Fev
2019
21:56
64
132
4292
Virtual karabakh

AzTV-də yaradılan Bədii Şura nə iş görəcək? - AÇIQLAMA

6 Fev, 2019
21:56
4292

AzTV-də yaradılan Bədii Şura nə iş görəcək? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, bu gün “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində bir qrup tanınmış mədəniyyət və incəsənət xadiminin daxil olduğu Bədii Şura yaradılıb.

Məqsəd nümayiş olunan ədəbi-bədii və musiqili veriliş, proqram və layihələrdə aparıcıların danışıq, davranış və geyim tərzi (bu, verilişlərə dəvət olunmuş müğənnilərə də aiddir), bədii tərtibatla bağlı Bədii Şura üzvlərinin rəylərinin nəzərə alınmasıdır.

AzTV-nin nəzdində yaradılan Bədii Şuranın bir neçə üzvü: Xalq artisti Mübariz Tağıyev, Xalq artisti Fidan Hacıyeva və Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova Oxu.Az-a eksklüziv açıqlama veriblər.

Peşəkar estrada müğənnisi, Xalq artisti Mübariz Tağıyev üzvü olduğu bədii şuranın gələcək fəaliyyəti ilə bağlı açıqlamasında bunları dilə gətirib:

“SSRİ vaxtında olan bədii şuradan söhbət getmir. Sadəcə olaraq efirin müəyyən qədər tənzimlənməsidir. Yaradılan bədii şurada böyük şəxsiyyətlər əyləşib, onlar öz sahəsinin peşəkarlarıdır. AzTV-nin efirində gedən bir-birinə bənzər verilişlər dəyişdirilib, yeni proqramlar yaradılmalıdır. Musiqi kollektivlərinin repertuarında müəyyən dərəcədə dəyişiklik ediləcək, yeni mahnıların repertuara salınması üçün işlər görüləcək.

Sadaladıqlarım faktiki olaraq dayanıb. Uzun illərdir yeni mahnılar alınmırdı. Bu, təkcə bizlə (müğənnilər-red.), Bəstəkarlar İttifaqı və Mədəniyyət Nazirliyi ilə bağlı məsələ deyil. İllər əvvəl bu kimi məsələlərlə AzTV özü məşğul olurdu. Öhdəmizə günün nəbzinə uyğun verilişlərin yaradılması düşür, bu isə əsas məqamlardan biridir.

O ki qaldı el arasında “bayağı” adlandırılan müğənnilərin AzTV-nin efirinə buraxılıb-buraxılmamasına, Mübariz Tağıyev bu məsələyə belə aydınlıq gətirdi:

“Bayağı mahnılar mütləq şəkildə tənzimlənməlidir. Azərbaycan Dövlət Televiziyası bir məktəbdir və hər kəsə örnəkdir. Bayağı mahnıların efirə ayaq açması ürəkaçan deyil. Eləcə də, hər mahnını efirə buraxmaq normal hal deyil. Hərdən müğənnilər elə mahnılar ifa edirlər ki, adamın gülməyi gəlir. Qulaq asanda, hiss edirsən ki, bu musiqilərə nə bəstəkar, nə də şair əli dəyib. Çox ayıbdır. Yarısı əfqan, yarısı ərəb. Məntiqə sığmır”.

AzTV-də sədr dəyişikliyindən sonra daha öncə “qara siyahı”da olan sənətçilərimizi artıq efirdə görmək mümkündür.

“Bundan sonra daha “veto”da olan sənətçiləri AzTV-də görəcəyik?” sualına isə Xalq artisti belə cavab verdi:

“AzTV-də kimlərə qadağa qoyulduğunu bilmirəm. Amma fikrimcə, sənət adamlarına qadağa qoymaq düzgün deyil. Bunu qəbul edə, bununla razılaşa bilmirəm. Onsuz da heç bir müğənniyə ağzına gələni danışmağa, oxumağa icazə verilmir. Xüsusən söhbət əsas televiziyamız AzTV-dən gedirsə”.

Bədii şuranın digər üzvü Opera və Balet Teatrının solisti, səhnəmizin iddialı “Karmen”i, Xalq artisti Fidan Hacıyeva isə yaxınlarda AzTV-də baş tutacaq yeniliklərdən danışıb:

“Məqsədimiz Azərbaycan tamaşaçısına qulluq etməkdir. Səviyyəli, gözəl və zövqlü musiqilər, yeni layihələrlə izləyicilərə keyfiyyətli işlər təqdim etmək istəyirik. İzləyicinin zövqünü oxşamağa çalışacağıq. AzTV-də hər zaman peşəkar musiqilərə və mahnılara yer verilib. AzTV-nin özünəxas dəst-xətti var. Çalışacağam ki, AzTV-də istedadlı gənclərə, xüsusilə klassik və opera ifaçılarına şərait yaradılsın. Onlar bacarıqları ilə yanaşı, potensiallarını da nümayiş etdirə bilsinlər”.

Rəssam-modelyer, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Fəxriyyə Xələfova Oxu.Az-a açıqlamasında bədii şuranın yaradılmasından və oraya üzv olmasından danışdı:

“Bu gün AzTV-də bədii şuranın ilk iclası keçirildi. Bu, yeni ənənə deyil, bundan öncə də bədii şura fəaliyyət göstərirdi. Onu yenidən bərpa etməyə qərar verdilər. Bədii şurada olduqca peşəkar və yaradıcı insanlar var. Onlar öz sahəsində sözünü deyən və müxtəlif nailiyyətlər əldə edən sənətkarlardır. Ümumi yığıncaqlarda bədii şuranın vəzifəsi müasir standartlara uyğun təkliflər, ideyalar və layihələri müzakirə etməkdir”.

“Xanım müğənnilərin efirə geyindikləri bəzən zövqsüz, bəzən də proqramın mahiyyətinə uyğun olmayan libasları izləyicilər tərəfindən birmənalı qarşılanmır. İfaçıların həddən ziyadə açıq-saçıq geyimlərlə efirə çıxması halları getdikcə artır. Bədii şuranın vəzifələrinə həm də sənətçilərin efirdə geyim və davranışına nəzarət daxildir. Bəs bütün bunlar hansı yollarla tənzimlənəcək?” sualı isə Əməkdar incəsənət xadimi belə cavablandırdı:

“Söhbət təkcə açıq-saçıqlıqdan deyil, həm də ümumi zövqdən gedir. Səhnə mədəniyyətinə uyğun geyinmək mütləqdir. Səhərlə axşam verilişinin geyimləri fərqlənməlidir. Peşəkar rəyi dinləmək və bu rəyə əməl etmək üçün bədii şuranın üzvü seçilmişəm. Fəaliyyətə AzTV-də başlamışam. Azərbaycanda birinci moda rubrikasının müəllifi özüməm. Dünya podiumlarından reportajları əldə edərək, televiziyaya təqdim etmişəm. Bu gün həm gənclər, həm də orta nəslin nümayəndələri arasında dəbə maraq həddən artıq çoxdur. Amma bu marağı təmin edəcək informasiya azdır. Bunun üçün isə müxtəlif moda layihələri hazırlanıb, tamaşaçılara təqdim ediləcək.

Hazırda moda ilə bağlı dünya təcrübələrini müşahidə edirəm. İndi meyarlar dəyişib. Əsas odur ki, tamaşaçıya Azərbaycan dilində dəb informasiyası təqdim edilsin. Biz indi qloballaşırıq, dünyaya açılırıq və ona görə də dəb mövzusu gənclər üçün çox aktualdır”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri