qrip xəstəliyi müşahidə olunur. Bir çox hallarda insanların səhhətində hər hansı narahatlıq yarananda birinci terapevtə müraciət edirlər. Daha sonra müayinə nəticəsində doğru profil üzrə yönləndirilir. Bu gün Azərbaycanda kifayət qədər peşəkar həkim-terapevtlər var.  

Xəstəliklərin simptomlarının təxminən eyni və oxşar olmasına baxmayaraq, terapevt xəstənin düzgün müayinəsini aparmalıdır. Bu istiqamətdə deyə bilərəm ki, əhali arasında bu gün ən çox müşahidə etdiyim ürək-damar xəstəlikləridir. Bu sahə üzrə bütün zamanlarda ürək-damar sistemi xəstəlikləri daha geniş yayılıb və cavanlaşan xəstəliklərdir. Ərazinin dağətəyi zona olması ilə əlaqədar işemik xəstəliklər, qan təzyiqinin yüksəlməsi - hipertenziya da tez-tez rast gəlinən xəstəliklər arasındadır.

- Elə bir xəstə olub ki,  sağalması mümkün olmayan prosesdən sağ çıxıb?

- Bəli. Dediyiniz məqamlar olur. Bir dəfə ürək xəstəliyi ilə bağlı müraciət edən pasiyent olub. Ürəyinə su yığılmışdı. İnanmırdıq ki, sağ qala. Amma bu gün də yaşayır həmin insan. Möcüzəli bir vəziyyət idi. Son vaxtlar bu cür ağır vəziyyətlərə rast gəlməmişəm.

- Qadınlarda, yoxsa kişilərdə daha çox müşahidə edilir?

- Bəlkə də, həkimə daha çox qadınlar müraciət etdiyi üçün elə düşünürəm ki, qadınlarda daha çox rast gəlinir. Amma kişilərdə də bu xəstəliklər az yayılmayıb.

- Bu gün xəstəxanalarda hansı kadrlara ehtiyac var?

- Zərdabi xəstəxanasında həkimlərlə bağlı problem yoxdur. Lakin yaşlı kadrlardır. Amma tibb bacıları yoxdur. Həqiqətən, patronaj tibb bacılarına ehtiyac var. Lakin təəssüf olsun ki, rayon xəstəxanalarında vakant yerlər uzun müddət boş qalır.

- Sizcə, gənc kadrlar niyə rayon xəstəxanalarında çalışmaq istəmir?

- Düşünürəm ki, əməkhaqlarını bir qədər qaldırmaq lazımdır. Eyni zamanda, yaşayış səviyyəsini artırmaq lazımdır. Paytaxtda olan şərait rayon yerlərində olmadığı üçün gənc kadrlar maraqlanmırlar. Vaxt olurdu ki, gecə saat 3-4 arası zəng ediblər ki, ehtiyac var, gəl. Getmişik xəstənin yanına. Həkimlik çox çətin və məsuliyyəti peşədir. Onu hər adam daşıya bilmir.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri