Fev
2019
17:12
272
51
10759
Virtual karabakh

Videobloqer: Pul qazanmaq üçün insanlara istədiklərini verməlisən - MÜSAHİBƏ

8 Fev, 2019
17:12
10759

Videobloqer: Pul qazanmaq üçün insanlara istədiklərini verməlisən - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

O, cəmiyyətdəki problemli məsələləri göstərmək üçün onları video ilə təqdim etmək üsulunu seçib. Videobloqer bu sahəni dırnaqarası vəziyyətə salan əksər bloqerlərdən fərqli olaraq, videoları ilə ciddi mesajlar ötürür və izləyicilərin diqqətini çəkməyin mümkün olduğunu göstərir.

Oxu.Az “Instagram”da “Rafinsh” adı ilə fenomenə çevrilən Rəfin Cəfərovla müsahibəni təqdim edir:

- Özünüz barədə məlumat verin, zəhmət olmasa.

- Rəfin Cəfərov, 25 yaşım var. 2015-ci ildə dəniz neft-qaz mühəndisliyi fakültəsini bitirib əsgər getdim, 2016-cı ildə qayıdıb magistratura təhsilimi davam etdirdim. 2018-ci ildə magistraturanı bitirdim.

- Niyə “Rafinsh”?

- Anamın soyadı Şaxmalıyevadır. Soyadımı dəyişib onu götürmək istəyirdim, uzun məsələ idi, sənədləri dəyişmək lazım idi. Mən də Rafin + ş, “Rafinsh” etdim. 

- Bu işə necə başladınız?

- Hərbi xidmətdən qayıdandan sonra başladım. Əvvəllər qısametrajlı filmlər çəkmək istəyirdim, şərait yox idi. Video daha çox insana çatdığı üçün bu üsulu seçdim. Status yazsam, uzağı 500 nəfər görəcək, video şəklində çəkəndə isə minlərlə insan görür.

- Texniki məsələlərlə özünüz məşğul olursunuz?

- İşə təzə başlayanda telefonla çəkiliş edib montaj edirdim, komanda genişləndikcə montajçı və operator əlavə olundu.

- Sizi cəmiyyətdə nələr narahat edir?

- Problem çoxdur. Ən çox gənclərin yaşam tərzi məni narahat edir. Ölkədə gənclər üçün əyləncə vasitəsi azdır, gənclərin marağını cəlb etmək barədə düşünülmür. Beləcə, gənclər əyləncəni kompüter oyunları və qəlyanda tapırlar. Bu, onların günahı deyil. 

Ən ucuz yemək dönərdir, beş addımdan bir dönərxanadır. Yazıq tələbə nə etsin? Pulu ancaq dönərə çatır. 

- Sizcə, cəmiyyəti hansı vasitələrlə dəyişdirmək, inkişaf etdirmək olar?

- Bunun üçün yaxşı addım, taktika lazımdır, yəqin ki. Problemi gündəmə gətiririk, amma həll yolunu göstərmirik. 

Cəmiyyət daima nədənsə narazıdır, bəyənmədikləri işi söyərək, təhqir, tənqid edərək, qınayaraq gündəmə gətirir. Sonra deyirlər, bu, niyə gündəmdədir? Paradoksal hal yaranır. Bu, hamımızın günahıdır. Bəyənmədiyiniz videoları görməzdən gəlmək ən yaxşı tənqiddir. Rəy yazılmasın, baxılmasın, paylaşılmasın. Bunu heç kim etməsə, o insan ortadan yox olacaq. Çünki bir məqsədi var: sənin, mənim diqqətimi cəlb etmək. Bu, alınmadıqda həvəsi ölür və fəaliyyətini dayandırır.

- Gündəmdə olan mövzular cəmiyyətdən asılıdır, ya təbliğ edənlərdən? 

- Cəmiyyət tələb edir. Əvvəllər dram mövzulu qısametrajlı filmlər çəkirdim, az baxış yığırdı. Bir dəfə bir xanımla istedadını yoxlamaq üçün sadə video çəkdim, baxış sayı bir milyonu keçdi. 

Videoda oğlan və ya qız olmasının fərqi olmamalıdır, əsas odur, nə çəkirsən və necə çəkirsən. Açıq-saçıq səhnələrin olması da normaldır, hər yerdə var və biz baxırıq.

Televiziya işçiləri və sosial şəbəkə fenomenləri bilir ki, elmlə bağlı və ya başqa mövzularda videolar çəksələr, ona 20 faiz əhali baxacaq, bu, sərf etmir, çünki hər kəsin bir məqsədi var: qısa zamanda çoxlu izləyici yığmaq. Bu izləyicilər pul gətirir, pul qazanmaq üçün də insan onlara istədiklərini verməyə məcburdur.

- Gənclərin seçimlərində ailə və cəmiyyət nə dərəcədə rol oynayır? 

- Cəmiyyətin rolu böyükdür, təsir edir. Uşaqlıqdan Biləcəridə böyüsəydim və ətrafımda “vorzakon” söhbətlər aparılsaydı, evdəkilərin məni evdə necə tərbiyə etmələrindən asılı olmayaraq, bəlkə, mən də elə olardım. Şəhərdə böyüdüm, ətrafımda rusdilli insanlar çox idi, rus ədəbiyyatını oxuyurdum, beynim başqa cür formalaşdı. İnsan kitablardan uzaq olub belə söhbətlərin olduğu məhəllələrdə böyüyəndə başqa nə cür ola bilər?

- Gənclər niyə günlərini çayxanalarda, qəlyanxanalarda keçirir?

- Başqa nə etsinlər? Mən də əvvəllər tez-tez gedirdim, sonra gördüm, sağlamlığıma pis təsir edir, rahat idman edə bilmirəm. Marağı idmanda tapdım, insanlar marağı idmanda görmürlərsə, marağını necə cəlb etmək olar? İnsanın inkişaf etmək istəyi öz içində olmalıdır.

- Özünüzü necə inkişaf etdirmisiniz?

- Lazım olan yerdə böyümüşəm və ətrafımda lazımi insanlar olub. SSRİ vaxtında çətin olduğu deyilsə də, insanları məcbur edirdilər, sərhəd qoyurdular və başqa cür ola bilməzdi. Ona görə onlar bizdən fərqlidir, bayağı məsələlər haqda söhbət gedə bilməz.

Özünü inkişaf etdirmək heç vaxt gec deyil. Daima hansısa bacarığı təkmilləşdirə bilərsən. Fantaziyanı, danışıq qabiliyyətini inkişaf etdirmək üçün çoxlu kitab oxumaq lazımdır. İşim maraqlı rakurslar çəkməklə bağlıdır, bunun üçün çoxlu film izləməliyəm, “Youtube”da videolara baxmalıyam. Həmişə bacarıqlarımı inkişaf etdirmək barədə fikirləşirəm.

İlk çəkilişlərimi etmək istəyəndə montaj bacarıqlarımı yoxlamaq üçün “GTA” oyunları ilə bağlı videolar düzəltdim. Montaj edə-edə bilmədiklərimin iş zamanı ortaya çıxdığını başa düşdüm. İnkişaf etmək istəyirsənsə, daha çox iş görməlisən. İndi də hər növbəti işimin daha uğurlu olmasına çalışıram.

- İşinizin çətin tərəfləri nələrdir?

- Nə qədər çox insanla işləsən, bir o qədər çətindir. Məsuliyyətsiz və yolda qoyan insanlara əsəbiləşirəm. Kənardan asan görünsə də, bir dəqiqəlik video çox vaxtımı aparır. Heç kim peşəkar aktyor deyil, alınana qədər çəkilir. Bir dəfə bir xanımı çəkəcəyimiz beş saniyəlik kadrın üzərində beş saat əziyyət çəkdim. Beş saatdan sonra “bəlkə, başqası çəkilsin” dedi. 

- İşinizin ən sevdiyiniz tərəfi hansıdır?

- İnsanların reaksiyası. Mənfi rəylərə isə fikir vermirəm. Bu işi görürəm, istəyən baxar, istəməyən baxmaz. 

- Çəkdikləriniz içində ən bəyəndiyiniz videolarınız hansılardır?

- “Sorğu”, “Allah kömək olsun” və b. Bəzən hadisələr yanımda baş verir və görürəm ki, mövzu düşünməyə ehtiyac yoxdur.

- Gənclərə tövsiyələriniz?

- Çətin olsa da, gənclər hər şeydə: yeməkləri, içməkləri, oxuduqları kitablar, baxdıqları filmlər, qulaq asdıqları mahnılar, izlədikləri səhifələrdə diqqətli olmalıdırlar. Bunlar hamısı insanı formalaşdırır. 

Oxuyun, risk edin, bir iş görmək istəyirsinizsə, görün. Əsas odur, nəsə edin. Boş-boş oturub “kimsə edər” deməyin. 

- Gələcək üçün planlarınız nələrdir? Film çəkmək fikriniz var?

- Dünyanı gəzmək, turlarda iştirak edib başqa ölkələrin baxışları, mentalitetləri, adətlərini öyrənib dünyagörüşümü artırmaq istəyirəm. Həyatda ən çox istədiyim budur. 

Film çəkmək istəyərəm, amma asan iş deyil, detallara fikir vermək lazımdır. Burada xüsusən çətindir, hər şeyi yola verirlər, “filan qədər məbləğdə pul var, görək, nə edirik, onu tapa bilmiriksə, başqa nə iləsə əvəz edək”. Belə iş olmamalıdır, ciddi yanaşmalıdırlar. Sırf kommersiya tərəfdən baxdıqları üçün “tez yola verək, hazırlayaq, əsas treyleri maraqlı olsun, bilet satılsın” fikri ilə yanaşırlar və sonda zəif iş alınır. 

Film çəksəm, gec çəkilər, istədiyimi alana qədər davam edərəm. Bunun üçün çoxlu pul və öz cibini düşünməyən, ağlında “bu puldan mənə bu qədər qalır?” fikri olmayan insanlarla iş görmək lazımdır. Özlərini fikirləşməməlidirlər, ortaya yaxşı iş çıxarmaq üçün əziyyət çəkib tərləməlidirlər. Bu, olmayanda gördüyün iş gözəlliyini itirir. 

Asan yolu seçmək istəmirəm. Mənim üçün əsas yaradıcılıqdır. Başqaları kimi olmayım, onu edən var, niyə onun yolunu davam edim? Fərqli edim, daha maraqlı olsun. Özümə görə auditoriya yığılacaq onsuz da, az olsa da, mənim üçün maraqlı olacaq.

Nəzrin Həsənova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri