18 
Fev
2019
14:44
17
70
6235
Virtual karabakh

Qəbələ camaatı ən çox hansı xəstəliklərdən əziyyət çəkir? - Xəstəxanadan reportaj

18 Fev, 2019
14:44
6235

Qəbələ camaatı ən çox hansı xəstəliklərdən əziyyət çəkir? - Xəstəxanadan reportaj

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səhiyyə Nazirliyi tərəfindən jurnalistlərin Qəbələ rayon Mərkəzi Xəstəxanasına mediaturu təşkil edilib.

Oxu.Az-ın əməkdaşının da iştirak etdiyi mediatur zamanı jurnalistlər inşasına 1985-ci ildə başlanılan və 1998-ci ildə tam olaraq istifadəyə verilən Qəbələ rayon Mərkəzi Xəstəxana binası ilə tanış olublar.

Xəstəxana binasında əsaslı təmir işləri aparılıb.

160 çarpayılıq rayon Mərkəzi Xəstəxanasında 120 həkim, 365 orta tibb işçisi çalışır. Xəstəxananın baş həkimi Sabir Bayramov bildirib ki, rayonda 12 həkim məntəqəsi, bir qəsəbə xəstəxanası fəaliyyət göstərir:

“Bu gün xəstəxanamızda kifayət qədər gözəl şərait yaradılıb. Xəstəxanada ən son müasir avadanlıqlarla pasiyentlərə xidmət göstərilir. Ay ərzində poliklinika şöbəsinə 700-ə yaxın xəstə müraciət edir. Müraciət edənlərin əksəriyyəti hamilə qadınlardır. Eyni zamanda, uşaq poliklinikasına 300 nəfərə yaxın müraciət daxil olur. Qəbələdə suda yod çatışmazlığı ilə bağlı olaraq endokrinoloji xəstəliklər, stomatoloji problemlər və eyni zamanda, revmatizm problemləri daha çoxdur.

Bütün dünyada xəstələrin daha çox ambulator müalicəsinə üstünlük verirlər. Stasionar müalicə maksimum 2-3 gün təyin edilir. Bu gün xəstəxanamızda Bakıdan gələn 4-5 gənc kadr çalışır. Hazırda cərrahi şöbənin müdiri də məhz cavan kadrlarımızdandır. Bakıdan gələn kadrların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün hər cür şərait yaradılıb. Xəstəxanada fitozeatr (vərəm xəstəliyi) profili üzrə həkimlərə ehtiyac var idi, artıq bu sahə üzrə həkimlərimiz də var”.

Baş həkimin sözlərinə görə, bu gün nikahdan əvvəl tibbi yoxlanışlardan keçmək üçün müraciət edən cütlüklərin sayında da artım var:

“İl ərzində rayon üzrə müraciət edən 300 nəfərə yaxın cütlükdən beşində Hepatit B, Hepatit C, yalnız iki nəfərdə sifilis aşkarlanır. Əsas məsələ talassemiya daşıyıcılarının müəyyənləşdirilməsidir ki, bu, bizim region üzrə müşahidə edilən xəstəliklərdəndir. Qəbələdə 300-ə yaxın talassemiya xəstəsi var. Bu gün bu xəstəliyin erkən aşkarlanması və müdaxiləsi önəmlidir.

Ümid edirik ki, səhiyyəyə göstərilən qayğı nəticəsində yaxın 10 il ərzində Azərbaycan polimeritsiz ölkə statusu qazandığı kimi talassemiyasız ölkə statusu da qazanacaq”.

Xəstəxanaya dövlət tərəfindən 577 min manat dəyərində dərman preparatları verildiyini deyən S.Bayramov yüksək keyfiyyətli dərmanların müalicə proseslərində istifadə edildiyini qeyd edib:

“Səhiyyə Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada verilən dərman preparatlarının böyük bir qismi, təxminən 344 min manat dəyərində olan hissəsi pulsuz reseptlə yalnız imtiyazlı şəxslər üçün nəzərdə tutulub. Eyni zamanda, 270 min manat dəyərində olan dərman preparatları şəkərli diabet xəstələri üçün nəzərdə tutulub. Bu günə qədər 1780 nəfərə yaxın şəkərli diabet xəstəsi qeydiyyata alınıb”.

Qəbələ turizm rayonu olduğu üçün burada mərkəzi xəstəxananın yeni binasının tikintisinə beş hektara yaxın sahə ayrılıb. Altı mərtəbəli yeni xəstəxana binasının 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Baş həkimin müalicə işləri üzrə müavini Fikrət Cəfərov jurnalistləri xəstəxana ilə tanış edib. O bildirib ki, xəstəxana səkkiz şöbədən ibarətdir:

“Cərrahiyyə şöbəsi, ginekoloji şöbə, doğum şöbəsi, təcili yardım, qəbul şöbəsi, reanimasiya şöbəsi, laboratoriya, qadın məsləhətxanası, terapiya şöbəsi. Reanimasiya şöbəsi üç hissədən ibarətdir. Ümumi 9-10 nəfər xəstə qəbul etmək mümkündür”.

Doğum şöbəsinin müdiri Səxavət Kərimova ay ərzində 100, bəzən də 130-a qədər doğuş həyata keçirildiyini deyib:

“Doğuşa yardımla bağlı xidmətlər müxtəlif səviyyələrə bölünür. Bizim xəstəxanamızda birinci dərəcəli doğuşa yardım xidməti fəaliyyət göstərir. Əgər hamiləliyin 20-25-ci həftəsində hər hansı xəstəliklər və ya ağırlaşmalar müşahidə olunursa, həmin hamiləlik ağır patoloji problemli pasiyent kimi Şəki rayon Regional Perinatal Mərkəzə göndərilir.

Xəstəxanımız özü də Şəki Perinatal Mərkəzə tabedir. Ekstrim vəziyyətdə daxil olan hamilələr əməliyyat blokuna götürülür. Ay ərzində gerçəkləşdirilən 100 doğuşdan 53-də oğlan uşağı dünyaya gəlir.

Əsasən, təbii doğuşa üstünlük verilir, lakin tibbi göstərişlər təbii doğuşu riskə atırsa, qeysəriyyə əməliyyatı həyata keçirilir. Bu isə hər 25-30 doğuşdan biri deməkdir. Hazırda xəstəxanamızda 665 hamilə qeydiyyata alınıb. 

Ümumiyyətlə, son iki il ərzində yeni ana olmağa hazırlaşan xanımların qadın məsləhətxanasına müraciətində artım müşahidə edilir. Bundan başqa, doğuş zamanı tək olmaq istəyən qadınlar üçün fərdi doğum otaqları da mövcuddur”.

Qadın məsləhətxanasına müraciət edən hamilələrdə ən çox rast gəlinən xəstəliklər arasında uşaqlıq boynunun eroziyaları, fibroma, yumurtalıqlarda kista və sonsuzluq problemləri çoxdur. Son illərdə ana ölümləri qeydə alınmır, doğulan min uşaqdan beşi dünyasını dəyişir. Bu isə dünya ölkələrinin statistik göstəricilərinə bərabər nəticədir.

Mediatur zamanı bölgələrdəki xəstəxanaların 2020-ci ildən etibarən problemsiz icbari tibbi sığorta sisteminə keçidi üçün geniş imkanların yaradılacağı barədə məlumat verilib.

Xəstəxana ilə yanaşı, Qəbələ rayon Müalicə Diaqnostika Mərkəzi də fəaliyyət göstərir. Mərkəzin baş həkimi Ceyhun Əhmədov 2008-ci ildə istifadəyə verilən mərkəz barədə məlumat verib:

“Mərkəzdə 253 işçi fəaliyyət göstərir. Onlardan 51 nəfəri müxtəlif ixtisas qruplarına malik həkim, 106-sı isə orta tibb işçiləridir. Mərkəz gün ərzində 80-100 ambulator müraciət qəbul edir. Ay ərzində 100-ə yaxın, il ərzində isə 1200 müxtəlif cərrahi əməliyyatlar həyata keçirilir. Ümumilikdə, yeddi şöbəmiz var. Bununla yanaşı, mərkəzdə hemodializ şöbəsi fəaliyyət göstərir ki, burada 51 xəstə proqramlaşdırılmış hemodializ seansı alır. Mərkəzdə daha çox öd əməliyyatları, ginekoloji əməliyyatlar, müxtəlif travmatoloji və kiçik oftalmoloji əməliyyatlar həyata keçirilir”.

C.Əhmədov onu da əlavə edib ki, hemodializ xəstələrinin sayında ötən illə müqayisədə, artım müşahidə olunur:

“Bu gün, təəssüflər olsun ki, hemodializ seansı alan pasiyentlərin sayı artıb. Ötən il 30 nəfər civarında hemodializ xəstəsi vardısa, bu gün bu rəqəm 51 nəfərə çatıb”.

Mərkəzdə dörd cərrahi əməliyyat bloku mövcuddur. Onlardan biri yalnız hepatitli xəstələr üçün ayrılıb, biri lor xəstəlikləri üçün, digər ikisi isə ümumi cərrahi prosedurların gerçəkləşdirilməsi üçün nəzərdə tutulub.

Gün ərzində mərkəzə 4-5 nəfər onkoloji xəstəliklərlə müraciət edir. Xüsusilə mədə-bağırsaq və ağciyərin onkoloji xəstəlikləri artıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov regionlarda vətəndaşlara göstərilən tibbi xidmətdən danışıb:

“Regionlardakı xəstəxanalar əsaslı təmir olunub və vətəndaşların istifadəsinə verilib. Bu xəstəxanalar ən müasir avadanlıqlarla təchiz olunub. Qəbələ turizm bölgəsi olduğundan ölkə başçısının tapşırığına uyğun olaraq yeni xəstəxana binasının inşası planlaşdırılır.

Xəstəxanalarda icbari tibbi sığorta xidmətlərinin təbliğinə başlanılacaq ki, bu da səhiyyə sistemində maliyyə mexanizminin dəyişməsinə gətirib çıxaracaq”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri